Yuxuma Ülvi gəlmişdi...

 

İnsan yuxuda gördüyünü yaşayır? Yoxsa yaşadığını yuxusunda görür? Özünü hara daşıyır insan bir ömür müddətində? Ömrün sonunamı? Yoxsa özünün ağlına gəlməyən ucalığa?

Cavabını axtara-axtara düşüncələrdə azdığım bu sualların səbəbkarı bu gecə yuxuma gələn, mənə ən sevdiyim şeirini söyləyən Ülvidir... Ülvi Bünyadzadə! Yuxumda gözlərini yaşlı gördüm onun...Əlləri ilə gözlərinin yaşını sildi. Anlar boyunca baxışlarını uzaqlara dikdi, sonra stulu çəkib oturdu. Bu dəfə , üzünü pəncərədən eşiyə tutmuşdu...Sonra anasının şəklini aldı əlinə, baxdı, baxdı... Şeirini söyləməyə başladı.

Yuxuda şeirini özü söyləyirdi, oyanandan bəri, mən dilimdən düşürmürəm.

 

Deyəsən, ağlayır anam xəlvətcə.

Girmir heç olmasa yuxuma...

Deyəm, ağlama, ay ana,

mən çox yaxşıyam.

Səndən narahatam,

Niyə hər gecə çıxıb

qaranlıqda yola baxırsan?!

Niyə vaxtsız yatıb,

vaxtsız qalxırsan?!

 

Qardaş da yoxdur ki, ona tapşırım.

Bəlkə ...

sən olasan ...

Mənim qardaşım.

İndi ki,

Razısan,

Onda get bizə,

Ovut anamızı, sən mənim başım.

Susmuşdu yuxumun qəhrəmanı-Ülvi Bünyadzadə… Onun sükutunda da Vətən yanğısı vardı. Başını mənə tərəf çevirmədən, pəncərədən kainatın ənginliklərinə baxa-baxa ehtiyatla soruşdu:

-Bacı, müharibə bitdi?

Bir stul da mən çəkdim, Ülvinin yanında oturdum, inamla:

-Bəli!-dedim:- Müzəffər Ali Baş komandanın rəhbərliyi və əmri ilə şanlı ordumuz Qarabağı azad etdi. İndi Qarabağ tam azaddır. Xankəndində, Şuşada, Xocalıda bayrağımız dalğalanır...

-Heç qurbansız olmur… Bəşəriyyətin taleyinə yazılıb bu.-Ülvi bu iki cümləni pıçıldamışdı…

Cavab verməyə tələsməmişdim. Amma ürəyimizdə közərən o dərd Ülviyə agah idi, gizlətməyə hacət yox idi. Dedim:

-Düzdür, bu yolda itkilərimiz oldu… Qardaşlarımız şəhid oldu… Qazilərimiz çoxdur...

Ülvi asta-asta üzünü mənə tərəf çevirdi. Baxışlarında qürurqarışıq kədər, səsində qəhər vardı:

 

-Döyüşlərdə yoğrulmuşuq,

Gələcəyə qaranquşuq.

Həyat üçün doğulmuşuq,

Vətən üçün ölməliyik!

 

-Vətən üçün!-dedim qeyri-ixtiyari şəkildə.

-Allah şəhidlərimizə rəhmət eləsin…- dedi.

 

İkimiz də ağlayırdıq… Sağ yanağımızdan axan sevinc göz yaşları idi-düşmən tapdağından azad olunmuşdu dədə-baba yurdlarımız… Sol yanağımızdan axan kədər göz yaşları idi-dağ boyda, el dirəyi igidlərin bağrı düşmən gülləsiylə dəlik-deşik olmuşdu… Təsəllimiz onların Vətənlə bütövləşmələri, insan olmaqdan çıxıb Vətən olmaqları idi.

