​“Vicdanın nə tərifi var, nə də ölçüsü...”

Nadir Əzməmmədov 3 fevral 1953-cü ildə Şamaxı rayonunun Nərimankənd kəndində anadan olub.  1972-1977-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda dram və kino aktyorluğu ixtisası üzrə təhsil alıb. 1980-cı ildə Moskvada Gənc Kinematoqrafçıların Ali Kursunu bitirib.

Yaradıcılığa 1978-ci ildə "Azərbaycanfilm" kinostudiyasında bədii filmlərdə rejissor assistenti kimi başlayıb. Bir sıra filmlərdə ikinci rejissor, aktyor, rejissor assistenti olub. 31 iyul 2017-ci ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.

Nadir Əzməmmədovla söhbətə elə fəxri ad alması mövzusu ilə başladıq...

-20 ildir kinoda deyiləm, buna baxmayaraq fəxri ad üçün məni də siyahıya əlavə ediblər, sağ olsunlar. Bu gün özümü fəxrlə təqdim edib deyirəm ki, mən Prezident tərəfindən “Əməkdar mədəniyyət işçisi” adına layiq görülmüşəm. Bu, mənim üçün çox gözlənilməz oldu.  Axı uzun müddətdir, kinodan uzaq idim. Düzdür, filmlərə, seriallara dəvətlər var...

-Nadir müəllim, gəlin yaradıcılığınıza qısa nəzər salaq. Nə vaxt, necə  və nədən başladınız?

- Indiyədək 20-dən şox filmdə işləmişəm. Aktyor, rejissor köməkçisi və ikinci rejissor olaraq. Kinoda ilk işim 1978-ci ildə mərhum Şamil Mahmudbəyovun çəkdiyi “Od içində içində” filmində rejissor  köməkçi olub. Deyim ki, Şamil müəllimlə işləmək böyük bir məktəb keçmək deməkdir. Kinonun sirlərini məhz ondan öyrənirdim. Sonra çoxlu filmlərdə işlədim-Oqtay Mirqasımovla, Əjdər İbrahimovla, Əbdül Mahmudovla və başqaları ilə. Məhz bu sənətkarların dəstəyi ilə Azərbaycan kinosunda kiçik də olsa bir iz qoya bilmişəm. 1980-ci ildə məni Moskvaya- Ali Kursa göndərdilər. Təhsilimi tamamlayıb qayıtdım kinostudiyaya,  Oqtay Mirqasımovun “Şeytan göz qabağında” filmində ikinci rejissor kimi işə başladım.Onun da mənə çox böyük köməyi olub. Ümumiyyətlə, sovet dönəmində film çəkilişləri olduqca məsuliyyətli, əhəmiyyətli və fəxr ediləcək bir iş idi. Hər adama film etibar etmirdilər. Artıq öz sözünü demiş, bu aləmdə nüfuzu, mövqeyi olan sənətkarlardan biri gərək mütləq sənə dəstək olaydı, hamı da fikirləşəydi ki, məsələn, Nadirə filankəs zaminlik edir. Baxın, Oqtay Mirqasımov bu mənada mənə güvəndi, öz filmində məni kinci rejissor olaraq heyətə saldı...

-Taleyiniz elə gətirib ki, əksər filmlərdə həm rejissorluqla məşğul olmusunuz, həm də aktyor olaraq rol almısınız.

Bunlardan hansı daha çətindir?

-Bir cümlə ilə desəm, təsəvvür edin ki, rejissor işin sahibidir, aktyor asılıdır. Amma bu da var ki, aktyor olmaq müəyyən mənada rahatdır. Gəlirsən çəkiliş meydançasına, hamı sənin qulluğunda dayanır, yaradıcı heyət ətrafında fırlanır, qayğına qalırlar və çəkilirsən. Səhnə bitdi və sərbəstsən. Rejissorun işi bu mənada çətindir, lap başlanğıcdan sonadək hər şeyi hesablamalıdır. Hamını düşünməlidir, hər şeyi nəzərə almalıdır, çətinliklıri aradan qaldırmalıdır, bütün işləri yoluna qoymalıdır və s...

-Oynadığınız rollardan ürəyinizə ən çox yatanı...

-Düzü, deməkdə çətinlik çəkirəm. Onların hamısını mən yaratmışam, hamısına zəhmət çəkmişəm, bir-bir onların həyatını yaşamışam... Amma “Qara Volqa” da da, Rövşən İsaxın “Sonuncu fəsil” serialında da müstəntiq və hüquqşünas rollarını yaratmışam. Bu rollarda daha ağayana, ağsaqqal, tədbirli idim. Bax bu, çox ürəyimcə olub.

-Rol demişkən, çəkiliş bitəndən sonra uzun müddət, aylar ərzində yaşatmağa və yaşamağa çalışdığınız o rollardan çıxmaq, real Nadir Əzməmmədov olmaq çoxmu çətindir?

-Aktyorun işi budur. Aktyor odur ki, obrazdan obraza keçə bilsin...

-Onda gəlin, elə sonuncu filminizdən danışaq: “Vicdan haqqı”

-Bəli, çox uğurlu filmdir. Reytinqləri yüksəkdir. Heyətin peşəkarlığı, işini bilən insanların bir arada çalışması, təbii ki, öz nəticəsini göstərir. Sentyabrdan növbəti mövsümü başlayacaq. Bu serialdakı rolum tam fərqlidir. Sakit ata, bəxtsiz, talesiz bir kişi, mədəni həyat yoldaşı, tərbiyəli kiçik qardaş... Mənim övladım olmur, böyütdüyüm qız böyük qardaşımın qızıdır. Ərköyündür. Onunla bağlı qərar verə bilmirəm, mütləq qardaşımla məsləhətləşməliyəm və bu, əslində mənim faciəmdir. Şünki məndə həm atalıq hiss var, həm də yoxdur. Həm atayam, həm də deyiləm. Qısası, ortada qalmış bir insan. Guya qızım var, amma onunla bağlı heç bir müstəqil fikir yürüdə bilmirəm. Yəni əsl ata olaraq haqqı olmayan biriyəm.

