Azərbaycanda Elektron dövlət quruculuğu uğurla həyata keçirilir

 

İnformasiya təhlükəsizliyini etibarlı şəkildə təmin etmək üçün dövlət səviyyəsində məqsədyönlü işlər aparılır

 

Müasir texnologiyalar həyatımızın bütün sahələrinə sürətlə daxil olmaqdadır. Prezident İlham Əliyevin Sərəncamı ilə 2013-cü ilin Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ilielan edilməsi ölkəmizdə bu sahənin inkişafına yeni təkan vermişdir. İKT ili çərçivəsində həyata keçirilən tədbirlər və perspektivlərlə bağlı Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev deyib ki, Azərbaycan bu gün keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Bu hədəfə çatmaq üçün “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası qəbul olunmuşdur. Bu konsepsiyada elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsinə xüsusi yer ayrılmışdır. Hesab edirəm ki, bu sənəddə ölkə iqtisadiyyatının innovativliyinin artırılmasında informasiya-kommunikasiya texnologiyalarının rolu konseptual əsasda öz əksini tapmışdır. Professor fikrinin davamında bildirib ki, ölkəmizin telekommunikasiya peykinə malik olması çox əlamətdar hadisədir. Bu, tarixi bir nailiyyətdir. Bizim peykimiz Azərbaycanla yanaşı, Şərqi Avropa, Şimali Amerika, Mərkəzi Asiya və digər region ölkələrini də əhatə edir. Bu da o deməkdir ki, olduqca böyük bir arealda insanların telekommunikasiyaya tələbatını həmin peyk vasitəsilə ödəmək mümkün olacaq. Azərbaycan bu gün dünyada öz süni peyki olan azsaylı dövlətdən biridir. Peykin orbitə çıxarılması ilə bərabər, ölkəmizdə yerüstü idarəetmə mərkəzləri də tikilmişdir. Bunlar mürəkkəb proseslərdir, yüksək elmi tutumlu məsələlərdir. Ötən beş il ərzində ölkə Prezidentinin rəhbərliyi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən nəhəng işlər görülmüşdür. Bu, nəticəsi göz qabağında olan işlərdir. Tam cəsarətlə demək olar ki, Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır.

Bu gün informasiya texnologiyaları Azərbaycanın, bütövlükdə, dünya elminin prioritet istiqamətlərindən biridir. Azərbaycanın elmi fəaliyyətlə bağlı dövlət siyasətində informasiya texnologiyalarının tətbiqi xüsusi yer tutur. O cümlədən bununla bağlı kadrlar hazırlığı da az əhəmiyyət daşımır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında İKT sahəsində yüksək ixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanması prioritet vəzifələrdən biri kimi qarşıya qoyulmuşdur.

İnformasiya texnologiyaları sahəsində aparıcı elmi təşkilat kimi bizim institutun üzərinə xüsusi missiya düşür. İnstitutumuzun əsas vəzifələri informasiya texnologiyaları sahəsində dövlət siyasətinə, ölkəmizdə həyata keçirilən informasiya cəmiyyəti quruculuğu ilə bağlı dövlət proqramlarına elmi dəstək vermək, informasiya texnologiyaları sahəsində aktuallıq kəsb edən istiqamətlərdə tədqiqatlar aparmaq, müvafiq elmi kadrlar yetişdirməkdir. Bu istiqamətlər üzrə intellektual analiz, biometriklinqvistik informasiya texnologiyaları, sosial şəbəkələrin analizi, şəbəkə monitorinqi, sensor şəbəkələri, intellektual informasiya sistemləri və digər aktual elmi problemlərlə bağlı tədqiqatlar aparılır. Qeyd edilən istiqamətlərdə institutumuzun əməkdaşları tərəfindən bir sıra mühüm nəticələr əldə edilərək nüfuzlu xarici elmi jurnallarda dərc olunur. İnstitutumuzda aparılan elmi tədqiqatlar dövlət siyasətinin uğurla həyata keçirilməsi, dövlətçiliyimizin möhkəmləndirilməsi, müdafiə qabiliyyətinin artırılması, təhlükəsizliyinin təmin edilməsi, sosial-iqtisadi inkişaf üçün mühüm praktiki əhəmiyyətə malikdir.

Azərbaycanda artıq insanların şəxsi həyatından tutmuş, müxtəlif dövlət qurumlarının fəaliyyətinə qədər informasiya texnologiyaları geniş tətbiq olunur. Ölkənin şəbəkələşməsi, vətəndaşların və təşkilatların bir-biri ilə onlayn əlaqələr yaratması, elektron imza texnologiyasının tətbiq olunması elektron dövlətin əlamətləridir.

