“Mahnılarım mənim övladlarımdır”

 

 “Şənbə qonağı” olaraq suallarımızı bu il yaradıcılığının 40 illiyini qeyd edən əməkdar artist Baloğlan Əşrəfov cavablandırdı. Bu illər ərzində başına gələnlərdən, musiqi sahəsində əldə etdiklərindən tutmuş, şou-biznes qalmaqallarına qədər bir çox mövzuda olan suallarımıza aydınlıq gətirdi. Sənətdə nail olduqlarından, tamaşaçı sevgisindən danışdı. Baloğlan müəllimin 40 illik təcrübəsindən bəhrələnən müsahibəni sizlərə təqdim edirik:

- “Müğənni də bir ziyalıdır. Müğənni də dövrün ictimai-siyasi hadisələri ilə maraqlanmalıdır. Mən özüm mətbuat həvəskarıyam. Elə gün olmur ki, mən 5-6 qəzet alıb oxumayım. Müğənnilər hər şeyi bilməlidirlər, oxumalıdırlar, dövri mətbuatla maraqlanmalıdırlar. Mənim mətbuatla necə maraqlandığımı hər kəs bilir. Bu da mənim təhsilimdən irəli gəlir. Tələbəlik illərindən mətbuatla maraqlanmışam. Mütaliə etmək hər bir insana lazımdır. O cümlədən, mən də yaşımın bu vaxtına qədər bununla məşğulam”.

- 40 il necə gəldi, keçdi?

- Bəli, mən rəsmən 1971-ci ildə ilk mükafatımı almışam. “Turac təranələri” adlı radio olimpiadasında bizim bölgədən mən seçilmişəm. Deməli, o vaxtı Azərbaycan dövlət radiosu bölgələrdə yarışma keçirirdi. Belə ki, radio gəlirdi bölgələrdən tanınmış oxuyanların səslərini lentə aldırırdı və sonradan o radioda səsləndirilirdi. Ayrı-ayrı rayonlardan həmin ifaçılara səs verilirdi. Kim daha çox səs toplasa həmin olimpiadanın qalibi olurdu. Bizim bölgədən qalib mən seçildim. 1974-cü ildə isə keçirilən "Zəhmətkeşlərin və gənclərin ümumittifaq festivalı"nda iştirak etdim. Həmin yarışmanın münsiflər heyətinin sədri Şövkət Ələkbərova diplomu şəxsən  mənə təqdim etdi. Və bundan sonra uğurlarım başladı. Sadalamaqla qurtaran deyil. Ancaq bir şeyi qeyd etmək istəyirəm ki, 1982-ci ildə Respublika sarayında “İstedadlar axtarırıq” adlı konsert yarışma keçirilirdi. 150-yə qədər müğənni arasından sonda 25 nəfər qalanda, verdilər tamaşaçıların ixtiyarına. Və mən bu yarışmada qalib oldum. Qalib kimi Respublika sarayında keçirilən bir dövlət tədbirinə mən də dəvət olundum. Ulu öndərimiz Heydər Əliyev də həmin tədbirdə iştirak edirdi. Konsertdən sonra görüşdük və məni təbrik etdi. İslam Rzayevin ansamblında çalışdım, bütün Azərbaycanı dolaşdım, kənd, qəsəbələrdə konsertlərdə oldum. Sonra özüm ansambl yaratdım. Həmin ansamblla birlikdə bütün Azərbaycanı qarış-qarış gəzdik, xarici səfərlərə getdik. Şükür Allaha ki, bu günə qədər yeni mahnılarla, nəğmələrlə xalqımızın xidmətində dayanmışıq. Gündəmdə varıq. Bu illər ərzində mənim üçün kədərli hadisə atamın dünyasını dəyişməyi olub. Başıma gələn hadisələrdən hər kəsin xəbəri var. İkinci dəfə bu dünyaya qayıtdım.

- Bu illər ərzində sənətlə bağlı hansı arzularınız yerinə yetdi?

- Həmişə ən böyük arzum o olub ki, xalqın nəzər-diqqətində olum. Bunu isə kiminsə deməyi ilə deyil, bölgələri gəzərkən xalqın istəyini, marağını görüb demək lazımdır ki, xalqın istəyi kimədir. Mən Allahımdan razıyam ki, bu xalqın istəyini qazana bildim. Mənim üçün ən böyük mükafat budur.

