İsa Muğanna dünyasını dəyişdi

 

Sevinc Hüseynli: “Son günlərini çox susqun keçirirdi

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış yazıçısı İsa Muğanna (Hüseynov) 86 yaşında dünyasını dəyişib. Xalq şairi Sabir Rüstəmxanlı “Üç nöqtə”yə İsa Hüseynovun ölümünə təəssüfləndiyini və Azərbaycanın böyük yazıçılarından biri olduğunu bildirdi: “İsa Muğanna Azərbaycanın böyük yazıçısı idi. Onun adı Cəlil Məmmədquluzadə, Əbdürəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Süleyman Rəhimov, Mir Cəlal, İlyas Əfəndiyev, İsmayıl Şıxlı kimi böyük yazıçıların adı ilə yanaşı çəkilir. O böyük dahilərin sırasında durur. İsa Muğannanın özünəməxsus ədəbi yolu və ədəbi üslubu, irsi var. O, “Bizimqızlar”, “Dan ulduzu”, “Doğmayad adamlar”, «Teleqram”, “Tütək səsi”, Saz”, “Kollu Koxa”, “Yanar ürək”, “Məhşər” kimi əsərlərin müəllifidir. İsa Hüseynovun yaradıcılığı ədəbiyyatımızın qızıl fonduna daxil olan əsərlərdir. Sakit, təvazökar bir insan olaraq, o sözü, söhbəti, yol yoldaşlığı olan böyük şəxsiyyət idi. Onunla tanışlığımdan böyük bir məmuniyyət hissi keçirmişəm. Mən İsa Muğanna ilə yazıçılar ittifaqının keçirdiyi səfərlərdə həmişə bir yerdə olurduq. Kitablarının nəşri ilə bağlı nəşriyyata tez-tez gəlirdi. “İdeal” əsərini çap etdirdik. O əsər Azərbaycanda böyük şöhrət qazandı. Bir çox çap olunmamış əsərlərini də mənə göndərirdi. Mən onları da oxumuşam. Bir albom şəkilimiz var. Təəssüf ki, şəkilləri ona göstərə bilmədim. Çox gözəl bir ailəsi var. Onun həyat yoldaşı Firuzə xanım çox gözəl insandır. Firuzə xanım İsa Hüseynovun böyüklüyünü dərk edən, bütün ömrünü ona həsr edən xanım bacımızdır. Onlar sanki bir-biriləri üçün doğulmuş insanlardır. İsa Muğannanın ölümü çox böyük bir itkidir. Onun yaxınlarına Allahdan səbr diləyirəm. Onun ailəsinə, həmkarlarıma baş sağlığı verirəm”.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev İsa Hüseynovun ölümünü ədəbiyyatımız üçün böyük itki olduğunu bildirdi: “İsa Muğannanın ölümü ədəbiyyatımız üçün böyük itkidir. Yazıçı ədəbiyyatımızın bütöv siması idi. İsa Muğanna mənin yaxın dostum idi. Onun ölümünə çox heyfsilənirəm”.

İsa Hüseynovun qızı Sevinc Hüseynli yazıçının 9 ildir ürək çatışmamazlığından əziyyət çəkdiyini bildirdi: “2005-ci ildə 3 dəfə kliniki ölüm keçirib. Yanvar ayından sonra elə bir narahatlığı yox idi. Birdən-birə belə oldu. Son günlərini çox susqun keçirirdi. Adətən danışan insan idi. Mən Bakı Dövlət Universitetində işləyirəm. Həmişə məndən gələndə soruşardı ki, dərsin necə keçdi. Axır günlər sakit olmuşdu. Tez-tez özünə qapanırdı. Onu fikirdən ayıra bilmirdik. Həmişə nəvələrindən çoxlu mütaliə etməklərini tələb edirdi. Həqiqi bir insan kimi formalaşmaq istəyirsinizsə, ancaq mütaliə etmək lazımdır deyirdi. Atam Birinci Fəxri Xiyabanda dəfn olunacaq. Akademik Mili Dram Teatrında vida mərasimi keçiriləcək”.

 

 Üç nöqtə.-2014.- 2 aprel.- S.13.