“Leyli rolunu oynamağı xəyal edirdim”

 

Vüsalə Musayeva: “Muğam bütün insanlara musiqinin gücü ilə təsir edə bilir”

 

 Azərbaycan opera səhnəsinə gələn gənclər qarşılarına məqsəd qoyurlar ki, gələcəkdə Leyli obrazını canlandırsınlar. “Şənbə qonağı”mız olan Opera və Balet Teatrının solisti Vüsalə Musayevanın arzusu heç olmasa xorda ifa etmək olsa da, səhnəyə ilk olaraq xəyallarında canlandırdığı Leyli obrazı ilə çıxır. Bu yaxınlarda isə “Kaliforniyada Azərbaycan Muğam Ayı”nda iştirak edən Vüsalə xanım Amerikada ilk dəfə səhnəyə qoyulan “Leyli və Məcnun” operasında Leyli obrazını canlandırıb. “Muğam o qədər dərin mənaya malik musiqidir ki, bütün insanlara musiqinin gücü ilə təsir edə bilir” – deyən Vüsalə Musayevadan aldığımız müsahibəni sizlərə təqdim edirik.

- Səhnəmizin gənc Leylisinin muğama və teatra gəlişi nə vaxta təsadüf edir?

- Uşaqlıqdan musiqiyə həvəsim olsa da, səhnəyə bir az gec gəlmişəm. Uşaqlıq oxumağı təbii ki başqa şeydi. Mən əslən qarabağlıyam. Atam da anam da Ağdamlıdı. Mən Ağdamda doğulmuşam, 6 yaşıma kimi orda yaşamışıq. Köçkün kimi Bakıya gələrkən yer dəyişikliyinə görə çətinliyimiz oldu. O zamanlar baş qarışıq idi, heç kim heç kimi tanımırdı. 9 yaşımda evdəkilər hiss etdilər ki, oxumağa həvəsim var. Heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa xanəndə olaram. Həvəsim olduğuna görə oxuyurdum, amma bunu səhnə üçün fikirləşmirdim. Orta məktəblərdə musiqi müsabiqələrinə gedirdim. Sırf musiqi təhsilinə isə 14 yaşımdan sonra başlamışam. İlk müəllimim xalq artisti Firuz Səxavət olub və ondan muğamdan təhsil almışam. Amma yenə də musiqiyə həvəs olaraq yanaşırdım. Musiqi təhsilim olsun deyə gedirdim. Eyni zamanda orta məktəbdə Xarici Dillər Universitetinə hazırlaşırdım. Rəhmətlik atam mənim bir xanəndə kimi yetişməyimə razı olmurdu. Deyirdi qız nədi, oxumaq nədi. Müəllimələrim ailəmə dedilər ki, uşaqdır də gəlir. Orta məktəbdə yaxşı oxusa da, bunun həvəsi musiqiyədir. Yenə də atam razılıq vermədi. Sonra nənəmin müdaxiləsi nəticəsində təhsilimi musiqi üzrə davam etdirməyimə atam razılıq verdi. 11-ci sinifi bitirəndən sonra tam qərara gəldim ki, musiqiyə getməliyəm. Mənə dedilər ki, ilk öncə musiqi kollecində təhsil almalıyam. İmtahan verdim və Asəf Zeynallı adına musiqi kollecinə qəbul olundum. Orda isə müəllimim xalq artisti Nəzakət Teymurova oldu. Və yavaş-yavaş davam etdim. Sonra müsabiqələr başladı. Space televiziyasının Üzeyir Hacıbəylinin 120 illiyi münasibətilə keçirdiyi muğam müsabiqəsinə evdəkilərdən xəbərsiz sənədlərimi verdim. Tam ümidim yox idi ki, keçərəm. 1-ci kursda oxuyurdum deyə hələ muğamlarımızı yaxşı bilmirdim. Təhsilim yox idi deyə qorxa-qorxa vermişdim. Allah dualarımı eşitdi və müsabiqəyə qəbul olundum. Müsabiqə sms-lə olsa da tanınmağımızda böyük rol oynadı. Mən kolleci qurtaran ili də Opera və Balet teatrı imtahan yolu ilə gənclərin qəbuluna başladı. Bu zaman mən və İlkin Əhmədov seçildik. Bizdən öncə də müsabiqənin qalibi Təyyar Bayramov olmuşdu. O Şah İsmayıl rolu üçün seçilmişdi.

- Birbaşa baş rolu sizə hansı bacarığınıza görə veriblər?

