Cəfər təbiətin möcüzəsidir”

Mayın 3-də Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, teatr və kino xadimi Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş “Cəfər təbiətin möcüzəsidir” adlı ədəbi-bədii gecə keçirildi. Tədbir Könüllülər Kitabxana İctimai Birliyinin, Cəfər Cabbarlı ev muzeyinin, Cabir Novruz Mədəniyyət fondunun, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti və Yasamal rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olundu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  17 dekabr 2018-ci il tarixində “Cəfər Cabbarlının anadan olmasının 120 illiyinin qeyd edilməsi” haqqında  sərəncam imzalayıb. Sərəncamın icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin əmri ilə tədbirlər planı təsdiq olunub. Tədbirlər planında il ərzində görkəmli ədibin yubileyinin mədəniyyət, elm və təhsil ocaqlarında müxtəlif səpgili tədbirlərdə qeyd olunması nəzərdə tutulur.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, C.Cabbarlı ocağının yadigarları , onun nəvələri - C.Cabbarlı ev-muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızı və  Bəhlul Abbasov,  vaxtilə C.Cabbarlının müəllimi olmuş böyük şairimiz Abdulla Şaiqin nəvəsi, onun adını daşıyan ev-muzeyinin direktoru filologiya üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə və digər qonaqlar iştirak etdi.

Gecədə Cəfər Cabbarlının həyat və yaradıcılığını əks etdirən videoçarxlar, onun səhnələşdirilmiş əsərlərindən parçalar nümayiş olundu.

Tədbir boyu görkəmli incəsənət ustalarının çıxışları: Azərbaycan bəstəkarı, müğənni,  I dərəcəli vokalist, Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Elza Seyidcahan, Azərbaycan opera müğənnisi, Azərbaycanın və Dağıstanın Xalq artisti, professor  Azər Zeynalov,Nadir Qafarzadə, Nicat Nəcəfzadə, bədii qiraət ustaları Azərbaycan teatr, kino və dublyaj aktrisası, Azərbaycanın əməkdar artisti Hüsniyyə Mürvətova, Cəfər Cabbarlı mükafatı laureatı, diktor Eldost Bayram və digərlərinin Cəfər Cabbarlı yaradıcılığından ifaları tamaşaçılara böyük zövq verdi.

Tədbir Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tam versiyada lentə alındı.

Cəfər təbiətin möcüzəsidir

“Cəfər Cabbarlı öz zəngin yaradıcılığı ilə dünya dramaturgiyası zirvəsinə  yüksələn dahi sənətkardır” Heydər Əliyev

Bu il xalqımız, tərəqqipərvər bəşəriyyət XXəsr Azərbaycan ədəbiyyatının klassiki, dahi dramaturq, şair, nasir ictimai xadim Cəfər Cabbarlının anadan olmasının 120 illiyini böyük təntənə ilə qeyd edir. Daim sənətə, sənətkara, ədəbiyyata, mədəniyyətə, incəsənətə böyük dəyər verən respublika Prezidenti, zati-aliləri, cənab İlham Əliyev bu böyük ədibin anadan olmasının 120 illiyinin keçirilməsi ilə bağlı 2018-ci il dekabrın 17-də Sərəncam imzalamışdır. Bu, dövlət başçısı tərəfindən dahi sənətkara verilən ən yüksək dəyərdir.

Cəfər həyat verib ilhama sözə                                                                                                                                                        Cəfər hissin gözü, ruhun səsidir.

Təbiət möcüzə göstərib bizə

Cəfər təbiətin möcüzəsidir.

 “Ibsen kimi aktual, qəti və cəsarətli, Şiller kimi üsyankar, Şekspir kimi zəngin və rəngarəng, Qorki kimi ideyalı” - müasirləri Cəfər Cabbarlı sənətini belə qiymətləndirib. Xalq şairi Səməd Vurğun isə C.Cabbarı yaradıcılığını bizim dövr mədəniyyətinin qəh-qəhə pilləsi adlandırıb.

Ona bahar oğlu deyirdilər. O, 1899-cu il , martın 20-də Xızıda dünyaya göz açmışdı. Özü ilə sənət aləminə solmaz əbədi bir bahar təravəti gətirmişdi. Cəmi 35 il yaşadı. Amma bu qısa ömürdə yaratdıqları bir neçə ömrə bəs edəcək qədər oldu. Unudulmaz Cəfər Cabbarlı  imzası neçə yüzillikləri adlayıb keçəcək, yaratdıqları isə necə nəslin mənəvi sərvətinə çevriləcək. Çünki, o dünən də müasir idi, bu gün də müasirdir, sabah da müasir olacaq.