R.Əliquliyev deyib ki, Elektron dövlət yaradılması təbiidir ki, qısa müddətin işi deyil. Bu, informasiya cəmiyyətinin formalaşması prosesinin bir təzahürü olaraq get-gedə dərinləşir, yeni texnologiyalar meydana çıxır, informasiya resurslarının sayı da, həcmi də artmaqda davam edir. İnsanlar informasiya texnologiyalarına yaxından bələd olur, onun imkanlarından yararlanırlar. Mobil telefon kimi, artıq onlar özlərini bu texnologiyalarsız təsəvvür edə bilmirlər. Yəni, bu o deməkdir ki, bütün sosial təbəqələr artıq bu texnologiyalardan istifadə etməklə hakimiyyət orqanları ilə interaktiv münasibət qurmağa başlayırlar.

Azərbaycanda bu tam qənaətbəxşdir. Elektron dövlət quruculuğu müvafiq proqrama uyğun olaraq çox uğurla həyata keçirilir və yüksək templə davam etdirilir.

İnformasiya təhlükəsizliyini etibarlı şəkildə təmin etmək üçün dövlət səviyyəsində məqsədyönlü işlər aparılır. Bu baxımdan Azərbaycan Prezidentininİnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” 2012-ci il 26 sentyabr tarixli Fərmanı çox mühüm əhəmiyyətə malikdir. Həmin Fərmana uyğun olaraq informasiya resurslarının mühafizəsi, vətəndaşların informasiyalara sərbəst çıxışının təmin edilməsi istiqamətində real nəticəsi olan işlər görülür. Bu yaxınlarda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuşİnformasiya təhlükəsizliyi problemləri üzrə I respublika elmi-praktik konfransı keçirilmişdir. Konfransda informasiya təhlükəsizliyinin texnolojihumanitar problemlərinə həsr olunmuş onlarla məruzə dinlənilmişdir. Onların hər biri elmi aktuallıq kəsb etməklə, ölkəmizin informasiya təhlükəsizliyi üçün mühüm praktiki əhəmiyyət daşıyır.

“İKT ili” ilə bağlı təbirlər planında AMEA-nın elmi təşkilatlarının qarşısına mühüm vəzifələr qoyulmuşdur. Həmin tədbirlər ölkəmizdə informasiya cəmiyyəti quruculuğu, elektron dövlətin formalaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Mühüm tədbirlərdən biri AzScienceNet Elm kompyuter şəbəkəsinin ölkə üzrə infrastrukturunun inkişaf etdirilməsidir. Bu tədbirlər çərçivəsində elmi fəaliyyətlə məşğul olan müəssisə və təşkilatların informasiya-kommunikasiya infrastrukturu genişləndiriləcək, yüksək sürətli internet şəbəkəsi ilə elmi-texniki informasiyahesablama resurslarına çıxışı təmin olunacaq. Özübu, təkcə AMEA institutlarını deyil, ümumiyyətlə, respublikanın əsas elmi qurumlarının fəaliyyətini əhatə edəcək.

Digər bir mühüm istiqamət elmi qurumların və ali təhsil müəssisələrinin Tomson, Springer, Elsevier və digər bu kimi beynəlxalq elmi bazalara çıxış imkanının yaradılmasıdır. Bundan məqsəd elmi tədqiqatlara dəstək vermək, tədqiqatçıların mötəbər elmi mənbələrindən istifadə etmələrinə, araşdırmalarının keyfiyyətinin yüksəldilməsinə şərait yaratmaq, təlim seminarları keçməkdir. Artıq bununla bağlı tədbirlərə start verilmişdir. Bunlardan başqa, “İKT ili” çərçivəsində institutumuza bir sıra təhsil və maarifləndirmə xarakterli tədbirlərin həyata keçirilməsi də həvalə edilmişdir. Həmin tədbirlərə İKT üzrə kadr hazırlığı səviyyəsinin artırılması üzrə təkliflərin hazırlanması, təhsil müəssisələrində İKT-nin tətbiqinin genişləndirilməsi, ölkənin regionlarında İKT üzrə bilik və bacarıqların artırılması məqsədi ilə əhalinin müxtəlif qrupları üçün təlim kurslarının və seminarların keçirilməsi, distant təhsilin inkişaf etdirilməsi daxildir.

 

 

Üç nöqtə.-2013.- 20 sentyabr.- S. 9.