Dinimiz milli-mənəvi sərvətimizdir”

 

Ölkədə heç kim heç vaxt dini baxışına, inancına görə təqib olunmayıb və sıxışdırılmayıb

Bu gün Azərbaycan müxtəlif dinlər arasında səmimi münasibətlərin hökm sürdüyü, yüksək tolerantlıq mühitinə malik bir ölkəyə çevrilib. Vətəndaşlar Prezident İlham Əliyevin yürütdüyü siyasətdən, dini dəyərlərə olan ehtiramdan çox razıdırlar. Bu, Azərbaycanda tolerant mühitin formalaşmasında və ölkəmizin inkişaf etdirilməsi, güclənməsində önəmli rol oynayır. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib: "Bizim ən ümdə məqsədimiz müstəqil dövlətimimizi inkişaf etdirmək, gücləndirmək, bununla yanaşı milli-mənəvi dəyərlərimizi, dini və milli kimliyimizi qoruyub saxlamaqdır. Azərbaycan İslam ölkəsi sayılır, İslam dininin rəmzi sayılan yaşıl rəng bizim bayrağımızda əks olunub və İslam bizim mənəvi dəyərimizdir. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Dinimiz-milli-mənəvi sərvətimizdir”. Biz hər hansı xarici qüvvələrə milli-mənəvi dəyərlərimizə müdaxilə etməyə imkan verməyəcəyik. İndi ideoloji mübarizə gedir. Bizim ideologiyamızın adı “Azərbaycançılıq”dır".  

M.Qurbanlı ölkədə dövlət-din münasibətlərindən danışaraq qeyd edib ki, Azərbaycanda heç vaxt dini radikalizm olmayıb, amma vaxtilə siyasi radikalizmin ölkəyə necə ziyan gətirdiyinin şahidi olmuşuq. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə ölkəmizdə siyasi radikalizmə də son verilib və sabit inkişafın əsası qoyulub. " Ümummilli liderimizin hakimiyyətə yenidən qayıdışından sonra bu sahədə görülən işlər ölkədə dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması və möhkəmləndirilməsinə səbəb oldu. Dini etiqad azadlığına geniş imkanlar açıldı və nəticədə dini icmaların normal fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradıldı, xalqın milli mənəvi dəyərlərinə qayıdış sürətləndi".

Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət-din münasibətləri sayəsində bu gün Azərbaycanın tolerantlığı, multikultural ənənələrə sadiqliyi ilə bütün dünyaya örnək göstərilən ölkələrdən biridir. Mübariz Qurbanlı bildirib ki, dövlətimizin başçısının sərəncamları, tapşırıq və tövsiyələri ilə ölkəmizdə onlarla məscid tikilib, təmir və bərpa olunub, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilir və bu, dini zəmində  Azərbaycanda müxtəlif məzhəblərə mənsub insanların məscidlərdə birgə ibadət etmələri təmin olunur. İslam dini üzrə gənc, peşəkar dini və dünyəvi biliklərə malik ixtisaslı kadrların hazırlanması diqqət mərkəzində saxlanılır".

O bildirib ki, prezidentin apardığı siyasət nəticəsində Azərbaycanda milli mənəvi dəyərlər həmişə diqqət mərkəzində olub: "Bütün dinlərə hörmət göstərilir, qarşılıqlı münasibətlər yüksək səviyyədədir. Milli mənəvi dəyərlərin tərkib hissəsi olan islami dəyərlərə xüsusilə hörmətlə yanaşılır. Azərbaycanda İslam dininin aparıcı din olması rəsmi şəkildə təsbit olunmur. Lakin biz İslam dininin dəyərlərini daim qorumuşuq".

Komitə sədri deyib ki, Azərbaycanda İslam dini ilə yanaşı, digər dinlərin nümayəndələri də fəaliyyət göstərir və onlara heç bir maneə yoxdur: Bu, Azərbaycan Konstitusiyasında da təsbit olunub. Ölkədə heç kim heç vaxt dini baxışına, inancına görə təqib olunmayıb və sıxışdırılmayıb. Müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşən Azərbaycan bütün dünyaya tolerantlıq nümunəsidir. Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa mühüm töhfə verir, ölkəmizdə multikultural mühit hökm sürür".

M.Qurbanlı əlavə edib ki, insanlar arasında ayrı-seçkilik və onların sıxışdırılması təhlükəli nəticələrə gətirib çıxara bilər: "Həyat göstərir ki, insanlar mütləq bir araya gəlməlidirlər, sülh, dostluq şəraitində yaşamalıdırlar. Ayrı-ayrı dinlər, mədəniyyətlər arasında qarşıdurma bəşəriyyət üçün təhlükə yarada bilər. Azərbaycanda insanlar digər dinlər və mədəniyyətlərdən bəhrələnsələr də, adət-ənənələrini və İslam dininin dəyərlərinə sadiqliyini dəyişməyiblər".

