Bu il Azərbaycana gələn turistlərin sayı 2 milyona çata bilər

 

Oqtay Haqverdiyev: «Turizm sektoru ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilə bilər»

 

 2011-ci ilin Azərbaycanda «Turizm ili» elan edilməsi ilə bağlı Tədbirlər Planının layihəsi hazırlanıb. Turizmin inkişafı ilə bağlı bir çox tədbir layihələri əhatə edən sənəd dövlət başçısına təqdim olunub. Bu barədə Mədəniyyət Turizm Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, Azərbaycanda irimiqyaslı beynəlxalq layihələrin gerçəkləşməsi ilə yanaşı, tarixi abidələrin qorunması layihələrinin hamısı bu proqramın tərkibinə daxil edilib. Plan bütövlükdə turizmin inkişafına yönəlib. Bununla yanaşı, plan Azərbaycan əhalisinin, regionların, bütün dövlət qeyri-dövlət təşkilatlarının turizmin inkişafına dəstək verməsini nəzərdə tutur.

Nazirlikdən hesab edirlər ki, bu tədbirlər tam 2011-ci ildə Azərbaycana gələn turistlərin sayının 2 milyona çatacağına imkan verəcək. Ötən il isə Azərbaycana 1 milyon 280 min turist gəlib ki, bu da əvvəlki illə müqayisədə 275 min nəfər yaxud təxminən 27 faiz çoxdur. Bununla belə, hələ turizm sektoru ölkə iqtisadiyyatında aparıcı sahələrdən birinə çevrilə bilməyib. Məsələn, ötən ilin nəticələrinə görə, Azərbaycanda istehsal olunan Ümumi Daxili Məhsulun cəmi 0,7 faizi turizmin payına düşür. Turizmin qeyri-neft sektorunda xüsusi çəkisi isə 1,6 faiz təşkil edir. İqtisadçı mütəxəssis Oqtay Haqverdiyevin sözlərinə görə, hətta Sovet dövründə belə Azərbaycanda turizm olmayıb müstəqillikdən sonra bu işlə məşğul olunmağa başlanılıb. Azərbaycandan fərqli olaraq bir çox ölkələrdə turizm iqtisadiyyatın aparıcı sahəsidir. Məsələn, İspaniyada ölkə gəlirlərinin 40 faizi turizmin hesabına əldə olunur bu onunla əlaqədardır ki, ispanlar yüz illər boyunca turizmlə məşğul olublar: «Bu ölkəyə kifayət qədər adam gedib-gəlib. Orada lazımi infrastruktur yaradılıb. Hamı İspaniyanı turizm ölkəsi kimi tanıyır. Azərbaycanda isə hələ indi bu sahəyə fikir verilir. Müəyyən vaxt ərzində dövlət bu işlə ciddi məşğul olmalıdır. Hələ azı 6-5 il vaxt lazımdır ki, özəl şirkətlər bu işə əməlli-başlı töhfələrini versinlər, otellər tiksinlər, hansısa infrastruktur yaratsınlar. Düzdür, ölkədə xeyli sayda özəl turizm obyektləri var, amma elə baha qiymətlər qoyublar ki, gələn az olur, bu da turizmdən əldə edilən gəlirləri azaldır».

Ekspertin fikrincə, turizm elə bir sahədir ki, onu cəlbedici  etmək üçün həm yüksək səviyyəli infrastruktur olmalıdır, həm xidmət göstərən adamların xüsusi turizm mədəniyyəti olmalıdır: «Elə bir şərait yaradılmalıdır ki, turistlər gəlsin. Bu məsələlər kompleks şəkildə öz həllini tapmalıdır. Məsələn, tarixi yerlərə maraq oyatmaq lazımdır, təbii ki burda reklamın da öz rolu var. Yəni kompleks addımlar atılmalıdır. Mədəniyyət Turizm Nazirliyinin turizmlə bağlı böyük inkişaf proqramı. Amma gərək, proqram hərtərəfli həyata keçirilsin ki, turizm sürətlə inkişaf etsin. Yəni elə olmasın ki, biz neftin yerini tutması üçün bu sahənin inkişafını 40-50 il gözləyək».

O.Haqverdiyev qeyd etdi ki, Azərbaycanda fəaliyyət göstərən otellər arasında dünya səviyyəsində tanınanları çox azdır: «Üstəlik onların neçə ulduzlu olmaları ilə bağlı problemlər var. Ulduz məsələsi doğrudan da narahatlıq doğurur. Amma bu sahədə vəziyyət yavaş-yavaş düzəlir. Məsələn, Prezidentin göstərişi ilə bu il ölkədə 5 ədəd beşulduzlu otel tikilməlidir onların layihəsi hazırlanan zaman otellər beynəlxalq turizm təşkilatında elə beşulduzlu otel kimi qeydiyyatdan keçib. Məhz həmin otellər dünya səviyyəli, həqiqətən beşulduzlu otellər olacaq. İndiyə qədər isə otelləri tikənlər onu sadəcə beşulduzlu adlandırıblar, amma baxanda görürsən ki, göstərdikləri xidmət heç üçulduzlu otellə müqayisə olunacaq səviyyədə deyil. Bizimkilər xaricə gedəndə oteldə çox oturmurlar, əsasən gəzməyə üstünlük verirlər, ona görə oteldə xidmətin necə göstərilməli olduğu barədə məlumatsızlıq hökm sürür. Otel beşulduzlu adlana bilər, amma əgər orda işləyən insanlar kolxoz bazarından gəlibsə turizm barədə anlayışı yoxdursa, kimdir o ulduza baxan? Qiymət qədər ucuz olsa da, o oteldə heç kim qalmayacaq, çünki xidmət mədəniyyəti olmalıdır».

İqtisadçının qənaətinə görə, Azərbaycanda turistlərə xidmət səviyyəsi bərbad vəziyyətdədir: «Bu da mədəniyyət məsələsidir. Bizdə xaricdən hansısa meneceri dəvət edirlər, 1-2 həftə, uzağı 1 ay ondan az-maz isə öyrənirlər, bununla da hər şey qurtarır gedir, başlayırlar işləməyə. Bir görürsən hansısa peşəkar adamı işə götürürlər, o 1 ay normal işləyir, sonra görür ona qiymət verən yoxdur, başlayır başqaları kimi vaxt keçirməyə. Bu sahəyə nəzarət olmalıdır. Unutmayaq ki, bu sektor ölkə iqtisadiyyatında aparıcı sahələrdən birinə çevrilə bilər».

 

 

Əfsun

 

Üç nöqtə.- 2011.- 29 mart.- S. 10.