               Mən bir sönməz ulduzam ki, daim işıq saçarım,

              Mən bir oynaq bülbüləm ki, güldən-gülə uçarım,

              Mən bir saqlı aləməm ki, sevgilərdir açarım.

              Sənsiz günəş görünməsin, qaralara boyansın,

              Oxu, bülbül, bəlkə yarım oyansın!..

Cəfər Cabbarlı yaşadığı dövrün yanan çırağı idi. O, məzlum xalqın düçar olduğu məhrumiyyətdən, ədalətsizlikdən, haqsızlıqdan qurtulması üçün onları səfərbərliyə çağırıb. Qoca Şərqi əsarət zülmündə saxlamaqla o, insanları azadlıqdan, hürr yaşamaqdan məhrum etməyə çalışan imperialist qüvvələrinə qarşı çıxıb:

                 Ey Şərq sənin üstündə cahan çarpışıyorkən,

                      Aləm səni bölməklə səadət bölüşüyorkən,

                     Övladın əsarətdə yazıq can çəkişiyorkən,

                     Hala da sükut etmədəsən, ey evi  bərbad!

                      Kimdən, əcaba, ummadasan dərdinə imdad?

C.Cabbarlının bütün əsərlərində musiqi, mahnı var. Onun qəhrəmanları öz həyəcanlarını gözəl həzin mahnılarla ifadə edirlər. Bu mahnıların çoxunun melodiyası Cabbarlının özünə məxsusdur. Həmin musiqiləri eşitdikcə sanki öz fikir və düşüncələrini musiqi ilə bəyan edən qəhrəmanlarla görüşmuş oluruq.

                Qaranlıq gecədə səni gözləyib

             Durmaqdan yoruldum, ey dan ulduzu!

             Uzaq üfüqlərə göz gəzdirməkdən

             Az qala kor oldum, ey dan ulduzu!

  

Öksüz taleyim tək gecikdin nədən?

   Karvanqıran doğdu, görünmədin sən.

   Oxşatdım, yanıldım, könül verdim mən,

    Bilmədən vuruldum, ey dan ulduzu?

 “Ana” və “Ana vətən”. Bu iki varlıq Cabbarlı üçün dünyada ən ülvi, ən müqqədəs varlıq olub. Bu iki varlıqa olan məhəbbət Cabbarlı həyatının silinməz, parlaq səhifələri olub. Öz doğma anasını dərin məhəbbətlə sevən Cəfər ümumilikdə bütün analara hörmət və ehtiram göstərib, onlara bəşəriyyətin yaradıcısı kimi böyük qiymət verib.Öz doğma anası ilə qoynunda doğulduğu, böyüdüyü, yaşadığı doğma vətən arasında heç bir fərq qoymadan, yolunda hər an qurban getməyə hazır olan Cabbarlı “Ana ” ilə “Vətən” kəlmələrinin vəhtətindən “Ana Vətən” şerini yaradıb. Çox fərəhli haldır ki, müasir ədəbiyyat tarixində bu şeir qədər dolğun, məzmunlu, təsirli analoq yoxdur. Bu şeir Azərbaycan ədəbiyyatı xəzinəsinin nadir incilərindəndir:

Cahanda yox elə bir qüvvə baş əyim ona mən,

Fəqət nə güclü, zəif bir vücud var, yahu,

Ki, hazıram yıxılıb xaki-payinə hər gün,

Öpüm ayağını əcz ilə. Kimdir o? Nədir o?

Ana! Ana!.. O adın qarşısında bir qul tək

Həmişə səcdədə olmaq mənə fəxarətdir,

Onun əliylə bəla bəhrinə yuvarlansam,

Yenə xəyal edərəm bəzmi-istirahətdir.

Cabbarlı şair, Cabbarlı nasir, Cabbarlı dramaturq, Cabbarlı rejisor, Cabbarlı ssenarist. Cabbarlı teatrşunas, jurnalist, tərcüməçi, musiqi biliçisi. Bu siyahını artırmaq da olar. O, çox şaxəli yaradıcılığı ilə səhnəmizə böyük bir aktiyor nəsli, dilimizə yeni sözlər, yeni adlar, kino salnaməmizə Azərbaycan nəfəsi gətirib. Milli teatr və kino tariximizi yad nəfəslərdən qoruyub. ən nəhayyət, o öz yaradıcılığı,şəxsiyyəti ilə neçə-neçə sənətkarın ilham mənbəyinə çevrilib.

