Xatirələrdə olduğu kimi qalan sənətkar

 

Xalq artisti İlhamə Quliyevanın əziz xatirəsinə...

 

Uşaqlıq illərimdən bəri sevə - sevə dinlədiyim, səsindən, mahnılarından zövq aldığım müğənnilərdən idi İlhamə xanım. Televiziyada, radio dalğalarında Zeynəb Xanlarova, Elmira Rəhimova kimi sənətkarlarla yanaşı səslənirdi bu gözəl sənətkarın mahnıları.

...1981-ci ilin yay ayları idi. O zaman Milli Televiziya radio verilişləri şirkətində təcrübə keçirdim. 3 ay ərzində şirkətə gələn ayrı – ayrı sənət adamları ilə rastlaşırdım həyətdə, dəhlizdə. Tale elə gətirdi ki, dəfələrlə İlhamə xanımla da bu sənət məbədində rastlaşdım. Hər dəfə onunla salamlaşanda üzündəki təbəssümü görürdüm. Məndə xoş təsir bağışlayırdı bu təbəssüm, nurlu sima.

Onun ifasındakı “Göygöl”, “Reyhan”, “Mən səni araram”, “Ellər gülür”, “Necə əl çəkim”, “Qızılgülü dərəndə” , “Bir xumar baxışla”, “Çiçək yağışı”  kimi mahnıları sevə - sevə dinləyirdim əzbər bilirdim.

Dəfələrlə SSRİ Xalq artisti, “Şöhrət” “İstiqlal” ordenli Zeynəb Xanlarovanın məclislərində İlhamə xanımın canlı ifalarını dinləyər, mənəvi zövq alardım.

... İllər, aylar keçdi. Tale məni bu gözəl xanımla, istedadlı sənətkarla yenidən qarşılaşdırdı. Bu dəfə canlı ünsiyyət ömrünün son anlarına qədər belə demək mümkünsə dost kimi.

2000-ci illərin əvvəli idi. Ilhamə xanım çalışdığım Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş qərargahına gəlmişdi. O, Cəmiyyətimizin Prezidenti, sevilən mahnıların müəllifi Novruz Aslanovla birliyi qurmaq üçün təşrif buyurmuşdu. O zamandan etibarən, baş tutmuş tanışlıq sona qədər davam etdi dostluğa çevrildi.

Bu illər ərzində yaranan Novruz Aslanovun bəstələrinin  - “Yaşın fərqi var”, “Qara gilə”, “Bu şəhərdə”, “Səni sevmək üçün gəldim dünyaya” , “Unuda bilməzsən”, “Azərbaycan bayrağı”  s. kimi ölməz mahnıların ilk dinləyicilərindən biri məhz, mən olmuşam.

Bu xanımla ünsiyyətdə olarkən, mən bir daha əmin oldum ki, İlhamə xanım Quliyeva böyük ürəyə sahib bir insandır. Şir bürcündən olduğu üçün onda özünə sevgi, özünə qiymət vermək kimi cəhətlər vardı. Bu isə ətrafdakıları özündən razı olmaq təsiri bağışlayırdı. Əslində isə İlhamə xanım çox sadə, təvazökar, xeyirxah bir insan idi. Onun neçə - neçə gəncin sənətə gəlməsində, irəliləməsində, inkişafında böyük əməyi, xidməti vardır.Bu danılmazdır. O insanın xilqətində “pislik” sözü yox idi. Hamıya dəstək olurdu, həm mənəvi, bəzən maddi.

Ilhamə xanım çox mərd təbiətli bir şəxs idi. Sözü üzə deyərdi, arxadan danışmağı sevməzdi. Onun üçün həyatda bir meyar var idi. Sənət, yeni – yeni mahnılar, xalq sevgisi, vətənə, dövlətə, dövlətçiliyə məhəbbət.

2000-ci ildə İlhamə xanımın Heydər Əliyev sarayında verdiyi solo konsertini daima xatılayıram. Ilahi, o yaşda 3 saat canlı oxumaq, özü anşlaqla, alqışlarla. Bu yalnız İlhamə xanım kimi sənətkara xasdır...

Ilhamə xanım sözün əsl mənasında fəal ayparaçı idi. Qızıl Ayparanın bütün tədbirlərində iştirak edərdi. Xatırlayıram, sonuncu dəfə o, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gülüstan sarayında keçirilən 95 illik Yubiley tədbirində iştirak çıxış etdi. Çox xoşbəxtəm ki, onu həm qarşıladım, həm sona qədər avtomobilə kimi müşaiət etdim. O arada çox mehribancasına maraqlı söhbətimiz oldu.

