Ölümcül diş ağrısı, qadınların “düşməni”, “qisasçı”nın kədərli sonu... -

 

 

Cəmi 49 ilə sığdı ömrü, kinolara çəkildi, özü kino çəkdi. İki qızını köçürdü. Əməkdar artist də oldu, xalq artisti də. Sonra… bədxassəli şiş əvvəlcə aktyora həyat kimi gərəkli simasını, sonra da məxməri səsini əlindən aldı. Şahmar Ələkbərovdan danışacam - “7 oğul istərəm”dən, “Arxadan vurulan zərbə”dən sevdiyimiz xalq artisti, köhnə kommunist Şahmar Ələkbərovdan.

 

İkinci dünya müharibəsinin qızğın vaxtında, 1943-cü ildə Cavad xanın yurdunda anadan olub. Amma əslən yaralı Qarabağdandır – Cəbrayıldan. Atası Zülfüqar Cəbrayıldan, anası İzulət əslən Tiflisdəndir. Onun 9 yaşı olanda ailəsi Bakıya köçüb. Şahmar orta məktəbi 15 yaşında bitirib.

 

Gələcəyin xalq artisti bütün fənləri yaxşı oxuyurmuş, xüsusən dil öyrənmək qabiliyyəti və riyazi bilikləri hamını heyran edərmiş. Ona görə də ailəsinə “sənədlərimi universitetin şərqşünaslığına verirəm” - deyib, İncəsənət institutunun aktyorluq fakültəsinə verib. Ona qədər Lütfi Məmmədbəyovun dram dərnəyində bu sənətin sirlərini öyrənibmiş, o sirlərdən biri də, görünür, bu olub ki, ailən razı deyilsə, onlarla razılaş, amma öz istədiyini et.

 

Anası həqiqəti biləndə çox əsəbi vəziyyət yaranıb evdə, amma sonunda razılaşmalı olublar, çünki Şahmar Ələkbərovun xarakterini bilirdilər, daha doğrusu, xarakterli olduğunu.

 

Dərnəkdə üç dost idilər – Həsən Əbluc, Tariyel Qasımov və qəhrəmanım Şahmar Ələkbərov. Həsən Əbluc Politexnik İnstitutundan, Tariyel Qasımov Bədən Tərbiyəsi İnstitutundan, Şahmar Ələkbərov isə orta məktəbin 10-cu sinfindən gəlirdilər dram dərnəyinə. 1963-cü ildə üçü də eyni vaxtda İncəsənət institutunun aktyorluq fakültəsinə Rza Təhmasibin sinfinə qəbul olunurlar. Səfurə İbrahimova, Nurəngiz Gün, Bayram Hacıyev, Yalçın Rzazadə, Həsən Əbluc, Tariyel Qasımov, Şahmar Ələkbərov həmin sinfin məzunlarıdır.

 

Xalq artisti Tariyel Qasımov da ailəsindən gizlin oxuduğu Bədən Tərbiyəsi İnstitutunu atıb, İncəsənət institutuna qəbul olunmuşdu. Ailəsi bunu biləndən sonra Tariyel Qasımov rayona evlərinə gedə bilmirmiş, hətta atası ona cib xərcliyi verməkdən də imtina edib. Bakıda kirayə pulunu verə bilməyən Tariyeli dostu Şahmar aparır öz evlərinə. Anasına deyir ki, Tariyelin kirayə haqqı verməyə imkanı yoxdur, bizdə qalacaq. Tariyel Qasımov beş il onlarda yaşayır, hətta Şahmar əsgərliyə gedəndə atası dünyasını dəyişdiyi üçün - anam təkdir, sən də onun oğlusan - deyə, yenə Tariyeli evdən çıxmağa qoymur. Şahmar əsgərlikdən qayıdınca Tariyel Qasımov evlənib onlarda qalır, Şahmar qayıdandan sonra kirayəyə çıxır.

