“Bədənin ruhuna xəyanət etdi”
Hə, səni
düşündüm Fuad. Düşündükcə, mənalı
təbəssümlə işıqlanan gözlərinlə mənə
zillənən baxışlarını gördüm. Bir
rahatlıq gördüm səndə. Qayğısız, tərtəmiz
bir rahatlıq. Lap yeniyetməlik vaxtında səninlə ilk
tanışlığımız zamanı olduğu kimi…
…O vaxt, məktəblilərin
F.Dzerjinski adına klubda keçirilən Respublika
ifaçılıq müsabiqəsinin yekun konserti
yadındadı? Mahnı oxuyan kim, rəqs edən, musiqi alətində
solo çalan kim, amma biz səninlə qiraətçi kimi
çıxış edirdik; sən 132 saylı məktəbdən,
mən 31-dən və beləcə
tanışlığımız baş tutdu.
İllər
keçəndən sonra səninlə xəstəxanada
görüşdük. Böyük qardaşın Raufla bir
palatada yatırdıq. Sən xəstəxanaya onu yoluxmağa
gələndə hər dəfə xeyli söhbətləşib
arzularımızın qanadlarında uçuşurduq. Yenə
illər keçdi və biz o zamankı M.Əliyev adına Azərbaycan
Dövlət Teatr İnstitutuna qəbul imtahanları zamanı
bir də görüşdük. O zaman Buynakski
(indiki Şeyx Şamil) küçəsində yerləşən
institutun binası qarşısında xeyli abiturient
toplaşmışdı. Onlardan iki-bir, üç-bir
dayananlar da, təklikdə durub əlindəki kitaba aludə
olanlar da var idi, amma bir tərəfdəki dairə halında
yığışanların içərisində boy-buxunu ilə
onlardan seçilən yaraşıqlı bir gənc nə
barədəsə çılğınlqla
danışırdı. Bu sən idin, Fuad. Səni tanıdım.
Sənə maraqla qulaq asanlara nədən bəhs etdiyini
öyrənmək üçün ora yaxınlaşdım. Sənin:
“mən Stanislavskinin dediklərini qəbul etmirəm” sözlərini
eşitdim və açığı, qorxuya
düşdüm. O zaman filmdə baş rola
çəkilib, kifayət qədər məşhur olan,
Stanislavskinin dediklərini qəbul etməyən bir adamla eyni
ali məktəbdə bərabər təhsil alacağıma həm
fərəhləndim, həm də ehtiyatlandım.
Çünki o vaxt mənim Stanislavskinin nəinki dedikləri
barədə, heç özü barədə əməlli-başlı
məlumatım yox idi. O da ağlıma gəldi ki, məşhurlaşan
Fuad daha bizlərlə oturub-durmaz. Amma
yanılmışdım. Mənim indi dərsdə
gördüyüm Fuad elə həmin Fuad idi, sadə, saf, səmimi,
sənətə Məcnun sevdalı Fuad.
I kursda
oxuduğumuz dövrdə yaşca bizdən böyük tələbə
yoldaşlarımız Həsən Əbluc, Nizami Kazımov,
Eduard Tağıyev, İdris Rüstəmov yəqin yadında
olar…
Mən Vaqiflə
(İbrahimoğlu), İdrislə (Rüstəmov) M.Qorkinin “Həyatın
dibində” pyesinin tamaşasında, Eyvaz (Vəliyev) isə Gi
De Mopassanın “Limanda” adlı əsərindən
hazırladığı bir parçada sənə və
Sonaya (Mirzəyeva) rol vermişdi. Bu barədə bir
kitabımda yazmışam. Yazmışam ki, o zaman Eyvazın,
Fuadın, Sonanın (birinci kurs tələbələrinin) kurs
işindəki təbiiliyi və ustalığı heyrətamiz
idi. Biz onları çox tez itirdik. Demək olar ki, hər sənət
söhbətimizdə onları xatırlardıq səninlə.