Həyatı, yaşamağı, gözəlliyi sevirdi İlhamə xanım. Qəlbində kin – küdurət yox idi. Nurlu siması ilə sevinc bəxş edərdi ətrafdakılara.İlhamə xanım həm ailəmin əzizi, sevimlisi idi. Qızım Azadə İlhamə xanımla bir gündə avqustun 17-də dünyaya göz açıb. İlhamə xanım qızımın ad günündə hədiyyəsini göndərərək demişdi ki, Azadə xoşbəxt olacaq, çünki, mənimlə bir gündə doğulub. Hər dəfə mən İlhamə xanımı doğum günü ilə təbrik edəndə, o, dərhal Azadəni təbrik edir,adını xüsusi vurğulayırdı. Bax, İlhamə xanımın böyüklüyü bunda idi. Bu insanda özündən razılıq yox idi. O, özünü çox istəyirdi. Çünki, özünü sevməyən, qiymət verməyən adam ətrafdakıları sevib qiymət verə bilməz.

Qəlbimdə İlhamə xanımla bağlı o qədər söz var ki... qədər yazsam bitməz, tükənməz.

Onun qəfil ölüm xəbəri hamı kimi məni üzdü. Bir borc olaraq, mən onun dəfn yas mərasimlərində sona qədər iştirak etdim. Lakin, onun ölümünə bu gün inanmıram. Çünki, əsl sənətkar ölmür. Onun ölməz, tükənməyən sənəti, dəyərli musiqi inciləri yaşadıqca bu sənətkarı da ölməz edir.

Ilhamə xanım Quliyevanın yaradıcılığı haqqında inanıram ki, yeni – yeni əsərlər meydana gələcək. Mənsə istədim bu yazıda İlhamə xanımın yüksək insani cəhətlərini, ürəyimdən keçən xoş hissləri dəyərli oxucularımızla bölüşüm.

Ilhamə xanım Quliyeva qızılgülləri çox sevərdi. Sağlığında olduğu kimi bu gün o çiçəklər əbədiyaşar xanıma bəxşiş edilir.Məzarını daim çiçəklər bəzəyir. Azərbaycanın Dağıstanın xalq artisti, “Şöhrət” “Şərəf” ordenli böyük sənətkar, gözəl insan daim xatirələrdə olduğu kimi yaşayacaq. Onun gözəl, bənzərsiz səsi ilə yazılmış mahnıları milli musiqi mədəniyyətimizin xəzinəsini daim bəzəyəcəkdir.

İlhamə xanım, bir zaman efirdə tez-tez “Unut məni” deyə mahnınızla hayqırırdınız. Sizi unutmaq mümkündürmü?! Mütləqa, yox, yox!Çünki, Sizin bizə miras qoyduğunuz sənət inciləri əbədiyaşardır. Deməli, Siz daim xalqın yaddaşında, mədəniyyət tarixində əbədi yaşayacaqsınız.

Ruhun şad olsun İlhamə xanım!

Bu qısa, lakin ürəkdən gələn yazını İlhamə xanım,Sizə həsr edərək, istədim ki, az da olsa Sizə öz mənəvi borcumu verim. Yazını bir az gecikdirdiyim üçün Sizin ruhunuz qarşısında üzrxahlıq edirəm.İnanıram ki, Sizin kimi gözəl, mehriban, nəcib bir xanımın ruhu məni əhv edəcək.

İlhamə xanım, Siz böyük sənətkarsınız. Odur ki, qüdrətli söz sahibi, ölməz şairimiz Mikayıl Müşfiqin dahi Cəfər Cabbarlının ölümünə həsr etdiyi aşağıdakı misranı Sizə da şamil edir, yazıma hələlik nöqtə qoyuram:

 

“Fəqət ölən deyil onun sənəti,

 Bağlamış adına əbədiyyəti”

 

Allah Sizə rəhmət eləsin. Məzarınız daim nurla dolsun!

Ölməz, böyük sənətkar İlhamə Quliyevanın  xatirəsini böyük hörmət ehtiramla yad etdi     

           

Qafar Əsgərzadə

əməkdar jurnalist,

fəlsəfə doktoru

Âûøêà.-2016.- 2 ñåíòÿáðÿ.- Ñ. 8.