Komitə sədri qeyd edib ki, bu gün ölkəmizin hər kəs üçün multikultural məkana çevrildiyi təkzibedilməz faktdır. Azərbaycanda yaşayan müxtəlif xalqlar, mədəniyyət və din ardıcılları arasında qarşılıqlı hörmətin, birgəyaşayış ənənəsinin mövcudluğu əksər dünya ölkələri, beynəlxalq təşkilatlar, diplomatlar, din xadimləri tərəfindən də qəbul edilir və müxtəlif tədbirlərdə bir çox dövlətlər üçün örnək göstərilir. "Bu gün müsəlman dünyasında din amilindən istifadə edərək yaradılan qarşıdurmaların qarşısını almaq üçün alternativ yollar tapmağa hər zamankından daha çox ehtiyac var. Bu yol isə dini tolerantlığın, birgəyaşayışın, multikultural dəyərlərin, eyni zamanda, müsəlmanlar arasında həmrəylik ideyasının təbliğ və təşviq olunmasından keçir".

Mübariz Qurbanlı vurğulayıb ki, bu cür xoşagəlməz halların qarşısını almaq üçün dünyaya İslamın sülh dini olduğunu və müsəlmanların terrorçu deyil, dinindən, irqindən, sosial mənsubiyyətindən asılı olmayaraq hər kəsə dözümlü, bərabər yanaşan toplumlar olduğunu çatdırmağa ehtiyac duyulur. Necə ki, xalqımızın sahib olduğu bu dəyərlər artıq ölkəmizdə həyat tərzinə çevrilib və biz bununla dünyayabu yolun alternativi yoxdur” mesajını verməkdəyik.

Komitə sədri bildirib ki, İslam həmrəyliyi istiqamətində görülən işlər islamofobiya, İslamın gözdən salınması, bu dinin terrorla eyniləşdirilməsi istiqamətində aparılan kampaniyaya da çox ciddi zərbə vuracaq. “İslam Həmrəyliyi İli” çərçivəsində İslam dünyası ilə digər dini konfessiyaların mövcud olduğu ölkələr arasında həmrəylik bağı yaradılacaq. Bu da İslam həmrəyliyinə böyük töhfə verəcək. “İslam Həmrəyliyi İli” də ölkəmiz və bütün İslam dünyası üçün uğurlu illərdən biri olacaq. Bu il İslam mədəniyyətinin təbliği və təşviqi, İslam dininin olduğu kimi dünya ictimaiyyətinə çatdırılması, ən əsası İslamı gözdən salan dairələrin hərəkətlərinə qarşı arqumentlərin ortaya qoyulması istiqamətində verilən töhfələrlə yadda qalacaq.

Mübariz Qurbanlı qeyd edib ki, bu gün beynəlxalq aləmdə özünəməxsus yer tutan və İslam Əməkdaşlıq Təşkilatında birləşən müsəlman ölkələri dünya əhalisinin təqribən 22 faizini təşkil edir. Bu göstəricinin 2050-ci illərdə 30 faizə yaxınlaşacağı ehtimal olunur. Bu isə onu göstərir ki, İslam faktoru dünya siyasətində çox ciddi rol oynayır. Biz bilirik ki, İslam dünyasında bəzi məsələlərlə əlaqədar ziddiyyətlər, fikir ayrılıqları var, ayrı-ayrı müsəlman ölkələri arasında qarşıdurmalar mövcuddur”, – deyən komitə sədri vurğulayıb ki, İslam dini adı altında fəaliyyət göstərən terror təşkilatlarını dəstəkləyən qrupların dünyada islamofobiya meyillərinin artmasına rəvac verdikləri danılmaz faktdır. Təəssüf ki, Avropa ictimai rəyini diqqətlə izləsək, bütün terror aktlarının İslam dini ilə əlaqələndirildiyini görərik. Halbuki, ümumilikdə dünya üzrə terrorların 70 faizi müsəlman, 5 faizi isə Avropa ölkələrində baş verib. Lakin dünya mediasında aparılan məqsədyönlü informasiya siyasəti nəticəsində 5 faizin ətrafında qoparılan hay-küy 70 faizin səsini batırıb. Müsəlman ölkələrində terror törədənlər İslam adı altında fəaliyyət göstərən və bəzi dairələr tərəfindən maliyyələşdirilən qruplardır.

 Biz İslamı elmi-maarifçilik nöqteyi-nəzərindən təbliğ etməliyik".

"İslam mütərəqqi ruha, ülvi dəyərlərə, zəngin elmi-mədəni irsə malik dindir" deyən komitə sədri bildirib ki, bu gün ictimaiyyət, xüsusən də gənclər arasında İslam dini məhz bu yöndən təbliğ olunmalı, radikal meyllərin qarşısının alınmasında maarifçilik prinsipi əsas götürülməlidir.

Üç nöqtə.- 2017.- 10 mart.- S.5