Nağdsız hesablaşmaların geniş tətbiqi bu günün tələbidir

 

Azərbaycanda Milli Neft Strategiyasının uğurla həyata keçirilməsi ölkəmizin siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə, beynəlxalq aləmdə mövqeyinin güclənməsinə şərait yaratmaqla, çoxmilyardlı xarici investisiyaların axınına, iqtisadi əlaqələrin inkişafına səbəb oldu. İqtisadi inkişaf isə pul dövriyyəsini genişləndirdi və o, nağd və nağdsız formada pulun öz funksiyalarını yerinə yetirərkən, əmtəələrin reallaşmasına xidmət edən, həmçinin qeyri - əmtəə məhsullarının və təsərrüfatda hesablaşmaların hərəkəti formasıdır. Nağd pul adətən daha çox insanlarda, nağdsız pul isə təşkilat və şirkətlərdə, banklarda olur.

Dövriyyədə nağd və nağdsız pulun səviyyəsi isə iqtisadiyyatda ona olan tələbatdan asılıdır. Həqiqətən də digər əmtəələr kimi, pulun da dövriyyədə səviyyəsi tələb və təklif qanunu əsasında formalaşır.

 

Dövriyyədə nağd pul kütləsi həmişə tənzim olunmalıdır

 

Azərbaycanda əsasən nağd hesablaşmalara üstünlük verilir. Nağd puldan qarşılıqlı hesablaşmalar üçün istifadə edilir. Əmtəələrin alınması və müxtəlif pullu xidmətlərin haqqının verilməsi bu qaydada həyata keçirilir. Bunlar ölkəmizdə nağd pula olan tələbatın inkişaf etmiş ölkələrə nisbətən müqayisə edilməz dərəcədə yüksək olmasına səbəb olur. Azərbaycanda nağd pul dövriyyəsinin miqyasının böyük olması iqtisadiyyatı iri həcmdə investisiya və kredit resurslarından məhrum edir, bank sisteminin maliyyə vasitəçiliyini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Eyni zamanda, nağd pul dövriyyəsinin üstünlük təşkil etməsi bir sıra struktur problemlərin, o cümlədən maliyyə intizamının pozulması, şəffaflığın aşağı olması, qeyri-mütəşəkkil pərakəndə ticarətin üstünlük təşkil etməsi və s. kimi problemlərin yaranmasına gətirib çıxarır. Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bununla bağlı bildirib ki, nağd hesablaşmaların çox olması hər hansı bir ölkədə neqativ halların çoxalmasına gətirib çıxarır. «Həmçinin inflyasiyaya öz təsirini göstərir, dövriyyədə pul kütləsinin artmasını zəruri edir. Bu da arzuolunmaz haldır. Dövriyyədə nağd pul kütləsi həmişə tənzim olunmalıdır».

Dövriyyədə olan pul kütləsinin həcmi (M2 pul aqreqatı) isə 10 milyard manatı keçib. Onun təqribən 6,6 milyard manatı nağd pul vəsaitlərinin payına düşür.

 

Nağdsız hesablaşmalar daha mürəkkəb struktura malikdir

 

Göründüyü kimi, nağd hesablaşmalardan istifadə bir sıra neqativ hallara səbəb olur. Bəzən elə hesablaşmalar olur ki, onu nağd pulla ödəmək mümkün olmur. Məsələn, biz mağazadan hər hansı bir ərzaq məhsulu və ya hər hansı bir xırda gündəlik tələbat malı aldıqda onun haqqını cibimizdə olan kağız pulla və ya xırda pul adlandırılan metal pullarla ödəməyə üstünlük veririk. Lakin real həyatda daha qiymətli mallar da mövcuddur ki, onları xırda pulla almaq çətindir. Bunun üçün ya külli miqdarda nağd pul verilməli, ya da alıcı bank vasitəsilə öz hesabında olan pulu həmin satıcının və ya satıcı müəssisənin hesabına köçürməlidir. Bu halda söhbət artıq nağdsız puldan, yəni bank hesabından gedir. Beləliklə, nağdsız hesablaşmalar zamanı pul vəsaitləri köçürmə yolu ilə ödəyicinin hər hansı bir bankdakı hesabından satıcının hesabına köçürülür. Bu halda pulun alıcıdan satıcıya doğru hərəkəti bank vasitəsi ilə həyata keçirilir. Alqı-satqı əməliyyatlarında o, demək olar ki, fiziki olaraq iştirak etmir.

Qeyd edək ki, nağdsız formada olan pulun əsas hissəsini tələb olunana qədər depozit təşkil edir. Bununla yanaşı, nağdsız pulların digər tərkib hissəsi müddətli depozitlərdir. Hazırda dövriyyədə olan pul kütləsinin təqribən 1,6 milyard manatı tələb edilənədək vəsaitlər, 2 milyard manatı isə müddətli depozitlər təşkil edir.

 İqtisadi məzmunundan asılı olaraq nağdsız pul dövriyyəsini isə iki qrupa bölmək olar: əmtəə əməliyyatları üzrə, əmtəə və xidmətlərə görə nağdsız hesablaşmalar; maliyyə öhdəlikləri üzrə, büdcəyə və qeyri-büdcə fondlarına ödəmələr, bank ssudalarının ödənməsi, kreditə görə faizlərin ödənməsi, sığorta şirkətləri ilə hesablaşmalar.

