Gənclik gedəndən sonra sevgi şeirləri yazmaq olmur” – Şairə-dramaturq Kəmalə Ağayeva Ramilə Qurbanlının “Gərdişi-dövran” layihəsində...

Onun imzasını tanıyanda hələ orta məktəbin aşağı siniflərində oxuyurdum. Aşağı deyəndə ki, yəni sevgi şeirlərinə maraq yaranan yaşda idim. “Azərbaycan”, “Ulduz” jurnallarını əlimə alan kimi axtardığım imzalar sırasında bir imza daha çox yadımda qalıb - Kəmalə Ağayeva.

Son vaxtlar Teatr Xadimləri İttifaqında bir yaşlı, amma yaşına xas olmayacaq dərəcədə abırlı bir xanım diqqətimdən yayınmadı. Soruşdum kimdir? Dedilər Kəmalə Ağayevadır.

Həm Yazıçılar Birliyinin, həm də Teatr Xadimləri İttifaqının üzvüdür.  Tərcümə işlərinin, şeirlərinin sayı-hesabı yoxdur. Pyesləri səhnədə, televiziyada oynanılıb.

- 10 yaşımdan şeir yazırdım. Naxçıvanın bir şairəsi var, Heyran xanım, 6-cı sinifdə oxuyanda onun yaradıcılığını öyrənirdim. Mənə qəribə gəlmişdi ki, qadın da şeir yazarmış, ona görə də tam yaradıcılığı ilə tanış olmağa qərar verib oxudum. Bir də gördüm ki, qələmi alıb əlimə özüm də şeir yazmağa başlamışam. İlk şeirlərimi yazmağa belə  başlamışam. İlk şeirimin adı “Bahar” oldu.

Gəlir sevimli şən bahar,

Üçub gəlir gözəl quşlar,

İnsanların ən sevdiyi,

Gözəl bahar, gözəl bahar.

Atam da şeir yazan idi, Sabiranə şeirlər yazırdı. Mən bu baradə sonralar bildim, özüm artıq şeirlər yazandan, çap olunandan sonra. Bir gün atam öz şeirlərini mənə göstərib dedi ki, mən satirik şeirlər yazıram, sən daha çox lirik üslubda işləyirsən. 

Məktəbdə biləndə ki, şeir yazıram, alıb divar qəzetlərinə verdilər. Sonra  müəllimlərimgöndərirdilər “Pioner” qəzetinə, başqa qəzetlərə. Heç bəzən özümün xəbərim olmurdu, nə bilirdim harda hansı qəzet çıxır.

Orta məktəbi bitirib Xarici Dillər İnstitutuna daxil oldum. Fransız dili üzrə təhsil alırdım. İnstitutda ədəbiyyat dərnəyi vardı. Rəfiqələrim şeytanladılar ki, Kəmalə şeir yazır, məni də cəlb etdilər dərnəyə. Qızlardan incidim ki, niyə məni satdınız? Elə bilirdim şeir yazmaq və üstəlik onu bəyan eləmək ayıb bir işdir. Dərnəkdə utandığımdan şeirlərimi oxuya bilmirdim. Dərs danışmağa da utanırdım. Müəllim gedib pəncərənin yanında dururdu, deyirdi səsin bura çatmasa əla danışsan da iki yazacam. Dərnəkdə də gördülər öz şeirlərimi demək istəmirəm, başqa bir qıza oxutdurdular mənim şerlərimi. Qız şeri deyib qurtaran kimi hamı qalxıb ayaq üstdə alqışladılar və müəllifin səhnəyə çıxmasını tələb elədilər. Yaşımla şeirlərim tərs mütənasib idi, məni görən deyirdi ola bilməz ki, bu şeirləri belə bir qızcığaz yazmış olsun.Gördüm məni çağırırlar inanmazsınız girdim kreslonun altına, boy-buxunum da balaca məni tapa bilmədilər.

Mətbuatda çap olunan ilk şeirim “Hilal olaydım” oldu. Əli Kərim “Azərbaycan” jurnalında çap etdirdi.

Ey hilal, hüsnünə salamlar olsun,

Dolan o göylərdə gözəlliyinlə,

Sən parla, hilallı axşamlar olsun,

Dol mənim ruhuma düzənliyinlə.

Şeir çap olunandan sonra Əli Kərim rəhmətlik dedi ki,Yazıçılar İttifaqında deyirlər ki, bu qız niyə göylərə can atır, hilalla nə işi var yerdən yazsın. Bir halda ki, göylərlə işi var birdəfəlik ay olsun, hilal yox. Dedim mən hələ ay ola bilmərəm, yaşım azdır hilala uyğun gəlirəm. Rəhmətlik dedi sənin yerin ədəbiyyatdır. Belə gəldim ədəbiyyat dünyasına.

