Ölümdən yox xətər mənə...

 

Bu gün şair, nasir, publisist Dərviş Cavanşirin vəfatından 5 il ötür.

Xatırladaq ki, Dərviş Cavanşir 1954-cü il yanvarın 9-da Naxçıvan Muxtar Respublikasının Əliabad kəndində anadan olmuşdur.

Burada kənd məktəbində ibtidai, Naxçıvan şəhərinin 1 saylı məktəbində orta təhsil almışdır (1960-1970). Əmək fəaliyyətinə tikinti sahəsində fəhləliklə başlamışdır (1970-1973).

1973-1975-ci illərdə ordu sıralarında xidmət edib.

Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1976-1982).

Azreklam agentliyində qəzet və jurnal üzrə redaktor (1982-1985), kənd təsərrüfatı elmi xəbərləri jurnalında korrektor (1985-1986), "Yazıçı" nəşriyyatında redaktor (1986-1988), Azərbaycan Assosiasiyasında ədəbi-mədəni əlaqələr üzrə müavin (1989-1992), "Aydınlıq" qəzetində şöbə müdiri (1992-1995), "Xalq qəzeti"ndə baş müxbir (1995-1998), daha sonra isə "Ulus" qəzetində işləmişdir.

Bədii yaradıcılığa XX əsrin 60-cı illərindən başlamışdır.

İlk mətbu şeiri "Şərq qapısı" qəzetində dərc olunmuşdur. Dövri mətbuatda şeirləri, hekayələri və publisist yazıları vaxtaşırı işıq üzü görüb.

İlk dövrlərdə ədəbi-publisistik əsərləri və şeirləri Cavanşir Eloğlu imzası ilə, 1992-ci ildən isə Dərviş Cavanşir imzası ilə çap olunmuşdur.

Vətən

Qurban olum torpağına,daşına,

Qaldır məni Əlincənin qaşına.

Qoy dolanım,Vətən, sənin başına,

Deməsinlər pərvanəsi çatışmır.

AH ÇƏKMƏ, AHINA QURBAN

xəlq edəydin Adəmi,

cənnət, cəhənnəmi.

Vermə naşıya badəmi,

Salıb camımı sındırar.

Tövrat, Zəbur, İncil, Quran

Yaranışdan Haqqa qulam.

Ah çəkmə,ahına qurban,

Ahın şamımı söndürər.

Cavanşir bir qoca dərviş,

Cənnət almasını dərmiş.

Ölümə qalsa,ölərmiş,

Qorxur,düşmən sevindirə.

1992

***

UÇURUM

Uçurum,uçurum gecənin sonu,

Səhərin ağaran dan yeri uçurum.

Ömür xarabalıq içindən keçir,

Ya irəli yeri,ya geri uçurum.

 

Düşür can evinin kərpici bir -bir,

Ömür sarayımın dirəyi uçur.

Qızıl zəmisində cavan ömrümün,

Xəlbiri ələnir,kəpəyi uçur.

 

Sən könül mülkümü uçurub,onun

Yerində qurdun,Allah evi mi?!

18.10.1991

***

GƏRAYLI

Döndər məni dağa-daşa,

Qoy yem olum qurda-quşa

Haşa, haşa, məndən haşa,

Ömür ki,mənimdi,Allah.

Allah mənim,göy özgənin,

Torpaq öyəmin,öskəmin.

Yaşaya bilsəm,məskənim,

Ölsəm,Vətənimdi Allah.

Əcəl gəlsə,göndər mənə,

Ölümdən yox xətər mənə

Beş arşın torpaq ver mənə,

Bezdim kəfənimdən,Allah!

20.06.1990

***

Salvador Dali

Gizlədərəm, özgə bilməz,

Çəkərəm gizlicə, bilməz.

Min ağıllı çəkə bilməz,

İndi bir dəli dərdimi.

Atın dağlara,daşlara,

Verin qurdlara-quşlara

Bükün ağca qumaşlara

Bir sümük-dəri dərdimi.

Çəksin,qoy şəhanə çəksin,

Ya dərvişanə çəksin.

Tapsın bir bəhanə çəksin

Salvador Dali dərdimi.

1994

***

AND VER, SORUŞ

Buludun dalında ay bədirlənib,

Şöləsinə qızılgüllər bələnib,

Gecə gəlib dan yerinə dirənib,

Üfüqdən süzülür bal şanı-şanı.

Dəli bülbül,sənin çiçək mövsümün,

Ahın yandıracaq gülün köksünü.

İnnən belə viran qalan könlünü,

Xəzan vurar,solar dal şanı-şanı.

Gülün üzü qönçəlikdən gülməyib,

And ver,soruş,desin,Dərviş ölməyib.

Öpüb ,qucub,halal-haram bilməyib,

Qalıb sinəsində xal şanı-şanı.

14.05.2000

***

Dağların o üzündə

Gün batmış,hava qaranlıq,

Gedərəm ala -qaranlıq.

Ölüm dediyin ayrılıq,

Qaldı o üzdə,o üzdə.

Dəryada Nuhun gəmisi,

Eyləsin zühur gəmisi.

Mənim ruhumun gəmisi

Qaldı o üzdə,o üzdə.

 

Ölən öldü...qalan sağlar,

Qaraca bağrımı dağlar.

Viranə dağlarım ağlar,

Qaldı o üzdə,o üzdə.

1988

***

Qanlı yuxular yozulmur

Deyirdin yuxuda qan qovuşuqdu,

Mən görən yuxular yozulmur,ana.

Əksi əlifbadı alın yazım da ,

Əvvəli sonundan oxunur,ana.

 

Düzüymüş yazıya pozu yox sözü,

Yazdı torpağıma,daşıma yazdı.

Gördü mürəkkəbi quruyur,fələk

Batırıb gözümün yaşına yazdı.

 

Qan qana qovuşdu,qan da torpağa,

Torpaq çəkməyəni qan çəkir,ana.

Qanlı köynək oldum düşmən əlində,

O da yaxasını yan çəkir,ana.

Çoxda ki,adımı od oğlu qoydun,

Mən pərvanə qanı tökmüşəm,axı.

Qan oyanan vaxtı bu nə yuxuydu?

Yuxuda pərvanə görmüşəm axı?!

Kişilər heç zaman tökülən qanı,

Tökdüyü qanlarla yerdə qoymayıb.

Allaha xoş gedər əl-ələ versək,

Allah əlsizləri darda qoymayıb

Deyirdin yuxuda qan qovuşuqdu,

Mən görən yuxular yozulmur,ana.

Əksi əlifbadı alın yazım da ,

Əvvəli sonundan oxunur,ana

1990

Türküstan.- 2019.- 17-31 dekabr.- S.22.