Gəncədə ağdabanlı şair Qurbanın 150 illiyi qeyd edilib

 

Qənirə Paşayeva: ”O insan bizim millətimiz var olduqca yad ediləcək”

 

 “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Kəlbəcər Rayon İcra Hakimiyyəti və “Aşıq Şəmşir” Mədəniyyət Ocağının təşkilatçılığı ilə Gəncə Şəhər Dram Teatrında Ağdabanlı şair Qurbanın 150 illiyi ilə əlaqədar olaraq ədəbi-bədii gecə keçirilib.

Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Vidadi Məhərrəmov, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri, millət vəkili Qənirə Paşayeva, Azərbaycan Aşıqlar Birliyinin 1-ci katibi Məhərrəm Qasımlı, Aşıq Şəmşirin oğlu Qəmbər Şəmşiroğlu, Türkiyədən gəlmiş tanınmış sənətçi Nursaç Doğanişık, BAMF-n sədri Umud Rəhimoğlu, AQB-nin rəhbəri Adnan Fişəng, Təbriz-Qaradağ Aşıqlarının sədri Böyük bəy Ələkbəroğlu, aşıqlar qrupu, ziyalılar, folklorşünaslar, elm adamları və rayon ictimaiyyəti iştirak edib.

Tədbirə açılışı ədəbiyyatşünas, folklorşünas, şair Məhərrəm Qasımlı edib. O, tədbirə gələn hər bir kəsi salamlayıb. Folklorşünas alim Ağdabanlı şair Qurbanın həyat və yaradıcılıq yoluna geniş bir nəzər salıb və gələn qonaqlara şair haqqında geniş, ətraflı məlumat çatdırıb.

Millət vəkili Qənirə Paşayeva isə vurğulayıb ki, saz və aşıq sənəti bir milləti öz ətrafında toplaya bilmək gücünə və iqtidarına malikdir: “Biz bu gün Dədə Qurbanın 150 illiyinə yığışmışıq, amma o insan bizim millətimiz var olduqca 300-400 il də yad ediləcək  “.

Daha sonra səhnəyə Təbriz-Qaradağ aşıqlarının nümayəndələri dəvət olunub. Tədbir onların təqdim etdiyi “müxəmməs” ilə yekunlaşıb.

 

 

Üç nöqtə.- 2012.- 1 avqust.- S. 13.