Şuşa fatehi:  Elə mövqedən hücuma

keçdik ki, ermənilər çaşıb qalmışdı

 

"Düşmənin 10-dan çox tankını öz mərmiləri ilə vurduq"

Vətən müharibəsində xalqımıza qələbə sevinci yaşadan qəhrəmanlardan biri Daxili Qoşunların xüsusi təyinatlı çavuşu Ümman Baxşəliyev olub. O, 1992-ci ildə Bərdə rayonunun Mollalı kəndində dünyaya gəlib. İbtidai orta təhsilini Nəcəfağa Quliyev adına Mollalı kənd orta məktəbində başa vurub. 2010-cu ilin oktyabrın 13-də ordu sıralarına çağırılıb Daxili Qoşunların N saylı hərbi hissəsində xidmət edib.

Əsgərlik müddəti başa çatdıqdan sonra MAXE kimi davam etmək qərarına gəlib. Müsahibimiz 2013-cü ilin noyabr ayından Daxili Qoşunların xüsusi təyinatlılarında xidmət göstərir. Vətən müharibəsində Murov, Cəbrayıl, Hadrut Xocavəndin azad olunmasında iştirak edən çavuş Şuşa döyüşləri zamanı snayper gülləsindən yaralanıb. Cəsur döyüşçüKəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görəDöyüşdə fərqlənməyə görəmedalları ilə təltif olunub. Bir övlad atası olan Ümman yaxın vaxtlarda dünyaya gələcək əkizlərinin yolunu gözləyir.

Döyüş xatirələrini Azvision.az -la bölüşən Ü.Baxşəliyev şahidi olduğu maraqlı məqamlardan söz açıb. 42 gün döyüşlərdə şücaət göstərən həmsöhbətimiz Murovdan Şuşaya kimi getməyə nail olub: “Biz müharibəyə sentyabrın 27-də Murov döyüşlərinə qatılmaqla başladıq. Orada 3 gün döyüşəndən sonra Cəbrayıl istiqamətində davam etdik. Müəyyən mövqelərdə tapşırığımızı yerinə yetirib, Hadruta doğru irəlilədik. Hadrutun azad olunmasında bizim briqadanın böyük zəhməti var. Oranın hər bir istiqaməti yüksək zirvəlikdir. Bu baxımdan Hadrut ermənilər üçün daha əlverişli idi. Düşmən yuxarıda, müəyyən mövqelərdə dayanırdı, biz isə açıq ərazidə dağlara dırmaşa-dırmaşa döyüşüb postları azad edirdik. Qəsəbəyə Cəbrayılın Süleymanlı kəndindən girmişdik. Ərazidə müəyyən nöqtəni azad edib irəliləməliydik. Hadrut döyüşündə şəhidlərimiz olsa da, istehkamçılarımızın fəallığı nəticəsində pusquya düşmədik.

Mən 42 gün müharibədə iştirak etmişəm. Müşahidələrim əsasında deyə bilərəm ki, ermənilər bizim Xüsusi Təyinatlı Qüvvələrlə (XTQ) döyüşə tab gətirə bilmirdilər. Təsəvvür edin ki, Hadrutda başlarını qaldırıb, avtomatla atmırdılar. Yalnız əl qumbaralarını bizə tərəf tuşlayırdılar. Qorxurdular ki, başlarını çıxarsalar vurarıq.

Qəsəbə azad olunandan sonra Xocavəndin Qırmızı Bazar deyilən kəndi istiqamətində davam etdik. Orada şəhidlərimiz, yaralılarımız oldu. Xüsusi təyinatlı gizirimiz Elnurun yanına minomyot düşmüşdü. Buna görə şoka girmişdi. Ona ilkin tibbi yardım göstərib, arxaya çəkdik, amma şəhid oldu.

