“Muğam qəbr evinə qədər öyrəniləcək bir sənətdir”

 

Muğam elə bir musiqi janrıdır ki, dilimizi bilməyənlər belə muğamı dinləyəndə həqiqətən də öz heyranlıqlarını gizlədə bilmirlər. Bu musiqinin gözəlliyi və muğamın ecazkalığına bir nümunədir. Muğamın gözəlliyini, ecazkarlığını insanlara çatdırmaq isə təbii ki ifaçıların üzərinə düşür. Çünki ifaçıdan çox şey asılıdır. Bu dəfə “Şənbə qonağı”mız  36 ildir ki, muğam və xalq mahnılarımızı ifaçısı olan əməkdar artist Bəsti Sevdiyevadır. Bəsti xanımın muğam, sənət və səhnə haqda fikirlərinin əks olunduğu müsahibəsini sizlərə təqdim edirik.

- Muğam elə bir musiqidir ki, ifaçının onu məhəbbət və sevgiylə oxuması vacibdir. Bəlkə ilk olaraq məhəbbət dolu muğamlarımızdan danışasınız?

- Ümumiyyətlə, insanın qəlbində hər şeyə qarşı sevgi olmalıdır. Sevgi deyəndə həyata, vətənə, ailəyə, xalqa olan məhəbbət başa düşülməlidir. 3-4 dəqiqəlik mahnının ərsəyə gəlməsi böyük zəhmət tələb edir. O ki qaldı muğam ola. Muğam ifa etmək üçün bütün vücudunla məhəbbət dolu olmalısan, duyğusal olmalısan. Çünki muğam bəşəri musiqidir. Çətini muğama başlamaqdır. Söhbət muğam dəsgahlarımızdan gedir. Qavalı əlimə alıb, dəsgahları ifa etməyə başladımsa, musiqi qurtarana qədər özümü bilmirəm. Musiqinin aurasına girdim orda qəzəllərlə, sözlərlə, musiqi ilə işləyirəm, ecazkar musiqi ilə sözlərin vəhdətindən ləzzət alıram. Muğamı sözlə ifadə etmək olmur. Muğamı bir okeana bənzədirəm. Əgər həmin okeandan bir damla götürə bilmisənsə deməli, nə isə edə bilmisən. Baxmayaraq ki, körpə vaxtlarımdan muğam və xalq mahnıları ifa edirəm, amma bu gün də öyrənirəm. Tələbələrimi öyrədə-öyrədə öyrənirəm, hər dəfə özüm üçün başqa nə isə kəşf edirəm. Özümdən böyük sənətkarlardan nə isə öyrənirəm. Muğam qəbr evinə qədər öyrəniləcək bir sənətdir. O demək deyil ki, elə bu gün öyrəndin, əzbərlədin qurtardı. Muğam əzbərlənməklə öyrəniləcək bir şey deyil, şifahi dildən-dilə keçəcək bir sənətdir. Muğam şifahi professional musiqi janrıdır. Ürək olmasa muğam ifa etmək mümkün deyil. Muğam oxumaq üçün iç dünyan musiqi və sözlərlə alışıb-yanmalıdır. Bir də görürsən ki, səsi var qışqıra-qışqıra oxuyur. Belə ifaya adam qulaq asmaq istəmir. Deməzdim muğam ifaçılarının hamısı yaxşı oxuyandır. Eləsi var ki, heç qulaq asmıram. Elə ifa etmək lazımdır ki, dinləyici  muğamı rahat həzm eləsin. 

- Dilimizi başa düşməyənlər bizim dildə oxunan muğamları necə anlaya bilirlər?

- Bu artıq musiqinin gücü ilə bağlıdır. Bu yaxınlarda Şimali Kiprdə oldum. Orda 68 ölkədən gələn xaricilər var idi. Orda da dilimizi başa düşmürdülər. Çünki qəzəllər Füzulinin, Nəsiminin, Seyid Əzim Şirvaninin idi. Dilimizi başa düşməsələr də mən orda “Dilkeş” oxudum, ayaq üstə alqışladılar. Qızım da mənimlə idi. Konsertdən sonra qızım dedi ki, ana onlar başa düşürdülər ki, nə oxuyursan. Onlar nəyi başa düşdülər ki, 5-6 dəqiqə ayaq üstə alqışladılar. Dedim bala onlar musiqiyə, muğamın böyüklüyünə əl çaldılar. Bu alqışlar məni kövrəltdi. Musiqi mənim ən kövrək yerimdir. Bütün yaxşı musiqiləri sevirəm. O ki qaldı muğam ola. Fəxr edirəm ki, bəşəri musiqilər siyahısına daxil olmuş muğamımız var.

