“Muğam musiqimizin əlifbasıdır”

 

Muğamlarımız musiqimizin beşiyi hesab olunur. Bir çox sənətkarlarımız var ki, muğam tariximizi, mədəniyyətimizi inkişaf etdirib gələcək nəsillərə çatdırılmasında əllərindən gələni əsirgəmirlər. Hər dəfə “Şənbə qonağı” kimi bir sənət adamı müsahibim olur. Budəfəki qonağımız muğamlarımızın çox gözəl səslərindən olan, öz səsi ilə muğamlarımızı dünyaya çatdıran, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti Almaz Orucovadır.

- Muğam sizin üçün nədir? Bir cümlə ilə muğamın mənasını ifadə etmək olarmı?

- Muğam mənim üçün hər şeydir. Muğamı heç vaxt bir cümlə ifadə etmək olmaz. Muğamın mənaları çoxdur. Muğam bizim tariximizdir, bu günümüzdür, sabahımızdır. Məntiqi cəhətdən götürsək muğamın mənaları çoxdur. Muğam bizim ana laylamızdır.

- Muğam sənətkarının ilham mənbəyi nədir?

 - Sənətkarın ilham mənbəyi birinci onun istedadıdır, ruhudur, zövqüdür. Sənətkarın ümümiyyətlə, ilham mənbəyi çox şey ola bilər.

- Muğamın sirrini kimlər bilir?

- Muğamın həqiqi mənada tam sirrini açmaq çətin olar. Hərə öz zövqü və biliyi qədər bilə bilər. Yəni muğamın bütün sirrlərinə bələd olmaq çox çətin bir şeydir. Hacıbaba Hüseynov, Tələt Qasımov, Seyid Şuşınski, Xan Şuşınski bizim muğam incilərimiz olub. Amma, onlar da hərəsi öz bildikləri qədər, ruhları qədər, öz elmləri, musiqi bilikləri qədər muğamın sirrlərinə bələd idilər.

 Sənətində pillələri qalxmaq üçün sənətkara nə lazımdır?

- İstədiyin bir pillədə olmaq üçün əmək, zəhmət və istedad olmalıdır.

- Səhnə adamında hansı kriteriyalar olmalıdır?

- Səhnədə olan hər kəsdə istedad, əmək, zəhmət və bunlarla yanaşı səhnə mədəniyyəti, səhnə gözəlliyi olmalıdır. Səhnənin öz tələbləri var.

- Muğamı nəyə görə musiqimizin məktəbi adlandırırlar?

- Hərflər dilimizin əlifbası olduğu kimi muğam da musiqimizin əlifbası hesab olunur. Muğam musiqimizin tarixi köküdür.

- Səhnəyə gələnlərə nəzarət edəsi olsaydız kimlər səhnədə olmazdı?

- (Gülür) Çoxları olmazdı. Ələnmiş sənət adamları olardı. Faizlə desək, yüzdə on faiz səhnədə adam qalardı.

- Rolun uğurlu alınmasında qarşı tərəfin rolu nə qədərdir?

- Qarşı tərəfin rolu çox böyükdür. Əlli əlliyə deyərdim. Mütləq tərəf müqabilin səni ruhlandırmalıdır. Səni söndürməli deyil, səni işıqlandırmalıdır.

- Muğamı sirli-sehirli aləm adlandırırlar. Sizcə muğamı sirli-sehirli edən nədir?

- Muğamı sirli-sehirli edən elə onun sehridir, möcüzəsidir. Muğam çox möcüzəlidir. İnsanı çox sehrlərə salır, sirli aləmlərə aparır.

- Bu sirli-sehirli aləmə bizləri kimlər apara bilir?

 Bizləri Alim Qasımov, Arif Babayev öz gözəl səsləri ilə apara bilir.

- Kimlər muğam sənətində asanlıqla uğur əldə edə bilərlər?

