Miriş” obrazı həyatımın talismanıdır”

 

Arif Quliyev: “Kolxoz sədri dedi ki, Arif müəllim, təzə geniş tövlə tikmişik, hələ heyvan ayağı dəyməyib, birinci sizi ora aparacağıq” 

 

Deyir ki, güldürmək daha çətindir. Gülüşü dəqiq ifa etmək, dəqiq istiqamətə yönəltməyi hər adam bacara bilmir. Ümumiyyətlə, bu sənət qanda-canda olmalıdır: “Əgər sənətinlə insanlara xeyir verə bilirsənsə, deməli xeyirxah bir işlə məşğul olursan. Pozitivlik daxilimdən, həm də insanlara olan sevgimdən əmələ gəlir. Həmişə insanların üzündə təbəssüm görmək istəyirəm. Pozitivliyi saxlamağı da bacarmaq lazımdır. Pozitivlik bu istiqamətdə olan dəyərli xasiyyətdir. İnsanlar əgər səni görəndə sevinirlərsə, deməli pozitivliyi ötürə bilirsən”.

 

“Üç nöqtə” qəzetinin qonağı illərin gülüş ustası, tamaşaçıların sevimlisi xalq artisti Arif Quliyevdir.

 

- İlk olaraq indiki fəaliyyətinizdən danışaq.

- Hazırda təqaüddəyəm. Demək olar ki, heç bir işlə məşğul deyiləm. Yay mövsümü olduğu üçün istirahət edirəm.

 

- Yeni mövsümdə planda nələr var?

- Desəm ki, yenə heç nə yoxdur. Bir-iki serial təklifi var, amma hələ fikirləşirəm. İndi elə vaxtdır ki, təklif olunan serialı, filmi, yaxud reklam işini gərək çox yaxşı götür-qoy edəsən. Çünki elə dəyərli, yüksək səviyyəli işlər olmalıdır ki, iştirak edəndə qazandığın hörməti itirməyəsən. Mən də baxıram, seçirəm. Hansı ssenari uyğun olsa qəbul edirəm.

 

- Arif Quliyev deyəndə ilk ağıla gələn yumor olur. İllərdir bu belədir. Bəs siz özünüz sırf yumorla xatırlanmağınızı istəyirdinizmi?

- Ümumiyyətlə, yumor özü çox gözəl, stimullu, hərəkətli və dəyərli bir amildir. Yəni insan gülür, güldürür, düşündürür. Və düşündürdüyü bu hadisə və meyarlar insanların üzünə xoş təbəssüm gətirir. Əgər sənətinlə insanlara xeyir verə bilirsənsə, deməli xeyirxah bir işlə məşğul olursan. Amma Arif Quliyevin yumorla yada düşməsi ona görədir ki, verilən rolların demək olar ki, hamısı yumoristik olub. Gülüş, yumor özü bir silahdır, islahedicidir. Misal üçün, tənbəl, əliəyri, ortada yeyib, kənarda gəzən bir obrazı yaradırsan. Amma bu mənfi obraz gülüş atəşinə tutulur. Ona görə insanlar məni görəndə üzündə təbəssüm yaranır.

 

- Arif Quliyev özünü daha ciddi obrazda təsəvvür edə bilirmi?

- Ciddi rolu çalışıb ifa edə bilərəm. “Mənim şəhərim” filmində bir az ciddi, qəmgin rol ifa etmişəm. Bu rolun məndə necə alındığını yalnız tamaşaçılar deyə bilər. Çünki insan özü və işi haqqında nə isə deməyi yaxşı deyil. İnsanın işinə qiyməti tamaşaçılar verməlidir. Bizim qiymətimiz insanların diqqətindən yaranır. Mən hər zaman deyirəm ki, bir aktyoru bütün xalq, tamaşaçı sevə bilməz.

 

- Güldürmək, yoxsa ağlatmaq... Hansı daha çətindir?

- Ağlatmaq daha asandır, nəinki güldürmək. Güldürmək, insanların üzündə gülüş yaratmaq çox, amma çox çətindir. Bu yaxınlarda metronun yanında dayanmışdım, ayaqüstündə adam gözləyirdim. Bir də gördüm ki, 7-8 nəfər mənə tərəf gəlib, məni əhatəyə aldılar. Biri dedi ki, Arif müəllim, nə yaxşı oldu səni gördük, 40 ildir səni izləyirik. Dedim, qardaş mən sizə nə etmişəm ki, məni izləyirsiniz? Dedi, yox, Arif müəllim, biz səni yox, sənin sənətini izləyirik (Gülürük).