İlk tələbəlik
ilimizdə bir uğursuz nadinclik səbəbilə səni də,
məni də cəzalandırdılar və sən əyani təhsildən
ayrılmalı oldun. Yadındadı, Fuad? “Bir yandan bağlayan
bir yandan açar” deyiblər və sən Tofiq müəllimin
(red – Kazımov) dəvətilə 1968-ci ildə (gör bir, əlli
il bundan qabaq) Akademik Dram Teatrının truppasına qəbul
edildin. O vaxtdan sənin əsl yaradıcılıq
ömrün başladı və sən ildən-ilə,
roldan-rola artdın, böyüdün, kamilləşdin. Ən
önəmlisi odur ki, sənin sənət məharətin şəxsiyyətinlə bərabər
ucaldı, Fuad! Yadıma düşdü ki, uzun illər bundan
qabaq Mehriban Ələkbərzadənin “Space” telekanalında
çalışdığı zaman maraqlı bir layihədə
sənət adamlarının yaradıcılıq portretləri
verilirdi və ekspert onun barəsində mülahizələrini
bildirirdi. Həmin layihənin sənə həsr olunan
verilişinə mən ekspert qismində dəvət
olunmuşdum. Verilişin yekununda sənin barəndə
söylədiyim: “O, XX əsrin sonlarında milli
dram sənətinin yetirdiyi ən parlaq sənətkarlardan
biridir” fikrimlə bağlı səndən soruşanda dedin ki,
biz tələbə yoldaşıyıq, Odur ki, o (yəni mən),
bir qədər tərifləyib məni. Əslində, sən
haqlı deyildin, çünki o zaman mən sənin sənət
ustalığın barədə M.Ə.Sabir demişkən
“heç dörddə birini” söyləməmişdim.
Yadında olar sənin. “Torpağa sancılan qılınc” tamaşasındakı
Qıpçaq Məlik rolundakı ifanı heç bəyənməmişdim
və bunu söhbətlərimizdə sənə demişdim.
Akademik Dram
Teatrının səhnəsində, kinoda, televiziyada
oynadığın fərqli rolların bəziləri barədə:
“Daha yaxşı alına bilərdi” deyərdin, amma artıq
iş görülmüşdü. Beləcə illər
bir-birinin ardınca keçirdi və bir gün yenə
şeytan qolunu çırmalayıb işə girişdi. Sən
iyirmi il səhnəsinə çıxdığın,
tamaşaçılarının alqışlarını
qazandığın teatrı tərk etdin. Sonrakı sənət
fəaliyyətini Rus Dram Teatrında, kinoda davam etdirdin və sənin
dostların olaraq, bu teatrın daimi
tamaşaçılarının cərgəsinə
qoşulduq. Nə o vaxt, nə sonralar səndən
soruşmadıq. Soruşmadıq ki, bu nə idi, Fuad? Sənin
Akademik Dram Teatrındakı yaradıcılıq yolunun dalana
dirənməsi, yoxsa fələyin qarşısıalınmaz
hiyləgər döngəsi? Səndən cavab
gözləmək mənasız idi, çünki bu tipli
suallara cavab olaraq hər dəfə olduğu kimi, təmkinlə
susub, mənalı baxmağın və mövzunu dəyişməyin
“arzuolunmaz suallar elə cavabsız qalsa yaxşıdır” qənaəti
yaradırdı.
Yaradıcılıq
ömrünün sonrakı iyirmi ilində sənin səhnə
və ekran işlərin sənət müntəxəbatına
daxil ola bilər. Bu dövrdə sanki sənin “ikinci nəfəs”in
açıldı. Bu heyrətamiz yaradıcılıq
potensialı, püskürən enerji, qəlbin və
intellektin hansı dərinliklərindən gəlirdi, Fuad?
Amma
sən yenə özünü təmin olunmamış hesab
edirdin. Ötən söhbətlərimizin birində dedin ki,
“yaş ötür, amma mən çox az sərf olunuram.
Özümü realizə etməyə həvəsləndiyim
hələ o qədər rol var ki… Amma sən deyən rejissor
yoxdur.
Elə bir rejissor ki, tankın arxasınca gələn əsgər
kimi aktyor arxasında gizlənməsin, aktyoru öz
istedadının alovunda əritmiş olsun”. O vaxt səninlə
razılaşmaq çətin olsa da, həqiqət sənin tərəfində
idi
Mən bu sözlərimi sənə
söyləyirmiş kimi yazıram. Amma sətirlərə səpələnən
sözlərimi başqalarının da oxumasına etiraz etmirəm.
Bu da var ki, kimsə bunu lirik hüznlü məktub, kimsə
vida mesajı, kimsə bir dünyadan o birinə
pıçıltı kimi dəyərləndirə bilər.
