Aşura günü qeyd olundu

 

Respublika üzrə 14 məsciddə qanvermə aksiyası keçirildi

 

Hicri-Qəməri təqvimi ilə Məhərrəm ayının 10-cu günüAşura günü idi. Respublikamızda da əksər müsəlmanlar dünən səhər saatlarından məscidlərə üz tutdular. Səhər saatlarından əksər məscidlərə gedənləriin sayı çox olduğundan həmin ərazilərdə maşınların hərəkətinə məhdudiyyətlər qoyulmuşdu. Allah evinə üz tutan insanların hərəsinin buraya bir məqsəd üçün getdiyi onların zahiri görkəmindən də aydın görünürdü. Kimisi şəhid olan müsəlman qardaşlarının ruhunu yad etmək, kimisi ehtiyacı olanlara qan vermək, kimisi etdiyi diləyə görə ehsan paylamaq üçün gedirdi. Amma dilənçilərin, yarıçılpaq qaraçı uşaqlarının, əldən düşmüş qocaların bu günü bəlkə də səbrsizliklə gözlədikləri hərəktlərindən hiss olunurdu. Hətta güclə yeriyən qocalar, şikəstlər belə özlərinə allah evinə daha tez atmaq üçün bütün güclərini sərf edirdilər. Bizreportaj hazırlamaq üçün üz tutduğumuz Qafqaz Müsəlmanları İdarəsinin yerləşdiyi “Təzə Pir” məscidinə səhər saatlarında getdik. Təzəpir məscidinin ətrafında ictimai əsayişin qorunması üçün polis gücləndirilmiş rejimində işləyirdi. Artıq səhər saatlarından daxili işlər orqanların əməkdaşları məscidlərin ətrafında xidmət aparırdı. Məscidə yaxınlaşanda uzaqdan polis işçilərinin çoxluğu diqqəti cəlb edirdi. Əvvəlki illərdən fərqli olaraq Təzəpir məscidində çaşqınlıq və basabas yox idi. Məscidin bütün giriş qapılarının açıq olması səbəbindən ziyarətə gələnlərin işi bir qədər asanlaşmışdı. Yolboyu isə süfrə açıb ehsan verənlər, nəzir qutusuna pul salanlar, dilənçiləri sevindirənlər də az deyildi. Məscidin qapılarında isə üzərində «nəzir qutusu» və «yasin qutusu» yazılan iki qutu vardı. Həmin qutuların ətrafında isə nəzarətçilər də öz yerində idi.

BU İL DƏ AŞURA GÜNÜNÜ ÖZÜNÜ DÖYMƏKLƏ KEÇİRƏNLƏR OLDU

Qafqaz Müsəlmanları İdarəsi əvvəlcədən Aşura günü ilə bağlı vətəndaşları dini matəmi sakit şəkildə, qan çıxarmamaqla, özlərinə xəsarət vermədən keçirməyə, müqəddəs yerlərdə nizam-intizamı gözləməyə çağırsa da, bu ilözünü zəncirlə vuranlar var idi. «Ya Hüseyn» deyib sinəsinə döyənlər gözə dəysə də, hiss olunurdu ki, çoxları hansısa niyyətlərini Allahdan dilməklə kifayətlənib, bayıra can atırlar. Məscidin qapısı ağzında da içəridə olduğu kimi xeyli sayda dilənçi var idi. «Peşəkar dilənçilərdən» başqa nimdaş geyimli, əl açmadan bir tərəfdə durub, paylanan qoğal, şirniyyatxurmalardan alan şəxslər də gözə dəyirdi. Bu gün xeyli sadə görünməyə çalışsalar belə, imkanlı adamları da ziyarətçilərin arasından seçmək çətin deyildi. Maraqlıdır ki, əvvəlki illərdəkindən fərqli olaraq bu il dilənçilər həmin adamları dövrəyə almırdılar. Amma bu, heç də dilənçilərin sayının azlığına dəlalət etmirdi. Demək olar ki, hər addımda, «Allah yolunda» kəlmələrini eşitmək olardı. Təzəpir məscidinin önündə isə pilləkənlərin hər iki tərəfində qocalar sıra ilə oturaraq onlara verilən nəzirləri alırdılar.

