Aşıq Ələsgərin yaradıcılığı

 

Şair Məhəmməd onun doğma qardaşıdır

 

Aşıq Ələsgərin irsini toplayıb tədqiq etmək istəyimin kökü çox əvvəllərə gedib çıxır. Hələ ağlım kəsməyən vaxtlar evimizdə saz havası səslənərdi. Sonradan aşıq sənətinə ciddi şəkildə bağlandım. Təbii ki, burada gendən, nəsildən gələn ənənənin təsiri olmamış deyildi. Aşıq Ələsgərin şeirlərindən bir neçəsi ilə tanışlıqdan sonra bu qənaətə gəldim ki, babamın şeirlərini toplamalı, soydaşlarımıza çatdırmalıyam. Babamın əsərlərini toplamaq istəyim nəsil çərçivəsindən, bir nəvə istəyi ölçüsündən kənara çıxdı, beləliklə də yurdumuza, elimizə gərək oldu. Aşıq Ələsgərin irsini topladıqca və araşdırdıqca həmin dövrü, eləcə də Azərbaycan aşıq sənətinin tarixini, Aşıq Ələsgərdən sonrakı aşıq mühitini diqqətlə öyrənməli oldum. Əks halda Aşıq Ələsgərin Azərbaycan aşıq sənətindəki mövqeyini qiymətləndirmək mənim üçün çətin olacaqdı.

Aşıq Ələsgərin ustadı Aşıq Alı olub. Ancaq onun nəslindən şeirlərini toplayan, ictimaiyyətə çatdıran, tədqiq edən təəssüf ki, olmayıb. Əlimdən gələni etdim ki, Aşıq Ələsgərlə bağlı olan bütün soraqları toplayıb sabaha çatdıram. Uzun müddət Göyçə aşıqları və şairlərinin şeirlərini toplamaqla məşğul olmuşam. 1999-cu ildə "Sazlı-sözlü Göyçə" adlı kitab nəşr etdirmişəm. 34 aşıq və el şairinin həyatı və əsərlərindən nümunələr vermişəm. İlk növbədə Göyçə aşıq mühitinə Aşıq Ələsgərin son dərəcə böyük təsir olub. Aşıq Ələsgər Azərbaycanın böyük şəxsiyyətlərindən biridir. Belə nadir şəxsiyyətlər az-az doğulur. Bu fikri deyərkən qohumluq amilinə qətiyyən söykənmirəm. Aşıq kimi onun misli-bərabəri yoxdur. Həmçinin də o, əvəzsiz ifaçı olub. Burada onun şairliyinin də başqalarından tamamilə fərqli olduğunu görmək mümkündür. Bir şəxsiyyət olaraq Aşıq Ələsgərdə elə keyfiyyətlər var ki, bunu ancaq övliyalarda görmək mümkündür. Danışırlar ki, Aşıq Ələsgər üz-üzə söhbət elədiyi adamın ürəyindən keçənləri duyurmuş. İndi parapsixologiya haqqında çox danışırlar, babamda parapsixoloqluq güclü imiş. Sonra danışırlar ki, o, yaşadığı ərazidən kənarda baş verəcək hadisələri əvvəlcədən duyurmuş. Şeirlərini bədahətən deyərmiş. Onun alqışı da, qarğışı da təsirsiz ötüşməzmiş. Hansısa işdən narazı qalsaydı, o baş tutmazmış.

Babamın əsərlərini topladıqca diqqətlə onları araşdırmışam və müəyyən qənaətlərə gəlmişəm. Mənə elə gəlirdi ki, Aşıq Ələsgər mükəmməl dini mədrəsə təhsili alıb, ancaq şagirdləri ilə, eləcə də atamla söhbətdə mənə aydın oldu ki, Aşıq Ələsgər ümumiyyətlə, yazıb-oxumağı bacarmırmış. Ancaq onun çox güclü hafizəyə malik olması haqqında tanıyanlar heyranlıqla danışırdılar. Bir dəfə eşitdiyi şeiri ömürlük yadında saxlayarmış. Digər tərəfdən də Aşıq Ələsgər daim oxumuş, elmli adamlarla ünsiyyətdə olub. Getdiyi yerlərdə həmişə kitab oxutdurar, onlara diqqətlə qulaq asarmış. Deməli, Ələsgər şeirlərini şifahi şəkildə yaradıb, şübhəsiz ki, özü bunları daim yadında saxlayarmış; maraqlıdır ki, ustadın şagirdlərinin çoxu da savadsız olub. Mənim atam da yazı-pozu bilməyib. Şagirdləri də fitri yaddaşlarının köməyi ilə bu şeirləri hafizələrində saxlayarmışlar.