 

Bilirsiniz gülüş aktyorları həmişə çalışır ki, insanlara mənalı gülüşün zövqünü versinlər. Amma çox təəssüf ki, gülüş sahəsindən yazan yazarlar yoxdur ki, istifadə edəsən. Televiziyalarda da yumoristik verilişlər yoxdur ki, yumor ustaları gedib orda sənətlərini nümayiş etdirsinlər. Gülüş özü nə qədər ciddi olarsa, o qədər də onun istiqamət dəyəri olar. Hadisəni danışırsan və nəticədə qarşı tərəfdən qəhqəhə səsi gəlir. O vaxtı kolxoza konsert verməyə getmişdik. Kolxoz sədri dedi ki, Arif müəllim, xoş gəlmisiniz, beş gəlmisiz, 15 gəlmisiz. Dedim yox, elə cəmi 5 nəfər gəlmişik (Gülürük). Kolxoz sədri dedi ki, Arif müəllim bağışlayın, klubumuz yoxdur, amma təzə geniş tövlə tikmişik, hələ bir dənə də olsun heyvan ayağı dəyməyib, ora birinci sizi aparacağıq. Dedim, görəsən nə danışır bu kişi. (Gülürük). Sonra kolxoz sədri təklif etdi ki, birinci evə gedib, yemək yeyib çay içək. Getdik, yeməyə oturanda dedi ki, yeməklərdən nuş edin, duz-çörəyimizi kəsin. Allah da sizin duz-çörəyinizi kəssin. Sonra dedi ki, Arif müəllim bu alt-üst evimiz sənə qurbandır. Allah sənin də evini alt-üst eləsin. (Gülürük).

 

Yumor bəzən özü yaranır, bəzən yaradılır, bəzən isə sənə rast gəlir. Düzdür, çox verilişlərə dəvət alıram. Elə veriliş olur ki, yumora çox, eləsi də olur ki, az yer verir. İnsan olan yerdə qəm də, kədər də, sevinc də var. Ona görə mənə elə gəlir ki, güldürmək daha çətindir. Gülüşü dəqiq ifa etmək, dəqiq istiqamətə yönəltməyi hər adam bacara bilmir. Ümumiyyətlə, bu sənət qanda-canda olmalıdır.

 

- İfa etdiyiniz rollardan əlavə həyatda da pozitivsiniz, zarafatlar edirsiniz. Bu xarakterinizdən irəli gəlir?

- Bu mənim həm daxilimdən, həm də insanlara olan sevgimdən əmələ gəlir. Həmişə insanların üzündə təbəssüm görmək istəyirəm. Bir dəfə biri yolda məni görüb dedi ki, Arif müəllim sənsən? Dedim yox, mənəm. Dedi, bağışla elə bildim sənsən. Çıxıb getdi (gülürük). Bilirsiniz, pozitivliyi saxlamağı da bacarmaq lazımdır. Pozitivlik bu istiqamətdə olan dəyərli xasiyyətdir. İnsanlar əgər səni görəndə sevinirlərsə, deməli pozitivliyi ötürə bilirsən. Bizim sənətimiz xalq, tamaşaçılar üçündür.

 

Deməli, bir gün kişi evə gəlir, görür arvad yoxdur. Bir az sonra arvad gəlir. Kişi deyir ki, hara getmişdin? Arvad deyir ki, qonşuda ad günü idi, getdim təbrik elədim, bir az onlar üçün oxudum. Kişi deyir ki, yaxşı elədin, mənim elə onlardan zəhləm gedirdi (gülürük).

 

O gün bir nəfər məndən saat soruşdu. Baxdı ki, saatı tərsinə taxmışam. Dedi, Arif müəllim, saatı niyə tərsinə taxmısınız? Dedim, o qədər saatı soruşurlar ki, göstərib gedirəm.