-Deyəsən, serialın izləyicilərini yeni sürprizlər gözləyir...

-Yeni mövsümdə gözlənilməz hadisələr olacaq, təbii ki. Ancaq bunları açıqlamaq olmur. Çünki bu gün ssenaridə dəqiqləşmiş bir səhnə ola bilsin ki, 1 gün sonra tamamilə dəyişdirilsin. Təkcə onu deyə bilərəm ki, serialdakı qızımla aramızda əməlli insident yaşanacaq. O gəncdir, hər şeyi istədiyi kimi görmək, istədiyi kimi yaşamaq istəyir. Baş verənlərə adi bir hal kimi yanaşır. Onun düşüncəsi, təfəkkürü tam başqadır. Amma biz yaşlı nəsil üçün əxlaq, dəyər başqadır axı. Bir qızın evinə oğlan gətirməsi bizim cəmiyyətdə nə dərəcədə qəbul oluna bilər ki? Bax, beləcə, Dilbəri başa salmaq cəhdlərim boşa çıxır deyə, mən də məcbur qalıb...onu cəzalandırıram, yəni vururam...

-Nadir müəllim, olubmu ki, oynadığınız rolun hasısa bir epizodunda rejissor işinizi bəyənməyib tam fərqli bir tərz istəsin və siz də düşünəsiz ki, əslində məhz bu epizodda işinizin öhdəsindən tam olaraq gəlmisiniz, siz haqlısınız...və rejissora etiraz edəsiniz?

-Yaradıcı prosesdə mütləqdir ki, mübahisələr olsun. Bunsuz mümkün deyil. Amma bir qayda olaraq rejissorla razılaşmalıyıq. Ola bilər həmin an üçün aktyor  özünü haqlı bilsin və təkid etsin, ancaq rejissor 5 seriya bundan sonranı da fikirləşir axı.  O bilir ki, nədən sonra nə gələcək, nəyi necə etmək lazımdır ki, növbəti seriyalarda baş verəcək hadisələrin təməli qoyulsun.

-Vicdan haqqı nədir, Nadir müəllim?

-Bu, olduqca ağır məfhumdur. Vicdanın nə tərifi var, nə ölçüsü. Bu bir dəyərdir. İnsanın özünün özündən soruşduğu hesabatdır. Dövr dəyişib, münasibətlər dəyişib, insanlara inam itib. Heç nəyə etibar etmək olmur... Məsələn, serialda biz yoldaşımla oturub dərdləşəndə nə zaman ki, mən onun öz övladımız olmadığı üçün dərd elədiyini hiss  edirəm, o zaman çəkdiyim vicdan əzabının təsviri də yoxdur.

-Filmlərdə hərdən oynadığınız rolu basşqaları səsləndirir...

-Bəli, məsələ belədir, nəyə görə filmlərdə oynadığın obrazın səsləndirilməsini başqasına həvalə edirlər? Olur ki, aktyor müsbət obraz yaradıb, ancaq səs tembri, diksiyası bu rolu səsləndirməyə imkan vermir. Ya da əksinə, mənfi obrazdayam, yenə səsim uyğun deyil. Yaxud da, hərdən aktyorun oyunu zəif alınır və o halda rejissor səsləndirmədə dublyordan istifadə edir ki, heç olmasa səs ilə gücləndirsin obrazı.

-Sənətlə bağlı nə qaldı ürəyinizdə? Nəyi arzulayıb həyata keçirə bilmədiniz?

-Təəssüf, biz sənətdə öz yerimizi tapmadıq. Çünki elə bir dövrə düşdük ki, getdik,  Moskvada oxuduq, gəldik, böyük rejissorlarla işlədik. O dövrdə bu sənətdə  yalnız mərhələ-mərhələ irəliləmək mümkün idi. Köməkçi olardıq, asistent olardıq, ikinci rejissor, nəhayət, sonda sənə etibar edib kiçik bir film verərədilər və beləcə quruluşçu rejissor ola bilərdin. Mən ikinci rejissorluğa qədər çatdım...ancaq ondan sonra dövr dəyişdi, kinostudiya bağlandı, filmlər çəkilmədi və artıq yaradıcı Nadir Əzməmmədov yox,  ailə başçısı Nadir müəllim kimi düşünməyə məcbur oldum. Dövlət qurumlarında işləməyə başladım. Bir müddət gömrük komitəsinin mətbuat xidmətində çalışdım, sonra  Dövlət Dəmir Yolu İdarəsinə gəldim. Ancaq bu da bir tarixdir. Bu zaman ərzində gördüyüm işlərlə də yaradıcı yanaşdım. Bədii filmlər  çəkmək qismət olmasa da, sənədli filmlər çəkdim, yenə videoçəkilişlər etdim... Beləcə, tarix yaratmağı və tarixdə qalmağı bacardım... Bu gün kino çəkilişinə dövlət qayğısı var və bu, ümidverici faktdır. Dövlətin diqqəti olan sahədə inkişaf mütləqdir...

Üç nöqtə.- 2017.- 19 dekabr.- S.12.