"Gənclər satiranı bayağı formada kütləyə "yedizdirirlər"

 

Telman Adıgözəlov: o dövrün aktyorları klassik əsərlərlə böyüyürdülər

 

Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Telman Adıgözəlov satiraya müraciət edən gənclərdən şikayətləndi. Onları qeyri-professionallıqda suçlayan aktyor tamaşaçılara bayağı gülüş təqdim etdiklərini bildirdi. "Ekranlarda şit gülüş baş alıb gedir, məzmunlu, ciddi satira yoxdur. Bəzi aktyorlar bu sahəni bayağı formada kütləyə "yedizdirməyə" başlayıblar.

Nədənsə bu gün tamaşaçının ehtiyacını ödəyə bilmirlər. Əvvəlki illərlə müqayisədə indiki tamaşaçılar sənətçilərdən daha çox şey gözləyirlər. Ona görə də indi sənət aləmində söz demək çətindir. Çünki qeyd etdiyim kimi, bu gün populyarlaşmağın yolları asanlaşsa da, tamaşaçılar tərəfindən qəbul olunmaq çətindir. Bu, gənclərin mütaliə ilə az məşğul olmasından irəli gəlir. Küçədə, evdə eşitdiklərini efirə gətirirlər. Bu, sənət deyil". Fikirlərini əsəbi halda dilə gətirən aktyor gənclərə öz məsləhətindən də qalmadı: "Əsas odur ki, sənətin mexanikasını öyrənə biləsən. Bizim Siyavuş Aslan, Yaşar Nuri və digərləri kimi canlı korifeylərimiz var. Amma bunlar öz dövrlərinin yetişdirmələridir, çünki o dövrün aktyorları klassik əsərlərlə böyüyürdülər. Klassik əsər aktyora müəyyən müddət üçün sınaqdır. Lakin sənətə yeni gələnlər özləri, heç bir müəllif olmadan monoloqlar quraşdırırlar, həmin mətni də yenilənməmiş tamaşaçılara çatdırırlar. Nəticədə də xoşagəlməz mənzərə yaranır".

Ümumiyyətlə, səhnədə yaxşı tamaşa çatışmazlığından danışan Telman Adıgözəlov qeyd etdi ki, "şəxsən mən daxili iztirablarıma cavab verən tamaşalar oynamaq istəyirəm.

Lakin şəxsi münasibətlər imkan vermir. Nəticədə tərsmütənasiblik yaranır".

 

 

Üç nöqtə.- 2009.- 1 may.- S. 13.