«Yaxşı insan obrazı yaratmışam»

Selim Bayraktar: “Çarəsizlik insanı uğura aparır və bu günə qədər mənim həyatımda belə oldu”

 

 

 “Möhtəşəm yüz il” serialından “Sünbül ağa” obrazı ilə tanıdığımız və sevdiyimz aktyor Selim Bayraktar şəhərimizin qonağı oldu. Aktyor “28 Cinema”da baş tutan “Kırmızı” filminin qala gecəsinə qatıldı. Akytorun “Üç nöqtə”yə ekskluziv müsahibəsini təqdim edirik.

 

- Səlim bəy, «Kırmızı» filmindəki obrazınız haqqında məlumat verə bilərsinizmi?

- “Kırmızı” filmi ilə tamaşaçılar uşaqllıq illərimizə səyahət edəcəklər. Bu filmdə fərqli bir obraz canlandıraraq, yaxşı insan obrazını yaratmışam. Təbii ki, aktyorun işi yaxşı və ya pis rol olmasından asılı olmayaraq, filmdə oynamaqdır. Hər dəfə mənfi obrazlarla tamaşaçıların qarşısına çıxırdım. Ən önəmlisi odur ki, canlandırdığın obrazın öhdəsindən peşəkarlıqla gələrək, insanları obrazına inandırmağı bacarmalısan. Filmimiz ilk dəfə Azərbaycanda nümayiş olunur, Türkiyədə isə sentyabrda qala gecəsi keçiriləcək. Filmin qəhrəmanları Aslı və Umut xoşbəxt bir cütlükdür. Umut film sennarisi yazır və ancaq yaşadığı həyat bunun həyata keçməsinə izn vermir. Beləliklə, Umutun yaxın dostu Gökhan xəyallarının gerçəkləşməsi üçün ona kömək edir. Umut və Aslı evə gəlirlər və qəflətən zalın ortasında qırmızı bir çamadan görüb onu açmaq qərarı verirlər. Amma çamadanın içində dəhşətə salacaq bir mənzərə ilə rastlaşılar… Sonunun necə olacağını tamaşaçılar izləsinlər.

 

- Azərbayacana üçüncü dəfədir gəlirsiniz...

- Azərbaycana ilk gəlişim 15 il əvvəl olub. Bugünlərdə dalbadal gəldim, iki ay əvvəl və indi. Üçüncü gəlişimin səbəbi bildiyiniz kimi “Kırmızı” filminin qala gecəsi ilə bağlıdır.

 

- Hər gəlişinizdə Azərbaycanda hansı dəyişikliklərin şahidi olursunuz?

- Azərbaycanın inkişaf etməsi lazımdır və inkişaf da edir. Ölkənizin çox qədim tarixi və mədəniyyəti var. Eyni millətik və tariximiz daha qədimdir. Buna görə də daha yüksəkliyə doğru irəliləməyimiz lazımdır. Hələ ki, bu torpaqların sənəti, musiqisi var, eləcə də zəngindir. Daha nə olsun? Bəlkə bunu demək mənə düşməz, amma ölkəniz daha da yaxşı olacaq və inkişaf edəcək.

 

- Sizi daha çox “Möhtəşəm yüz il” serialında canlandırdığınız  “Sünbül ağa” obrazı ilə sevdik və qəbul etdik. O, obraz sizin tanınmağınızda çox mühüm rol oynadı...

- Bəli, çünki o serial çox izlənildi. Digər dostlarım üçün də elə oldu. Çox izlənilən işdə insanlar daha çox önə çıxırlar. O obraz aktyorluq kariyeramda çox mühüm rol oynadı.

 

- Qarşıdakı planlarınız haaqqında bilmək istərdik. Serial və filmlərdən yeni təkliflər varmı?

- “Kırmızı” filmini yeni təqdim etdik. Seriallardan da dəvət edirlər, ssenarisi xoşuma gələn zaman çəkiləcəm. İnsan içində olmaq istədiyi işin içində olur.

 

- Türk seriallarından hansı aktyor və ya aktrisa ilə baş rolda oynamaq, tərəfmüqabili olmaq istərdiniz?

- Çox çətin sualdır. Hazırda bir komedik obraz canlandırmaq istərdim. Komedik  filmdə isə aktyor Engin Günaydınla oynamaq istəyərəm. Engin həm də mənim dostumdur. Bilmək olmaz, bəlkə bir gün eyni ekran əsərində bizi görəcəksiniz.

 

- Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə Türkiyədə fəaliyyət göstərir və onun bir aktrisa kimi bəyənirsinizmi?

