«Yazıçının deyiləsi sözü onu oxucuyla eyni məsafədə saxlamalıdır»

 

Seyran Səxavət: “Nobel mükafatından siyasi hoqqabazlıq qoxusu gəlir”

 

İsmayıl Şıxlı (xalq yazıçısı): “Mən Seyran Səxavətin «Qızıl teşt» pyesinin tamaşasına iki dəfə baxmışam. Hər iki dəfə də camaatın nəfəsini dərmədən səhnədən deyilən sözləri dinlədiyinin şahidi olmuşam. Xüsusilə, Xanəhmədin qılıncdan kəskin atmacalarından sonra uzun müddət davam edən alqışları eşitmişəm. Sözün düzü, xeyli vaxtdır belə səmimiyyətlə qarşılanan tamaşaya baxmamışdım...”

 

Əkrəm Əylisli (xalq yazıçısı): “ Seyran Səxavət Azərbaycan ədəbiyyatında dağ kimi kişilərdəndir”

 

Sabir Rüstəmxanlı (xalq şairi, millət vəkili): “ Seyran Səxavət mənim gənclik dostum olmaqla bərabər, öz yerində möhkəm dayanan qüdrətli bir yazıçıdır. Azərbaycan nəsrində onun yalnız özünəməxsus xüsusi dili və üslubu var. Qarabağ danışıq dilini bütün kaloriti, codluğu, şirəsi, saflığı və rəngləri ilə Azərbaycan nəsrinə ilk dəfə Seyran Səxavət gətirib...”

Bədii yaradıcılığa 1962-ci ildən dövri mətbuatda çap etdirdiyi şer, hekayə və publisist yazıları ilə başlayan Seyran Səxavət  həmin vaxtdan mərkəzi və respublika mətbuatı səhifələrində müntəzəm çıxış edir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə, o cümlədən ingilis, fransız, fars və digər dillərə tərcümə olunub. “Qızıl teşt” pyesi Azərbaycan Akademik Dram teatrında (1988), “Büst” pyesi Lənkəranda (1989), “Qapıların o üzündə qalan dünya” pyesi Füzulidə (1990) Dövlət dram teatrında tamaşaya qoyulub. “Nekroloq” romanı Azərbaycan Yazıçılar Birliyinin 2002-ci ilin Yusif Səmədoğlu adına “İlin ən yaxşı romanı” mükafatına layiq görülüb. Təbii ki, belə titullu bir yazıçıdan müsahibə almaq həm çətin, həm də asan idi. Çətin ona görəydi ki, söz adamıyla söz oynatmaq söz altında qalmağa bərabər idi. Asan ona görəydi ki, vaxtın azlığına görə bu müsahibə telefonla alınmalıydı və deməli telefonda uzun-uzadı danışmaq heç birimizə nəsib olmayacaqdı... Qısa və lakonik...

-    Allah bəndəsi, öncə sizə Allahın salamını verirəm. Almaq sizlikdir...

-    Əleyküm salam.

-    Çox zaman yaradıcı insanlara qoyduqları ləqəblər uğur gətirir. Səxavətin də uğuru göz qabağındadır. Seyran Xanlar və yaxud Seyran Əsgər olsaydınız, Səxavət sizdən inciməzdi ki?

-    Mən bu sualı ciddi hesab etmirəm. Belə suallar gənclər üçündür.

-    Şairlər sonradan yaxşı nasir olur, ancaq nasirlərin yaxşı şair olmalarına adam nəsə inanmır...

-    Hamı bilir ki, mən Azərbaycanda 1970-ci illərədək şair kimi tanınırdım, nəsrə keçməyimsə məndən asılı deyildi, yəqin ürəyimin dərinliklərində ona da yer var imiş. Bir də ki, dünyada şairin nasirə və nasirin də şairə çevrilməsi kriteriyası yoxdur. Əsas odur ki, istedadın olsun. İstedad hər sahənin adamında olmalıdır.