RESPUBLİKA ÜZRƏ 14 MƏSCİDDƏ QANVERMƏ AKSİYASI KEÇİRİLDİ

QMİ-nin Qazılar Şurası bütün dindarlara dərin hüznlə başsağlığı verir, onlara Allah-təaladan səbr, məğfirət diləyir və İmam Hüseyn (ə) əzadarlığını İmamın şəninə layiq şəkildə keçirilməsini tövsiyə edib: «Aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında, habelə xüsusi ayrılmış məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalı, habelə Vətən uğrunda şəhid olanların əziz xatirəsi yad edilməlidir. Müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, qurşağadək soyunaraq zəncir və ya başqa alətlərlə bədənə xəsarət yetirməklə qan çıxarmaq kimi İslamda bəyənilməyən hərəkətlərə yol verilməməlidir».

Artıq bir neçə ildir ki, respublikamızda Aşura günündə qan vermə aksiyaları təşkil olunur. Bu ilQafqaz Müsəlmanları İdarəsinin və Səhiyyə Nazirliyinin təşəbüssü ilə ənənəvi qanvermə aksiyasları keçirilirdi. Artıq səhər saatlarından insanlar qan vermək üçün növbəyə dayanmışdılar.

Yasamal rayonundakı «Təzə Pir», «Hacı Soltanəli» məscidi, Səbail rayonundakı «Bibiheybət», «İçərişəhər Cümə» məscidi, Suraxanı rayonundakı «Qaraçuxur» məscidi, Xəzər rayonundakı « Mir Mövsüm ağa ziyarətgah» məscidi, Nizami rayonundakı « Keşlə qəsəbə» məscidi və Nəsimi rayonundakı «Hacı Əjdərbəy» məscidində qanvermə aksiyası təşkil olunub. Həmçinin, Sumqayıt şəhərindəki «Cümə «məscidi, Gəncə şəhərindəki «İmamzadə ziyarətgah» məscidi, Mingəçevir şəhərindəki «Heydər» məscidi, Şəki şəhərindəki «Cümə» məscidi, Lənkəran şəhərindəki « Böyük bazar» məscidi, Bərdə şəhərindəki «Cümə» məscidində də qan verilib. Səhiyyə nazirliyinin briqadaları əvvəlcədən adları qeyd olunan 14 məsciddə və məscidlərin yaxınlığında yerləşən xəstəxanalarda qan qəbul etmək üçün gün ərzində işləyib. “Təzəpir” məscidində Aşura günü ilə bağlı qanvermə aksiyasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə də iştirak edib.

Allahşükür Paşazadə bütün müsəlmanlara müsəlmanlara müraciət edib: «Kərbəla şəhidlərinə, bütün şəhidlərimizə Allah rəhmət etsin. Allah bizə Qarabağın azad edilməsini nəsib etsin. Müstəqillikdən sonra Aşura günü ilə bağlı tədbirlər daha qanunauyğun keçirilir. Alimlərimiz müraciət etmişdilər ki, Aşura günü zəncir vurulur, qan çıxarırlar. Bu, İslama uyğun deyil, insan özünə əziyyət verməməlidir. Mən heç ömrümdə özümə zəncir vurmamışam. Qana ehtiyacı olan xəstələr var. İmam Hüseyninruhu şad olardı ki, qanlarımızı həmin insanlara verək. Bu, böyük savabdır. Mən istərdim ki, imkanı olan bütün müsəlmanlar tək Aşura günü yox, başqa günlərdə də qan versinlər. Bir insanın həyatını xilas etmək bütün dinlərdə bəyənilir. Bu gün İmam Hüseyn aramızda olsaydı, o da belə addım atardı. Bəziləri təbliğ edirlər ki, guya İmam Hüseyn şiədir. Ancaq imam Hüseyn müsəlmandır, nə şiə, nə sünnidir. Bu gün həm sünni, həm şiə məzhəbindən olanlar İmam Hüseyn təziyəsini keçirirlər».

