"Sərhədlərin açılması münaqişənin həlli kontekstində mümkün ola bilər"

 

ARAZ ƏZİMOV: "Kontekstdən ayrı olaraq belə qərarın qəbul edilməsi Azərbaycanın maraqlarına ziddir"

 

 SON günlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi ətrafında müxtəlif fikirlər səsləndirilir. Türkiyənin Ermənistanla sərhədlərinin açılmasının da bu problemin həllinə təsirsiz qalmayacağı bildirilir. Azərbaycanın xarici işlər nazirinin müavini, Prezidentin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Araz Əzimov bu məsələlərə aydınlıq gətirib.

- Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı Azərbaycanın mövqeyi nədən ibarətdir?

- Hər bir dövlətin öz suveren hüququ var, siyasətini özü təyin edir. Biz başqa ölkələrin işlərinə qarışmırıq. Türkiyənin Azərbaycanla strateji əlaqələrinin möhkəmliyini hər kəs təsdiq edib. İki dövləti birləşdirən strateji maraqlar birliyi, konkret əldə edilən nəticələr bəllidir. Digər tərəfdən neçə ildir ki, Türkiyənin Ermənistanla sərhədlərinin bağlı olmasının regionda uzun müddətdir davam edən münaqişənin həlli prosesində bir faktor olduğunu da inkar etmək mümkün deyil. Azərbaycan hesab edir ki, sərhədlərin bağlanmasına dair qərarı bilavasitə ərazilərimizin işğalda olduğu ilə bağlı olduğundan, qərarın ləğvi yalnız o şərtlərin qaldırılmasından sonra mümkün ola bilər. Başqa sözlə, rəsmi Bakı hesab edir ki, sərhədlərin açılması yalnız münaqişənin həlli kontekstində, prosesin inkişafı ilə bağlı olaraq edilə bilər. Hansı mərhələyə gəlincə, bunu biz müzakirə etməyə hazır olardıq. Eyni zamanda kontekstdən ayrı olaraq belə qərarın qəbul edilməsi Azərbaycanın maraqlarına ziddir ölkəmiz tərəfindən qəbul edilməyəckdir. Türkiyə tərəfinə öz mövqeyimizi bildirmişik yəqin ki, bu məsələdə vəziyyət tam olaraq aydındır.

- Türkiyə ilə Azərbaycanın münasibətlərində bir dəyişiklik ola bilərmi?

- İndiyədək Türkiyə rəsmilərindən bilavasitə eşitdiklərimizi təkrar edə bilərik. Həm prezident Abdullah Gül, həm baş nazir Rəcəb Tayyib Ərdoğan sərhədlərin Azərbaycanın əraziləri işğalda qalana qədər açılmayacağını bildiriblər. Ona görə biz rəsmi şəkildə verilmiş bəyanatlardan yan keçə bilmərik onları nəzərə almalıyıq.

- Sərhədlərin açılması Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir göstərə bilər?

- Sərhədlərin bağlanması ilə bağlı qərar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmişdi. Onun belə bir şəraitdə kontekstdən kənar olaraq aradan qaldırılması müəyyən təsirlər göstərə bilər.

- Sərhədlərin açılması ilə Azərbaycan regionda təklənmiş dövlətə çevrilə bilər. O zaman ölkənin xarici siyasətində dəyişiklik olacaqmı?

- Prosesin axırına baxarıq. Əvvəla Azərbaycan heç vaxt təklənmiş olmayacaq. Çünki bütün proseslər, regional layihələr Azərbaycandan qaynaqlanır. Ona görə hesab etmirəm ki, ölkə təklənmiş olacaq. Əslində Azərbaycanın iradəsindən, qərarlarından asılı olaraq onun regional inkişaf prosesi surətləndirilə bilər, yaxud başqa istiqamət yönəldə bilər.

 - Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda hansı yeniliklər var?

- ATƏT-in Minsk Qrupu çərçivəsində səylər hazırda üç həmsədrin vasitəsilə ayrı-ayrı görüşlər formatında davam etdirilir. Bu görüşlər prezidentlər, nazirlərin görüşü, həmsədrlərin Bakı Yerevana səfərləri formatında həyata keçirilir. Konkret olaraq danışıq kimi bir proses yoxdur. Yəni görüşlər səfər diplomatiyası aparılır. Bu isə əlbəttə ki, prosesin hansı vəziyyətdə olmasından asılıdır. Bildiyiniz kimi həmsərdrlər hazırda tərəflərin əsas prinsiplər üzərində razılığını əldə etmək üçün çalışırlar. Bu prinsiplər üzərində razılıq əldə ediləndən sonra daha müfəssəl olan sazişin işlənilməsi prosesi başlayacaq. O zaman, daha müntəzəm, sıx seriyalı görüşlər, müzakirələr formatında keçirilə bilər.