“Hilal olaydım” şerimi Aydın Qaradağlı radioda jurnalın xülasəsini verəndə oxumuşdu. O vaxt jurnallar da çox oxunurdu, çap olunurdunsa dərhal tanınırdın. Aydın Qaradağlının da şerimi radio ilə oxumağı üstəlik. Onun da gözəl şeir oxumağı vardı. Yoldaşım həmin şeiri eşidir və düşünür ki, bunu yazan qız kimdirsə tapıb onunla evlənəcəm. Görünür qismət belə olur. Onun o vaxtlar 30 yaşı vardı, mənimsə 18. Buna qız bəyəndirə bilmirlərmiş, evlənməyi müşkülə dönübmüş. Bunun bir qohumu bizim məhəllədə yaşayırdı. Deyir ki, filan adda şairə qız var, onu axtarıram, qohumu deyir ki, bəs, o qızbizim məhəllədə olur.

Biz də üç rəfiqə idik, həm orta məktəbi bir qurtarmışdıq, həm eyni ildə eyni ali məktəbə qəbul olunmuşduq. Tətilə də bir gedib bir qayıdardıq. O, qızlar yaşca məndən böyük idilər və məni həmişə ortaya salıb qoruyardılar.  Üçümüz də bir-birimizin ailələrinə də tətil vaxtı gedib baş çəkərdik. İndi də gedirdik qızlardan biri gilə. Qohumu ona xəbər verib ki, qız tətilə gəlib. Bu da gəlib məhəlləyə gözləyib məni. Kənardan görüb gedib evlərinə deyib ki, bu günü itirmək belə səhv etmək deməkdir. Həmin gün elçi gəlirlər, mən də qızlardan biri ilə onlarda qalmışam. Anam gilin nəzəri ilə münasib namizəd olur razılıq verirlər. Atam deyir ki, bu qız onsuz da deyir ki, mən ərə getməyəcəm,  yaxşısı budur elə lazım bildiyimiz adam verək bunu çıxıb getsin. Həmişə deyirdim ki, mən ata-anamı qoyub ərə getməyəcəm, ayıbdır adam da belə vəfasızlıq edər?  O qədər uşaq düşüncəli idim ki, ailə qurandan bir ay sonra dedim ki, sizdə nə qədər qalacam, daha evimizə getmək istəyirəm. Hamı güldü mənə, yoldaşım dedi ki, səni bir aylıq yox, həmişəlik gətirmişəm.

Tezliklə nişanlandıq, bir il sonra toyumuz oldu. Mənim həyatımda onun çox böyük rolu olub. Ona görə də söhbəti məmnuniyyətlə həyat yoldaşımdan saldım. Onun çiyinləri üstündə yüksəldim.

20 yaşımda birdən-birə bütün Azərbaycana tanınmağımın səbəbkarı da yoldaşım olub. Bir il idi evlənmişdik. 8 mart günü yoldaşım mənə bir kitab bağışladı. Dedi ki, şairəyə kitabdan böyük hədiyyə ola bilməz. Baxdım ki, Məhsətinin rübailəridir. Dedim nə gözəl hədiyyədir bu.  Yoldaşım teatr rəssamı idi. Mən də ona danışmışdım ki, uşaq vaxtı necə səhnəciklər qururdum, tamaşalar hazırlayırdım. Dedi ki,oxu, Məhsəti açılmamış qapıdır, onun həyatını səhnəyə gətirə bilsən yaxşı olar, özü də bacararsan. Deyirdi ki, yazmaqdan başqa heç nə bacarmırsan. Bu mənə siqnal oldu. Başqa heç bir iş görə bilmədim, heç nə yaza bilmədim. Bütün fikrimi Məhsəti məşğul elədi. Rübaini oxuyub səhnəni qururdum. Yazdığım rübailər də Məhsətinin rübailərinə bənzəməyə başlayırdı. Yoldaşıma dedim ki, apar məni Bakıya arxivlərə baxım görüm Məhsəti haqqında nə var. Gəldik axtardım çox az məlumat tapdım. İşlədim hazırladım yaxşı bir pyes yazdım. Naxçıvan teatrı o pyesi dörd dəfə hazırlayıb. 21 yaşım vardı onu yazanda hamı deyirdi ki, yəqin kimsə kömək eliyib, tək yaza bilməzdi. Alimlər dedilər ki, bu təkcə dram əsəri deyil, həm də tədqiqat işidir. Abbas Zamanov, Cəfər Xəndan tamaşa haqda yaxşı fikirlər, məqalələr yazdılar.Naxçıvan teatrı Milli Dram Teatrının səhnəsinə “Məhsəti” tamaşası ilə  bir günlük qastrola gəlmişdi. Tamaşaçılar teatrın pəncərə şüşələrini qırıb tökdülər, çünki bilet qurtarmışdı, içəri keçə bilmirdilər. Məcbur olub Naxçıvan teatrı ikinci gün Bakıda qalıb tamaşanı göstərməli oldu. Həmin gün televiziya ilə canlı yayımlandı ki, baxa bilməyənlər televiziya ilə baxsınlar. 