Ülvi əlləriylə üzünü örtmüşdü, için-için ağlayırdı. Əlimi uzadıb onun çiyninə qoymağa cəsarətim çatmadı, elə dilim yana-yana: “Can, qardaş!”-deyə bildim. Başını qaldırdı, əllərini üzündən çəkdi, dedi:

-Biz şəhid olduq ki, siz rahat yaşayasınız. Amma... Amma nə yalan deyim, mən həyatdan heç doymadım, bacı. Həyatı sevirdim və hələ yaşamaq istəyirdim. Mənim həyatım nakam oldu. 20 yaş nədi ki?! Mən yaşamaq, yaşatmaq, yaratmaq istəyirdim. Müşfiqin həyatına bənzəyir mənim həyatım. Onun da həyatını oğurladılar, mənim də. Bir az da yaşasaydım, şeirlərim dillər əzbəri olardı. Şeir deyə-deyə şəhid oldum. Şəhidlik elə zirvədir ki, hər adama nəsib olmaz. Mənə nəsib oldu! Ruhum şaddır. Görürəm, gəlirsiniz, bizi ziyarət edirsiniz. Bacım da, anam da tez-tez gəlir ziyarətimə… Məktəblilər gəlir. Bir qadın da gəlir tez-tez. Hər birimizin qəbri üstünə gül qoyur, ağlayır, bizimlə dərdləşib gedir... Bügünkü nəsil bizi tanıyır, gəlir bizi ziyarət etməyə. Bundan böyük xoşbəxtlik ola bilməz!

Onu dinlədikcə düşünürdüm: “Ülvi fərqli insan idi… Doğulmamışdan onun taleyinə işıq olub ömürlərə saçmaq yazılmışdı. O, ölmədi… Nura çevrilib yol göstərdi “Vətən naminə!” deyib yol çıxanlara…”

Dilimə gələn sözlər isə bunlar idi:

- qədər ki, Azərbaycan var, Azərbaycan xalqı var, qoymarıq unudulasınız!

Ülvi şükranlıqla üzümə baxdı, yenidən pəncərəyə tərəf çevrildi:

-Həmin soyuq yanvar gecəsində bir şair dünyasını dəyişdi. O da, mən idim. Amma sənə etiraf edim, mən o gecə qorxmaq nədir, bilmədim. Bilirdim ömrümə bir zirvənin fəthi yazıldığını. Şəhadət zirvəsi idi…

-Şəhadətin mübarəkdi, qardaşım!

-Mən qorxmuram uzaq yola çıxmaqdan,

Bu yolun,

acısından, ağrısından,

Ölümadlı yuxusundan mən qorxmuram.

Bir anlıq düşünürəm ki, Ülvini bir qəhrəman kimi hamı -bütün Azərbaycan xalqı tanıyır…Və Ülvini bir insan kimi o qədər də tanımırıq. Axı onun da adi həyati hadisələri yaşamaq, qayğılara batmaq, bu qayğıların qarğaşasından üzüağ çıxmaq arzusu olmalıydı…

Ülvi danışmağında idi:

-Bayaq dedin ki, Şuşada, Xocalıda, Xankəndində bayrağımız dalğalanır. Xoşbəxtəm. Xalqımla birgə sevinirəm. Azərbaycanı bütöv sevirəm! Qarabağı doğma Kəsəmən kəndim qədər sevirəm. İstərdim ki, bir gün ora da qayıda yurddaşlarım… İstərdim ki, Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində də üçrəngli bayrağımız dalğalansın. -Xəyalını qurduğu o mənzərəni görürmüş kimi, gülümsədi: -Bir gün Göyçədə də bayrağımız dalğalanacaq!

Bacı, özünə yaxşı bax.

Bizim burda yerimiz rahatdır

Sizin dualarınızla qidalanırıq..

Göyçəyə qayıdaq, yenidən yuxuna gələcəm.

Yenidən şeirlərimi deyəcəm.

birgə sevinərik.

Mənə agah olacaq onsuzda.

Hələlik...

Yuxudan oyandımTəqvimə baxmadım da heç… Yanvarın 20-ində heç bir azərbaycanlı təqvimə baxmır. Onlar təqvimin “20 Yanvar” yarpağını düz 34 ildir ki, ürəklərindən asıblar.

34 il ötür həmin o gecədən və bu gün biz Qalib xalq kimi onların hüzuruna gəlirik.

Yazıma burda nöqtə qoyuram… “Şəhidlər Xiyabanı”na gedən izdihama qoşulmağa, Ülvi Bünyadzadə də daxil olmaqla, 20 Yanvar şəhidlərinin məzarları qarşısında baş əyməyə gecikə bilmərəm! Əlimdə qərənfil, yaxamda Xarıbülbül qürurla Şəhidlər Xiyabanına gedirəm. Allah şəhidlərimizə rəhmət etsin.

 

Leyla Turan

 

Türküstan.- 2024.- 30 yanvar-5 fevral, ¹4.- S.13.