Mərkəzləşdirilmiş qeydiyyatda 35 uşaq var

 

Məlahət Hacıyeva: «Onlardan 22-si sağlamlıq imkani məhdud olan uşaqlardır»

 

Azərbaycan ailəsi üçün övlad hər şeydən əzizdir. Tanrının verdiyi bu gözəl varlıqdan imtina edərək onu uşaq evlərinə verənlərlə yanaşı, ömrü boyu uşaq həsrəti ilə yaşayanlar da olur

 

Azərbaycan ailəsi üçün övlad hər şeydən əzizdir. Tanrının verdiyi bu gözəl varlıqdan imtina edərək onu uşaq evlərinə verənlərlə yanaşı, ömrü boyu uşaq həsrəti ilə yaşayanlar da olur. Övladı olmadığı üçün hər il onlarla ailə dağılır. Amma bu gün ölkənin uşaq evlərində də 10 min nəfərə yaxın uşaq ailə nəvazişindən məhrumdur. Bu uşaqlar arasında onlara sahib çıxacaq ailələri gözləyənlər də var. Hazırda Azərbaycanda uşaqların övladlığa verilməsi iki yolla mümkündür. Bunlardan biri uşaqların Azərbaycan vətəndaşlarına, digəri isə xarici vətəndaşlara övladlığa verilməsi ilə bağlıdır. Ölkə qanunvericiliyinə görə, respublikamızda yaşayan hər bir Azərbaycan vətəndaşı azərbaycanlı uşaqları övladlığa götürə bilər. Bu zaman həmin insanların hansı təbəqəni təmsil etməsi nəzərə alınmır. Əsas meyar ondan ibarətdir ki, uşağın övladlığa verildiyi ailə həmin uşağın müdafiəsini və qayğısını təmin edə, onun bütün hüquqlarını qoruya bilsin. Uşağın təhsil almasını, sağlamlığını təmin etsin, eyni zamana onun gələcəyi ilə bağlı qərarları özü sərbəst versin.

Uşaqların övladlığa götürülməsi “Ailə məcəlləsi”, “Mülki prosesual məcəllə” və Nazirlər Kabinetinin 2000-ci il, 20 sentyabr tarixli, 172 saylı qərarı ilə tənzimlənir. Üç aylıqdan 3 yaşına qədər övladlığa verilməsi mümkün olan uşaqların mərkəzləşmiş uçotu Səhiyyə Nazirliyi tərəfindən aparılır. 3 yaşdan 18 yaş arası uşaqların övladlığa verilməsi üçün mərkəzləşmiş uçot qeydiyyatı isə Təhsil Nazirliyi tərəfindən aparılır. Övladlığa götürmə isə övlad götürmək (qəyyum olmaq) istəyən şəxsin ərizəsi əsasında proses məhkəmə tərəfindən həyata keçirilir. Məhkəməyə qədər övlad götürmək (qəyyum olmaq) istəyən şəxs isə bir neçə mərhələlərdən keçməlidir. Tək şəxs, yaxud ər və arvad uşağı övladlığa götürmək istəyirlərsə, qeydiyyatda olduğu ərazinin rayon İcra Hakimiyyətinin “Yetkinlik yaşına çatmayanların işləri və hüquqları müdafiəsi” üzrə komissiyaya müraciət edirlər. Həmin komissiya övladlıq və qəyyumluq orqanı vasitəsilə valideyin olmaq istəyən şəxslərə lazımı sənədlərin toplanması üçün siyahı verir. Toplanılan sənədlər rayon icra hakimiyyətinə təqdim olunur. Rayon icra hakimiyyəti başçısının müvafiq məktubu ilə həmin sənədlərin sürəti ya Səhiyyə Nazirliyinə, yaxud da Təhsil Nazirliyinə ünvanlanır. Bundan sonra həmin kəslər övladlığa uşaq götürmək istəyən kəslər kimi qeydiyyata alınır. İcra hakimiyyətindən məktub daxil olduqdan ən çox üç gün sonra həmin şəxs qeydiyyata alınır və uşaqların siyahısı ilə tanış olur. Əgər övladlığa götürən uşaqla tanış olursa, qəti qərara gəlirsə, ən geci 1 ay ərzində uşağın sənədləri hazırlanır, məhkəməyə təqdim olunur. Bu prosesdə Təhsil Nazirliyi, yaxud Səhiyyə Nazirliyi icra hakimiyyəti ilə birlikdə sənədləri məhkəməyə təqdim edir. Məhkəmə də 1 ay ərzində bu məsələyə baxır. Bu məsələnin daha yaxşı tənzimlənməsi üçün Təhsil Nazirliyində mərkəzləşdirilmiş qeydiyyat bazası yaradılıb.