-    Bizim təqvimlə siz yeni ilin ikinci günündə (martın 23-də) dünyaya gəlmisiniz. Elə ədəbi aləmdə də ikincilik sanki alın yazınızdır. “Azərbaycan nasiri” deyəndə öncə Əkrəm Əylisli gəlir, sonra siz, sonra Vaqif Nəsib, İsi Məlikzadə, Mövlud Süleymanlı, Yusif Səmədoğlu və başqaları... Birinci yeri tutmaq üçün əlinizin heyimi çatmır?

-    Bu sualın cavabını bir vaxtlar mənim şair dostum Vaqif Bayatlı hansısa jurnalistə demişdi. Mən onu indi təkrar edirəm və inanın ki, cavabınızı orda tapacaqsınız. “Hər kəs deyir ki, mən bir nömrəli şairəm. Onda hamı bir nömrəlidirsə, iki, üç nömrəli kimdir? Ziyan yoxdur, qoy hamı özünü birinci yerdə görsün, bu vaxt ikinci yer boş qalır, inciməzsinizsə, qoy o da mənim olsun”.

-    40 il ədəbi aləmdə olan bir yazıçı niyə Nobel mükafatı almayıb? Deyirlər ki, nobelçilər ya dissident olur, ya da adları hansısa siyasi oyunbazlıqda hallanır. Siz bunların hansını seçərdiniz? Ya da oturub “Yəhudi əlifbası” romanını yazmısınız ki, “Nobel” öz ayağıyla qəbiristanlıqla üzbəüz olan evinizə gəlsin...

-    Hər dəfə yaradıcı adamın yazısı çap olunanda o elə düşünür ki, daha bundan yuxarısı yoxdur. İnanın, belə hissləri Nobelsiz də yaşamaq olur. Yuxarıda dedim ki, insanda əsas istedad olmalıdır. O ki qaldı Nobel mükafatına. Bu mükafatın əvvəllər öz çəkisi, öz yeri var idi. Hətta xeyli qabaqlar elə yazıçılar da oldu ki, ondan imtina etdilər. Ancaq son vaxtlar o mükafatdan siyasi hoqqabazlıq qoxusu gəlir. Sanki bu, siyasətin quluna çevrilib. İstəməzdim, belə olsun. Misal üçün, Bakı, Vilnus, Tbilisi və Almatıda günahsız insanları sovet tanklarının altında əzən bir adama – SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçova Nobel sülh mükafatı verilməsi nə dərəcədə məntiqli idi. Belələrini mükafat əvəzinə dar ağacından asmalı, ya da çarmıxa çəkib görk eləməliydilər.

Yazıçının deyiləsi sözü olmalıdır və o söz onu oxucuyla eyni məsafədə saxlamalıdır. Yazıçı isə o məsafəni ləyaqətlə qət edib son istəyinə çatmalıdır, yəni öz oxucusuna qovuşmalıdır.

-    Kitab adlarınızda da qəribə bir bağlılıq var. Öncə sizdə hər şey “adalar”dan başlayır, sonra ordan göyə qalxıb “mənim planetim”i özünüküləşdirirsiniz və “bunu hamı bilirdi”, hətta “daş evlər”də “dar köynək” geyinən insanlar da. Və onlar “qızıl teşt”ə baxa-baxa sizə “nekroloq” yazırlar. Yazırlar ki, səpdikləri “polad toxumu”nu “bəhanə” edib “yəhudi əlifbası”nı bütün dünyaya yaya bilməyəsiniz. Və bu əməlinizə görə “boynu əyri kişi” sizi “persona non qrata” elan edir, hətta bundan ürəyi soyumayıb qəzetlərdə “it intervüsü” adıyla dərc edilən hekayənizə cavab olaraq sizi “cəhənnəm”ə göndərir.

-    Neyləyək, yəqin taleyim beləymiş. Onsuz da istənilən insan ömrünün öz rejissoru, öz ssenaristi və öz oyunçusu var. Cəhənnəmə getməyi də təbii qəbul edirəm. 