Cabbarlı dühası təkcə şairləri, aktyorları, rəssamları ruhlandırmayıb. Bəstəkarlarımızın, musiqiçilərimizin yaradıcılığına qol-qanad verib. Görkəmli bəstəkar və musiqi xadimi Əfrasiyab Bədəlbəyli-Cəfər dostluğu sənət tariximizin ən qiymətli səhifələridir. Dahi Fikrət Əmirovun musiqisi ilə “Sevil” operası dünya səhnə və ekranlarını dolaşıb. Təkcə, bu iki qüdrətli sənətkarın yox,bütünlükdə Azərbaycan adlı bir diyarın mənəvi zənginliklərindən xəbər verib.         

Cabbarlı qəhrəmanlarının, hətta tiplərinin də sözləri bu gün qəlbimizdə zərb məsələ çevrilib. Bu fikirlər o qədər müdrik, o qədər təbiidir ki, bəzən bunların ilkin mənbəyi-müəllifinin kim olduğu da unudulur,  folklora çevrilir. “Ah, qurban olum Məhəmmədin şəriətinə”, “Hər binanın bir ustadı var,  ya yox?”, “Mən bu saat sübutalnı-dokumentalnı hər şeyi başa salaram”, “Qoc döyüşünə aslan pəncəsi gərəkdir”,  “Orada hər şey süni, fəqət mənim qəlbim, o ki, süni deyil!”,  “Atan kazaklardır”,  “ Xoş, gördük köhnə dostlar, siz hələ sağmısınız?”... Bu siyahını artırmaq  da olar.

Cabbarlının bütün qəhrəmanları bu gün də bizə dövrün bəlalarından, əsrin problemlərindən, söz açır. Bəzən onu təftiş etmək istəyənlər də tapılır. Amma böyük sənətlər, böyük sənətkarlar məhək daşı kimi bütün fiziki və mənəvi hücumlardan sağ çıxır. Cabbarlı dühası, Cabbarlı sənəti bu gün də bizi ayıq-sayıq, səfərbər olmağa çağırır.

Ədibin  qəhrəmanları tişə ustalarını, rəssamları, şair və dramaturqları yaradıcılığa ruhlandırıb. Ona neçə-neçə əsər, mahnı həsr olunub. Onun yaradıcılığına həsr edilən dissertasiyalar müdafiə olunub. Bu gün C.Cabbarlının vaxtilə arzuladığı çox gözəl bir dövranda yaşayırıq. Doğma respublikamız, paytaxtımız gülüstana, laləzərə çevrilib. Həyatımızın bütün sahələrində tərəqqi, yenilik müşahidə olunmaqdadır.   Xalqımız azad, firəvan, xoşbəxt gələcəyə inamla irəliləyir. Bu bir həqiqətdir.Bu bir gerçəklikdir.  Unudulmaz Cəfərin “Firuzə” hekayəsinin qəhrəmanı vaxtilə, Bakının günü-gündən artan gözəlliyinin qarşısında beləcə heyrətlənmişdi. Bu gün biz Sizinlə həqiqətən, çox sürətlə dəyişən, müasir tipli xiyabanlar, parklar, abidələr, fəvvarələr şəhərinə çevrilən, İslam mədəniyyət mərkəzinə çevrilən bir diyarda yaşayırıq.                                                                       

Cabbarlı öz yaradıcılığında tarixi mövzulara həsr olunmuş bir neçə romantik əsər yaradıb. ”Od gəlini”, ”Trablis müharibəsi”, ”Ədirnə fəthi”  və s.dramaturqun bu səpkidə yazdığı qiymətli sənət inciləridir. Bu əsərlərdə Cabbarlı qəhrəmanlarındakı ehtiraslı döyüşkənlik və üsyankarlıqla bərabər, milli ideallara, xalqa xidmət və ehtiram da çox böyükdür.