- Leyli və Məcnun obrazını canlandıracaq iştirakçı seçərkən səs və görünüşlə yanaşı, ilk öncə ifaçının plastikasına da diqqət edirlər. Bütün hallarda rejissorlar aktyorların plastikasına fikir verirlər. Rejissor bilir ki, ona obrazı onun istədiyi kimi ifa edəcək və dediklərinə əməl edəcək iştirakçı lazımdır. Bundan başqa da həvəs olmalıdır. Yəqin ki, İlkin və mən onları hardasa qane etmişik ki bizi seçiblər. Təbii ki, bizimlə bitmir və bizdən sonra da gələn var və davamı olacaq.

- Sonradan da epizodik rollarda çıxış etməmisiz?

- Həmişə teatra gəlib tamaşaçı kimi müəllimənin tamaşasına baxanda arzulayırdım ki, heç olmasa operada xorda ifa edim. Leyli rolunu oynamağı xəyal edirdim. Elə oldu ki, dənizə tor atdım və toruma ilk olaraq qızıl balıq düşdü. İlk dəfə mənə Leyli rolu təklif olundu. Epizodik rollarda çıxış etməmişəm. Opera səhnəsində Leyli, Əsli və Şahsənəm rollarında çıxış edirəm.

- Hansısa bir rola hazırlıq nə qədər vaxtınızı aparır?

- İlk obrazım “Leyli” üçün on aya yaxın məşqlərimiz oldu. Səhnəyə çıxmaq üçün Leylini özümdə hiss etməliydim. Onlar hiss edəndə ki, buna hazırıq və səhnəyə çıxmaq üçün bu cəsarət bizdə var, sonra icazə verdilər. O cür gözəl tamaşanı böyük xanəndələrimizin ifasında eşidən tamaşaçıların qarşısında çıxış etmək böyük məsuliyyət idi. Çalışdıq ki, tamaşanı izləyənlər deməsinlər ki, nə günə qoydular. Ən azından biz ustadlarımızın yolunu davam etdiririk və istəmirik ki, bizə görə onlara söz gəlsin. Heç bir müəllim də istəməz ki, tələbəsi haqda yaxşı olmayan sözlər danışılsın. 2 aydan sonra da deyə bilərdik ki, hazırıq. Daxilən Leylini oynamağa hazır olmalıydım ki, səhnədə rolu istədiyim kimi canlandıra bilim. Reklam, imic xatirinə, bu gün oynadın sabah qaçım efirlərdə, digər mətbuat orqanlarında deyim. Buna deməyə ehtiyac yoxdu. Ustadların yanında mən gənc hesab olunuram və onların yanında gəzib özünü reklam etməyin mənası yoxdu. Hər halda opera teatrında Gülyaz Məmmədova, Nəzakət Teymurova, Mənsum İbrahimov var. Onlar kimi olmasa da, onların getdiyi yol ilə gedib, göstərdikləri nümunə kimi olmağa çalışmalıyıq. Biz onları özümüzə nümunə götürürük və bizdən sonrakılar da bizə baxacaqlar. İndi özlərinə ulduz deyənlər mən sözündən çox istifadə edirlər. Məndən istifadə etməyə ehtiyac yoxdu. Etdiyimiz hər bir işi tamaşaçı görür.

- Əldə etdiyiniz uğurlarda müəlliminiz Nəzakət Teymurovanın rolunu necə dəyərləndirirsiz?

- Müəlliməmin mənə dəstəyi çox olub. Heç bir müəllim razı olmaz ki, ürəyincə olmayan bir tələbəsinə görə narazılıq eşitsin. Çox adam deyə bilər ki, adamı var idi deyə baş rol üçün seçilib. Amma burda bir şeyi qeyd edim ki, teatra qəbul epizodik rollar üçün deyil, baş rol ifaçısı üçün aparılırdı. Bizi yoxladılar və qərar verdilər. Deyə bilmərəm ki, axıra qədər Leyli obrazını canlandıracam. Müəyyən bir vaxta qədər davam edəcəm, sonra isə təbii ki hiss edəndə ki, gücüm çatmır, yerimi gənclərə verib, uzaqlaşacam. Əgər mənim 40 yaşım varsa, oxuya bilirəmsə, niyə də oxumayım. Bir-iki nəfərin yazılarını oxumuşam ki, deyirlər ki, bizə Leyli obrazını oynamağa teatrda imkan vermirlər. Yaşları ötüb deyə Leyli və Məcnunu oynamamalıdılar. Bu fikir ümumiyyətlə, düzgün deyil. Görək onu deyən şəxs gəlib dedikləri rolları həmin sənətkarlarımız kimi oynaya bilər? Əgər özünü hazır hiss edirsənsə, kimdir qarşını kəsən, gəl bacarığını göstər. İnsan günahı birinci özündə görməlidir. Bu gün efirlərdə ara mahnıları oxuyum sonra da, deyim ki, Leylini oynamağa nə var. Bu ən azından dünyadan köçmüş xanəndələrimizin ruhuna təhqirdir. Bu o deməkdir ki, sən Rübabə Muradovanı, Qulu Əsgərovu bəyənmirsən. Deyirlər ki, “Onlar nədir ki, çıxıb elə ifa edərəm ki, səhnə dağılar”. Xeyir, elə bir şey yoxdu. Operaya kimisə üstələmək üçün gəlməməlisən, sadəcə özünəməxsus ifa edə bilərsən.