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədarük olunan qanqandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

“AŞURA GÜNÜ VƏTƏNPƏRVƏRLİK, ŞƏHİDLİKLƏ BAĞLI MƏLUMATLAR ÇATDIRMAQ DAHA DÜZGÜN OLAR”

Bu il məscidlərdə daha çox gözə dəyənlər həm də uşaqlar idi. Azyaşlıların arasında da özünü döyənlər var idi. Hətta bəzi uşaqların validyenləri ilə bərabər gecəni də məscidlərdə qaldıqları bildirilir. Maraqlıdır İslam dini buna icəzə verirmi?

Məsələyə münasibət bildirən Hacı İlqar İbrahimoğlu Aşura mərasiminin mahiyyəti ilə bağlı ictimayyətdə hələ də düzgün məlumat olmadığını vurğuladı: «Aşura mərasiminin əsl mahiyyətini çatdırmaq üçün maarifçilik işi aparılmalıdır. Təbii ki, Aşura günü sinə döymək, qan çıxarmaq təcrübəsi də var. Amma həmin gün daha savab işlər görmək, ictimayyətə vətənpərvərlik, şəhidliklə bağlı məlumatlar çatdırmaq daha düzgün olar. Amma bu gün də insanların düzgün yönəldilməsi istiqamətində maarifləndirilməsi sahəsində vəziyyət ürəkaçan deyil. Ona görə də hər kəs həmin gün öz eşitdiyi formada Aşura gününü qeyd edir».

Onu da bildirək ki, Aşura günündə iki azyaşlı həyatını itirib. Belə ki, Maştağa qəsəbəsində yerləşən məscidin qarşısında Ruslan Mustafayev idarə etdiyiMercedes” markalı maşınla azyaşlılar Aytac Məmmədova və Jalə Muradovanı vurub. Nəticədə hər iki piyada aldığı xəsarətdən hadisə yerindəcə ölüblər. Hadisə də səhər saatlarında, məscidə toplaşan adamlar dağılışan zaman qeydə alınıb. Sürücü hadisəni yuxulu olduğu üçün törətdiyini bildirib.

Qeyd edək ki, İslam dinində eyni zamanda «qətl günü» adlandırılan həmin bu gündə 1368 il əvvəl Məhəmməd Peyğəmbərin (s.ə) nəvəsi, İmam Əlinin (ə) oğlu İmam Hüseyn (ə) İraqın Kərbəla çölündə 71 tərəfdarı ilə birlikdə Yəzid ibn Müaviyyənin 30 minlik ordusu tərəfindən qətlə yetirilib. İmam Hüseynin (ə) əhli-əyalı isə Yəzidin qoşunu tərəfindən əsir alınaraq Şam şəhərinə sürgün edilib. Bəzi müsəlmanlar İmam Hüseynin(ə) şəhid edildiyi günü – Aşuranı matəm sayır. Məhərrəmin 1-i ilə 10-u arasında gülmək, ət yemək, yeni geyim geymək, yeni işə başlamaq məqbul sayılmır. Dünyanın bir çox şiə-müsəlman ölkəsində olduğu kimi, Azərbaycanda da qətlə yetirilən peyğəmbər övladları və digər müsəlmanlar yad edilir. Minlərlə insan bu faciəli günü anmaq üçün Azərbaycandakı məscidlərə gedib nəzir verirehsan paylayır.

 

Xalid

 

Üç nöqtə.-2013.- 15 noyabr.- S. 8.