Şəkidə sürprizlərlə dolu möhtəşəm nağara festivalı başlayır

Movqe.az "Kanal S”ə istinadən xəbər verir ki, əvvəlcə yürüş gerçəkləşdiriləcək. "Natiq" ritm qrupu xarici ölkələrdən qatılan müxtəlif qrupların nümayəndələrinin iştirak edəcəyi yürüş Şəkinin Axundov kinoteatrının qarşısından başlayaraq "Yaşıl Teatr"a qədər davam edəcək. Yürüş zamanı ritmlə işıq effektlərinin ahənginin tamaşaçılara unudulmaz anlar yaşadacağı gözlənilir. Yürüş iştirakçılarını yol boyu könüllülər müşayiət edəcək. Yürüş zamanı Qafqazın ən böyük nağarasının sədaları eşidiləcək.

Şəki Şəhər İcra Hakimiyyəti "Kanal S"in təşkilatçılığı ilə keçirilən festivalın açılış mərasimində isə tədbirə qatılan ölkələrin nümayəndələri öz çıxışları ilə tamaşaçıları sevindirəcəklər. Avqustun 26-dək davam edəcək festivalda bir-birindən maraqlı sürprizlərin olacağı gözlənilir.

Üç nöqtə.- 2015.- 21 avqust.- S.- 5.