- “Leyli və Məcnun” Amerikada ilk dəfə səhnəyə qoyuldu və Amerikada ilk Azərbaycan Leylisi siz olduz..

- Amerika və İsveçrədə Leylini ifa etmişəm. Bu festival müsabiqə xarakteri daşımırdı. Festivalın məqsədi millətlər arasında mədəniyyət dostluğu yaratmaq idi. Bir-birlərinin operalarını, musiqilərini, musiqi alətlərini yaxından tanımaq şəraiti yaradırdı. Azərbaycanla yanaşı, Hindistan, Koreya, Tibet, İspan, Çin, İtaliya iştirak edirdi. Festivalın belə bir ənənəsi də var ki, hər bir ölkədən festival üçün bir sima seçilir. Bu festivalda isə Azərbaycanın və ümumilikdə festivalın siması olaraq  mən seçilmişdim. Hətta festival zamanı tanımırdılar ki, mən həmin afişada olan qızam. Opera ifaçıları ilə bağlı bir festival oldu. Festivalın bir özəlliyi də onda idi ki, hər bir ölkənin musiqiçisi digər ölkənin ifaçılarını müşayiət edirdi. Hətta orda hind qızlardan ibarət xor fəaliyyət göstərirdi ki, Azərbaycan dilində ifa edirdilər. Sonda ölüm səhnəsini oynayıb, səhnənin arxasına gedəndə üstümə qaçıb elə ağlayırdılar. Həmin mənzərə gözümün qabağından getmir. Digər ölkələr də çıxış etdilər, amma onlar ən çox Azərbaycanın çıxışını bəyəndiklərini söylədilər. Bu musiqimizin qələbəsidir. Doğrudan da, Azərbaycan güclü mədəniyyətə malik dövlətdir. Muğam o qədər dərin mənaya malik musiqidir ki, bütün insanlara musiqinin gücü ilə təsir edə bilir.

- Amerika tamaşaçısının sizdən nə istədiyini duya bilirdizmi?

- Amerika böyük ölkə olduğuna görə bu bizim üçün hələ tez idi. Amerika ilk öncə bizi yaxından tanımalıydı. Onlardan gözlədiyimiz istəyi almağı isə sonrakı konsertlərdə düşünməliyik. İlk tanışlıqda tamaşaçının səndən nə istədiyini bilmək olmaz. Bizim çalışdıq ki, amerikalılar Azərbaycan operasını tanısınlar, ölkəmiz haqda məlumatlı olsunlar. Çünki, əksər amerikalıların Azərbaycan haqda təsəvvürləri yoxdu. İş adamları başqa, Amerikanın ucqar bir yerində yaşayanın bizim haqda məlumatlı olmaması təbii haldır. Ümumilikdə, “Kaliforniyada Azərbaycan Muğam Ayı” çərçivəsində 7 konsertimiz keçirildi. Ermənilər müxtəlif yollarla konsertə mane olmağa çalışırdılar. Azərbaycanı yenicə tanımaq istəyən Amerikalıların gözündən salmaq istəyirdilər. Amma cəhdləri baş tutmadı. Aytən Məhərrəmova, İlkin Əhmədov  və mən bu konsertlərdə çıxış etdik.

- Bu səfərdən hansı təəssüratla qayıtdız?

- Bu səfərdən çox böyük enerji aldım. Davam etmək üçün mənə bir növ stimul verdi. Ən azından ona görə sevinirəm ki, bədxah qonşularımızın bütün cəhdləri boşa getdi. Sonuncu konsertdə İlkin Əhmədov “Sarı gəlin”i ifa etdi.  “Qarabağ şikəstəsi”ni birlikdə oxuduq və bu ifalar səslənən zaman ermənilər zalı tərk etdilər. Musiqimizi özününküləşdirmək istədilər, amma alınmadı. Bununla biz  musiqidə onlar üzərində  qələbə çaldıq.

- Qarşıda nələr var?

- Opera və Balet teatrında “Əsli və Kərəm” 30-35 ildən sonra səhnəyə qoyulacaq. Bunu İlkinlə birlikdə festival üçün kompozisiya şəklində ifa etmişik. Amma bu dəfə tamaşa bütöv şəkildə səhnəyə qoyulacaq. Yenidən Əsli roluna hazırlaşıram.

 

 

Aygün Asimqızı

 

Üç nöqtə. – 2012. – 24 noyabr.  –S. 13.