Nikah 25-34 yaş həddində olanlar arasında daha çox ləğv edilir

 

Ər və ya arvad nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz

 

Ailə qurmaq iki fərqli nəslin birləşməsi, tanış olması, qohumluq bağlarla bir-birinə bağlanması deməkdir. Hətta bəzən ailə qurmaq iki fərqli irqin, millətin və dilin qarışmasına da səbəb olur. Lakin qurulan ailələrin heç də hamısı ömürlərinin sonunadək birlikdə yaşamır. Nikaha girənlərin bəziləri sonradan boşanırlar. Bildirək ki, boşanma-evli tərəflər arasında ailə ilə bağlı və qanunla nəzərdə tutulan məsuliyyətlərə son qoyulmasıdır. Bu proses ailənin dağılması kimi də tanınır. Əksər ölkələrdə boşanma üçün məhkəmə və ya digər rəsmi orqanın qərarı tələb olunur.

Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda 2012-ci ilə nisbətən bağlanan nikahların sayı 10,3 faiz artıb. Belə ki, 2012-ci ildə ölkədə 78 480 nikah bağlanmışdısa, ötən il ailə quranların sayı artaraq 86 594-ə çatıb.

Bu barədə -ə Ədliyyə Nazirliyinin QeydiyyatNotariat Baş İdarəsindən bildiriblər. Bununla yanaşı, ölkədə boşanma hallarının da sayı artıb. Belə ki, ötən il 11 849 nikah pozulub. Halbuki 2012-ci ildə bu 11 min 182 təşkil edib.

Azərbaycanda ölkə vətəndaşları ilə xarici ölkələrdən olan şəxslər arasında nikahın bağlanması və pozulması faktları da artıb. Ədliyyə Nazirliyinin QeydiyyatNotariat Baş İdarəsindən bildiriblər ki, ötən 2013-cü ildə Azərbaycanda ölkə vətəndaşları ilə xarici ölkələrdən olan şəxslər arasında 2480 nikah bağlanıb. Bu isə 2012-ci ilə nisbətən 43 faiz artım deməkdir.

Xatırladaq ki, 2012-ci ildə Azərbaycan vətəndaşları ilə xarici ölkələrdən olan şəxslər arasında 1932 nikah bağlanmışdı. Bununla yanaşı, Azərbaycan vətəndaşları ilə xarici ölkələrdən olan şəxslər arasında nikahın pozulması halları da artıb. Belə ki, 2012-ci ildə bu rəqəm 148 idisə, ötən il 211 fakt qeydə alınıb.

Nikahların ləğv edilməsinin 25-34 yaş həddində olan şəxslər arasında daha çox olması müşahidə edilir. Bəs Azərbaycanda ər-arvad boşanmaq üçün nə qədər gözləməlidir? Nikaha xitam verilməsinin əsasları və prosedurları necədir? Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Fərhad Nəcəfov mətbuata açıqlamasında bildirib ki, Ailə Məcəlləsi nikaha xitam verilməsinin iki əsasını müəyyən edib. Bunlardan biri ərin (arvadın) ölməsi, yaxud məhkəmə qaydasında ölmüş elan edilməsidir. İkinci əsas isə onlardan birininya hər ikisinin ərizəsi, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsidir. Nəcəfov qeyd edib ki, qanunvericilik bir halda ərin nikahın pozulmasını tələb etmək hüququnu məhdudlaşdırır. Belə ki, arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.

Onun sözlərinə görə, nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı – Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, müəyyən hallarda isə məhkəmə tərəfindən həyata keçirilir: “Belə ki, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında qeydiyyat şöbələrində xitam verilə bilər. Onların yetkinlik yaşına çatmayan ümumi uşaqları olsa belə, ər (arvad) məhkəmə qaydasında itkin düşmüş, fəaliyyət qəbiliyyəti olmayan hesab edildikdə və cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda ərin (arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi qeydiyyat şöbələri tərəfindən aparılır”.

Hüquq məsləhətçisinin sözlərinə görə, ər-arvadın birgə mülkiyyətinin bölünməsi, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsait ödənilməsi haqqında, eləcə də tərəflərdən biri məhkəmədə fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə və ya ən azı 3 il müddətinə azadlıqdan məhrum edildikdə, habelə tərəflər arasında uşaqlar barədə yaranan mübahisələrə müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından asılı olmayaraq məhkəmə qaydasında baxılır.

Nikahın pozulmasının məhkəmə qaydasında aparılması iki halda mümkündür. Nəcəfovun sözlərinə görə, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqdaya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur: “Həmçinin ər-arvadın razılığı olduqda, lakin onlardan biri qeydiyyat şöbələrində nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə də nikah məhkəmə qaydasında pozulur”.

Hüquq məsləhətçisi bildirib ki, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir.

Məhkəməyə təqdim olunan sənədlər barədə danışan Nəcəfov deyib ki, nikahın pozulması barədə iddia ərizəsinə nikah haqqında şəhadətnamənin əsli, uşağın doğum haqqında şəhadətnaməsinin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti, yoldaşınızın və özünüzün yaşayış yeri haqqında arayış, dövlət rüsumu barədə qəbz əlavə olunmalıdır. Nikahın ləğv olunması haqqında iddia ərizəsinə görə 20 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə yolu ilə nigaha xitam verilərsə, bu zaman nigahın pozulması haqqında qeydiyyat şöbəsindən şəhadətnamə almaq üçün əlavə 15 manat da rüsum ödəməlisiniz: Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Bu saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli, ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı, ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir”.

Nəcəfovun sözlərinə görə, nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır: “Ər (arvad) nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz”.

Nikahların ləğv edilməsindən isə bütün hallarda daha çox bu nikahdan doğulmuş azyaşlı uşaqlar əziyyət çəkir.

 

(Davamı növbəti nömrədə)

Üç nöqtə.-2014.- 8 fevral.- S.9.