- Muğamı öyrənmək, ifa etmək və öyrətmək. Bir insan bunları reallaşdırmaq üçün nələrə sahib olmalıdır?

- Uşaq vaxtı orta məktəbdə “Qaranquş” mahnısını oxumuşdum. Gecəni səhərə qədər ağlamışdım ki, istəyirəm mənə qaranquş paltarı tikin. Mamam yaxşı paltar tikə bilirdi. Dedi ay bala sabaha qədər tikib çatdıra bilməyəcəm. Atam axırda dedi ki, tik bu əl çəksin də bizdən. Yarısı ağ, yarısı qara bir paltar tikdi. Özümü xoşbəxt sanırdım ki, mənim qaranquş paltarım var. Ümumiyyətlə, muğam, xalq mahnılarına həvəs istək ailədən, gendən gəlməlidir. Hər şey sevgiyə, məhəbbətə, sənətə olan istəyə balıdır. Gərək sən milli musiqidə 20-25 il çalışasan ki, sonra hiss edəsən, biləsən ki, nə oxuyursan. 36 ildir ki, ancaq xalq musiqiləri, muğamlarımızı ifa edirəm. Arada ürəyim istəyəndə olub ki, lirik estrada mahnıları ifa etmişəm. Qadın yaşıdlarım arasında ilk “Rast” muğamının ifaçısı mənəm. Rübabə Muradovadan sonra “Humayun” muğamını mən oxumuşam. Məndən sonra bilmirəm oxuyublar, ya oxumayıblar. “Rast” muğamını səsi bir az kişi səsinə yaxın qadınlar oxuyur. Mənim də səs tembrim uyğun gəldiyinə görə ifa etmişdim. Xalq artisti Zeynəb Xanlarova o vaxtı mənim haqqımda qəzetlərdən birində yazı vermişdi. O qəzeti hələ də saxlayıram. Yazılmışdı ki, Bəsti daxilən, zahirən mən özüməm. Zeynəb xanım televiziyaya zəng edib demişdi ki, Bəsti ilə görüşmək istəyirəm. Və mənə Zeynəb xanımla görüşmək nəsib oldu. Sənətdə ilk xeyir-dua verənim Zeynəb Xanlarova olub. Zeynəb xanım mənə dedi ki, səndə səhnə üçün lazım olan hər şey var, səhnə üçün doğulmusan, başını sal aşağı sənətinlə məşğul ol. Dediklərimi eləsən, səndən sənətkar ola bilər. Dedi ki bu sözləri qulağında sırğa kimi saxla. İndi nə vaxtı qulağıma sırğa taxıramsa, həmin sözlər yadıma düşür. Muğamda özünü normal ifaçı hiss edib kimisə öyrətmək üçün çox vaxt lazımdır.

- Hansı sənətdə çalışmağından asılı olmayaraq, püxtələşdikcə bilmədiyin şeylərin çox olduğunu hiss edirsən və öyrənməyə çalışırsan. Bəs siz bu gün elə bir şəxs varmı ki, onu dinləyərək öyrənəsiz?

- Dilindən asılı olmayaraq, gözəl musiqilərin hamısını sevə-sevə dinləyirəm. Kimisə davamlı dinləyirəm desəm yalan olar. Amma özümə kumir Zeynəb Xanlarovanı seçmişəm.

- Özünü tamaşaçıya təqdim etmək deyiləndə nə başa düşülür?

- Bax bu çox gözəl sualdır. Özünü təqdim etmək o demək deyil ki, tək sənətinlə təqdim edəsən. Sənətdə olan qadın özünə qiymət verməyi bacarmalıdır. Hər bir şey ailədən irəli gəlir. Milli mentalitetimizi qorumalıyıq. Azərbaycan xalqının gözü tərəzidir. Addım-addım irəliləmişəm. Hər şeyi çox çətinliklə əldə etmişəm. Sənətdə olan insan hərtərəfli olmalıdır.

- Səhnəyə gələn ifaçı hansı halda irəliləyə bilməz?

- Mən səhnəyə gələn vaxtı sənəti olan hər kəs irəliləyirdi. 1973-75-ci illərin “Oxu tar” müsabiqəsinin qalibi olmuşam. Münsiflərdə Əfrasiyab Bədəlbəyli, Cahangir Cahangirov, İslam Rzayev, Şövkət Ələkbərova kimi sənətkarlar oturmuşdu. İstedadın var idisə, kömək edirdilər. Amma indi başqa cürdür. İki günün içində məşhurlaşırlar. Bu adamı çaşdırır. Düzünü desəm indi çaşmıram.

