Ərlə
arvadın
əmlak
münasibətləri
necə tənzimlənir?
Qanunvericilikdə evdar qadınların
hüquqlarının
təminatı üzrə əsaslı
qarantiyalar nəzərdə tutulub
Böyük Britaniyada, Almaniyada və ABŞ-ın bir sıra ştatlarında ər-arvadın “əmlak ayrılığı” rejiminə üstünlük verilir. Bu, onlara digər tərəfin əmlakına mülkiyyət hüququnu əldə etmək imkanı vermir və ər-arvadın hər birinin öz əmlakına sərəncam vermək hüququnu məhdudlaşdırmır. Bir sıra hallarda isə əmlakın ayrılmasının özünəməxsus xüsusiyyətləri də nəzərdə tutulur. Belə ki, Almaniya qanunvericiliyinə əsasən nikah dövründə əldə olunmuş əmlakın dəyərinin artması zamanı həmin əmlak “əmlak ayrılığı” rejiminə xitam verildiyi halda ər-arvadın hər birinə bərabər paylar şəklində məxsus olur.
Qeyd olunmalıdır ki, “əmlak
ayrılığı” rejimi işləməyən
evdar qadınların vəziyyətini əksər
hallarda
ağırlaşdırırdı. Bunun
qarşısının alınması məqsədilə
ayrı-ayrı tarixi dövrlərdə
müxtəlif dövlətlərdə müəyyən
obyektlər (cehiz və başlıq pulu) üçün xüsusi rejim nəzərdə
tutulmuşdur. Nikaha
xitam verilməsi halı üçün
onların hüquqi taleyi
barədə xüsusi qaydalar
müəyyən olunurdu. Belə əmlak
ölüm və boşanma
hallarında qarantiya rolunda
çıxış edirdi. Lakin bu institutlar
müasir ailə münasibətlərində
özünü doğrultmadı. Azərbaycan
Respublikasının qanunvericiliyi
qadınların, xüsusilə də evdar
qadınların hüquqlarının təminatı üzrə
əsaslı qarantiyalar nəzərdə tutub. Belə ki,
Ailə Məcəlləsinin 32.3-cü maddəsinə əsasən
nikah dövründə ev
təsərrüfatı ilə, uşaqlara
qulluq etməklə məşğul olduğundan və ya digər
üzrlü səbəblərə
görə müstəqil qazancı olmayan
ər (arvad) də ümumi
əmlak üzərində hüquqlara malikdir. Ailə Məcəlləsinin
34-cü maddəsinə müvafiq olaraq, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah
dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz
əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın
hər birinin ayrıca mülkiyyətindədir
(ər-arvadın hər birinin əmlakıdır).
Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı) nikah
zamanı ər-arvadın ümumi vəsaiti
hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa,
ona məxsusdur.
Azərbaycan Respublikasının qanunvericiliyinə görə, “əmlak” termini təkcə əşyaları deyil, həmçinin ümumi əmlaka sərəncam verilməsi nəticəsində yaranan əmlak hüquqlarını, ər-arvadın öhdəliklərini də əhatə edir. Bununla əlaqədar elmi ədəbiyyatda borcların ər-arvadın ümumi əmlakına daxil olmasının mümkünlüyü ilə bağlı müxtəlif fikirlər mövcuddur. Belə ki, bəzi müəlliflərin fikrincə, ər-arvadın ümumi əmlakına tələbetmə hüququ (məs: dividentlərin, sığorta ödəmələrinin və s. alınması hüququ) ilə yanaşı, icra üzrə öhdəliklər (borclar) də daxildir (borc müqaviləsi üzrə pulların geri qaytarılması, əgər bu müqavilə ailənin maraqları üçün bağlanmışdırsa; mənzilin təmiri və s). Digər müəlliflərin fikrinə görə isə öhdəliklər (borclar) ər-arvadın birgə ümumi əmlakına daxil deyildir. Müzakirə olunan mövqenin elmi analizi göstərir ki, borcların daxil edilməsi konsepsiyası Ailə Məcəlləsinin 37.3-cü maddəsində dolayısıyla öz əksini tapmışdır. “Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyənləşdirilir”. Bizim fikrimizcə, bu mövqe ər-arvadın faktiki münasibətlərini real əks etdirir və onun mövcudluğunu ehtiva edir.
Ümumi əmlakı ər-arvad birlikdə,
yaxud onlardan biri idarə edə bilər. Qanun
ər-arvadın hər birinin istənilən
vaxt əmlaklarının ümumi
rejiminin xitam verilməsini
tələb etmək hüququnu nəzərdə
tutur. Bu, hüquq əmlakı idarə edən ər-arvada,
həmçinin idarəetmədə iştirak
etməyən ər-arvada da məxsusdur.
Ər-arvadın əmlak münasibətlərinin hüquqi rejimlərini araşdırarkən həm qanunvericilik normalarında, həm də məhkəmə təcrübəsində bir sıra çatışmazlıqların olduğu aşkar edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213-cü maddəsində əks olunmuş ümumi mülkiyyət hüququnun anlayışına nəzər yetirdikdə belə bir sual meydana çıxır: bir əşya eyni zamanda həm ümumi birgə, həm də ümumi paylı mülkiyyətdə ola bilərmi? Mülki Məcəllənin 213.2-ci maddəsi ümumi mülkiyyətin iki rejimini müəyyən edir: birgə və paylı. Lakin qeyd olunan norma əşyaya olan mülkiyyət hüququnun ikili rejiminin mümkünlüyü kimi praktik suala aydınlıq gətirmir.
