İntiqam Soltan Meydan Teatrları Festivalında iştirak edib

 

Azərbaycanda da meydan teatrları yaradılmalıdır

 

Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan İranda keçirilən VIII Beynәlxalq Meydan Teatrları Festivalında iştirak edib. Təəssüratlarını Üç nöqtə ilə bölüşən İntiqam Soltan bildirdi ki, Dramatic arts center of İranın dəvəti ilə festivala qatılıb: Dramatic arts center of İran bir çox meydan teatrlarını özündə birləşdirən təşkilatdı. İranda artıq 10 ildir ki, bu festival keçirilirdi. 8-ci dəfədir ki, festival beynəlxalq səviyyədə baş tutur. Festivala İranın Kürdüstan vilayәtinin, Mәrivan şәhəri ev sahibliyi edir. Şəhərin əhalisi nəinki türk dilində, hətta bəziləri fars dilini belə bilmirlər. Amma buna baxmayaraq, festivala maraq çox böyük idi. Küçə ilə gedən hər kəs tamaşaları görən kimi ayaq saxlayıb sonadək izləyib gedirdilər. Məni festivala ustad dərsləri keçmək Azərbaycan teatrları haqqında danışmaq üçün dəvət etmişdilər. Festivala 27 ölkədən təxminən 200-ə yaxın tamaşa təqdim olunmuşdu. hər ölkədən bir tamaşa seçilib nümayiş etdirildi. Festivala gedəndə gördüm ki, haqqımda geniş məlumat var. Orda mənim sənətimə hörmət səmimi münasibət gördüm. 3 gün ərzində 20 tamaşaya baxa bildim. Festivalın bağlanışında iştirak edə bilmədim. Hər bir tamaşa gün ərzində şəhərin müxtəlif yerlərində bir neçə dəfə nümayiş olundu. Eyni vaxtda 10 yerdə göstərilirdi. Tamaşalar ən çoxu 25-30 dəqiqəlik olurdu. Amma tamaşaların bir çoxunda nöqsan var idi. Məşqlər zamanı onlara mənim üçün maraqlı olan bir sual verdim. Dedim kim deyə bilər ki, mənim tamaşam səhnədə oynanılması mümkün olmayan tamaşadı? Heç kim cavab vermədi. Çünki həmin tamaşaların 90-95 faizi səhnədə oynanılması mümkün idi. Deməli onlar sırf meydan tamaşaları deyildi. Amma festivalın müsbət tərəfləri çox idi. Festivalda güclü tamaşaçı ordusu gördüm. Azərbaycanda meydan tamaşalarının olmamasını təəssüf hissi ilə qeyd edən İntiqam Soltan bildirdi ki, Azərbaycan Meydan Teatrı yoxdu: Təəssüflənidirci məqamlardan biri odur ki, Azərbaycanda meydan teatrları yoxdu. Nadir Ağayev 1989-91-ci illərdə meydan teatrı yaratmışdı. Amma bu da çox uzun sürmədi. Mən bildiyim qədəri ilə o da heç vaxt meydanda tamaşa göstərməyib. Mən təkidlə bu məsələni qaldıracam ki, Azərbaycanda da meydan teatrları yaradılmalıdır. Üstəlik özəl teatrlara da yer verilmədliri ki, dövlət teatrları həmin teatrlardan güzgü kimi istifadə edib yaradıclıqlarında dönüş etsinlər. Azərbaycanda teatrla bağlı festivalların sayı çox azdı. Keçirilənlər isə çox ağır şəkildə keçir. Festivalı izəyəndə adam qorxur ki, bunu təkrar keçirmək çox çətin olacaq. Festivalı rahat bir şəkildə keçirmək olur. Bunu mən təcrübələrdə görürəm.

Teatr direktoru onu da bildirdi ki, qarşıda bir çox səfərləri gözlənilir: Bir çox festivallarda iştirakımız gözlənilir. Təkcə uşaq tamaşaları ilə deyi, eyni zamanda böyüklər üçün nəzərdə tutulan tamaşalarla da. Hər kəsə məlumdur ki, bizim tamaşalarımızın 35-40 faizi böyüklər üçün nəzərdə tutulub. Həmin tamaşalar isə daha çox maarifləndirici xarakter daşıyır. Ətraf mühitin mühafizəsi, narkomaniya kimi mövzularda olan tamaşalarımız da var ki, onlar həm böyüklər, həm uşaqların maarifləndirilməsi üçün əhəmiyyətlidir.

 

Aygün Asimqızı

 

Üç nöqtə.-2013.-8 oktyabr.-S.13.