"Azerfon" "Vodafone" strateji tərəfdaşlıq müqaviləsi imzaladılar

 

"BU, AZƏRBAYCANIN İKT SAHƏSİNİ DAHA DA İNKİŞAF ETDİRMƏYƏ İMKAN VERƏCƏK"

 

AZƏRBAYCANIN sürətlə inkişaf edən mobil operatorlarından biri olan "Azerfon" MMC ilə "Vodafone" şirkəti arasında strateji tərəfdaşlıq müqaviləsi imzalandı. Bu münasibətlə dünən "Hyatt Regency" otelində təqdimat mərasimi keçirildi. "Azerfon" şirkətinin baş direktoru Gido Helbix qeyd etdi ki "Azerfon" və "Vodafone" arasında strateji tərəfdaşlıq hər iki şirkət üçün çox önəmlidir: "Ölkənin böyük sürətlə inkişaf edən mobil operatoru "Azerfon" üçün sözügedən müqavilənin imzalanması gələcək inkişafa istiqamətlənən məntiqli bir addımdır. Belə ki, "Azerfon" "Vodafone" şirkətinin təcrübəsindən və dünya miqyaslı uğurlarından istifadə edərək qabaqcıl və ən innovativ məhsulları yerli bazarda təqdim edə biləcək. Bu, potensialımızı nümayiş etdirməyə və Azərbaycanın İKT sahəsini daha da inkişaf etdirməyə imkan verəcək". Tərəfdaş bazarları haqqında müqaviləyə əsasən, "Azerfon", xidmət və qurğuların, habelə təchizatlar silsiləsinin idarə edilməsi, müştərilərin cəlb olunması və təkmilləşdirilən şəbəkələrarası əlaqənin təşkil olunması sahəsində "Vodafone" şirkətinin geniş təcrübəsindən eksklüziv istifadə hüququ əldə edir. "Vodafone" şirkətinin məhsulları "Azerfon"un hazırkı və gələcək abunəçilərinə təqdim olunacaq. "Vodafone" şirkətinin tərəfdaş bazarları üzrə vitse-prezidenti Riçard Deyli (Richard Daly) qeyd etdi ki, "Azerfon" ilə imzalanan müqavilə "Vodafone" şirkətinin Azərbaycan bazarında iştirakını təmin etmək, habelə ölkənin ən sürətlə inkişaf edən mobil operatoru ilə əməkdaşlıq etmək üçün əla imkandır. Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə və Böyük Britaniyanın ölkəmizdəki səfiri Karolin Braun da mərasimdə çıxış edərək bildirdilər ki, "Azerfon" şirkətilə əməkdaşlıq "Vodafone" şirkətinə öz müştərilərinə "qlobal" (dünya tərəfdaşları) şəkəbəsinin imkanlarından bəhrələnmək üçün bir sıra xidmətləri, həmçinin Azərbaycan ərazisində genişləndirilən əhatə dairəsini təqdim etməyə imkan verəcək. Hər iki şirkət regiondakı "Vodafone Global Enterprise" proqramının müştəriləri üçün əlavə dəstəyin təqdim edilməsi məqsədilə əməkdaşlıq edəcəklər".

  

 

Əfsun

 

Üç nöqtə.- 2009.- 23 iyul.- S.14.