Dəyanət Osmanlı: “Məktəbi bitirənədək ədəbiyyat müəllimi məni danışdırmadı”

 

“O gün geydiyim təzə paltarın qoxusunu hələ də unutmamışam”

 

Bu dəfəki müsahibimiz tanınmış şair-publisist, Azərbaycanda Atatürk Mərkəzinin baş redaktoru Dəyanət Osmanlıdır. Müsahibimlə uşaqlıq illərinə, keçmişə qayıtdıq.

 

- Uşaqlıq illəriniz harda keçib, o illəri necə xatırlayırsınız?

- Mənim doğma yurdum Borçalının Saraçlı kəndidir. Gürcüstanın ən böyük kəndlərindən biridir. Türkiyədə, Naxçıvanda, Qarabağdakı saraçlıların hamısı bir tayfanın törəmələridi.  Qarabağ xanlığının qurucusu Pənahəli xan da bu tayfadandır. İndi də özəllikərini, adət-ənənələri qoruyub saxlayırlar. Atam Osman, anam Yetərlə 18 yaşımadək Saraçlıda yaşamışam. Elliklə yaz-yayı dağlarda, payızı binədə, qışı kənddə keçirmişik. Bu yaşam tərzi Tərəkəmə həyatının ənənəvi və doğal kurallarındandı. Dağdakı yurd yerimiz Yastı qar idi. Mən də 1965-ci ilin iyun ayının 16-da Yastı qar yaylağında doğulmuşam. Binə yerimiz Saraçlı meşəsində olub. Sonralar yavaş-yavaş camaat oturaq həyata alışdı. Anam meşəyə zoğal yığmağa gedəndə mütləq binə yerimizə də dəyərdi. Ora-bura yönələrdi, qocaman ağaclardan tökülən çır-çırpı yığar, bir müddət kölgəsində oturub köksünü ötürərdi. Sanki bununla xatirələrini diriltməyə çalışardı...

Babam Yunus danışırdı ki, ara açıq olanda biz bazarlığa Türkiyəyə gedirdik. Buna 40 günlük bazarlıq deyilirdi. Türkiyəni o tay adlandırırdılar. Yəni, dağların o üzü, o tayı. Bir-birindən oğul-qız evləndirirmişlər, kim harda istəsə, yurd salırmış. Sovetlər gələndən sonra sərhədlər bağlanır, qohum-qardaş bir-birindən ayrı düşür. Yarı o tayda, yarı bu tayda.  El-oba ayrı düşmüş doğmalarından çobanlar vasitəsi ilə xəbər tuturmuşlar. Məsələn, çobanlar bir-birindən ismarıc göndərirmiş: Filankəsin evində düyün olub, yaxud filankəs rəhmətə gedib. Uzun və üzücü ayrılıq beləcə yavaş-yavaş nəsillərin əlaqəsini unutdurub...

İndi kəndimizdə doğmalarımdan çox az adam qalıb. Demək olar ki, hər il gedib ata ocağına baş çəkirəm. Orada böyük evimiz, torpağımız, əziz keçmişimin diri izləri var. Dəcəl, dalaşqan uşaq idim, cızığı keçməmək şərti ilə çox sərbəstlik verirdilər, Bir gələnəksəl nəzarət vardı. Bu, insan inkişafı üçün təməl amillərdəndir. Milli, ailəyə və gələnəklərə bağlı bir aurada böyümüşəm. Bilirsiniz, hər tip ayrıca bir mədəniyyət, tərbiyə, dünyagörüş, səviyyə deməkdir. İnsan harda olsa, özüylə o mühitin təsirlərini, əxlaqını təmsil və təqdim edir.

