«Xoşbəxtlik bədbəxtliyin özüdür» - Müsahibə

Aktyor sənəti çox maraqlı və çətin sənətdir. Bu yolda addımlamaq və tamaşaçı sevgisi qazanmaq hər aktyor və aktrisaya qismət olmur. Amma Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Kəmalə Müzəffər canlandırdığı obrazlarla tamaşaçı sevgisi qazanıb və sevilir. “Şənbə qonağımız” olan gözəl və səmimi xanımın müsahibəsini təqdim edirik.

 

-Tələbəllik illərinizdən Gənc Tamaşaçılar Teatrına dəvət olunub və bir başa baş rolda oynamısınız. Özünüzü şanslı aktrisa hesab edirsinizmi?

 -Təbii ki, çox şanslı aktrisayam. İnsan kimi də çox şanslıyam və şikayət etməyə haqqım da yoxdur . Amma baxır nədə...

 - Kəmalə xanım, nədən şikayət edə bilər?

- Hər şeydən şikayət edə bilərəm. Amma ətrafa baxanda şikayət etməyə haqqım yoxdur. Anam həmişə mənə deyərdi ki, bu dünyada qəm çəkmək üçün kifayət qədər qəm, kef çəkmək üçün kifayət qədər kef var. Şəraitdən asılı olaraq hər şeydən şikayət edə bilərəm. Həyatda hər şeydən narazılıq etmək mümkündür. Mən özümü insan, qadın və aktrisa kimi çox şanslı hesab edirəm.

 -Siz əsl xoşbəxtliyi bədbəxtlikdə gördüyünüzü qeyd etmisiniz. Buna səbəb nədir?

 -Bu çox uzun bir mövzudur. Açıqlamaq istəməzdim, çünki orada daxili dünyam var. Heç ətrafımla da bu barədə danışmıram. Mən o fikri aktrisalar üçün demişəm, evdar qadınlar üçün yox. Bu suala cavabım var, amma bu haqda danışa bilmirəm, açıqlamaq olmaz. O cümləni xırdalasaq insanların anlaya biləcəyi, qınaya biləcəyi, səhv başa düşəcəyi kimi hallar baş verə bilər. Ona görə də, dediyim kimi, xoşbəxtlik bədbəxtliyin özüdür. Elə mesajlar var ki, onu cəmiyyətə xırdalamaq olmaz. İnsan yaşadığı hadisəni qəbul edir və bir müddətdən sonra deyir ki, nə yaxşı, onlar başıma gəldi. Həyatdan dərs alırsan. Bu, çox gözəl haldır. Onu da deyim ki, indiyə qədər etdiyim səhvlərdən peşiman deyiləm. Başıma faciə belə gəlsə də. Çünki, onlar hisslərimin, emosionallığımın, düşüncələrimin, həyat tərzimin dönüşüdür. Düşünürəm ki, onlardan vaz keçsəm müqəvva olaram. Dedim, güldüm, yatdım kimi həyat mənim üçün maraqsızdır.

 - Emosional olmağınızın mənfi və müsbət tərəfləri nələrdir?

 - Hamı mənə emosional olduğumu deyir və mən bunu qəsdən etmirəm. Amma ətraf üçün oynayan insanlar var ki, həyatda elə deyillər. Hətta mən emosionallığımı yığışdırmağa çalışsam da, yarım saatdan sonra görürəm ki, alınmır.

 - Bir müddət əvvəl depressiyaya düşüb sənətdən uzaqlaşdınız. Buna səbəb nə idi?

- Təkcə sənətdə deyil, həyatda da hər şeydən depressiyaya düşə bilirəm. Bu hal məndə tez-tez baş verir.

 - Bəs, depresiyyadan necə çıxırsınız?

- Məni bir çox şeylər depressiyadan çıxara bilər. Əsasən də dözüm və səbr. Bəlkə də, depressiyaya düşən insanlar heç depressiyadan çıxmırlar. Bunu dəqiq bilmirəm. Mən çox dözümlü və səbr edən insanam. Bu, mənə depressiyayadan çıxmağa kömək edir.

 

- Sənətdə özünüzü şanslı aktrisa hesab edirsiniz, bəs xanım kimi xoşbəxtsinizmi?