- Muğam sənətində istədiyin zirvəyə qalxmaq çox çətindir. Amma deyərdim ki, mahnı janrını bir az asanlaşdırıblar. Bildiyimiz səbəblərdən çox tez zirvəyə qalxırlar və ulduz olurlar. Muğam isə zəhmət və istedad tələb edir.

- Niyə “Hər oxuyan Molla Pənah olmaz” deyirlər?

- Elə adından da göründüyü kimi hər oxuyandan Molla Pənah olmaz. Ona görə Molla Pənah olmurlar ki, onlar oxuduqlarını oxuyub başa çatdıra bilmirlər (gülə-gülə).

- Qadın sənətçisinə nə etmək olmaz?

- Mən həmişə qadın ifaçılarından ancaq qadın ifası gözləmişəm. Kobudluq gözləməmişəm. Nə hərəkətlərində, nə ifalarında. Qadın qadındır. İfasında və mədəniyyətində çox zərif olmalıdır. Sünilik heç kimə yaraşmır. Səhnədə bir cür, həyatda başqa cür adamlar çoxdur bu gün.

- Xanıma nə yaraşmır?

- Bayaq dediyim kimi kobudluq yaraşmır. Xanımın gözəlliyi onun sadəliyidir.

- Zirvədə olanlarda həmin zirvə üçün lazım olan bütün keyfiyyətlər var?

- Bunu yüz faiz olaraq qiymətləndirməzdim.

- Sənətdə istədiyini əldə etmək üçün dayaq olmalıdırmı?

- Bəli mütləq olmalıdır.

- Sizə kim dəstək olub?

- Mənim ilk dəstək verənlərim sənət müəllimlərim Şövkət Ələkbərova və Səxavət Məmmədov olub. Mən heç vaxt onların dəstəklərini unutmayacam.

- Sənət adamı nə zaman tamaşaçının etimadını qazana, nə zaman itirə bilər?

- Öz istedad və mədəniyyətini layiqli göstərəndə, lazımınca və qədərində göstərəndə. Nə isə artıq olanda artıq tamaşaçını yorur. Heç nəyin ifratı ola bilməz.

- Hər bir işdə sevgi lazımdır-deyirlər muğamda sevgi nə qədər önəmlidir?

- Bəli. Bu muğam üçün ən böyük şərtdir. Ümumiyyətlə, incəsənətdə olan insanın həm sənətə, həm musiqiyə, ümumilikdə götürəndə hər bir şeyə sevgisi olmalıdır ki, o sevgi ilə yaşayaraq o mahnını, o sözləri, muğamı ifa etsin. Onda hər şey gözəl və təbii olur.

- Sənətində kim daha yaxşıdır?

- Zövqlər müxtəlifdir. Hərənin bir zövqü var axı.

- Muğam müsabiqələri muğamın inkişafına nə qədər töhfə verir?

- Çox böyük köməyi olub. Bilirsiz bir vaxtlar var idi ki, muğama diqqət azalmışdı. Əvvəllər toylarda 5 dəqiqə muğam oxuyanda deyirdilər artıq bəsdir. Amma indi həm dövlətimiz, həm də xalqımız tərəfindən böyük diqqət var. Muğama tələbat artıb.

- Başqa millətdən olan bir insan bizim muğamı bütün ürəyi ilə əsl azərbaycanlı kimi ifa edə bilərmi?

- Yox, əsl azərbaycanlı kimi ifa etmək təbii ki çox çətindir. Amma öz ürəyi və bacarığı ilə əlindən gələni edə bilər. Muğamın özünəməxsus boğazları var.

- Xarici ölkələrdə muğamlarımızı təbliğ edən bir ifaçı kimi xarici vətəndaşların muğamla bağlı fikirlərini sizdən öyrənmək daha yaxşı olardı...