Tanınmış nəsil olmuşuq. Kənddə sovetlərdən öncə iki hacı olub, Biri Hacı Bayram, digəri Hacı Hasan. Biri ana, digəri ata tərəfim.  İkisi də ağa olublar. İnqilabdan sonra ana babam ömür boyu çobanlıq edib. Həm də necə, kolxozun ailədən müsadirə etdiyi qoyun sürüsünü otarıb. Saysız mal-qarası, dağda və aranda göz işlədikcə uzanan otlaq sahələri olan nəsilə ən yaxşı halda əllərindən alınan qoyun sürülərini otarmağı güzəşt etmişdilər. Ana nənəm nəinki Borçalı çökəkliyində, bütün Gəncəbasarda tanınmış, çox da hörmət göstərilən molla olub. 7 il İstanbuldan gələn üləmadan din dərsi almışdı. Amma  ondan sonra bizim qohum-əqraba arasında bu işi heç kim davam etdirməyib. Övladları Quranı, dini ayin və mərasim qaydalarını kifayət dərəcədə bilsələr də, dinlə məşğul olmayıblar. Yəqin buna təsir də göstərilməyib. Sərbəst düşüncəyə imkan vermək kor bulağın gözünü təmizləməyə bənzəyir ki, bu da təfəkkürünün formalaşmasında bir həyat  amilidir. Bunu tərz olaraq mənimsəmək genetik məsələdir. Kiçik yaşlarımdan özgür, sərbəst düşüncəyə meyilli olmuşam. Sözsüz, buna valideyinlərim  imkanı yaradıblar.

Böyüdüyüm mühit sonralar həm yaradıcılıq, həm də yaşam etibarilə formalaşmağımda həlledici rol oynayıb. Həmişə insanın düşüncə azadlığını, məntiqi arzularını əsas tutan bir çevrədə olmağa üstünlük verirəm. Uşaqlar üçün də bu şəraiti yaratmağa çalışıram. Adam təkcə özüylə baş-başa qalanda, fikrini ifadə etməyə çəkinəndə qərar zamanı tərəddüdlər önə keçir. Beləliklə, həyat və ictimai fəaliyyət üçün lazımi müstəqil düşüncənin əsas missiyası oriyentirini itirir.

Uşaqlığımdan yadım da çox şeylər qalıb. Əsasən kədərli xatirələr çoxdur.  Yaş ardıqca bu xatirələr də çoxalır, kölgədə qalan məqamlar, olaylar üzə çıxır. Yəni elə anılar var ki, 3-5 il bundan öncə yuxumda belə görməzdim. Ancaq bir də görürsən, hansısa olay, yuxu, münasibət keçmişdə uyuyan xatirənin açarı olur. Atam 80 yaşında olanda 4-5 yaşında itirdiyi anası və bacısı ilə keçirdiyi günlər haqqında elə aydın, təfərrüatı ilə danışırdı ki, o təsirdən günlərlə çıxa bilmirdim. Məncə, adam yaş üstə yaş gəldikcə keçmişi, kimliyi, həyatın, dünyanın sirləri barədə daha aydın düşünə bilir. Ruhsal həqiqətləri dərk etməyə yol açılır. Bəsirət gözünün açılması budur. Təbii ki, bütün sirləri anlatmaq haqqında tam fürsət heç kimə verilməyib.

- Məktəbdə necə şagird olmusuz?

- 1972-ci ildə Saraçlı orta məktəbinə getmişəm. İlk dərs gününü yaxşı xatırlayıram. Atamın müharibədə aldığı bir neçə orden-medalı  ağ köynəyin altından yaxama  taxmışdım. Maraqla uşaqlara göstərirdim. O gün geydiyim təzə paltarın qoxusunu hələ də unutmamışam. Oğlumu hər yeni dərs ilində məktəbə yola salanda o günü, o paltarın qoxusunu burnmun ucunda xəfif bir göynərti kimi duyuram.

Birinci sinifə gedəndə ilk vaxtlar xəttim pis idi. Qardaşım qonşu oğlanı nümunə çəkib deyirdi: Görürsənmi, nətəhər muncuq kimi yazır, dəftəri də qaralamır. Çoxlu yaz xəttin düzəlsin, birinci ol.  Sonralar xəttim də düzəldi, öz sevimli fənnimə meylimi  müəyyənləşdirə bildim.