- Səhnədə nümunə götürüləcək biri olmaq üçün nələri etmisiz?

- Elə bir ailədə tərbiyə almışam ki, orda dinə, imana qulluq edən adamlar olub. Düzgünlüyü mənə aşılayıblar, özümü necə aparmağı öyrədiblər. Həmin o əqidə ilə də sənətə gəlmişəm. Orta məktəbi bitirib, ali məktəbə daxil oldum. Sonra da ailə qurdum. 1 oğlum, 1 qızım var. Özüm də filologiya elmləri doktoru, professor Nazim Axundovun gəliniyəm.

- İstənilən bir işdə təzə olanda əziyyətlər çox olur. Sizdə də yəqin ki, olub?

- Heç nə asan başa gəlməyib. Çalışqan olmuşam, dayanmağı sevmirəm. Sənət elə şeydir ki, fasilə verdinsə, passivlik yaranır. Aprelin 9-da Beynəlxalq Muğam Mərkəzində solo konsert verdim. Çox möhtəşəm konsert keçirildi. Aprelin 24-də Şimali Kiprdə 3 saatlıq solo konsert verdim. Mayın 5-də Moskvada şəxsi dəvətlə getdim, 2 saatlıq solo konsert proqramı ilə çıxış etdim. Sonra da Odessaya kosert vermək üçün getdim. İşlərimiz çoxdur. Tədbirlərə dəvət olunuram. Bu gün muğama diqqət çox yaxşı səviyyədədir. Bu diqqətə görə Mehriban xanım Əliyevaya minnətdaram. Muğam həmişə qiymətli olub, bu gün isə daha çox dəyər verilir. O gün olsun məni də qiymətləndirsinlər. Öz zəhmətimin bəhrəsini görmək istəyirəm. 36 il muğam sahəsində çalışan bir qadın xanəndə olaraq mən də qiymətimi istəyirəm. Sənətimlə məşğul olmaqla bərabər bir ailə başçısıyam, cəmiyyət üçün yararlı övladlar böyüdürəm. İnanıram ki, mənim də zəhmətimə qiymət veriləcək.  

- Müğənni, səhnədə olan insan ictimai işlərdə necə fəallıq göstərməlidir?

- Bizim sənətimiz elə ictimai işdir də. Hansı tədbirə çağırırlarsa canla-başla iştirak edirik. Tamaşaçı alqışı, sevgisi olmasa sənətkar yaşaya bilməz.

- Həm də müəllim olaraq çalışırsınız. Öz sənətində yaxşı bir sənətkar həmin peşənin müəllimi olmaya bilərmi?

- Əlbəttə olmaya bilər. Həm pedaqoji həm də yaradıcı sahədə hər kəs çalışa bilməz. Pedaqoji sahədə çalışmaq, tələbə yetişdirmək çox böyük güc tələb edir. Demirəm ki, tələbələrimin hamısı yaxşı xanəndə olacaq. Sənət ələk kimidir, ələnənlər sənətdə qalıb sənətkar olacaq.

- Bu gün musiqi sahəsinə bir çox işlər görülür. Necə düşünürsüz bu işlərdən gənclər lazımınca istifadə edə bilirlərmi?

- Əlbəttə edirlər. Müsabiqədən gələnlər görün kimlərin əlindən keçib gəliblər. Müsabiqənin münsifləri böyük sənətkarlarımızdır. Demirəm ki peşəkardırlar, amma gənclər arasında çox gözəl ifaçılar var.

- Nələri vaxtında etmək lazımdır ki, gecikməyəsən?

- Sənətdə nə lazımdırsa, edirəm. Amma bəzən gecikdirilər. Bizdən asılı olan bir şey deyil. Sənətdə olan şəxs öz missiyasını yerinə yetirir. 36 ilinə keçib ki, sənətdəyəm amma dəyərim bu günə qədər hələ verilməyib. Bilirəm ki, mən bundan da çox şeyə layiqəm. Mənim dövlətimin başında duran İlham Əliyev kimi rəhbərimiz və muğamımıza yüksək qiymət verən Mehriban Əliyeva kimi xanımımız var. İnanıram ki, onlar məni həm sənətkar həm də bir ana kimi qiymətləndirəcəklər. Bunu gözləyirəm və inanıram. Bu barədə indiyə qədər heç yerdə danışmamışam.

- Səhnədə zaman nəyi öz qaydasına salır?

- Zamanla çox şeyi tapmaq olar. Amma bu da insanın özünün əlindədir. Zaman da lazımdır, lakin elə şey var ki, ağılla istifadə etməlisən.

 

 

   Aygün

 

  Üç nöqtə.- 2012.- 22 sentyabr.- S. 13.