 

O vaxt İncəsənət institutunda çox böyük sənətkarlar dərs deyirdilər. Xüsusən Rza Təhmasiblə Adil İsgəndərovun paralel kurslarından çıxan tələbələrin əksəriyyəti bu sənətin yollarında azmazdılar, hərəsinin öz yolu olardı. Bəzən sənətkarlar arasındakı qısqanclıqdan yaranan partlayışların qəlpələri tələbələriyaralayardı”, amma ölümcül olmazdı, yenə önə sənət keçərdi. Şahmar Ələkbərovun Rza Təhmasibin tələbəsi olmasına rəğmən hələ üçüncü kursdan Adil İsgəndərovun rəhbərlik etdiyi Milli Dram Teatrına işə qəbul edilməsi də sənətin qələbəsi idi.

 

Teatrda ilk işi Şekspirin "Lope de Veqa" tamaşasında olub. Adil İsgəndərov onun gələcəyinə inanırdı. Yaxşı aktyor olacağını bilirdi. Şahmar Ələkbərov teatrda hələ görünməyə imkan tapmamış Adil İsgəndərovu teatrdan uzaqlaşdırırlar. Bu həmin dövr idi ki, Akademik teatr hələ indiki Musiqili Teatrın binasında yerləşirdi. Adil İsgəndərov teatrın o binadan köçürülməsinə etiraz etmişdi. Bu da yuxarıların xoşuna gəlmədiyi üçün onu teatrdan uzaqlaşdırıb “Azərbaycanfilm” kinostudiyasına direktor təyin etmişdilər. İnsan öz yerində olanda böyük uğurlara imza atır, bəzən sadəcə sənin uğurlu olmağın kimlərəsə sərf etmədiyi üçün ola bilər vəzifəni böyütmək bəhanəsi ilə olsa belə, yerindən dərbədər edirlər və... vay o günə ki, orda da uğurlu olasan...

 

Nə isə, mövzumuz başqadır... Adil İsgəndərov kinostudiyaya gedəndən sonra yetirmələri də onun arxasınca teatrı atıb, kinoya gedirlər. O vaxt bu, az qala kütləvi xarakter almışdı, aktyorlar teatrdan kinoya gedirdilər, o cümlədən Şahmar Ələkbərov. Adil İsgəndərov onu kinostudiyanın nəzdində yaratdığı “Kino aktyorluğu” studiyasına dəvət edib. O vaxtdan Şahmar Ələkbərov "Azərbaycanfilm" kinostudiyasında aktyor və rejissor kimi fəaliyyətə başlayıb.

 

İncəsənət İnstitutunda dərs deyirdi, həm də kinostudiyanın nəzdindəki aktyorluq kurslarında. Televiziyada müxtəlif verilişlərdə aparıcılıq edirdi. "Ulduz", "Molla Nəsrəddin" radio verilişinin aparıcısı idi. Filmlərin dublyajında iştirak edirdi. Məxməri səsi vardı. Harda olursa-olsun, uğur qazanırdı.

 

Kinoda ilk işi Kamil Rüstəmbəyovun ekranlaşdırdığı “Dağlarda döyüş” filmindəki Fərrux rolu idi. Şahmar Ələkbərovun yaratdığı Qəzənfər ("Yeddi oğul istərəm"), Oğul ("İntizar"), İman ("Axırıncı aşırım"), Arif ("Həyat bizi sınayır"), Azad ("Bakıda küləklər əsir"), Qatır Məmməd ("Gəncəbasarlı qisasçı"), Feyzi ("Firəngiz"), Gündüz Kərimli ("Arxadan vurulan zərbə"), Cavidan ("Babək"), Nuru ("Qəribə adam"), Tahir ("Gözlə məni"), Xaliq ("Qocalar, qocalar..."), Cümşüd ("Avqust gələndə"), İbrahim ("Atları yəhərləyin") kimi obrazlar tam bir-birindən fərqlənən xarakterlərdir.

 

Şahmar Ələkbərov həm İncəsənət institutunda həm də kinostudiyanın nəzdindəki aktyorluq kurslarında dərs deyəndə artıq tanınmış aktyor idi. Nəinki simasından, onu artıq görmədən də səsindən tanıyırdılar. Xanımı Kamilla İncəsənət institutunda Şahmar Ələkbərovun tələbəsi idi, teatrşünaslıqda oxuyurdu. “Azdramada Şahmarın da iştirak elədiyi tamaşalara gedib baxırdım. Tam rusdilli olduğum üçün o vaxtlar onun adı da dilimə yatmırdı. Babam ərəbşünas idi, bir gün məni başa saldı ki, bu adın mənası nədi. Şahmar isə məni evlənəndən sonra "Kamilə" deyə çağırırdı. Mən də hirslənirdim, deyirdim ki, onda mən də səni "Şurik" deyə çağıracam.