-    Bizim kəndimizdə “Divin” qəbiristanlığı önündə yaşayanlardan həmişə qorxmuşam, elə indinin özündə də qorxuram. Və həmişə sanmışam ki, gecələr ruhlar onların evlərinə gəlib dərdləşirlər... Sirr deyilsə, hansı ruhun söhbəti daha çox yadınızda qalıb?

-    Necə də düz tapmısınız. Məni bəlkə də yazıçı edən elə o qəbiristanlıq oldu. Bizim evimiz qəbiristanlıqla üzbəüzdə yerləşirdi, arada isə içindən arx axan bir qobu var idi. Yadımdadır, 4 yaşım olanda kəndimizdə rəhmətə gedən kimisə basırırdılar və mən o dəfn səhnəsindən  qorxaraq anamın ayaqlarından tutmuşam ki, məni də aparıb orda basırmasınlar. Hətta sonralar uzun müddət anamdan ayrı yata bilmirdim. Və kəndimizə yayılmışdı ki, Seyran ruh adamıdır. İndi anlayıram ki, mən anadan olanda 4 yaşım olub.

-    Yazıçılar çox zaman içən olurlar. Söhbət təbii ki, sudan getmir, araqdan gedir. Onları içməyə sövq edən nədir?

-    İçmək təkcə yazıçılara aid deyil ki? İçmək kütləvidir, desək, yanılmarıq. Bütün peşə sahibləri içirlər. Sadəcə olaraq yazıçılar bu içmək prosesini gözəl edirlər. Bəlkə bu bacarığımız çoxlarını qıcıqlandırır və bizim haqqımızda belə şaiyə buraxırlar. Guya jurnalistlər içmir?

-    Suallarımdan darıxdınızsa, bir fincan su için, ya da bayıra çıxıb Bakının soyuq küləyindən bir qullab vurun getsin, onsuz da Yağlıvəndə əliniz çatmır...

-    Mən söz adamıyam və heç vaxt heç kəsin sualından darıxmamışam. Və belə çıxır ki, indi nə su içməyə, nə də küləkdən bir qullab vurmağa ehtiyac qalır.

-    Bir nasir kimi bundan sonra çox romanlar yazacaqsınız, ancaq bir şeydən başqa. O da öləcəyiniz günün tarixidir. Bunu isə sizin üçün dostlarınız yazacaq. Dostlar deməli, insana qəm günündə lazım imiş...

-    Bununla razı deyiləm. Biz yazıçılar onsuz da ölənədək öz ölüm tariximizi yazırıq. Və indiyədək yazdıqlarım da ötən günlərin tarixidir. “Azərbaycan” jurnalının 9-10-cu nömrələrində “Qaçaqaç” adlı yeni romanımda anbaan, saatbasaat, həftəbəhəftə öz ömrümü çızmaqara etmişəm. Bir sözlə, öz ölüm tariximi yazmışam.

-    Bu müsahibəyə görə məni persona non qrata elan etmək olarmı?

-    Sizin ürəyinizdən persona non qrata olmaq keçirsə, qoy olsun. Ancaq bilin ki, heç kəsin zorla boynuna nəyisə qoymaq istəmirəm.

-    Qızıl teştdə saxladığınız vaxtdan bir çimir aldığıma görə məni bağışlayın və bağışladığınıza görə də sizə “sag olun!” deyirəm.

-    Bağışlamağa ehtiyac yoxdur, diqqət ayırdığınıza görə o “sağ olun!”u ürəkdolusu sizə qaytarıram. Yeni il ərəfəsində bundan böyük hədiyyə olmaz.

Qeyd: Yazıçı Seyran Səxavətdən müsahibənin sonunda “İstəsəniz, əlavələr edərəm” deyə soruşdum. O isə “Yox, əlavələr həmişə nöqsanlı olur” cavabını verdi.  Və mən də öz səxavətimi göstərərək onun sözünə söz qoşmadım. Necə var idisə, onu da köçürüb bura yazdım.

 

 

Babək Göyüş

 

Üç nöqtə.- 2010.- 25 dekabr.- S. 17.