O vaxtlar ali məktəbə qəbul olunanlar tətillərdə gəlib məktəbimizin ətrafında söhbət edə-edə gəzişirdilər. Böyük qardaşımı da onların arasında görəndə bir-bir hamıya tanıdırdım. Tay-tuşlarımızla onlara həsəd aparır, gələcək barədə bir-birimizi sorğu-suala tutur, xəyal   təsəvvürümüzü götür-qoy edirdik. Yuxarı siniflərdə bəzən müəllimlə mübahisəyə də girişirdim. Bir dəfə yeni qohum olduğumuz ədəbiyyat müəllimi ilə Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları”nda eşşəyin itməyi, yaxud oğurlanması məsələsində ciddi mübahisə elədim. Axırda məktəb direktoru işə qarışdı. Hətta arada əsərə də haqlı irad tutulurdu ki, adında, o cümlədən sahibinin əlindən eşşəyin alınması, itməsi, yaxud oğurlanması məsələsində ziddiyət var. Məktəbi bitirənədək o müəllim məni danışdırmadı. Dil, ədəbiyyat fənlərini xüsusilə yaxşı bilirdim. “Ədəbiyyat bülleteni” adlı divar qəzetini çıxarırdım, şeirlər yazırdım. Rayon qəzetində məqalələrim gedirdi, qəzetin ədəbiyyat icmallarında adım çəkilirdi. Müəllimlər məni görəndə öz aralarında yavaşdan barəmdə həsədlə danışırdılqlarını duyurdum. Bu mənə ayrıca qürur verirdi...

- Hərbi xidmətdə olmusunuzmu? Harada keçirmisiz?

 

- Orta məktəbi bitirəndə qardaşım tətilə gəlmişdi. Sinif yoldaşlarımla bizim həyətə yığılmışdıq. Bizi çağırıb bir-bir hansı məktəbə gedəcəyimiz barədə soruşdu. Mənə sıra çatanda jurnalistikaya gedəcəyimi söylədim. Ona da qəribə təsir bağışladı. Çünki  bu barədə heç kimə deməmişdim. Elə bilirdilər, ədəbiyyata, ya da politexnikə gedəcəm...

Birinci il qəbul ola bilmədim. Sumqayıtda işləyib, yaşım çatanda əsgərliyə çağrıldım. İlk aylar Brejnevin doğulduğu Dneprodzerjinskdə xidmət keçdim. Sonra Volqoqrada serjant məktəbinə göndərildim. Elə iki ilin tamamını da o şəhərdə keçirdim, dili öyrəndim. Hərbi hissənin divar qəzetinin redaktoru oldum. Evimizə göndərilən təşəkkür məktubları hələ də kənddə qalır. O dönəm həqiqətən mənim üçün bir məktəb, üzücü də olsa, dəyərləndirə bilmədiyim, bəlkə də həyatımı dəyişəcək  bir şans idi. Hərbi dairə üzrə Leninqrad Hərbi ali məktəbinin jurnalistika fakültəsinə iki nəfərlik yer ayrılmışdı. Onlardan biri də mən idim. Vaxtında düzgün bir məsləhət, dəstək olmadığından bu şansı itirdim. Böyüklər, xüsusən də ortancıl  qardaşım qarşı çıxmışdı. Gedib oralarda avara qalacaqsan, deyirdi... Və beləliklə, bu və ya digər təkliflərdən imtina etməyə məcbur olmuşdum. Gələndən sonra Bakıda universitetə qəbul oldum. Bununla da həyatın istiqaməti tamam dəyişdi. Deməli, doğrudan da, yazıya pozu yoxmuş.

Bəzən həlledici məqamlarda qərar və düşüncəmizə yurda, doğma insanlara bağlılıq hissləri tam hakimlik edir. Və bu hiss əksərən daha gərəkli perspektiv məqsədlərdən yayındırmağa da təsir göstərir. Bu mənada, hisslərin insan düşüncəsində ön plana çıxması heç də həmişə arzuolunan və faydalı nəticə vermir. 

- Gənclik ömrün ən qaynar, isti dövrüdür. O dövrlərdən əsas nəyi xatırlayırsız?

- Gəncliyimin ilk ən əhəmiyyətli hissəsi uşaqlıq, yeniyetməlik dövrüdü. Ən xoş günlərim doğma kəndimdə keçib. Məhz bu illərdə anlamışam: dost kim, doğma kim, düşmən kim, vətən, millət, torpağın müqəddəsliyi nə deməkdir.  Sonra əsgərlik, tələbəlik illəri... Borçalının dağlarında, qayalıqlarında, meşəliklərin adamkeçməz çığırlarında izlərim qalıb. Hələ də o izlərin təsəvvürümdə yerini, ölçüsünü, quruluşunu canlandıra bilirəm. Hər gəzintini, dostlarla qurduğumuz məclisləri, hər addımımı, hansı təpədəki  qaratikan kolunun dibindən neçə cüt qulançar, bənövşə dərdiyimi  belə xatırlayıram. Bəzən könlümdən keçir, gedib o izlərimin üstünə ayaqlarımı qoyum.  İtirdiyim doğma insanların sevərək əkib-becərdiyi, bizi gözütox böyütdüyü və canını tapşırdığı torpaqlara üzümü sürtüm...