 

Onun mənimlə evlənmək istədiyini də qəribə qarşılamışdım. Çox ərköyün idim. Heç atamgil də razı deyildilər ki, aktyorla ailə qurum. Amma Şahmar inadından dönmədi, dörd ildən sonra atamın razılığını aldı. Atamla sonralar çox dostlaşdılar. Şahmarın atasının əsli Qarabağdan, Cəbrayıldan idi. Mənim isə ana nənəm şuşalı idi. Elə nənəmin işə qarışmağı məsələnin həllinə müsbət təsir göstərdi. Şahmarı tanıdığım gündən həmişə görmüşəm ki, daim nə iləsə maraqlanır, dünyagörüşünü genişləndirməyi xoşlayırdı. Dil qavramaq qabiliyyəti də güclü idi. Tarixlə, müxtəlif dinlərlə maraqlanırdı. Ömrünün axırına qədər belə idi”.

 

Şahmarla Kamilla xanımın əkiz qızları (İzulət, Ləman) olandan sonra aktyor kənarda olan çəkilişlərə ailəsini də aparırmış ki, gözünün önündə olsunlar. Rayonlarda, soyuq havalarda həm xanımı, həm də qızlar xəstələndiyindən Şahmar Ələkbərov daha onları aparmaq fikrinə düşmür, amma çəkilişlər uzun çəkəndə ailəsi üçün çox darıxırmış, arada qaçıb onlara baş çəkib yenidən qayıdarmış işinin başına.

 

Əbdül Mahmudovla Ənvər Əblucun ekranlaşdırdıqları “Firəngiz” filminin çəkilişləri vaxtı Feyzi rolunda çəkilən Şahmar Ələkbərova dişinin ağrısı rahatlıq vermirdi. Arada gedib stomatoloqa dişinin problemini həll etmişdi, amma gələndən sonra da rahatlıq tapmırdı. Bu dəfə də stomatoloq dilini zədələmişdi. Çəkiliş vaxtı zədəni soyuqdan qoruya bilməyib, soyuq çəkib. Çəkilişlər bitincə xoraya çevrilib. Nə qədər müalicə, dərman, xora sağalmayıb, axır ki, bədxassəli şişə çevrilib.

 

Əməliyyat edib şişi kəsirlər, amma sonrası necə olacaq, heç kim bilmir. Şahmar Ələkbərov həm yaradıcılığında, həm də şəxsi həyatında hansı planlar varsa, hamısını birdən yerinə yetirib sonuclamaq istəyirdi. Artıq kinoya çəkilə bilmirdi, çünki əməliyyatdan sonra həm simasında, həm də nitqində qüsurlar vardı. Nə o yaraşıqlı sima, nə də məxməri səs qalmışdı. Aktyor film çəkməyə qərar verir. Zatən, film çəkmək arzusu vardı, amma belə tez çəkəcəyi ağlına gəlməzdi.

 

Elçinin ssenarisi ilə “Sahilsiz gecə” filminin çəkilişlərinə tez başladı. Çəkilişlər uzun sürmədi, amma film qəbul olunmadı. Hətta çox böyük etirazlara səbəb oldu. Kinostudiyanın qarşısına etirazçı qadınlar belə yığışdılar, aktrisaları hədələyirdilər. Şahmar Ələkbərov Nuriyyə Əhmədovaya, Mehriban Xanlarovaya zəng vurub “studiyaya gəlməyin” – deyə xəbərdarlıq etməli olmuşdu. Film müharibənin qadınların həyatında hansı fəsadları yaratmasından danışırdı. Tamaşaçı isə yalnız əxlaq tərəfini əlində bayraq edib, etiraz səsini ucaltmışdı. Hərəkətli dövr idi, indi kinoya baxan da az tapılır, nəinki etiraz edən.

 

Onun ardınca dərhal Əliağa Vahidin həyatından bəhs edən “Qəzəlxan” filmini (1991) çəkib tamamladı Şahmar Ələkbərov.