Təsəvvür edək ki, mənzil bir neçə şəxsin ümumi paylı mülkiyyətindədir və həmmülkiyyətçilərdən biri öz payına olan mülkiyyət hüququnu B ilə rəsmi nikahda olan A-ya satır. A ilə B arasında nikah müqaviləsi bağlanmadığı üçün ikisindən birinin nikahda olduqları dövrdə əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti hesab olunur. Alıcının arvadı olan B əri A-nın qeyd olunan alqı-satqı müqaviləsinin bağlanmasına razılıq vermişdir. Belə müqavilənin bağlanması nəticəsində əmlak bir neçə şəxsin mülkiyyətinə keçir və bu halda həmin şəxslərdən ikisinin mülkiyyətdəki payları (A və B) qeyri-müəyyən, digərlərinin payları isə müəyyən olur. Yəni, paylı və birgə mülkiyyətin qarışıq forması yaranmış olur. Mülki Məcəllənin 213-cü maddəsi isə bu vəziyyətə aydınlıq gətirə bilmir. Həmçinin qeyd olunmalıdır ki, mövcud vəziyyəti həmin hüququn qeydiyyatı problemi bir daha çətinləşdirir. Belə ki, mülkiyyət hüququnun hansı formasının qeydiyyata alınması qanunvericiliklə müəyyənləşdirilməmişdir. Qəbul olunmuş praktikaya əsasən ümumi paylı mülkiyyət onun payçılarının adına qeydiyyata alınır ki, qeyd olunan halda da paylardan birinin qeydiyyatı əsasən ərin (A-nın) adına həyata keçirilir. Bu isə əslində arvadın (B-nin) hüquqlarının pozulmasına səbəb olur.
Ailə
münasibətləri zamanı ər-arvad arasında əqdlərin
bağlanmasının mümkünlüyü
ilə bağlı sual da
maraq doğurur. Məlum
olduğu kimi, ər-arvad
yalnız ailə münasibətlərinin deyil,
həm də mülki hüquq
münasibətlərinin subyektidirlər. Onlar
öz aralarında qanunla
qadağan olunmayan istənilən
əqd bağlaya bilərlər. Məsələn,
ər-arvaddan biri vərəsəlik
qaydasında əldə etdiyi mənzili
digərinə sata bilər və s.
Ər-arvadın ümumi
birgə mülkiyyətdə olan əmlakının
onlardan birinin
mülkiyyətinə keçməsi ilə əlaqədar məsələnin
həlli mübahisə yaradır. Bu məsələ
ilə bağlı müəlliflər arasında fikir ayrılığı mövcuddur.
S.O.Pastuxova hesab edir ki, belə əqdlər
etibarsız əqdlərdir. Digər
mövqe tərəfdarlarının fikrinə
görə isə burada heç
bir puç əqddən
söhbət gedə bilməz. Bizim
fikrimizə görə, ər yaxud arvad ümumi birgə
mülkiyyətdə olan ona
məxsus əmlakı mülki hüquq subyektliliyindən istifadə edərək,
digər tərəfin xeyrinə rəsmiləşdirə və
ya güzəşt edə bilər. Onun bu cür
hərəkəti mülki hüquqi nəticələrə səbəb olur.
Digər maraqlı məsələlərdən
biri də ər-arvad tərəfindən
hər hansı bir əmlakın ümumi paylı mülkiyyət şəklində
əldə etməsinin mümkünlüyüdür.
Məsələn, qanuni nikahda olan və nikah müqaviləsi bağlamayan
A və B hər hansı bir əmlakı
(məsələn, mənzil) əldə edirlər və istəyirlər
ki, onlardan hər biri əldə edilmiş əmlaka
olan mülkiyyət hüququna
bərabər paya sahib
olsunlar. Bir çox dövlətlərdə bu cür müqavilələr
notariuslar tərəfindən rəsmiləşdirilir
və daşınmaz əmlaka hüquqların qeydiyyatı
orqanlarında qeydiyyatdan keçirilir.
Bu da ərə
(arvada) özünəməxsus olan paya digər tərəfin
razılığı olmadan müstəqil
şəkildə sərəncam səlahiyyəti verir. Fikrimizcə, bu təcrübə
müsbət qiymətləndirilərək mülkiyyətçinin
öz hüquqlarını mülahizəsinə
əsasən həyata keçirməsi və mülkiyyət
hüquqlarının müstəsnalığı
qaydalarına uyğundur.
Şərh edilənlər belə nəticəyə gəlməyə əsas verir ki, qanunvericiliyə mülki hüququn digər subyektləri kimi ər-arvad arasında əqdlərin bağlanmasının mümkünlüyü, həmçinin ər-arvadın əmlak münasibətlərinin qarışıq və paylı rejimlərinin yaranması əsaslarını nəzərdə tutan normaların daxil edilməsi araşdırılan problemlərin həllinə kömək edərdi.
Üç nöqtə.-2012.-20
dekabr.-S.-8.