O vaxt əsər Milli Dram Teatrına təqdim olundu, ara qarışdı səhnəyə qoymadılar. İndi Məhsətinin yubileyi ərəfəsində Milli Dram Teatrı bu əsərə müraciət edəcəyinə söz verib. Özüm arxasınca düşməyə utanıram, ona görə teatrlar xəbərsizdir bu əsərdən.

Bu əsərdən sonra ilk övladım-oğlum dünyaya gəldi. Sonra yeddi il övladım olmadı. Yeddi il sonra yenidən müalicəsiz-filansız ikinci övladım dünyaya gəldi. Elə bil  Allah özü şərait yaratdı ki, mən yazıb-yaratmaqla məşğul olum. İkinci pyesim “İsmət” pyesi oldu. O da tamaşaya qoyuldu. Üçüncü pyesim “Apardı sellər Saranı” oldu. Naxçıvan teatrında bu tamaşanın 10 gün premyerası keçirildi.Televiziya ilə də çəkilib nümayiş olunur.

Şeirlərim daha çox sevgidəndir. Mənə çox sual verirlər ki, niyə sevgi şeirlərini çox yazırsan, öz başına gələnlərdir? Görünür, mən heç sevməmişəm ona görə. Yoldaşımı çox istəmişəm, çünki bütün həyat düzənim onun əlindən keçib. Məni salırdı otağa, uşaqlara özü baxırdı deyirdi sən yaz. Gələcəkdə sən bu uşaqlara lazım olacaqsan. Uzaq görən adam idi, elə də oldu. Üç övladımız var, özü 20 ildir rəhmətə gedib. 20 ildə onu düşünmədiyim bir gün olmayıb. Yeri çox görünür həyatımda. Naxçıvanda hər şey onu mənə xatırlatdığı, özümə gələ bilmədiyim üçün kiçik oğlumla köçüb Bakıya gəldim. Kiçik oğluma çox bağlıyam, mənim kimi fransız dili üzrə təhsil alıb. Böyük oğlum teatr adamıdır, atası kimi. Qızım ailə qurub xaricdə yaşayır. 

Heydər Əliyev rəhmətlik məni çox istəyirdi, yaşım heç düşməmiş mənə təqaüd kəsdi. Onun sayəsində xarici ölkəyə səfərlərə getmişəm. Heç bilmirdim Amerikada necə hərəkət edəcəm, necə danışacam. Məni çağırıb bizim təhlükəsizlik komitəsinə dedilər necəsən elə də ol, getməlisən.  Orda şeirlərimi oxuyurdum, tərcüməçi ingilis dilinə tərcümə edirdi. Axırda hamı yığışıb başıma məni öpürdü. Mən də təmizliyi sevən adamam, kişi demir, qadın demir hamısı öpür. 

Nə arzulamışamsa gec də olsa çatmışam arzuma. Bir gənclik arzum vardı, düşünürdüm ki, bilmək istəyirəm görəsən Amerikada gül-çiçəklər necə olur. Amerikada mənə iri bir buket bağışladılar, gördüm onların çiçəklərinin necə olduğunu.

Son vaxtlar gözlərim çox zəifləyib, çətin işləyirəm. Artıq 70 yaşım var. Dövlət mənə çox qayğı göstərib. Fəxri adlarım var, prezident təqaüdü alıram.

70 yaşı keçmişəm, amma ruhum gəncdir, bunun səbəbkarı yoldaşım, teatr rəssamı Məmməd Qasımov olub. Allah ona rəhmət eləsin, məni uşağı kimi əzizləyib. İndi hər il xatirəsinə bir şeir həsr edirəm. Cavanlıq getdi əldən. Daha sevgi şeirləri yazmaq olmur.

Üç nöqtə.- 2017.- 4 sentyabr.- S.12

Ramil Qurbanlı