 

Qızlarının ikisinə də elçi gəlirdi. Qızların fikrini öyrənib ikisini də nişanladı və hər ikisinə eyni gündə toy çaldırıb, köçürdü. Bütün bunlar dəhşətli ağrıların fonunda olurdu. Müalicə, kimya və davam, “harda qırıla-qırıla” deyə.

 

Kamilla xanım danışır: “Düz yeddi il bu əzab-əziyyət davam etdi. Gecələr bir neçə dəfə oyanıb ağrısı olub-olmadığını xəbər alırdım. Şahmar mürəkkəb müalicə terapiyalarına, xəstəliyinin fəsadlarına mətinliklə dözürdü. Çox möhkəm iradəli adam idi. 92-ci ilin qışında onu Hamburqa apardıq, orda dedilər ki, təbabət burda gücsüzdü”.

 

Həkimin hökmünü aktyor bilmir. Bakıya qaytarıb onu xəstəxanaya yerləşdirirlər ki, guya müalicən burda davam edəcək. Qızları, xanımı gecə-gündüz onun yanında olurlar. Zaman axıb gedir - 1992-ci il avqustun 12-də 49 yaşında əzablarına son qoyur Tanrı.

 

Qızları onun itkisini qəbul edə bilmirdilər. Anaları deyir ki, hətta mənə elə gəlirdi ki, mənə baxışları “niyə sən yox, o” deyirlər. O qədər atalarına bağlı olublar.

 

Dostu xalq artisti Tariyel Qasımov danışır: “İkinci kursu qurtaranda atam artıq barışmışdı mənimlə, amma Şahmar yenə məni buraxmadı, onlarda qalırdım. Hamı tətilə çıxmışdı. Mən də Ağstafaya getmişdim. Aradan bir 10 gün keçmişdi ki, bir də gördüm, Həsən Əbluc, Şahmar Ələkbərov və müəllimimiz Məlik Dadaşov bizim kəndə gəldilər. Atam hamımızı yaylağa göndərdi. Şahmar, Həsən, mən qərara gəldik ki, başımızı keçəl qırxdıraq. İstəyirdik instituta gələndə uşaqlardan fərqlənək ki, biz kənddə, yaylaqda olmuşuq, başımız da keçəldi. Mən onların ikisindən də yaşda böyük idim. Bizdə ən kiçiyi Şahmar idi. Yəni Şahmar Həsəndən bir-iki yaş, Həsən də məndən bir dörd yaş kiçik idi. Dedim ki, ən kiçiyimiz kimdirsə, o qırxdırsın başını. Şahmar dedi: “Niyə, yol böyüyündür. Əvvəlcə böyük qırxdırsın”. Mən də oturdum başımı keçəl qırxdırdım. Həsən də başını keçəl qırxdırdı. Növbə Şahmara çatanda bir də gördük Şahmar meşəliyə doğru qaçır. “Adə, hara qaçırsan?” O başını qırxdırmaq istəmədi və qırxdırmadı da. Yəni məni də, Həsəni də aldatmışdı. Sonra bizim yanımıza gəlib dedi, “ayə, sizi instituta qəbul etməyəcəklər. İnstitut keçəl-küçəl yeri deyil”. Yəni mən saçlı oğlanam, siz keçəlsiniz. Şahmar o vaxt belə bir zarafat etmişdi. Onun ölüm xəbərini eşidəndə həyəcandan maşını vurdum. Şahmarın evi kinostudiyanın yanında idi. Ordan da qəbiristanlığa aparıb, dəfn etmişik. Bizim yarımız getmişdi. Mənim yaxşı yadımdadır, Şahmarı məzara qoyub üstünü örtəndə Həsən Əbluc onun qəbri üstündə möhkəm ağladı və dedi ki, “darıxma, qardaşım, mən də tezliklə gələcəm”. İki ildən sonra Həsən Əbluc rəhmətə getdi”.

 

İndi anasının adını qoyduğu qızı İzulət Belçikada yaşayır, yoldaşı diplomatdır. Ləman pediatrdı, Bakıda işləyib yaşayır. Kamilla xanım təqaüddədir, nəvəsinə baxır – Şahmara...

 

Unikal.- 2020.- 18 yanvar.- S.20