- Təbii ki, bəyənirəm. Azərbaycan sənətçisi Təyyar Bayramovla bu gün təyyarədə tanış olduq.  Eləcə də Azərbaycan sənətçilərindən bəyəndiyim çox insanlar var. Bizim əslində, buranı sənət, teatr baxımından örnək götürməyimiz lazımdır. Bununla yanaşı, Türkiyədə və Azərbaycanda kino sahəsinin daha da inkişaf etməsi vacibdir. Niyə buradan dünyaca tanınmış filmlər çıxmasın? Əsl yaxşı filmlərin buradan çıxması lazımdır. Çünki Avropanın tarixi bizimki qədər qədim deyil, yenidir. Avropanın, Amerikanın neçə il keçmişi var? Amma onlar pulu necə yönləndirəcəklərini çox yaxşı bildikləri üçün sistem çox başqa  bir yerə getdi. Artıq bizim də kino sahəsində daha çox yüksək yerlərə çatmağımız lazımdır. Çünki bizim duyğumuz, mövzu, tariximiz və mədəniyyətimiz var. “Qız qalası”nın neçə minlik qədimliyi var. Ona görə özümüzə gəlib bu mədəniyyətin içərisində daha da parlamağımız lazımdır. Sanki, bu sahədə özünə güvənimiz əksikdir. Özümüzə güvən yüksək səviyyədə olmalıdır.

 

- Azərbaycan filmlərini izləmisinizmi?

- Bəli. Köhnə filmlərinizi izləmişəm və hazırda da internetdə izləyirəm. Amma adını xatırlaya bilmirəm. Aktrisa Firəngiz Mütəllimovanı çox sevirəm, bacımdır. Hətta Azərbaycan cizgi filmləri haqqında da məlumatım var və çox gözəldir. Rasim Balayevin filmlərini izləyirəm. Azərbaycan ləhcəsi çox xoşuma gəlir. Çünki Kərküklü türkmənəm. Azərbaycan, kərkük və kipr türkləri eyni danışırlar. Ona görə də, Azərbaycan dilində danışa bilirəm, hətta evdə anamla bu cür danışıram. Türkiyədə aktyorluq sənəti ilə məşğul olduğum üçün diksiyam pozulmasın deyə türk dilində danışıram. Azərbaycan dilini bildiyim üçün köhnə filmlərinizi izləyirəm və çox xoşuma gəlir.

 

- Azərbaycana tez-tez  gəldiyinizə görə ev almaq kimi fikriniz varmı?

- Pulum olsa alacam, niyə də olmasın.

 

- Evlisinizmi?

- Bəli, evliyəm.

 

- Evli olmasaydınız azərbaycanlı qızla evlənərdinizmi?

- Təbii ki, evlənərdim. Bunlar qəlb işləridir və könlüm sevərsə niyə də olmasın? Sevdikdən sonra insan ingilislə də evlənər. Amma mən bir izmirli ilə evləndim.

 

- Aktyorluq sənətinə necə gəlmisiniz?

- Aktyorluq sənətinə gəlməyimin çox sadə bir səbəbi var. Mən əvvəllər gimnastika ilə məşğul olumuşam və hazırda da arabir davam etdirirəm. Bir gün teatr kursunun başlaması haqqında elan gördüm və maraq üçün müraciət etdim. Beləliklə, kursa başladım və çox xoşuma gəldiyi üçün davam etdirdim. O gündən bu sahədə fəaliyyət göstərməyə başladım və heç zaman buraxmadım. Maraq öyrənməyin «motoru»dur. Hər hansı bir işə maraq olmazsa insan heç nə öyrənə bilməz. Hələ də öyrənməyə davam edirəm. Bu işlə məşğul olan zaman hər dəfə yeni şeylər öyrənirsən.

 

- Aktyor kimi çox qısa müddətdə tanındınız. Bəs, uğurunuzun sirri nədir?

- Uğurumun sirri şansımı özüm yaratmağımdır. Hər zaman şansımı özüm yaradıram.

 

- Mübariz insansınızmı?

- Çox mübariz bir insanam. Qeyd etdiyim kimi, hər zaman şanısımı özüm yaradıram və yaratmaq məcburiyyətindəyəm. Başqa şansım da yoxdur. Şansımı özüm yaratdığım üçün də çox xoşbəxtəm. Çünki sənətdə qazaraq, dırnaqlayaraq irəliləmək lazımdır. Boş oturan zaman qarşısına şans çıxan insanlardan deyiləm. Ən böyük çarəmiz də çarəsizliyimizdir. Çarəsizlik insanı uğura aparır və bu günə qədər mənim həyatımda belə oldu. İşləmək, ayaqda dura bilmək lazımdır.

 

 

 

Rəqsanə

 

Üç nöqtə.- 2015.- 2 iyun.- S. 13.