İmran Qasımovun dramaturgiyasında insan amili

 

Sənin dramaturgiyanda qaldırılan məsələlər müasir adamların, zamanın problemləri olub qəhrəmanların simasında böyük tarixə vəsiqə almışdır. Sən hər barədə öz dövrünün vətəndaşısan, həqiqət, xeyirxahlıq, gözəllik, məhəbbət, ölüm, harmoniya kimi daimi mövzular sənin yaradıcılığında aktual günümüzlə səsləşən əhəmiyyət kəsb edir.

Çingiz Aytmatov

 

XX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən olan Xalq yazıçısı İmran Qasımov ədəbiyyat tariximizə çoxsahəli ədəbi-bədii yaradıcılığı ilə daxil olmuşdur. İmran Qasımov ədəbi fikrin inkişafında öz mövqeyi olan bir sənətkardır. İmran Qasımov görkəmli dramaturq, nasir, ssenaristpublisist kimi fəaliyyət göstərmiş, tanınmış və oxucular tərəfindən sevilmişdir.

Bildiyimiz kimi, İmran Qasımovun ədəbi irsində böyük bir yer dramaturgiyaya məxsusdur. İmran Qasımovun pyesləri yalnız Azərbaycanda deyil, respublikamızın hüdudlarından kənarda da tamaşaya qoyulmuş və müvəffəqiyyət qazanmışdır. Moskva teatrlarında, həmçinin o zamankı SSRİ məkanının ən məşhur teatrlarında İ.Qasımovun dram əsərləri dəfələlərlə nümayiş etdirilmişdir. H.Seyidbəyli ilə birlikdə qələmə alınan “Sən nə üçün yaşayırsan” (1959) pyesi tamaşaçılar tərəfindən sevilən, yaddaşlarda iz qoyan pyeslərdəndir. “Ömür elə qısadır ki” (1963), “İnsan məskən salır” (1965), “Nağıl başlananda” (1972), “Dairəni genişlənsirin” (1975), “Dinsizin tövbəsi”(1976) pyesləri uzun müddət teatrlarımızın repertuarında layiqli yerini tutan, tamaşaçıların böyük rəğbətini qazanan səhnə əsərləridir.

Görkəmli ədəbiyyatşünas alim, akademik Məmməd Arif bu pyesləri Azərbaycan dramaturgiyasının qazandığı görkəmli nailiyyətlər hesab etmişdir.

Dünya şöhrətli yazıçı, görkəmli sənətkar Çingiz Aytmatov İmran Qasımova ünvanladığı məktubda onun dramaturgiyasını “Azərbaycan teatrının adası” adlandırmışdır.

İ.Qasımovun pyeslərinin müasir ictimai problematikası, yüksən bədii keyfiyyətləri onların müvəffəqiyyətini təmin etmişdir.

Dramaturqun ilk səhnə əsəri 1938-ci ildə Azərbaycan Dövlət Dram Teatrında tamaşaya qoyulanArzupyesi olmuşdur.

İ.Qasımov 1950-ci illərdə qələmə aldığı pyeslərlə artıq bir dramaturq kimi şöhrət qazanmışdı.

Bir-birinin ardınca meydana gələn “Xəzərin şəfəqləri” (1950), “Dəniz cəsurları sevir” (1954) pyesləri səhnədə müvəffəqiyyət qazanmış, Azərbaycan dramaturgiyasının müəyyən mərhələsinin əlamətlərini əks etdirən ədəbi faktlar kimi ədəbi tənqidin də diqqətindən kənarda qalmamışdır. O dövrün (1950-ci illər) dramaturgiyasının mövzu-ideya axtarışları, nailiyyətləri və inkişaf çətinlikləri öz əksini tapmışdır.

Qeyd etmək lazımdır ki, İ.Qasımovun özünə məxsus daimi mövzusu-fəhlə mövzusu vardır. Müəllif Bakı neftçilərinin həyatını, əməyini, məişətini, mürəkkəb insan münasibətlərini hər zaman diqqət mərkəzinə çəkir.

“Xəzərin şəfəqləri” və “Dəniz cəsurları sevir” pyeslərində müəllif öz mövzusuna — fəhlə mövzusuna sadiq qalmışdır. Bu əsərlərdə istehsalat həyatı, neftçilərin əmək fəaliyyəti mühüm mənəvi-əxlaqi problemlərin həllinə xidmət edir. Dövrün əsas inkişaf meylləri və inkişafın ziddiyyət və çətinlikləri məhz bu prosesdə göstərilir. Qeyd etmək lazımdır ki, İ.Qasımovun sonralar qələmə aldığı pyesləri üçünbu cəhət əsas aparıcı əlamətdir.

İ.Qasımovun pyeslərində əsas tədqiqat obyekti insandır. İnsanın mənəvi-əxlaqi keyfiyyətləri onun bütün pyeslərinin bədii təhlil predmetini təşkil edir.

