İşdi-qəzadı,

.ölsəm,

Sənə bağışlayaram

ulduzlarımızın barışmadığı

bütün zaman kəsiklərini

 

Nəfəslərin toxuna biləcəyi

hər yer Vətən sayılar

 

İndi hardasa, çox uzaqlarda

qara dərili nurani bir qoca

pəncərə önündə

öz nəfəsiylə toxunaraq tərlədiyi

şüşəyə tapşırır canını

Vətənə tapşırır canını

 

Səni inandırmağa and içirəm, İlahi,

And olsun, arzuların

fəzada intihar etdiyi zaman kəsiklərinə,

Bu kəsiklər öz çoxluğu ilə diş ağardır sənə

 

yenə çox uzaqlarda bir körpə üşüyür,

yenə demək istəyirəm ki,

yenə demək istəyirəm ki:

yenə demək istədiklərim

sinəmdə düyün düşür

sənə bağışlayıram

ulduzlarımızın barışmadığı

bütün zaman kəsiklərini.

 

***

Başımda şeir havası

Şeirdəhavasızlıqmış

Dünyada ən isti yuva

Sən demə yuvasızlıqmış

 

Bu otağın istisi yox

Bu evin damı üşüyür

Əyni qalın bu dünyada

Bəs niyə hamı üşüyür.

 

Tanrım bir azca ütülə

Palı-paltarı qırışdı

Bu dünya bir az nahamar

Bu dünya bir az yoxuşdu.

 

Hamının əli uzalı

Bir tikə ümid almağa

Tanrı məni apar nolar

Bir tikə ümid olmağa

 

Seyran İsmayıl

 

Türküstan.- 2019.- 17-31 dekabr.- S.23.