- Prezidentlərin növbəti görüşü razılaşdırılıb?

-Prezidetlərin görüşü onların iradəsindən asılı olaraq razılaşdırılır. Belə bir razılıq olsa, məlumat veriləcək.

- Sərhədlərin açılması müqabilində Azərbaycanın işğal olunmuş beş rayonunun geri qaytarılması, eyni zamanda həmin rayonlara rus qoşunlarının yerləşdirilməsi barədə söz-söhbətlər var.

- Rus qoşunlarının bura qayıtması ifadəsini ümumiyyətlə professional səviyyədə qəbul edə bilmirəm. O ki qaldı Azərbaycanın prinsipial siyasətinə, bizim ərazimizdə kənar dövlətlərin qoşunları yerləşdirilə bilməz. İkincisi, mən 5, 5+1, 6, 6+5 kimi arifmetikanın tərəfdarı deyiləm. Məsələyə başqa cür baxılmalıdır. Azərbaycanın son məqsədi ərazi bütövlüyünü bərpa etməkdir. Ərazi bütövlüyü çərçivəsində onun ayrılmaz hissəsi olan Dağlıq Qarabağda yaşayan erməni Azərbaycan icmalarının birgə mehriban qonşuluq şəraitində yaşamalarını təmin etməkdir. Buna nail olmaq üçün mərhələ-mərhələ gedəcəyik. Birdən-birə bu məqsədə nail olmaq mümkün deyil. Ərazilərin boşalmasına dair hesab edirik ki, burda müxtəlif formalardan söhbət açmamaq daha yaxşıdır. Çünki torpaqların boşalması həm texniki, həm hərbi nöqteyi-nəzərdən mürəkkəb vaxt alan bir prosesdir. Ona görə istər-istəməz bu mərhələlər olacaqdır. Lakin əgər Türkiyənin Ermənistanla sərhədlərinin açılması məsələsi müzakirə edilirsə, onun Dağlıq Qarabağ probleminin mərhələli həll prosesinin içinə otuzdurulması mümkündür. Hansı mərhələdə onun müzakirə edilə bilməsinə gəlincə, belə bir formul da müzakirə edilə bilər ki, Azərbaycanın ərazilərinin bir hissəsi boşalır. Onun üzərindən keçən yollar açılır o cərgədə Ermənistanla Türkiyəni birləşdirən yollar, sərhədlər açıla bilər. İndi 5+1 yaxud da 6 rayonun boşaldılması mümkündür. Çünki əslində vəziyyətə baxanda Türkiyə, Ermənistan Azərbaycanın ərazilərini birləşdirən yollar var.

Bu yollar təəssüf ki, işğal ərazilərindən keçir. Əlbəttə ki, işğal davam edənə kimi Azərbaycanla-Ermənistan arasında əlaqələrin mümkün olmamasına da heç kim şübhə etməməlidir. Əgər Azərbaycanla Ermənistan arasında bir irəliləyiş olmasa, Türkiyənin Ermənistanla sərhədlərin açılmasından çox böyük qazancı olmayacaq. Üç ölkənin bir-birinə bağlılığını bilmək lazımdır. Beləliklə, bu məsələlərin belə bir bağlantıda həll olunması hər kəs üçün daha mənfəətli olacaq.

- Ərazilər boşaldılarsa, Azərbaycan öz hərbi qüvvələrini orada yerləşdirəcəyinə qarantiya verə bilərmi?

- Bu məsələdə mərhələlər var. İlkin mərhələdə dərhal bütövlükdə hərbi hüzurun bərpa olunması Azərbaycan tərəfindən mümkün olmayacaq. Çünki münaqişə zonası müəyyən demilitarizasiya olunmuş zona olacaq. Ermənilər ordan çıxacaq. Bizim yalnız təhlükəsizliyi təmin edə bilən qüvvələrimiz orada yerləşdiriləcək. Çünki əhali dönənədək onun təhlükəsizliyi təmin edilməlidir.

- Həmsədr dövlətlərin gücləri sülhyaratma əməliyyatlarında necə olacaq?

- Əvvəldən razılaşdırıldığı kimi həmsədr ölkələrin qüvvələri heç bir formada əməliyyatlarda iştirak edə bilməyəcək. Bu hər iki tərəfin razılığına əsasən davamlı olaraq bir prinsip kimi qəbul edilir.

 

 

Xalid

 

Üç nöqtə.- 2009.- 10 aprel.- S. 4.