- Mən özüm Fransada, İtaliyada, Almaniyada, Türkiyədə, İranda olmuşam. Hər yerdə muğamlarımıza, xalq mahnılarımıza çox böyük diqqət var. Saatlarla oturub qulaq asırlar, ancaq yorulmurlar.

- Azərbaycanlıdan soruşsaq ki, muğamı niyə sevirsən? Deyəcək ki, canımız-qanımızdı, ona görə. Bəs xaricilər muğamı hansı cəhətinə görə sevirlər?

- Bilirsiz, muğamın öz incəlikləri var. Ümumiyyətlə, qanında musiqi duyumu olan bir insan təbii ki, muğamı qiymətləndirəcək. Musiqi duyumu yoxdursa, heç qulaq da asmayacaq.

- Muğam ifaçısı ilə estrada müğənnisi arasında ifadan başqa fərq daha çox nədədir?

- Əsas fərq odur ki, muğam ifaçısının səsi zil olmalıdır. Bir də ki, muğamın xırdalıqları var axı. Onu hər ifaçı bacara bilmir.

- Estrada müğənnilərinin muğam oxumağına necə baxırsız?

- Muğamı hər kəs öz bacardığı qədər oxuya bilər. Onlar “Dəsgah” oxumurlar ki, muğamdan parçalar ifa edirlər. Pis deyil. Yenə də o bizim muğamımıza hörmətdir də.

- Bir çox estrada müğənniləri səhnəyə gələndə karyera fikirləşirlər. Bəs muğam ifaçıları səhnəyə gələndə qarşılarındakı məqsəd nə olur?

- İfasının təkmilləşdirilməsi, musiqinin təbliği, sənətini inkişaf etdirmək.

- Heç nə vaxtsa hiss etmisiz ki, hansısa bir muğam sizdə digərlərindən daha yaxşı alınır?

- Hər bur ifaçının özünə, qəlbinə yaxın olan muğamlar var. Mən çox sevirəm “Bayatı-şiraz”ı, o mənim ruhumdur. Mən onu digər muğamlardan daha çox qiymətləndirirəm. “Bayatı-şiraz”ı ifa edəndə elə bil bütün ruhum, ifam dincəlir. Özümdən asılı olmayaraq, elə bil başqa bir aləmə gedirəm. Məncə, hər bir ifaçının sevdiyi muğam var.

-Ailəniz kimlərdən ibarətdir?

- Ailəm hal-hazırda oğlum, bacım və məndən ibarətdir.

- Sənətçinin ailəsi nə qədər gündəmdə olmalıdır?

- Mən belə fikirləşirəm ki, heç bir sənətçinin ailəsi gündəmdə olmamalıdır. Sənətçi öz ifası və sənəti ilə gündəndə olmalıdır. Şəxsi həyatı və ailəsi ilə yox.

- Sənətçi ailəsini qoruyub saxlamaq üçün nələri qurban verməlidir?

- Bilirsiz sənətçilərin həyatı çox çətin olur. Sənətçi bəzən günlərlə evdə olmur. O da ki, ailə üçün çox çətin olur. Ailə üçün lazım olan şərtlər var ki, o bir az sənətçiyə çətin olur.

- Sonda bu il ölkəmizin ev sahibliyi “Eurovision-2012” Mahnı Müsabiqəsi haqda fikirlərinizi bilmək istərdim.

- Müsabiqə ərəfəsində biz Türkiyədə idik. Lakin izləyirdim. Çox gözəl keçirildi. Və Azərbaycan üçün çox da lazım idi. Ölkəmizin tanınması, sevilməsi, Azərbaycan irsinin dəyəri, böyüklüyü idi “Eurovision”un keçirilməsi. Çox işıqlı və gözəl keçirildi. Azərbaycan musiqisinin kökü olan Alim Qasımovun çıxışı həm klassik, həm də müasirlik cəhətdən çox vacib idi. Çox yaxşı alındı.

 

 

Aygün Asimqızı

 

Üç nöqtə.- 2012.- 2 iyun.- S. 13.