- Nə bilim, vallah. Qeyd etdiyim kimi, bir tərəfə baxanda hər şeydən narazı, digər tərəfdən də ətrafa baxıb hər şeyin yaxşı olduğunu hiss edirsən. Hər şeydə çətinlik olur, onu dəf etmək lazımdır. Bəzən qalib, bəzən məğlub olursan. Əlbəttə ki, insan sənətindən və özündən asılı olmayaraq heç vaxt deyə bilməz ki, çox xoşbəxtəm. Onu yalnız ölənə yaxın deyə bilər, xoşbəxtəm, yoxsa əksinə. Bəlkə, indi özümü xoşbəxt sayıram və müsahibədən bir saat sonra başıma elə hadisə gələcək ki, xoşbəxt olmayacam. Bir tərəfdən baxanda özümü şanslı, digər tərəfdən isə şanssız hesab edirəm.

 - Neytral mövqedən yanaşmağınız nə dərəcədə asan, yaxud çətindir?

- Ona görə neytral mövqedəyəm ki, arzularım və istəklərim nə dərəcədə insan olmağımı müəyyənləşdirir. Elə insanlar var ki, arzusu adi yaşamaqdır. Elə insanlar da var ki, arzusu daha yüksək yerlərdədir. Daha böyük şeylər istəyir və bir tərəfdən, bilir ki, bu istək və arzular baş tutmayacaq. Əslində, reallıq da budur, yaxud da şərait yetişməyib. Sənin xoşbəxtliyin sənin istəklərindir. Həyatdan nə istəyirsən deyə müəyyənləşdirməlisən. Bir tərəfdən də bilirsən ki, arzuların yerinə yetməyəcək. Reallıqlarla da barışmamaq axmaqlıqdır. Bəli, Azərbaycanda bir aktrisa kimi bundan o tərəfə gedə bilmərəm. Dünya arenasına çıxacaq filmlərimiz yoxdur. Deyim ki,  Azərbaycan Hollivuddur, yox.  Dünya arenasına çıxacaq filmlərə çəkilmək arzum idi, amma o filmlərə çəkilmədim deyə özümü bədbəxt saymaq axmaqlıqdır. Bir tərəfdən də «niyə də olmasın» deyə düşünürəm. Hər bir halda öz problemlərimin qarşısında səbr və dözüm göstərirəm, ancaq anlayıram və qəbul edirəm ki, bu günə kimi Hollivudda qırmızı xalça üzərində yeriyə bilmədim.

 - Nə vaxtsa Hollivudda çəkilmək arzusunda olmusunuzmu?

- Təbii ki, tələbəllik illərində böyük arzularım vardı. İndi kiçik mükafatlara görə bir- birinin ətini yeyirlər. Mən ömründə elə şeylərin arzusunda olmamışam. Ondan ötrü kiminsə dalınca nəsə deyim, əlindən nəyisə almaq istəyim kimi hal  heç vaxt ola bilməz. Mən çox böyük arzuların xəyalında olmuşam ki, bunlar mənə xırda görünüb. Amma xırda görünən şeylər də bu gün məndə var. Həyatım öz axarı ilə gedib, əməkdar artist adını almışam, Prezident mükafatına layiq görülmüşəm. Teatrda ən yaxşı rolları da oynayıram. Bundan artıq şeylərin arzusunda olmuşam. Bilirəm ki, bu arzular bu gün həyata keçə bilməz. Amma hələ də nağıllara inanıram. Arzusuz yaşamaq olmaz. İnsanlar üçün arzular fərqlidir. Televizora baxım, «isti xörəyim olsun» kimi həyat mənə maraqsızdır, amma onları da qınaya bilmərəm, onun arzusu idi. Mirzə Ələkbər Sabir deyib ki, «Cəmiyyət bilirsiniz nə vaxt pozulur? Ərə getmək  istəyəni oxumağa, oxumaq istəyəni  ərə getməyə məcbur edirlər». Ən böyük arzum son nəfəsimə qədər sənətdə olmaqdır. Ən yaxşı rolları oynayım, ən azından heç olmasa Azərbaycan teatr və kino tarixində qalacaq bir insana çevrilim. Bu dünyada ola bilmədik...

 - Təbii ki, tanınan bir aktrisasınız...

- 40 yaşı keçmisən, amma ən yaxşı rolları bundan sonra oynayacam, inşallah. Çünki iç dünyam, dərrakəm, emosional duyğularım bundan sonra kamilləşir.

 -  «Azrdama»da “Qatarın altına atılan qadın” tamaşasında oynadınız. «Azdrama»dan işləmək üçün təklif gəlsə, qəbul edərsinizmi?