Bu yaxınlarda bir dostla  Mingəçevir Teatrının 50 illik yubileyinə getmişdim. Dostum dedi ki, Arif müəllim, şüşənin arxasından qızlar-oğlanlar sizə əl edirlər, bəlkə ayaq saxlayıb onlarla görüşəsən. Dedim vaxt yoxdur axı, tələsirəm, bekar adamam. Biri yaylığını götürüb əl edir, digərləri o tərəf bu tərəfə qaçır. Gəldim, 7-8 pilləkanı qalxdım. Məni görən kimi, təəccübləndilər. Arif müəllim, nə yaxşı gəlmisiz. Dedim gördük ki, əl edirsiniz, gəldim ki, bəlkə şəkil çəkdirmək istəyirsiniz. Dedi yox, biz burda şüşələri silirdik (gülürük).

 

- Bu günə qədər bir çox film və tamaşalarda rol almısınız. Amma “Bəyin oğurlanması” filmindəki Miriş obrazı insanlar tərəfindən bir başqa sevildi. Özünüz bu obrazı üstündən illər keçəndən sonra necə şərh edərdiniz?

- İnsan həmişə hərəkətdə olmalıdır. Nahaq yerə demirlər ki, qıfıl işlənmədikcə paslanır. İnsan da elədir. Yəni pozitiv olmaqla yanaşı, həm də hərəkətli olmalısan. Hərəkət, dinamika insanın sağlamlığı deməkdir. Hərəkətdə olan insan öz təravətini saxlaya bilir. O obrazı 35 yaşımda oynamışam. “Miriş” obrazı həyatımın talismanıdır.  Hərəkət etməsəm, dayansam, deməli mən Arif deyiləm.

 

Arif müəllim söhbət əsnasında zarafatlarından qalmır. Deyir ki, indi bir az xəstələnib: “Yeriyəndə elə bilirəm, ayağımın altında asfalt var. Baxanda görürəm, baxmayanda görmürəm. Niyə belə olduğunu bilmirəm. Yatanda heç görmürəm.

 

İndi elə aparat çıxarıblar ki, ayaq dırnağının ucundan saçın uclarına qədər yoxlayırlar. Getdim müayinə olundum, sonra həkim məni yanına çağırıb şad xəbər verdi ki, ölənə kimi yaşayacaqsan (Gülürük). Bir nəfər bunu eşidib mənə dedi ki, mən də gedib həmin aparatda yoxlana bilərəm? Dedim bu dırnaqdan tükə qədərdir, sənin də başın keçəldir, müayinən yarımçıq qalacaq (gülürük).

 

- Necə düşünürsünüz, bu günün yumoru sizin dövrünüzdəkinin yerini verə bilirmi?

- Məşhur Yunan filosofu Heraklit deyib ki, hər şey dəyişir, inkişaf edir. İndi yumorun adını dəyişib “Stand up” qoyublar. Eyni şeydir, sadəcə bir az forması dəyişib. Yenə də hər hansı bir əhvalat, yaxud hadisə danışılır. Baş verən hadisəni improvizə edərək danışırlar. Bunu qəbul edirəm, çünki bu bir inkişafdır.

 

- Gənc aktyor və aktrisaların ifalarını bəyənirsinizmi?

- Gəncləri çox yüksək qiymətləndirirəm. Rəfael-Coşqun, Cabir və Tahir İmanov qardaşlarının ifasında çox düşündürücü, bu günün tələbinə uyğun olan improvizasiyalı tamaşalar var Onların kollektivi də, özü də çox yüksək səviyyəli ifaçılıq məharəti nümayiş etdirirlər. Tamaşaçılar onları həqiqətən sevirlər. Daha sonra Elməddin Cəfərov, Müşfiq Şahverdiyev, Fərda Xudaverdiyev, Səməndər Rzayev və s. adını çəkmədiyim digərlərinin də ifalarını çox bəyənirəm.

 

Çünki istedadlı gənclik sabahın sənətkarlarıdır. Ona görə də gənclərimizə həssas yanaşmaq, dəstək və qayğı göstərmək lazımdır. Bəzən məndən yetişdirmələrimin olub-olmadığını soruşurlar. Çox fikrə gedirəm və nə cavab verəcəyimi bilmirəm. Bilirsiniz, yetişdirmə o zaman olar ki, bu sənətə yanğılı, istəkli biri gəlib desin ki, məni öyrət. Belə adam mənə indiyə kimi rast gəlməyib. Buna  görə də yoxdur.

 

Könül Oruc

 Üç nöqtə.- 2019.- 29 avqust.- S.7