Azərbaycanda milli hisslərin alovlandırıldığı 1918-19-cu illərdə yaranmış milli tərəqqiyə nikbin hisslər aşılanmış  “Ədirnə fəthi” əsəri Cabbarlının türkçülük ideallarına, millətin ideallarına, Azərbaycanda demokratik quruluşun yaradılmasına həsr olunmuş, seçilən nümunələrdəndir.                                           

O, sənət aləmində əsl dönüş yaratdı. ”Hey sən, əski dünya təslim ol, Sənə qarşı yüruş var”dedi. Bu üsyankarlığına görə başı min bir bəla çəkdi. Əsərləri repertuarlardan çıxarıldı. Qəhrəmanları ədəbi məhkəmələrə çəkildi. Özü isə tənqid və mühakimələrə tuş oldu. Amma istədiyinə nail oldu. Deyə bilmədiklərini qəhrəmanlarının, obrazlarının dili ilə dedi. Bu gün teatrlarımız həmişəyaşar Cabbarlı sənətinə dönə-dönə müraciət edirlər. ”Aydın”, ”Dönüş”, ”Oqtay Eloğlu”, ”Solğun çiçəklər” və s. bu gün də repertuarlarda özünə möhkəm yer tutur. Bu teatrların sırasında təkcə Akademik Milli Dram teatrı deyil, həmçinin, ədibin adını daşıyan Gəncə Dövlət Dram teatrı və digər teatrlarımız da vardır. Bu əsərlərdə də şəxsiyyət azadlığı və milli azadlıq idealları tərənnüm edilir. Cəfər Cabbarlı həmişə olduğu kimi yeni nəslin, gəncliyin nümayəndəsi olaraq qalır.

Cəfər Cabbarlının əsərləri bədii sənətkarlıq məziyyətləri, güclü xarakterlər, müsbət və mənfi obrazlar silsiləsi, romantik, emosional, eyni zamanda, canlı, koloritli obrazlı dili ilə seçilir. O, Azərbaycan Xalq Cümhuriyyəti dövründə xüsusilə, coşqun ictimai və ədəbi fəaliyyəti ilə də seçilən ən parlaq simalardan olub. Müstəqil dövlətin yaranmasını ruh yüksəkliyi ilə qarşılayan ədib “Sevdiyim” və “Azərbaycan bayrağına” adlı iki şeirini müstəqil Azərbaycanın milli bayrağına həsr edib:

Bu ay, ulduz, boyaların qurultayı nə demək?

Bizcə böylə söyləmək:

Bu göy boya, Göy Moğoldan qalmış bir türk nişanı,

-Bir türk oğlu olmalı!

Yaşıl boya islamlığın sarsılmayan imanı,

-Ürəklərə dolmalı!

Şu al boya azadlığın, təcəddüdün fərmanı,

-Mədəniyyət bulmalı!

Səkkiz uclu şu ulduz da, səkkiz hərfli OD YURDU

Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,

-Səhərlərə uçmuşdur!

Şu hilal da, türk bilgisi, düzgün sevgi nişanı,

-Yurdumuzu qucmuşdur!

Allah, əməllərim edib şu bayrağı intiqal,

Birər-birər doğru olmuş, bir ad almış: İSTİQLAL!

Yürəyimdə bir dilək var, o da doğru kəsilsin,

O gün olsun bir göy bayraq Turan üstə açılsın!

Cabbarlının istiqlal dövründə yazdığı şerlərdə milli azadlıq, Azərbaycanın müstəqilliyi, türkləşmək, islamlaşmaq və müasirləşmək, hətta turançılıq ideyaları tərənnüm edilirdi.

Deyirlər qüdrətli sənətkarların ruhu heç vaxt doğma səmaları tərk etmir. Mütləq başqa üsyankarın ruhuna qovuşur, deyə bilmədiklərini deyir, arzularını gerçəkləşdirir.                                                                                                          Böyük sənətkar Müşfiq Cəfər haqqında deyirdi:” Fəqət ölən deyil onun sənəti, bağlamış adına əbədiyyəti”.

Cəfər “axır səni buldum, ey dan ulduzu” deyirdi. O, Yeni dünyanın yeni üfüqlərində azad, müstəqil, demokratik ruhlu Azərbaycanı görürdü.

                  Böyük  M.Müşfiqin təbirilə desək:

                      “Böyük Füzuliyə ruh verən ellər,

                       Özünü tarixə göstərən ellər

                      İşini vaxtında bitirəcəkdir                                              

                      Hər zaman Cəfəri yetirəcəkdir.”

 

Qafar Əsgərzadə

Əməkdar Jurnalist,

Pedaqoqika üzrə fəlsəfə doktoru, dosent

Âûøêà.-2019.- 9 ìàÿ.- Ñ.9.