- Nəyi bacarmadığınızı boynunuza ala bilərsiniz?

- Mən müğənniyəm, mənim oxumağım xalqa lazımdır. Bacardığım qədər öz mahnılarımla xalqımın xidmətində dayanmağa çalışıram. Amma, özümü qınaya bilərəm ki, çox mahnılar, nəğmələr yaza bilərdim. Ola bilər ki, nəyinsə xətrinə bunlardan vaz keçmişəm. Düzdür, mənim mahnılarımı türk dünyasının bir çox tanınmış sənətçiləri oxuyur. Bizim bəstəkarların mahnılarını oxuduqları olub. Amma, müğənni mahnı yazsın və onu oxusunlar. Bu Azərbaycandan kənarda bir az çətin məsələdir. Şükür Allaha mən buna da nail olmuşam.

- Sizi tamaşaçı hansı mahnılarınıza görə sevdi?

- O cəhətdən bəxti gətirən müğənnilərdən biriyəm. Müğənni var ki, bir mahnısı ilə gündəmdə qalır. Oturub-durub ancaq o mahnısının adını tutursan. Məndə mərhələ ilə olub. “Sabah o qızın toyudur”, “Mənim alagöz yarım”, “İtən eşqim”, “Qayıtma” kimi sevilən mahnılar ifa etmişəm. Vaxt olub ki, mənim ifa etdiyim mahnı bütün toylarda rəqslərin bəzəyinə çevrilib. Hər ilin öz dəbində olan mahnılarım var. İndi çoxunu unutmuşam.

- Bəs “Anam mənim” mahnısı?

- Mahnılarım mənim övladlarımdır. Mən onları necə bir-birindən ayıra bilərəm. Hər bir mövzuda olan mahnıların öz sevilmə məqamı var də. Bir mahnı üstündə formalaşmaq düzgün deyil. 

- Necə mahnını ifa etməzsiz?

- Sözləri mənim ruhuma uyğun olmayan, bədii cəhətdən zəif olan, belə deyək də, söz yığınından ibarət olan musiqiləri ifa etmərəm. Lap həmin sözlərə bizim korifey sənətkarlarımız musiqi yazsa, o mahnı mənə yalançı gələr. Çünki, yaxşı musiqi sözdən doğur. Üzeyir Hacıbəylidən başlamış bu günə qədər digər korifey sənətkarlarımız sözlərdən ilham alıb, gözəl mahnılar yazıblar. Söz zəif oldusa, bəstəkarın kimliyindən asılı olmayaraq həmin mahnının 15 günlük dövrü var. Mən sözləri xoşuma gəlməyən mahnını oxumaram.

- İfaçı üçün reklam nə qədər vacibdir?

- Reklam hamıya vacibdir. Əgər müğənni gözəl bir mahnı oxuyursa və o mahnını heç yerdə göstərmirlərsə, o mahnı elə sənin içində də qalacaq. Əlbəttə ki, reklam vacibdir. Elə mahnı var ki, bir dəfə oxumaqla o dinəyicisini tapır. Elə mahnı da var ki, nə qədər reklam etdirsən də qəbul olunmur. Hər şey ifadan asılıdır.

- Bəzən ən çox sevdiyimiz mahnını bir neçə dəfə dinlədikdən sonra bezirik. Bəs müğənni öz ifasından bezə bilərmi?

- Mən səmimi deyim ki, “Uçan quşlar” mahnım 30 ildir ki, hansı konsertə, tədbirə getməyimdən asılı olmayaraq, dəfələrlə məndən istənilir. Elə mahnı da var ki, məcburiyyət qarşısında ifa edirsən ki, bəlkə kiminsə ürəyinə yatır. Belə mahnıları ikinci dəfə dünya dağıla oxumaram. 

- Vaxt keçdikcə musiqi sahəsində nələr dəyişib?

