Beytlər arasında məzmun bitkinliyi, məna ardıcıllığı yoxdur

Qəzəldir güli-bustani-hünər”

Dünya ədəbiyyatında qəzəlin ustadı kimi məşhur olan ölməz “qəlb şairimiz”       Məhəmməd Füzuli qəzəli, hər şeydən əvvəl, “hünər bağçasının gülü” hesab edirdi. Şairə görə qəzəl meydanı – hünərlərin meydanıdır. Çünki, əvvəla, qəzəlin əsas mövzusu, başda Füzuli olmaqla bütün qəzəlxanların öz yaradıcılıqları ilə təsdiq etdikləri kimi, məhəbbətdir. Məhəbbət isə son dərəcə mürəkkəb psixoloji halət, yüksək və zəngin hisslərin, duyğuların məcmusudur.

Kamil qəzəl nümunəsi yaratmaq üçün gərək, ilk növbədə, kamil məhəbbətin geniş mənası ilə sevən əsil aşiq olasan. Əsil aşiq olmaq da hələ kifayət deyildir. Bu əsil aşiqliyi – əsil məhəbbəti bütün dolğunluğu, zənginliyi və incəliyi ilə tərənnüm etmək üçün, həm də əruz vəznində yazmağı bacarmaq, lakonizm, zərif ruh, yüksək bədii dil tələb edən bir janırda tərənnüm etmək üçün böyük istedad sahibi olmaq lazımdır. Kamil sənətkar kamil aşiqlə vəhdət təşkil edəndə kamil qəzəl nümunəsi yaratmaq mümkündür. Bu keyfiyyətlər isə hər qəzəlnəvisə müyəssər olan sifətlər deyildir. Kamil aşiq – sənətkar Füzulidən sonra qəzəl meydanına – hünər bağçasına qədəm qoyan onlarla qələm sahibinin uğurlu və ya uğursuz aqibəti, cəhdi fikrimizi təsdiq edir.

Məhəbbət klassik lirikamızada ən əsas, ən yüksək mənəvi keyfiyyət kimi tərənnüm olunur:

            Xaqani, hər kəsin payı deyil eşq,

            Olmaz nakəslərə ondan nişana –     

deyən qədim və görkəmli şairimiz Xaqani eşqi məhz ən əsas insani duyğulardan biri hesab etmişdir. Məhəbbətə olan bu yüksək münasibət bir ənənə kimi Nizaminin, Həsənoğlunun, Nəsiminin və başqalarının yaradıcılığında öz hökmranlığını saxlamışdır. Belə zəmin üzərində təşəkkül tapıb inkişaf edən Füzuli öz qüdrətli qələmi ilə məhəbbəti bütün məzmunu, dolğunluğu, yüksəkliyi ilə birlikdə tərənnüm etmişdir. Füzuli ənənəsini davam etdirən onlarca şairimiz məhz Füzuli eşqinin məzmununu, norma və keyfiyyətlərini saxlamağa çalışmışlar.

“Eşqdir, hicridir, aləmdə vüsaldır məna” deyən Süleyman Rüstəm məhəbbəti sadəcə qız-oğlan münasibəti kimi deyil, mənalar və hikmətlər aləmi kimi qiymətləndirir və bu məhəbbəti öz oxucularına bu məzmunda da təqdim etməyə çalışır.

Füzuli lirikasındakı məhəbbət iradə və şüura tabe olmayan, əksinə, insanın iradəsinə hakim olan mənəvi bir qüvvədir:

            Ey Füzuli eşq məni qılma nasehdən qəbul,

            Əql tədbiridir ol, sanma ki, bünyadı var.

Deməli, məhəbbətin insan varlığına daxil olması və ya oradan çıxması “əql tədbiri” ilə baş verə biləz. Bu, məhəbbətin əsas keyfiyyətlərindən biri – onun qüdrət və qadirliyidir. Bu keyfiyyət S.Rüstəmin qəzəllərində özünü aydın  göstərir:

        Doğurur hər baxışın sevgi, məhəbbət məndə,

        Bil ki, səndəndir, əzizim, bu mətanət məndə. 

Bu beytdəki “səndəndir” sözünə diqqət edək. Şair “səndəndir” yazmaqla məhəbbətin məhz aşiqin özündən deyil, obyektdən – tam gözəlliyə malik məşuqənin təsirindən yarandığını ifadə etmişdir. Şair öz “əqlinin tədbir” ilə, ürəyinin istəyi ilə deyil, hər hansı bir kamil gözəlliyin təsiri ilə aşiqə çevrilir. Bu, Füzulli eşqinin – əsil eşqin əsas keyfiyyətinin S.Rüstəm qəzəllərində də yaşadığına nümunədir. Lakin təəssüf ki, bu keyfiyyət şairin bəzi qəzəllərində təhrif olunur. Məsələn, “Neyləsin” qəzəlinin axırıncı beyti belədir:

          Özgə bir gülüzlüyə versəm könül, ey bivəfa,

                Sən özündən küs, günahkarsan, Süleyman neyləsin?