Müəllifin “İnsan məskən salır” pyesi dramaturgiyamızda əlamətdar bir hadisə hesab edilirdi. Bu əsərin üstün cəhətlərindən biri İ.Qasımov yaradıcılığına xas olan güclü həyat həqiqətinin neftçilərin həyatını bütün çətinlikləri ilə təsvir etməyə kömək etməsidir.

Görkəmli dramaturqumuzun bütün pyeslərinin leytmotivini təşkil edən bir ideya var: insan ləyaqətlə yaşamalıdır, özündən sonra bir iz qoymağa, hamının onu məhəbbətlə yad etməsi üçün çalışmalıdır. Bu ideya konkret həyat hadisələrinin bədii ifadəsi və ümumiləşdirilməsi, insanın mənəvi münasibətlərinin əsasən əmək mühitində göstərilməsi ilə öz əksini tapır. Məsələn, “Ömür elə qısadır ki” pyesində qəhrəmanların xarakterinin psixoloji planda verilməsinə baxmayaraq, bu xarakterlər əməyə və məhəbbətə münasibətdə açılır, mahiyyət etibarı ilə insan qarşısında, cəmiyyət qarşısında mənəvi borc məsələsini əhatə edir. Pyesin mərkəzində duran obrazları xatırlamaq kifayətdir. İctimai borcu, xalqa xidməti hər şeydən üstün tutan Arif surəti ilə ancaq şəxsi mənafeyini düşünən, meşşan təbiətli Kamil və Nuridə surətlərinin qarşı-qarıya qoyulmasında müəllifin estetik idealı öz ifadəsini tapa bilmişdir.

Müəllifin “Nağıl başlanandapyesi müasir insanlarınmənəvi aləmini yeni bədii üsullarla, daha çox psixoloji planda açması ilə diqqəti cəlb edir. Pyesdə cəmi üç nəfər surət var, və bu surətlərin hər üçü konfliktin müsbət qütbündə dayanır. Bu üç qəhrəmanın arasındakı münasibətlərdə müəllif konfliktin mənfi qütbünü ifadə edən meyllərin yaramazlığını həmişə olduğu kimi ayrı-ayrı obrazlar deyil, düzlüklə əyrilik, gözəlliklə eybəcərlik, həqiqətlə yalandır. Pyesdə əyrilik, yalan yaramazlıq əyani olaraq göstərilmir, bütün bunlar düzgünlük, gözəllik, həqiqət uğrunda mübarizədə bədii inandırıcılıqla göstərilmişdir. Müəllif belə bir bədii konfliktdə dərin həyatı ziddiyyətləri əks etdirməyə müvəffəq olmuşdur.

Benzindoldurma məntəqəsindəki cinayətləri açmaq uğrunda mübarizə insanın gözəllik uğrunda, özü uğrunda mübarizəsini əks etdirmək üçün bir vasitədir. Əsərin qəhrəmanları ValidQurban milis işçiləridir. Ədalət və həqiqəti qorumaqla onlar bir insan kimi özünə inamı qoruyurlar.

Tahirə gənc bir qızdır, qısa ömründə çox çətinliklərlə qarşılaşmışdır. Onun da özünü dərk etməsi məhz bu proseslə əlaqədə üzə çıxır. Validin xidməti vəzifəsini vicdanla yerinə yetirməsi Tahirənin də mənəvi vəzifəsini dərk etməsi ilə nəticələnir. Onlar nağıl qədər gözəl bir həyata qədəm qoyurlar. Sanki əsl həyat bundan sonra başlanır. Əsərin adının seçimi təsadüfi deyildir. Müəllif göstərir ki, nağılı həqiqətə çevirmək insanın öz əlindədir.

Dramaturgiyamızı zənginləşdirən pyeslərdən biri “Dairəni genişləndirin” əsəridir. Müəllifin hər zaman sadiq qaldığı ideya yeni səpkidə, əsasən psixoloji planda açılmışdır. “Dairəni genişləndirin” pyesində mühüm ictimai-əxlaqi məsələlər qaldırılmış və dramaturji cəhətdən sənətkarlıqla həll edilmişdir. Əsərin qəhrəmanı Aliyə öz qısa ömrünü böyük əməllərə həsr edir, bununla da başqalarının həyatında və mübarizəsində əbədiləşir. Buna görə də onun ölümü “yaxşı adamlar ölmür” ideyasını təsdiq edən bir hadisəyə çevrilirpyesin nikbin pafosunu gücləndirir. Aliyənin həyatının dairəsi genişlənir, bir şəxsin həyatı İnsan (böyük hərflə!) həyatının dairəsinə bərabərləşir.