Ermənilərin bizim Qırmızı Bazarda olduğumuzdan xəbərləri yox idi. Həmin əraziləri minomyotla vururdular, inanmırdılar ki, ora qədər irəliləyə bilərik. Kəndin ətrafında ağaclıqların içində mövqelənmişdik. Əli silahlı erməni hərbçiləri öz dillərində danışa-danışa bizim tərəfdən keçib gedirdilər. Böyük Tağlar Qırmızı Bazarda bir neçə mövqedə 4-5 gün döyüşdükdən sonra Xocalının Çanaqçı Dəmirçilər kəndinə getdik. Oradan isə Daşaltıya doğru irəliləyib, Laçına tərəf döyüşərək yolu açdıq. Həmin yolu keçib Xəlfəli kəndi istiqamətində, Şuşa şəhərinin girişindən hücuma keçmək üçün mövqeləndik. Düşmənlə bizim aramızda 250-300 metr məsafə var idi".

Müsahibimiz daha sonra çətin yollardan keçərək Şuşaya doğru irəlilədiklərini söyləyib:

"Bir-birimizdən tuta-tuta, koldan yapışa-yapışa yüksəklikləri qalxdıq. Bəzən yoldaşımız sürüşüb aşağı düşürdü, qayıdıb onu yuxarı dartıb, tapşırıq verilən yerə çıxırdıq. Noyabrın 3-dən artıq Şuşa istiqamətində idik. Ancaq meşənin içində olduğumuza görə onlar bizi görmürdülər. Biz isə erməniləri çox yaxından müşahidə edə bilirdik. Bir görürdün ki, erməni əsgərləri postda telefonda mahnı qoyub oynayırdılar.

Noyabrın 5-də bütün istiqamətlərdən hücuma keçdik. Şiddətli döyüşlər gedirdi. Şəhərin girişində müəyyən bir nöqtə var idi, oranı tutmalıydıq. Mən müşahidə aparan zaman vuruldum. Snayper gülləsi qarşımdakı yoldaşımdan keçib ürək nahiyyəmdən mənə dəydi. Ancaq bəxtim gətirmişdi ki, cibimdə telefonumun daşı pul qabım var idi. Güllə daşa (telefonun enerji bloku-red) dəyib, ürəyimdən yayınaraq 7-ci qabırğamın arasında qalmışdı. Hərəkət edə bilmirdim, məni digər yaralıları Laçın tərəfdən gələn yolda pusqu quran dəstənin yanına apardılar. Biz orada meşədə gizlənmişdik. Yaralı qaldığım həmin yerdə düşmənin 100-dən çox canlı qüvvəsi məhv edildi. Şuşa şəhərinin girişində, dağın dibində xeyli sayda erməni leşlərinin olduğunu göstərən fotolar sosial şəbəkələrdə yayılmışdı. Onları qeyd etdiyim dəstə öldürmüşdü .

Ayın 6-sı döyüşün ən qızğın çağında bizim tank əleyhinə mərmimiz bitdi. Hava qaranlığa doğru gedirdi. Mövqeləndik, düşmən tankları keçdi. Əlimizdə vasitə olmadığına görə onları vurmadıq. Hava işıqlananda komandirimiz dedi ki, düşmən maşınlarında xeyli sayda tank əleyhinə mərmilər var. Hərbçilərimiz dərhal onları götürüb payladılar. Həmin mərmilərlə düşmənin 10-dan çox tankını zərərsizləşdirdik, bir neçə tankçıları yandı. Ermənilər ondan sonra qaçırdılar. Şuşa döyüşü gördüklərim əməliyyatlar arasında ən şiddətlisi idi. Bizim XTQ öz gücünü Şuşada bir daha göstərdi. Solumuz, sağımız, qarşımız düşmən idi. Elə bir mövqelərdən hücuma keçmişdik ki, ermənilər özləri çaşmışdı.

Bizim bölməmiz Vətən müharibəsində 11 nəfər şəhid verdi. Bir görürdün ki, döyüş yoldaşlarından hansısa şəhid olub ya yaralanaraq dərənin dibinə düşüb, döyüş vaxtı onları çıxarmağa imkan olmurdu, döyüş bitəndən sonra hamısını ərazidən təxliyə edirdik. Hadrutda belə hadisələr yaşanmışdı”.

 

Şahanə Rəhimli

 

Unikal.- 2021.- 19 fevral.- S.11.