Təhsil Nazirliyi De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyevanın sözlərinə görə, övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş qeydiyyatında hal-hazırda 35 uşaq var: «Onlardan 13 nəfəri    7-17 yaş arasında olan tam sağlam, 22 nəfəri isə 4-17 yaş arasında sağlamlıq imkanları məhdud olan uşaqlardır. Sağlamlıq imkanları məhdud olan 22 nəfər uşaqdan 7 nəfəri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Psixo-nevroloji uşaq evində və 3 nəfəri Körpələr evində, 12 nəfəri isə Təhsil Nazirliyinin tabeliyində olan Sağlamlıq imkanları məhdud valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbində yaşayan uşaqlardır».

M.Hacıyevanın sözlərinə görə, bu ilin əvvəlindən valideyn himayəsindən məhrum olmuş internat məktəblərinə və  uşaq evlərinə yerli Rayon İcra Hakimiyyəti başçıları tərəfindən verilən  sərəncama əsasən  46 nəfər uşaq yerləşdirilib: «Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı  (2006-2015-ci illər)”nın  əhatəsində olan  dövlət uşaq müəssisələrində 9776 nəfər uşaq  təlim-tərbiyə alır. Onlardan 3750  nəfəri müəssisədə gecələyən uşaqlardır, qalan 6026 nəfər uşaq müəssisənin yalnız təhsil və günərzi xidmətlərindən istifadə edir, gecəni isə ailəsi ilə birgə keçirir. Son illərdə  görülmüş işlər nəticəsində dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan uşaqların sayı ilbəil azalır. Belə ki, 2008-ci ildə 14389 nəfər, 2009-cu ildə 10055 nəfər, 2010-cu ildə  9874 nəfər, 2011-ci ildə isə 9776 nəfər olmuşdur.  Gecələyən uşaqların sayında da illər üzrə azalma müşahidə olunur. 2008-ci ildə 4055 nəfər, 2009-cu ildə 3945 nəfər, 2010-cu ildə 3860 nəfər, 2011-ci ildə isə 3750 nəfər olub. Müəssisələrdə gecələyən 3750 nəfər uşaqdan 1409 nəfəri hər şənbə bazar, 1790 nəfəri tətil və bayram günləri evə gedir, qalan 551 nəfər isə daimi müəssisədə gecələyən uşaqlardır. Müəssisədə daimi yaşayan 551 nəfər uşaqdan 183 nəfəri ağır əlilliyi olan uşaqlardır. “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı  (2006-2015-ci illər)”nın icrası ilə bağlı valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrdə təlim-tərbiyə alan 309 nəfər uşağın və onların ailələrinin fərdi qiymətləndirilməsi həyata keçirilib. Uşaqların ailələrinin himayəsinə qaytarılması ilə bağlı onların bioloji ailələri və ya qohumlarının yaşadığı rayonlara səfərlər edilərək Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın iclasında bu uşaqların ailələrinə qaytarılması məsələlərinə baxılıb. Görülən tədbirlər nəticəsində dövlət uşaq müəssisələrində yaşayan 149 nəfər uşaq rayon və şəhər icra hakimiyyətlərinin müvafiq sərəncamı əsasında öz bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb. Müvafiq komissiya tərəfindən  ailələrə qaytarılan uşaqların vəziyyətinin monitorinqi aparılır və nəticələri barədə məlumatlar mütəmadi olaraq Təhsil Nazirliyinə ünvanlanır».

Qeyd edək ki, Nazirlər Kabinetinin 2000-ci il tarxili, 141 saylı qərarı ilə bəzi xəstəlik daşıyıcılarının övladlığa uşaq götürülməsinə icazə verilmir. Bunlar  vərəmin aktivxroniki vəziyyətdə olması, I, II və V qrup dispanser qeydiyyatında olan xəstələri, daxili orqanların, sinir sistemi xəstəlikləri olan şəxslərdir. Bundan başqa bədxassəli onkoloji xəstəliklər, narkomanlıq, toksikomanlıq və xronoloji alkoqolizm. İnfeksion xəstəliklər və  ruhi xəstəlikləri olanlar da övladlığa uşaq götürə bilməz.  Həmçinin əmək qabiliyyətini itirməklə I və II əlillik qrupu olan xəstələrin övladlığa və qəyyumluğa uşaq götürməsinə icazə verilmir.  Amma 18 yaşına çatan şəxslər övladlığa verilmir. Övladlığa götürənlə uşaq arasında yaş fərqi 16 yaşdan az olmamalıdır.

 

 

Xalid

 

Üç nöqtə. – 2012. – 15 noyabr. –S. 10.