Babamın toplayıb çap etdirdiyim şeirləri onun yaradıcılığının onda birideyil. Danışırlar ki, Ələsgər bir məclisə düşəndə dalbadal onlarla şeir deyər və oxuyarmış. O, hədsiz geniş yaradıcılığa malik bir şəxsiyyət olub, aşıq şeirinin bütün şəkillərində nümunələr yaradıb. Əgər o dövrdə bu şeirlərin heç olmasa, yarısı köçürülsəydi, indi biz bu qədər əziyyət çəkməzdik. Təəssüf ki, Aşıq Ələsgərin yaradıcılığının çoxu it-bata düşüb, digər tərəfdən də onun dövründə kitab bağlamaq, yazı-pozu Azərbaycanın özündə də kifayət qədər ənənə idi. Aşıq Ələsgərin bizə yazılı şəkildə bir şeiri belə gəlib çatmayıb. Nə toplamışamsa, onun şagirdlərindən, eləcə də Aşıq Ələsgəri görmüş şəxslərdən eşitmişəm.

Aşıq Ələsgərin yaradıcılığının yazıya alınması keçən əsrin 30-cu illərindən başlayır. İlk dəfə onun şeirlərini həyatdan çox cavan getmiş mərhum folklarçu Hümmət Əlizadə yazıya alıb. O, bu şeirləri bir neçə dəfə çap etdirib. Həmin toplularda Ələsgərin çox şeiri yoxdur. 1937-ci ildə çıxan kitabda olan səhvlər indiki kimi yadımdadır. O zaman mən 4-cü sinifdə oxuyurdum. Atam mənə həmin şeirləri oxutdurdu, sonra başını buladı. Məlum oldu ki, Hümmət Əlizadə həmin dövrün ab-havasına uyğun olaraq Aşıq Ələsgərin şeirlərindəki dini adları, ifadələri dəyişdirməli olub. Sonralar Aşıq Ələsgərin irsi ilə məşğul olmağa girişdim. 1946-cı ildə folklorçu Əhliman Axundov 15 günlük Göyçəyə gəlmişdi. O, müəyyən şeyləri atamdan soruşdu, öyrəndi, yazdı. Sonradan "Aşıq Ələsgərin yaradıcılığı" adlı dissertasiya müdafiə elədi. Həmin dissertasiyada kifayət qədər səhvlər var. Düzdür, Ə.Axundov Ələsgərin irsinin öyrənilməsində xidmətlər göstərib. Ancaq həqiqət həqiqətdir, demək lazımdır. Məsələn, Aşıq Ələsgərin hərfi mənada ailəsinə - qadınına müraciətlə yazdığı şeir əslində birbaşa onun ailəsinə aid deyil. Burada ustad "Qızım, sənə deyirəm, gəlinim, sən eşit" prinsipinə əsaslanıb. Nənəm Aşıq Ələsgərin adına layiq mərifətli, nəcabətli, ləyaqətli bir qadın olub. Şübhəsiz ki, gərək belə məsələlərdə tədqiqatçı çox diqqətli olsun. Aşıq Ələsgər tarixi şəxsiyyətdir. Onu bizdən 200 ildən bir az müddət ayırır. Hər halda onun sağlığında az qala əfsanələşməsi şəxsiyyətinə, yaradıcılığına olan böyük sayğıdan irəli gəlir.