- Bəli, Mehriban Ələkbərzadənin quruluşunda “Qatarın altına atılan qadın  tamaşasında oynadım. Mehriban Ələkbərzadə ilə “Məhkumlar” filmindən əməkdaşlığımız başlamışdı və Mehriban xanım məni tamaşasına dəvət elədi. Böyük məmuniyyətlə qəbul elədim. İşləmək məsələsinə gəlincə, yalnız Azrdamadan deyil, yaxşı iş hardan gəlsə orada varam. Əsas o deyil ki, hansı teatrda işləyirsən. İnsan sənətinin peşəkarı olmalıdır. «Azdrama»da  qədər aktrisa var ki, illərlərlə səhnədə görünmürlər, eləcə də başqa teartrlarda. Əsas odur ki, teatrda kimsən, nə oynayırsan, sənətin hansı pilləsindəsən. Tutaq  ki, mən bu gün «Azdrama» sevgisi ilə gedim orada otururm, illərlə də səhnəyə çıxmayım. Mənası nə olar k?. Amma yaxşı iş varsa, mən ora təklif alaramsa, böyük məmuniyyətlə qəbul edərəm.

 - Teatrda işləyirsiniz, dublyajda iştirak edirsiniz, sənətinizdən pul qazana bilirsinizmi?

- Pul haqqında heç vaxt danışmıram. Bu sənətə pul üçün gəlməmişəm və sənətdə pul üçün də olmayacam. Təbii ki, yaxşı maaş olsa yaxşı olardı. Mən İncəsənət Universitetini bitirəndə artıq bilirdim ki, 170 manat maaşla bura götürürlər. Məni ora pulsuz da götürsəydilər, teatrda işləmək üçün həyatımı verərdim. İşimlə yanaşı ailəmə də vaxt ayırıram. Üç uşaq anasıyam. Tamaşanı, efirləri, dublyajı və.s hər şeyi çatdırıram. Çünki qadın hər şeyi çatdırmalı və ailəsinə də vaxt ayırmalıdır.

 - Xarici aktrisalara bənzəyirsiniz və çox da baxımlı xanımsıznız. Özünüzə necə qulluq edirsiniz?

- Bunlar mənə anamdan keçib, hətta özümə baxmasam da yenə də babat görsənirəm. Təbii ki, əsas genetika deyil, özünə də baxmalısan. Formada qalmaq üçün idmanla məşğul oluram. Qanım aşağı olmasına baxmayaraq bir balaca çəkim artan kimi günlərlərlə ac gəzirəm. Təki 60 yaşlı bir xanıma oxşamayım. 60 yaşım olanda da  çəkimin 90 kilo olmamasına çalışacam. Bizim aktrisa və aktyorların ən böyük problemi kökəlməkdir. Biz yemək yeməkdən imtina edə bilmirik. Amma sənətimiz naminə formada olmalıyıq. Çünki səhnədə kökəltmək mümkündür, arıqlatmaq yox. Hərdən aktyor və aktrisaya baxırsan ki, rolar oynamaq istəyir, amma çəkisi ona imkan vermir. Rejissorlar o çəki və görünüşlə onu çəkmirlər. Baxırsan ki, pis aktrisa da deyil. Mənim də çəkim artıqdır, amma mən gecə-gündüz bununla mübarizə aparıram, hazırda pəhriz saxlayıram.

  - Müsahibələrinizdə övladlarınıza azadlıq verdiyinizi qeyd etmisiniz. İstərdik ki, bu haqda danışasınız...

- Mənim qızım da, oğlum da Türkiyədə təhsil alır. Bəzi valideynlər uşaqlarını gözlərindən kənara buraxmırlər, çünki öz uşaqlarından xəbərsizdilər. Bizim qonşunun uşağından xəbərimiz var, qonşunun da bizim uşaqdan. Onu da deyim ki, hansısa hərəkət etmək istəyən edəcək. Övladlarıma azadlıq verirəm, amma təbii ki, müəyyən qadağalar da qoymuşam. Demişəm  ki, çalışın fikrinizi söyləyin. Azərbaycan uşaqlarında azadlıq yoxdur, amma türklərdə və rusların uşaqlarında azadlıq var. Bəzi insanların azadlığı tərbiyəsizlik kimi başa düşməsinə heç nə deyə bilmərəm. Doğrudan da cəmiyyətdə azadlıqla tərbiyəssizliyi səhv başa düşən insanlar da var. Hər bir şeyin çərçivəsi var. Mən də çox azad qadınam. Amma hər hərəkəti çərçivə daxilində etməyə çalışıram.

 Rəqsanə

Üç nöqtə.- 2015.- 12 fevral.- S.- 13