Olsun. Amma mənim sözlərim ehtimal edilənlərdən
heç biri deyil. Mən səninlə, teatr sənətinin
mahiyyətində olan tərzdə, indi və burada
danışıram. Və qəti əminəm ki, sən məni
eşidirsən. Bu, sənin Hamlet rolunda Horatsiyə söylədiyin
kimi, “filosofların yuxusuna belə gəlməyən” hikmətdir.Dünyanın
tanınmış alimləri Robert Lansa, Andre Finde, “biosentrizm”
adlandırdıqları kəşfləri ilə iddia edirlər
ki, düşüncə fiziki bədəndən kənarda
yaşaya bilir. Yəni ölüm halında insanın ruhu
öz məkanını (yəni bədəni) tərk edəndən
sonra yaşamaqda davam edir. Başqa sözlə, bioloji
saatın dayanması son deyil, çünki bu zaman ruh bir bədənin
öz paltarını dəyişməsi kimi sadəcə məkan
dəyişir. Müxtəlif tədqiqatların nəticəsi
olaraq bir sıra fiziklər və astrofiziklər həmin qənaətlərə
inanırlar. Laura Holton, Nikolay Perix və Sem Pania kimi tədqiqatçıların
fikrincə, ölüm faktından sonra kvant informasiyası mənbəyi
olan beynimiz özlüyündə fəza yaradır və
orada yaşaya bilir. Belə görünür ki, bizlərdən
ayrılanlar yalnız fiziki bədənlərini tərk etsələr
də, ruh beyin baxımdan substansiya olaraq “görür”,
“eşidir” və anlayır”. Bu barədə cüzi məlumatım
olduğu üçün mövzunu uzatmadan sufilərin
yüz illərlə bundan əvvəl söylədikləri
“gedən bədəndir, ruh sizinlədir” ifadəsinin sakral
mahiyyəti üzərində düşünüb, sənin
məni eşitdiyinə əminəm, Fuad! Hamımızın
gözü qarşısında xəstəliyə tab gətirməyən
bədənin ruhuna xəyanət etdi və ruhun buna dözə
bilmədi.
Heç
bilirsən sən neylədin?! O
üzülmüş, yorulmuş bədənini tərk edəndə
doğmalarını, əzizlərini, səni sevənləri
göz yaşlarına qərq etdin, məyusluğu və kədəri
qapınıza gətirdin. Əlbəttə, sən kimsəyə
acı çəkdirməyi rəva bilən qəlb sahibi
deyildin. Həmin o tələbəlik illərində
ifasını çox bəyəndiyin Mirzə Babayevin
oxuduğu bir mahnının iki sətrini zümzümə etməyi
xoşlayırdın. Yadındadı o misralar?
“Bağışla, əzizim, bağışla, əzizim,
bağışla, əzizim, məni bağışla”
sözləri var idi orada. Əlbəttə, sən o zaman bu
sonluğu görə bilməzdin, övladlarını,
onların anasını ağladacağını təsəvvür
edə bilməzdin. Amma bu başgicəlləndirən mistikaya
nə deyirsən ki, ən sevdiyin şeirlərdən biri Vaqif
Səmədoğlunun “Ağla” şeiri idi.
…Sənin bədənin evindən
çıxarılıb çiyinlərə
qaldırıldı. Hər işdə öz qaydaları olan,
piyada gəzməyi xoşlayıb, bu yerləri həmişə
ayaqla gedən Fuadı indi çiyinlərdə görmək
anlaşılmaz ağırlıq verirdi. Və bu zaman, yəni
dəfn mərasimindəki bir teleoperator təcrübəsizlikdən
irəli gələn zalımlıqla kəfəndə məzara
uzadılmış bədənini çəkirdi. Həmişə
şux, məğrur qamətli bu bədən indi ağ kəfənə
bürünüb nəm torpaqda sağ çiyni üstündə
köməksiz halda uzadılmışdı. Bunu görmək
də çox ağır idi, Fuad!Sənin həmin yorğun bədənin
bəlli adətə müvafiq ehtiramla torpağa
tapşırıldı. Amma ruhun bədən məhbəsindən
qurtulub azadlığa çıxdı. Azadlığın
xoşbəxtlik ətri olduğunu sən çoxlarından
yaxşı bilirdin, amma bu dəfəki mütləq
azadlıq idi.Səndən uzaq düşdüyümüzə
üzülsək də, ruhunun öz həsrətinə
qovuşması təsəllidən də artıq bir
rahatlıq verir. Belə baxanda, axı, sənin burada nə işin var idi
Fuad?! Səni bəyənməyənlər,
kölgəni qılınclayanlar az idi? Axı, biz səninlə “bu zəmanə ayaqöpənlər
zəmanəsidir” deyən Səməd Mənsur oğlu Tofiq
Kazımovun əlindən su içmişdik. Bilirdik ki, ortabablar istedadları sevmirlər və bu
yazılmayan qanun heç zaman dəyişməyəcək.