Bu beytdən belə çıxır ki, aşiq öz könlünü müəyyən səbəbə görə (heç bir səbəb üzürlü sayılmır) bir gülüzlüdən alıb başqa bir gülüzlüyə verə bilər. Əlbəttə, əsl aşiqdə belə hərəkət baş verə bilməz. Baş verə bilərsə, o, əsl aşiq adlanmaz, hissi zəiflikdə təqsirləndirilə bilər.

“Mən Süleyman Rüstəməm, öz sevgilimdən dönmərəm” misrasında fikir təqdirəlayiqdir, lakin bu fikir öz dəqiq ifadəsini tapa bilmədiyindən aşiqin məhəbbəti yenə də iradənin qüvvəsi ilə baş verən mənəvi keyfiyyət kimi  nəzərə çarpır. Bizə elə gəlir ki, burada “dönmərəm” yox, “dönə bilmərəm” işlənməlidir. Çünki “dönə bilmərəm” demək – məhəbbəti candan, könüldən çıxara bilməmək deməkdir. Bəlkə də, bu dediyimiz xırdaçılıq təsiri bağışlayar. Lakin Füzulinin “hünər bağçası” adlandırdığı qəzəl janrında kamil əsər yaratmaq üçün nəinki fikir və ideyaya, söz birləşməsinə və sözlərə, hətta şəkilçilərə və hissəciklərə də son dərəcə diqqətli və dəqiq münasibət bəsləmək lazımdır.

Ümumiyyətlə, S.Rüstəm məhəbbət qəzəllərində Füzuli eşqinin – əsl eşqin məzmununu saxlamağa çalışmışdır. Məhəbbət onun qəzəllərinin əsas mövzusudur, lakin yeganə mövzu deyildir. Ədəbiyyatımızda siyasi lirik kimi məşhur olan şair ictimai-siyasi məzmuna malik qəzəllər də yazmışdır. Vahid kimi o da Füzuli lirikasındakı həyati ünsürləri inkişaf etdirmiş, bunu bir üslub şəklinə sala bilmişdir. Şairin qəzəllərində ictimai həyatın nəfəsi, çox qüvvətlidir. Onun Azərbaycana, Qubaya, Təbrizə, Xəzərə, dostluğa – konkret mövzulara qəzəllər  həsr etməsi məhz onun bu ictimai həyata baxışları ilə bağlıdır.

S.Rüstəmin Cənub mövzulu qəzəllərindən “Təbrizli gözəllər” şeirində oxuyuruq:

        İlham ala bilməz o qaranlıq gecələrdən,

        Vicdanı təmiz, taleyi gündüzlü gözəllər.

Bu beytdə tərənnüm olunan təbrizli gözəllər Quba gözəlləri kimi xoşbəxt və fərəhli deyillər. Çünki “vicdanı təmiz, gələcəyi gündüzlü” olan bu gözəllər “qaranlıq gecələrdən”, həbsxananı andıran bir mühitdən, ölkədən ilham alıb sevinə bilməzlər. Sevinc və bəxtiyarlıq qaranlıq gecələrdən deyil, günəşli gündüzlərdən doğar!

S.Rüstəm qəzəllərinin klassik və müasir qəzəllərdən fərqli, özünəməxsus ruhu vardır. Əgər Füzuli qəzəllərinə ictimai kədər, ağır, möhtəşəm ruh, Vahid qəzəllərinə incəlik, kövrəklik və şuxluq hakimsə, S.Rüstəm qəzəlləri, əsasən, mübariz ruha malikdir. S.Rüstəmin siyasi lirikasına xas olan döyüşkənlik və kəskinlik qəzəllərində də özünü göstərir. Cənub mövzulu qəzəlləri ilə o, çox qədim tarixə malik olan qəzəl janrına, bir sıra XX əsr şairlərimiz kimi, yeni “ab-hava”, siyasi məzmun gətirmişdir. O, azadlıq arzularını, inqilabi ideyalarını, coşğun duyğularını təsəvvürümüzdə məhəbbət şeiri kimi daşlaşmış qəzəl janrında məharətlə ifadə etmişdir:

        Xəzan vursa bağçanı, çiçəyimi verərəm,

        Süfrəndə şey tapmasan, çörəyimi verərəm!

        Amansız olsun deyə zərbən cəllad başında,

        Biləyinə köməkçi biləyimi verərəm!

        Azadlıq vuruşunda ürəyin parçalansa,

            Qoparıb bu sinəmdən ürəyimi verərəm!

Təşbeh Füzuli lirikasında zəruri bir bədii vasitə kimi işləndiyi kimi, onun davamçıları tərəfindən də geniş şəkildə istifadə olunmuşdur. Lirik şeir üçün zəruri olan bu vasitəyə – təşbehə S.Rüstəmin qəzəllərində də əsas bədii vasitə kimi rast gəlirik:

            Gülər üzünlə əgər gülməsən mənim üzümə,

            Kədər buludları oynar üzümdə axşamlar.