Elektron hesablaşmalar sisteminin fəaliyyət mexanizmi plastik kartların istifadəsinə əsaslanır

Praktikada nağdsız hesablaşmalar zamanı plastik kartlardan da istifadə olunur. O özündə əhalinin ticarət və ictimai iaşə təşkilatları ilə hesablaşmaların elektron sistemini və həmçinin müştərilərlə iş yerlərində aparılan bank hesablaşmaları sistemini birləşdirir. Hazırda iki cür plastik kartları mövcuddur: kredit və debet kartları.

Bank kredit kartları vasitəsilə mal alqısı, xidmətlər haqqının ödənişi və s. əməliyyatlar aparılır. Vətəndaş kredit kart vasitəsilə alış-veriş edir və 30 gün ərzində, yəni maaşı alandan sonra bankın borcunu qaytarır. Bununla da, həm bank sektoru, həm də istehlak bazarının dövriyyəsi artır. Ən əsası isə ticarət dövriyyəsində nağdsız hesablaşmaların payı artır və vergi nəzarəti dərinləşir. Təcrübə göstərir ki, nağdsız ödənişlərin artırılmasında kredit kartları xüsusi rol oynayır.

Debet kartları bir qədər başqa prinsiplə işləyir. Bunun üçün bankdakı hesaba müəyyən məbləğ pul qoyub onu kartlaşdırmaq lazım gəlir. Bu halda müştəriyə məxsus pul cibində yox, kartında olur və sahibinə bankda olan cari hesabındakı vəsait həcmində ödəniş etməyə imkan verir.

 

Nağdsız hesablaşmalar vergidən yayınmanın qarşısını alır

 

Qeyd edək ki, dünyada məşhur «Master kart», «Viza kart» və bunlara oxşar digər ödəmə sistemləri pul kartları ilə planetin istənilən nöqtəsində ödəmələri, elektron ticarəti çox rahatlıqla həyata keçirməyə imkan verir. İqtisadçı ekspert Samir Əliyev bildirib ki, elektron ticarət inkişaf etdiyinə görə insanlar bu gün uzaq məsafələrdən istədiyi məhsulu ala bilirlər. Bundan başqa, plastik kartlardan istifadənin təhlükəsiz olması hamımıza bəllidir. Kartların ən böyük üstünlüyü həm də ondadır ki, pulun oğurlanması qeyri-mümkündür. Əgər kart oğurlanarsa, banka xəbər verib ödəməni dayandırmaq mümkündür. Oğru isə kodu bilmədiyi üçün kartdan istifadə etmək imkanından məhrum olur. Plastik kartlarla hesablaşmaların aparılması çox sayda müştəri cəlb olunmasını təmin edir, bu isə öz növbəsində mal dövriyyəsini, xidmətin həcmini artırır, mağazalar, xidmət təşkilatları valyuta mübadiləsi və nağd pul inkassasiyası qayğılarından azad olurlar. Plastik kartlarla hesablaşmaları apararaq mağazalar və xidmət təşkilatları nağd pullarla əməliyyat zamanı ortaya çıxan risklərdən azad olurlar. Alqı-satqıların kart vasitəsilə həyata keçirilməsi həm vaxta qənaət, həm də xırda pul problemini aradan qaldırmaq baxımından önəmlidir. Son vaxtlar mağazalarda xırda pullarla bağlı problemlər yaranır. Alıcılar çox zaman qəpikləri almırlar. Post-terminallara plastik kartla ödəniş edəndə isə qalan qəpik balansda cəmlənir. Hesabda qalan qəpiklər itmir və üst-üstə yığılır. Hazırda ölkə üzrə 4,7 milyon plastik kart var.

Ümumiyyətlə, nağdsız hesablaşmalar hər cəhətdən səmərəlidir. İqtisadçı Azər Mehtiyev bildirir ki, nağdsız hesablaşmaların istifadə olunması qiymətlərin müəyyən qədər tənzimlənməsi və ən azı islehlak bazarına psixoloji təzyiqin və ya təsirin aradan qaldırılmasına səbəb olur. O həm vəsaitin hərəkətinə nəzarət etməyə, satış və xidmət obyektinin dövriyyəsini müəyyənləşdirməyə və sonradan vergidən yayınmanın qarşısını almağa imkan verir, eləcə də inflyasiyanın cilovlanması və ya tənzimlənməsində önəmli rol oynayır. Onun sözlərinə görə, belə olan halda nağd hesablaşmalardan fərqli olaraq nağdsız hesablaşmalarda pul vəsaitlərini nəzarətdən və vergiyə cəlb olunmaqdan gizlətmək mümkün deyil, pulun hərəkəti üzərində şəffaflıq təmin olunur. Əməliyyatların nağdsız yolla həyata keçirilməsi pulun kənar ciblərə getməsinin də qarşısını alır. Nağdsız hesablaşmaların üstünlüklərindən biri də məmurla vətəndaşın əməliyyatlarını arxa plana keçirir, onları üz-üzə gətirmir və korrupsiya üçün imkanların daralmasına gətirib çıxarır. Bu, korrupsiyaya qarşı ümumiyyətlə dünyada sınaqdan keçmiş metodlardan biri hesab olunur. Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə dünyanın aparıcı ölkələrinin nağdsız ödənişlərə üstünlük verməsinə toxunarkən deyib: «Əvvəla, neqativ hallar azalır, korrupsiya azalır, şəffaflıq təmin olunur. İnsanların mal almaq, xidmət haqlarını ödəmək imkanları şəraiti sadələşir. Bu xidmətdən istifadə bütövlükdə bazarı sağlamlaşdırır, dövriyyədə nağd pulun həcmini azaldır”.

 

 

Üç nöqtə.-2013.-5 aprel.-S.10.