Gənclik elə bir mərhələdir ki, özündə cəmlədiyi enerjinin gücü ilə insan kimliyini anlamaq səviyyəsinə o dövrdə çatır. Həyat yolunun  konturlarını dəqiqləşdirmə prosesinə başlayır. Ya ömürlük səhv edir, ya da məntiqi onu düz yola yönəldir...

Gəncliyimdə formalaşan və sonralar həyatımın əsas istiqamətinə çevrilən bir sıra cəhətlər  var. Onların yaratdığı tərzi, sistemi dəyişmək mümkün deyil. Hər şeyə səbir, soyuqqanlılıq göstərə bilirəm. Dostlar mənə, ilan kimi soyuqqanlıdır, deyirlər. Bəlkədə ilan ilindən olduğuma görədir. Amma ədalətsizliyə, haqsızlığa qarşı demək olar ki, səbrim yoxdur. Kim olursa olsun, haqsız sözünü götürən deyiləm. Elə bilirəm, nəyinsə cavabını vaxtında verməsəm, yaxud yerində olmayan nəyisə görəndə yerinə qoymasam, unudulmuş bir əşyanı sahibinə qaytarmasam həmişəlik gec qalacam. Kənddə bizim evdə hər əşyanın daimi yeri olub. Yəni evin idarəçiliyində bir qayda, sistem olub və mən də o sistemin yetirməsiyəm.

Tələblikdən bir əvalat danışım. Hələ birinci kursada oxuyurdum. Müasir Azərbaycan dilindən mühazirə və seminarı xanım-professor Ziynət Əlizadə aparırdı. Tələbələrdə onun bir əzazil xofu vardı. Danışırdılar ki, adamı gözdən saldımı, mütləq universitetdən qovdurasıdı. Xoşlamadığı yazıçılar, şairlər vardı ki, onlardan misal gətirmək olmazdı. Günlərin biri, onun dərsində parta yoldaşım Nizami cibimdəki təsbehi alıb çıqqıldatmağa başladı. Müəllim elə bildi, mənəm. Ayağa qaldırıb: sinifi tərk elə, bir də səni görməyim! bu kimi sözlər dedi. Mənim də tərsliyim tutdu. Dedim, çıxmayacam. O qışqırdı, mən inad eləyib çıxmadım. Axır, hədləyici tonda: yaxşı, - deyib, başını yellətdi   daha dillənmədi. Sinifə vahimə sükut çökmüşdü. Uşaqlar, təəssüflə mənə baxırdılar. Sanki hamının gözləri  heyf, sən də getdin” - deyirdi. Bundan sonra sinifə girən kimi, birinci məndən dərs soruşurdu. Hər dəfə də dərsə hazır deyilsən, -deyib,  2 qiymət yazırdı. Bilirdim ki, bununla məni ruhdan salmağa çalışır. Amma nə dərsdən, nə də yaxşı hazırlaşmaqdan qalmırdım. Həm də gələcək fəaliyyətimin əsas genaeratoru dil faktoru idi. İlin tamamı gəldi. İmtahanda gərginlik olacağını yəqin eləmişdim. Amma gözləmədiyim nəticəylə rastlaşdım. İmtahan başlayan kimi yenə birinci məni çağırdı. Bilet çəkib hazırlaşmadan danışmağa başladım. Misal dəftərimi vərəqləyib hərdən başını bulayırdı. Birdən sözümü kəsib, assistentinə baxıb dedi: -İsmayıl müəllimi, istəyirəm, bu oğlana “əla” yazım, cünki çox vicdanlıdır. Özümün də inamağım gəlmədi. Onun belə təəcübdoğuran mərdliyi varmış.

(ardı var)

Üç nöqtə.- 2018.- 11 yanvar.- S.10.