Bu beytdə gözəl təşbeh nümunəsi yaradılmışdır. Təşbehdə bənzədilənin adı (Günəş) çəkilmir. Lakin beytin ümumi mənasından aydın olur ki, gözəlin gülüşü Günəşin şəfəqinə bənzədilmişdir. Günəşin olması ilə axşamlar göy üzündə qara buludların oynaması hadisəsi gözəlin gülüşünün olmaması ilə aşiqin üzündə “qəm buludunun” oynaması hadisəsi qüvvətli bədii məntiq əsasında bir-birinə “qaynaq” edilmişdir.

S.Rüstəmin bəzi qəzəllərində lirik aşiqin zəngin könül dünyası məhz zəngin bədii dillə, obrazlı, təsirli lövhələrlə, səhnələrlə deyil, təmtəraqlı sözlərlə, quru pafosla, hay-küylə əks olunur ki, bu zaman oxucu aşiqin əhvalından təsirlənmir, qəzəl isə bədii zövq vermək keyfiyyətini itirir. “Neyləsin”, “Bəsdir, gözəlim!”, “Məni” kimi qəzəllərində bu nöqsanları görmək mümkündür. Məsələn; “Məni” qəzəlini oxuyuruq:

            Görməyib bir kəs həyatda məhəbbətsiz məni,

            Hər sözümdə, hər işimdə bu həqiqətsiz məni.

            Sevmişəm cananımı candan əziz, aləm bilir,

            Kimdə var cürət, hesab etsin sədaqətsiz məni.

            İstərəm, eşqində cananım vəfasız olmasın,

            Bir düşünsün, etməsin hər yerdə hörmətsiz məni.

Bu beytlər qeyri-təvazökar aşiqin (əslində, qeyri-təvazökar aşiq yoxdur) təmtəraqlı, gurultulu, sözlərindən ibarətdir. Bu sözlər emosiyadan, hiss və duyğudan məhrum olduğu üçün məhz söz olaraq qalır. Qəzəl bədii cəhətdən də kasıbdır. Bundan başqa, Vahidin bəzi qəzəllərində (habelə M.Seyidzadənin də qəzəllərində) müşahidə etdiyimiz nöqsanı – beytlər arasında məzmun bitkinliyi, mətləb, məna ardıcıllığı olmamasını S.Rüstəmin də bəzi qəzəllərində görürük. Hətta şairin bəzi qəzəllərində fikir dolaşıqlığı da vardır. Məsələn:

           

   Dərin bir-bir, qalım razı, həyatda gül də tək qalmaz

               Hamı güldəstə bağlarsa, bağımda gül-çiçək qalmaz.

       

           Bir gözəl ki, bilməyə can harda, canan hardadır,

           Haqqı yoxdur söyləsin ən yaxşı insan hardadır.

Birinci beytdə əvvəlcə deyilir ki, bağımdakı gülləri dərin, razı qalım, sonra isə narazılıqla deyir ki, hamı güldəstə bağlasa, bağımda gül çiçək qalmaz. “Həyatda gül də tək qalmaz” ifadəsi beytin ümumi mənası ilə heç cür uyğunlaşa bilmir. İkinci beytdə isə deyilir ki, bir gözəl can və canan yerini bilməsə, onun ən yaxşı insanın yerini deməyə haqqı yoxdur. Qəribə məntiqdir! Əvvəla, bilinmir ki, bu gözəl kimdir və o, nə üçün “canın” və “cananın” yerini bilməlidir. “Haqqı yoxdur” ifadəsi yerində işlədilməyib. Axı, “canın” və “cananın” yerini bilmədən – ən yaxşı insanın yerini bilmədən, haqlı ya haqsız, onun yerini necə söyləmək olar?                       S.Rüstəm qəzəllərində nəzərə çarpan bu nöqsanlar məhz formaya məzmunun qurban getməsinin nəticəsidir. Qəzəllərin qafiyə quruluşunda da bir yeknəsəqlik vardır. “Süleyman” sözünü qafiyə yerində işlətmək üçün qafiyələr çox zaman “an” hissəcikli sözlərdən təşkil olunur ki, bu da, dediyimiz kimi, qəzələ bəsitlik və yeknəsəklik gətirir.

Biz, Süleyman Rüstəmin Füzuli irsindən, onun klassik ənənələrindən necə qidalanmasını, Azərbaycan şeirinin inkişafında şairin qazandığı böyük nailiyyətləri göstərərkən, əsasən, qəzəl janrına müraciət etdik. Şübhə yoxdur ki, əgər S.Rüstəm yaradıcılığında ənənə və novatorluq problemi yalnız bu mövqedən tədqiq olunarsa, biz həqiqətdən uzaq düşərik. S.Rüstəmin bütün janrlarda yazdığı əsərlərində onun belə bir doğru yolla getməsi, şairin Azərbaycan və dünya ədəbiyyatı ənənələri ilə üzvi əlaqəsi aydın hiss olunur. Bu problemin öyrənilməsi geniş bir tədqiqtın mövzusu olduğundan, biz yalnız S.Rüstəmin Füzuli qəzəllərindən necə öyrənməsi və müasir şəraitin tələbləri ilə ayaqlaşa bilən qəzəllər yazması probleminə qısa olaraq nəzər saldıq. 

Sərvər Şirinov

Üç nöqtə.- 2016.- 2 sentyabr.- S.5