Milli Kitabxanada “Əməkdar elm xadimi
Yaşar Qarayev – 90 ” adlı kitab
sərgisi keçirilib
5 mart 2026-cı il tarixində Milli Kitabxanada görkəmli tənqidçi
və ədəbiyyatşünas,
Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvi, Dövlət
mükafatı laureatı,
Əməkdar elm xadimi Yaşar Qarayevin anadan olmasının 90 illik yubileyi münasibətilə
“Əməkdar elm xadimi Yaşar Qarayev – 90” adlı kitab sərgisi istifadəçilərə təqdim
olunub.
Sərgidə alimin əsərləri, məqalələri, müsahibələri,
məruzə və çıxışlarından ibarət seçilmiş əsərləri, redaktor,
ön söz, tərtibçi və rəyçi olduğu kitablar, həmçinin həyatı, çoxşaxəli
ədəbi-elmi yaradıcılıq
yolu haqqında ədəbiyyatlar, elmi, publisistik məqalələr
və xatirələrdən
ibarət nəşrlər
nümayiş olunur.
Yaşar Vahid
oğlu Qarayev
1936-cı il mart ayının 5-də Şəki
şəhərində anadan
olub. 1946-cı ildə
ailəsi ilə birlikdə Bakıya köçüb, burada 31
nömrəli şəhər
orta məktəbini bitirib. 1954–1958-ci illərdə
Azərbaycan Dövlət
Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində təhsil
alıb.
1959-cu ildən Akademiyada əmək fəaliyyətinə başlayan
alim Nizami adına Ədəbiyyat Dil İnstitutunun şöbə müdiri
(1975-1981), elmi işlər
üzrə direktor müavini (1981-1985), daha sonra direktoru vəzifələrində çalışıb.
38 monoqrafik tədqiqat
əsərinin və ədəbi-tənqidi məqalələr
məcmuəsinin, 500-dən artıq məqalənin müəllifidir.
Ədəbi fəaliyyətə 1955-ci ildə
“Lenin tərbiyəsi uğrunda” və “Azərbaycan gəncləri”
qəzetlərində çıxışlarla
başlayıb. Onun tədqiqat obyekti ədəbiyyatşünaslıq, ədəbi tənqid, ədəbiyyat tarixçiliyi,
teatrşünaslıq, estetika
və humanitar elmlərin nəzəri-metodoloji
problemlərini əhatə
edir.
Alim “Ədəbi
proses” adlı illik elmi-tənqidi məcmuənin təşəbbüsçüsü,
müəlliflərindən biri və məsul
redaktoru olub. Onun “Şərqin dahisi”, “Tənqid: problemlər, portretlər”,
“Azərbaycan ədəbiyyatında
faciə janrı”, “Tarix: yaxından və uzaqdan” kimi əsərləri ədəbiyyatşünaslıqda mühüm yer tutur. Yaşar Qarayev həmçinin respublikanın elmi və ədəbi-mədəni
həyatında da fəal iştirak edib.
Yaşar Qarayev 1980-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı seçilib, 1982-ci ildə isə “Əməkdar elm xadimi” fəxri adına, "Məmməd Araz", "Həsən Turabov" mükafatlarına, "Əmək rəşadətinə görə" medalı ilə təltif olunub.
Unikal.-
2026.- 6 mart, ¹9.- S.13.