Şübhəsiz ki, İkinci Dünya müharibəsində, faşizm üzərində qələbədə Azərbaycan xalqının da rəşadəti, verdiyi qurbanlar ədəbiyyatımızda, o cümlədən dramaturgiyamızda da əksini tapmışdır. Bu mövzuda yazılmış pyeslər dramaturgiyamızı zənginləşdirmiş, rəngarəngləşməsinə xidmət etmişdir. Bu əsərlərin içində sözsüz ki, “Dairəni genişləndirin” pyesi xüsusi yer tutur. Bu əsərdə o dövrün dramaturgiyasında əmələ gələn yeni meyllər də öz təsirini göstərmişdir. Bu cəhət müəllifin digər pyesində — “Dinsizin tövbəsi” pyesində də özünü göstərir, hətta daha qabarıq şəkildə nəzərə çarpır. Burada dramaturq müharibə mövzusu, müasir insanın mənəvi qəhrəmanlığını əks etdirməklə kifayətlənmir, müasir dünyanı məşğul edən mənəvi-əxlaqi problemlərə də toxunur. Bu da müharibənin qeyri-humanist mahiyyətini açmaq məqsədi daşıyır. “Dinsizin tövbəsi” pyesi müəyyən mənada “Dairəni genişləndirin” pyesinin davamı hesab edilə bilər. Hər iki pyesdə müəllif müharibə mövzusuna yeni bir baxış, müasir həyatın təsviri vasitəsilə faşizm üzərində qələbənin ictimai-mənəvi mənbələrini əks etdirməyə çalışmdır.

Burada faşizm üzərində qələbəmizin əsasını dostluq və vətəndaşlıq hissləri təşkil etdiyini müəllif bədii vasitələrlə inandırıcı şəkildə göstərməyə nail olmuşdur.

Bildiyimiz kimi, müəllif vaxtilə Moskva metropoliteninin tikintisində çalışan, müharibəyə könüllü gedən, Fransada Müqavimət hərəkatında fəal iştirak edən Ceyran adlı bir azərbaycanlı qızı haqqında bədii əsər yazmağı arzu edirdi.

Ceyran haqqında sənədlər toplamaq üçün İ.Qasımov Fransaya yaradıcılıq səfərinə getmiş, orada bir çox müharibə iştirakçıları ilə, Müqavimət hərəkatının fəal iştirakçıları ilə görüşmüşdür. Bu fakt müəllifin “Fransız qobeleni” povestində əksini tapmışdır.

Milli mənsubiyyətindən asılı olmayaraq, Ceyrana bənzəyən eyni taleli bir çox qadınlarla qarşılaşan, onların fəaliyyəti barədə söhbətləri dinləyən Ceyran haqqında heç bir sənəd əldə edə bilməsə də, öz təsəvvüründə Ceyran obrazını yaratmış olur. İnsanlar arasında oxşarlıq, bir-birinə bənzəyən talelər onu düşündürür.

Belələiklə, müəllif nəsr əsərində deyil, dram əsərində Ceyran obrazını yaratmağa nail olmuşdur.

Əsərdə humanizm və ədalət prinsiplərinin daşıyıcısı Ceyran obrazıdır. Ceyranın xarakteri Müqavimət hərəkatının mübarizləri sırasında möhkəmlənmişdir. Bu xarakter artıq humanist ideyaların ifadəsinə çevrilmişdir.

Müəllif qəhrəmanını kəskin dramatik situasiyalardan keçirir, onu çətin sınaq qarşısında qoyur. Ceyran bu cətin sınaqdan mərdliklə çıxır və mənəvi-əxlaqi idealı əks etdirən canlı bir obraz kimi yüksəlir. Dramaturq Ceyran obrazını psixoloji cəhətdən sadələşdirməmişdir. Onu mürəkkəb hadisələr fonunda təsvir etmişdir, bununla da obrazın daxili təkamülünü göstərməyə müvəffəq olmuşdur. Buna görə də bu obraz ölüm ayağında belə mənəvi bütövlüyün və təmizliyin zirvəsinə yüksəlir və faşizmin insanlığa zidd mahiyyətini açır.

Qeyd etmək lazımdır ki, İ.Qasımov qəhrəmanlarının həyat yolunu, daxili təkmilləşməsini, bir vətəndaş və əmək adamı kimi ruhən yüksəlməsini dərin həssaslıqla ardıcıl olaraq izləmiş, müşahidə etmişdir, obrazların böyük bir məhəbbətlə yaratmışdır. İ.Qasımovun dramaturgiyasına xas olan qiymətli keyfiyyəti bir çox ədəbiyyatşünaslar, ədəbi tənqidçilər vurğulayırlar.

İ.Qasımov öz zəngin yaradıcılığı ilə Azərbaycan dramaturgiyasında və ümumiyyətlə Azərbaycan ədəbiyyatında, incəsənətində və mədəniyyətində mötəbər bir mövqe tutmuşdur. Görkəmli sənətkar həmişə müasirimiz olaraq qalmaqdadır, əsərləri bu günün özündə də aktuallığını saxlayaraq, tərbiyəvi əhəmiyyətə malikdir.

 

Aytən Rüstəmzadə

 

Üç nöqtə.- 2018.- 7 sentyabr.- S.12.