Süleyman müəllimin xidmətlərini unuda bilmərəm”

 

Səadət Təhmirazqızı: “Musiqiləri əbədi olduğu üçün bəstəkarı da tarix boyu yaşadacaq

 

 Bu gün yazdığı musiqiləri ilə Azərbaycan tarixində böyük rola malik olan və əsərləri sayəsində xalqın qəlbində yaşayan bəstəkar Süleyman Ələsgərovun doğum günüdür. Sənətkarı doğum günündə “Üç nöqtə” ilə birlikdə xatırlayan sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Səadət Təhmirazqızı Süleyman Ələsgərovun Üzeyir nəfəsli bəstəkar, Üzeyir ruhlu sənətkar kimi də dəyərləndirildiyini dedi: “Çünki, Süleyman müəllim Üzeyir Hacıbəylidən dərs alan bəstəkarlardan biri idi. Süleyman müəllim hər zaman söhbətlərində qeyd edirdi ki, Ü.Hacıbəylidən tək sənət deyil, həm də həyat dərsi almışam. Süleyman Ələsgərovu musiqilərində də bu ruh duyulurdu. Süleyman Ələsgərov 1924-cü il fevralın 22-də poeziyamusiqi beşiyi olan Şuşada anadan olub. Təbii ki, onda musiqi duyumunun formalaşmasında Şuşa mühitinin böyük rolu olub. Şuşanın çal-çağırlı musiqi həyatı, ustad sənətkarlarımızın məhz Şuşada yaşayıb-yaratmaları kimi cəhətlər S.Ələsgərovu da peşəkar bir musiqiçi kimi formalaşdırmağa başlayıb. İlk təhsilini Şuşada tar üzrə Qəmbər Hüseynlidən alan S.Ələsəgrov daha sonra Bakıya gəlir. Elə ilk qarşısına çıxan da dahi Üzeyir bəy olur. Süleyman müəllim xatirələrində həmişə deyirdi ki, Koservatoriyaya gələndə xoşbəxtlikdən qarşıma çıxan ilk şəxs də Üzeyir bəy oldu. Ona dedim ki, mən bura daxil olmaq istəyirəm. O mənim istedadımı yoxladı. Və hətta məni qalmaq üçün evlə də təmin etdi. S.Ələsgərov Koservatoriyada “Azərbaycan xalq musiqisinin əsasları”ndan Üzeyir Hacıbəliydən, bəstəkarlıqdan isə Biris İsakoviç Zeydmandan dərs alır. 11 musiqili komediyanın müəllifi olan S.Ələsgərov həm də “Bahadır və Sona” və “Solğun çiçəklər” adlı operaları yazıb. Süleyman müəllim üçün maraqlı olan janrlardan birixalq çalğı alətləri üçün sözsüz mahnı janrıdır. Qərbdə formalşan bu janrın Azərbaycanda daha mükəmməl bir mövqedə durmasının səbəbkarlarından biri məhz Süleyman Ələsgərovdur. Qədim alətimiz olan tarın professional musiqidə istifadəsi məsələləri də Süleyman müəllimin yaradıcılığına böyük yer tutur”.

Musiqişünas S.Ələsgərovun əsərlərinin həmişə xalq arasında geniş yayıldığını da bildirdi: “OnunUlduz” operettası xalqın dilində əzbərdi. Bu operetta üzərində film də çəkilib. Həmin film Süleyman müəllimin operettasınını ssenarisi əsasında çəkilib. Təbii ki operetta ilə müqayisədə filmdə bəzi dəyişiklər, səhvlər var. Süleyman müəllim vətənə bağlı sənətkar olubonun yaradıcılığında vətən mövzusu mühüm yer tutub. Süleyman müəllimin ömrünün son illəri Şuşasız keçdi. Bu da onun üçün mənəvi zərbə, ağır bir dərd idi. Onu tanıyan bütün insanlar bu fikri təsdiq edə bilər ki, bəlkə də Süleyman müəllimi ölümə təslim edən vətən həsrəti oldu. Həm də o vəfatından əvvəl ömür gün yoldaşı Ağgül xanımı da itirmişdi. O qədər o insanlar bir-birinə bağlı idilər ki, sanki məhəbbət əfsanəsi idi. Xarakter cəhətdən də bir-birlərinə yaxın idilər. Ağgül xanım hər dəqiqə Süleyman müəllimin yaradıcılığını izləyirdi. Süleyman müəllim də yaradıcılıq məlumatlarını ilk dəfə Ağgül xanımla bölüşürdü. Belə ailələr bugünkü nəsil üçün örnək olmalıdır. Ömrününü son illərini Şuşasız keçirən Süleyman Ələsgərov Şuşa nisgiliŞuşaya qovuşmaq həsrəti ilə  bir sıra gözəl əsərlər yaratmışdı. “Biz qələbə çalmalıyıq” əsəri ümidverici xarakterə malikdir. Bir vaxtlar Şıxəli Qurbanovun sözlərinə “Gözəl Şuşa” mahnısı yazan Süleyman Ələsgərov ömrününü son illərində Zəlimxan Yaqubun sözlərinə “Bu gecə yuxuma girmişdi Şuşam” adlı mahnı yazır. Mahnının birində Şuşanın çal-çağırlı illəri, digərində Şuşa həsrəti təcəssüm olunub. Düşünürəm ki, Süleyman müəllimin ruhu biz Şuşaya qovuşanda rahat olacaq. Onun musiqiləri əbədi olduğu üçün bəstəkarı da tarix boyu yaşadacaq”.

“Mən Süleyman müəllimlə olan illərimi həyatımın ən mənalı illəri hesab edirəm” – deyən musiqişünas bəstəkarın xatirəsinə kitab da yazıb: “Həyatımda və yaradıcılığımda Süleyman müəllimin xidmətlərini heç vaxt unutmuramunuda da bilmərəm. Fikirləşdim ki, Süleyman müəllimə olan mənəvi borcumu hansı şəkildə yerinə yetirim. 2001-ci ildə Süleyman Ələsgərova həsr etdiyimSüleyman Ələsgərov xatiələrdə” adlı kitab hazırladım. Amma bu gün fikirləşirəm ki, nə qədər kitablar yazılsa, verilişlər hazırlansa, filmlər çəkilsə, bütün bunlar Süleyman Ələsgərov irsinin, onun xeyirxahlığının qarşısında bir zərrələridir. Tam olan isə elə Süleyman Ələsgərovun öz sənətkarlığıdır”.

Qeyd edək ki, Süleyman Ələsgərov 21 yanvar 1999-cu ildə dünyasını dəyişib.

 

 

Aygün Asimqızı

 

Üç nöqtə.-2013.-22 fevral.-S.13.