Bilirdik ki, yaşadığımız “alilər
xaki məzəllətdə, dənilər mötəbər”
(M.P.Vaqif) olan dünya nahaq dünyadır. Axı,
haqq adamı olan sənin bu nahaq dünyada nə işin var idi
Fuad?!
Sən qürurlu idin, daim ləyaqətini
qoruyurdun, ədalətsizliklə, yalanla barışa bilmirdin,
elə qamətin, yerişin də təbiətinə uyğun
idi. Sənin öz sənətinə,
yaradıcılıq işinə münasibətindəki
ciddiliyin və məsuliyyət hissin hər kəsə bəlli
idi. Dəqiqliyin, özünə
qarşı amansızlığın, təvazökarlığın
həsəd doğuracaq sənət uğurlarına vəsilə
olsa da, tərəddüdlərin, gümanların, yenilik
yanğın da yox deyildi. Söhbətlərimizdə
hər dəfə deyərdin ki, “yaş keçir, indi mən
çox oynamalıyam. Müəyyən səbəbdən
oynamadığım, indən belə də oynaya bilməyəcəyim
rollar çoxdur, amma oynamalı olduğum, oynamaq istədiyim
rollar ondan da çoxdur. Hamletdən (“Hamlet”), Napaleondan
(“Napaleon”), Timondan (“Afinalı Timon”), Həsənzadədən
(“Boy çiçəyi”), Qacardan (“Şah Qacar”) sonra
Müsyö İbrahim (“Müsyö İbrahim və Quran
çiçəyi”) əsl ustalıq möcüzəsi idi. Bunu ümumxalq sevgisi qazanmış sonuncu
böyük sənətkarın son ustad dərsi hesab edib qane
olmaq mümkündür. Amma sən həm
şəxsiyyətinlə, həm sənət əzminlə,
həm vətəndaş qeyrətinlə çoxlarına həyat
dərsi də verməyi bacardın, Fuad. Bizlərə
yüksək sənət və mənəvi dəyərlərlə
yaşamaq həqiqətini nəzəri yox, şəxsi
nümunənlə təsdiq edib, “çox mətləbləri
ahəstə qandırdın” (B.Vahabzadə).Sevənlərin səni
unutmayacaq, bu belədir. Sadəcə səndən
ayrı düşmək, səninlə görüşməmək,
sözlərini, bəzən zarafatlarını, şaqraq
gülüşlərini eşitməmək
üzücüdür. Amma inanıram ki, sən
bizləri görürsən, hətta bəlkə sadəlövhlüyümüzə
gülür, müşküllərimizə narahat olur,
kiçicik uğurlarımıza fərəhlənirsən.
Səninlə görüşəcəyimiz
zamanı bilməsək də, onun mütləq olacağı
şübhəsizdir. “Hamlet”in final səhnəsində
dediyin sözlər yadımdadır: “Ölüm
amansızdı, Horatsio”. Hə, doğrudan, elədir,
ölüm çox amansızdır, Fuad, çox amansız.
Amma nə edəsən ki, bu nahaq dünyanın
ruhumuzu sıxan cəngindən qurtulmağın başqa yolu
yoxdur. O da var ki, qoca Şekspir ora “minlərlə gedənin
olduğu, ancaq bir kimsənin geri dönmədiyi” fikrilə
adamları qorxudur. Bəlkə ona görə
kimsə geri dönmür ki, getdiyi yerdən razıdır.
Ona görə oradan qayıtmır ki, məhbəsdən
qurtulan yenidən məhbəsə niyə qayıtsın ki?!
Bir də, əgər orada qəlbinin sevgi ünvanı, ruh
dostların varsa, kim haqq dünyasından
imtina edər?
O gün səni düşünəndə
unutmayacağım həmin o mənalı təbəssümlə
işıqlanan gözlərinlə mənə zillənən
baxışlarını gördüm. Bir
rahatlıq gördüm səndə. Qayğısız,
tərtəmiz bir rahatlıq. Lap yeniyetməlik
vaxtında səninlə ilk tanışlığımız
zamanı olduğu kimi…
İsrafil
İsrafilov
Üç
nöqtə.- 2018.- 14 iyun.- S.12.