- Musiqilərimiz bir az oynaqlaşıb. Bu da ki toydan gələn tələbatdır. Son zamanlar gənclər ultra musiqiyə uyublar və çox vaxt valideynlərini də məcbur edirlər ki, bu səpkidə olan oxuyanları istəyirik. O cür müğənnilər gələndə cavanlar oynayandan sonra, orta nəslin adamları üçün isə həzin mahnı  lazımdır. Məsələn, mən də proqramımı dəyişdirib cavanlara uyğunlaşdırmışam. Amma bütünlüklə toy cavanlardan ibarət deyil.

- Bu gün müğənnilərin bəziləri populyarlaşmaq üçün qalmaqalların müxtəlif vasitələrindən istifadə edirlər...

- Mənim elə insanlara yazığım gəlir. Neyləsin mahnısı ilə gündəmdə qala bilmir. Dava-dalaşa əl atır. Mən elə şeylərdən uzaq adamam. Çalışmışam 40 il ərzində belə şeylərə çox az yol verim. Heç ehtiyacım da olmayıb. Mən mahnılarımla gündəmdə qalmışam. Qalmaqalla gündəmdə 1 ay, 1 il qalmaq olar. Bəs sonra.

- Elə müğənnilər varmı ki, qalmaqallarına görə adını eşidib, musiqisini eşitməyəsiz?

- (Gülür) Televiziyada qalmaqalla bağlı bir müğənni göstərirdilər. Amma onun bir mahnısını da eşitmədim, görüm bu dava-dalaşa layiq olan bir adamdır, ya yox. İndiyə qədər də mən o adamnı səsini eşitməmişəm.

- Sizin dinləyici auditoriyanız kimlərdən ibarətdir?

- Şükür Allaha ki, Azərbaycanda bəxti gətirən müğənnilərdənəm ki, 7-dən 77-yə tamaşaçı auditoriyam var. Sizə bir maraqlı hadisə danışım ki, bir dəfə maqazində satıcı ilə söhbət edirdim. 3-4 yaşlarında bir uşağın mənə baxdığını görüb, yaxınlaşıb başını sığalladım. Birdən uşaq qayıdıb anasına dedi ki, bu lap Baloğlana oxşayır ey. Onda bildim ki, yaşamağa dəyər. Buna görə də, mahn ifa edərkən bütün yaş qruplarını nəzərə almışam.

- Elə mahnı olubmu ki, bəyənəsiz, sadəcə olaraq səs tembrinizə uyğun olmadığına görə ifa etməyəsiniz?

- Çox olub. Televiziya və radiolara yolum açılsın deyə mən kimlərinsə mahnısını məcburiyyət qarşısında qalıb oxumuşam. Amma görmüşəm ki, məndə alınmır.

- Xalq nəyi yaddaşında saxlayır?

- Mən xalqın yaddaşında mahnılarım, səviyyəmlə, davranışımla, seçdiyim qəzəllərlə, musiqilərlə qalmışam. İnsanlara hörmətlə yanaşmışam. Və çalışmışam ki, hamı da mənə hörmət etsin. Yaxşı oxumaq olar. Xalq da səni sevər. Lakin sonradan elə bir səhv edərsən ki, xalq səni yerə elə çırpar ki, izin-tozun qalmaz. Yaxşı tanınan müğənni sevilən müğənni olmaya bilər. Sevilmək üçün də xalqın bütün tələblərinə də cavab vermək lazımdır.

- Tamaşaçı tərəfindən birbaşa üzünüzə deyilən irad eşitmisiz?

- Mən də xalqın bir nümayəndəsiyəm. Mən o səhvi özüm görməliyəm ki, o səhvi etməyim. Əgər hansısa bir yerdə nə isə etmək olmazsa mən onu edirəmsə, onda mənə ayıb olar. Kimsə hansısa mahnının mənim ifamda yaxşı alınmadığını, bu mahnını oxumayın deyə bilər.

- Səhnədə nəyi itirməkdən qorxursuz?

- Bu qəliz məsələdir. Tamaşaçını itirmək, səhnə ilə vidalaşmaq deməkdir. Mən çox təəssüflənirəm ki, bizim bəzi ifaçılarımız başa düşürlər ki, onlar tamaşaçı üçün ağır yükdən başqa bir şey deyillər, amma yenə də səhnəyə can atırlar.

 

 

Aygün Asimqızı

 

Üç nöqtə.- 2012.- 30 iyun.- S.13.