Bu yöndə araşdırmalar aparmışam, real hadisələrə, olmuşlara əsaslananları, digər tərəfdən də rəvayətlərə söykənənləri ayırmışam. Folklarda rəvayətləşdirmək meyli hədsiz güclüdür. Elə rəvayətlər var ki, bunlarda Aşıq Ələsgərin şəxsiyyətinə toxunan məqamlar açıq-aydın sezilir. Hər halda belə uydurma məqamların geniş şəkildə intişar tapmasına imkan vermək olmaz. Ələsgərin doğulub boya-başa çatdığı torpaq əzəli türk məskəni olan Azərbaycandır. Bu gün həmin torpaqlar ermənilərin tapdağı altındadır. Şübhəsiz ki, təbiəti zəngin olan həmin torpaq, yəni dağlı-daşlı, çaylı, əngin səmalı, bulaqlı Göyçə Ələsgərin fitrətinin inkişaf etməsində əvəzsiz rol oynayıb. Yeri gəlmişkən, bir faktı deyim ki, Aşıq Ələsgərin babaları Güney Azərbaycandan gəlmədirlər. Həmişə Ələsgər deyərmiş ki, bizim babalarımız Arazın o tayından gəlib.

Babamın ölümüçox maraqlı olub. Danışırdılar ki, o, ölümünü əvvəlcədən duyubmuş. Evdəkilərə deyir ki, bəs hazırlıq görün, mən bu yaxında öləcəyəm. Deyirlər ki, nədən öləcəyini bilirsən? Deyir neçə il qabaq qaçqın düşən vaxtı Allaha yalvardım ki, mənə möhlət versin, indi isə dünyadan getməyin vaxtıdır. Şair Məhəmməd məşhur Aşıq Ələsgərin doğma qardaşıdır. O, qədim Göyçə mahalının Ağkilsə kəndində dünyaya göz açıb. Şair 1934-cü ildə dediyi "Baxın" rədifli qoşmasında 77 yaşı olduğunu etiraf edib. Bu şeirdən 3 il sonra el sənətkarının həyatla vidalaşdığını nəzərə alsaq, deyə bilərik ki, o, təxminən, 1857-ci ildə anadan olub.

Şair Məhəmmədin atası Alməmməd kişinin 4 oğlu və 2 qızı vardı. Məhəmməd sonbeşik idi. Alməmməd 8 nəfərlik ailəni dolandırmaqda əvvəllər bir qədər çətinlik çəkib, Kəlbəcərin meşələrindən gətirdiyi ağacdan təsərrüfat alətləri (çömçə, qaşıq, çanaq, nəhrə, kürək, şana, boyunduruqs.) düzəldib satmağa məcbur olub. O, oğlanları böyüyəndən sonra mal-heyvanı artırıb, bir dəyirman tikib, ailənin güzəranını xeyli yaxşılaşdırıb. Alməmməd özü dəyirmanda durur, Ələsgər aşıqlıq edir, Salahla Xəlil əkin-biçinlə məşğul olurdular. Qoyunları otarmaq isə Məhəmmədin öhdəsinə düşmüşdü. Qardaşlar ayrılıb, hərəsi bir ev sahibi olandan sonra da Məhəmməd uzun müddət çobanlıq edib. Bu səbəbdən ona "Çoban Məhəmməd" də deyirdilər.

Məhəmməd sevib-seçdiyi Sərvinaz adlı bir qızla evlənmişdi. Tale ona 2 qız, 1 oğul bəxş eləmişdi. Bədbəxtlikdən uşaqların üçü bir ilin içində xəstələnib öldülər. Bu dərdə dözə bilməyən ana da çox yaşaya bilmədi. Belə bir müsibətdən qəm dəryasına qərq olan Məhəmməd daha ailə qurmaq istəmədi; uzun zaman subay qaldı. Nəhayət, qohum-qardaşın danlamasından, öyüd-nəsihətindən sonra Bahar adlı bir qadınla evləndi. Şair Məhəmmədin bundan sonrakı həyatı da əzab-əziyyətli keçdi. Ermənilərin 1918-ci ildə türklərə qarşı törətdikləri qırğınla əlaqədar Məhəmməd Göyçəni tərk etməyə məcbur oldu. O, 1917-ci ildə vəfat eləmiş qardaşı Xəlilin 5 nəfərlik ailəsini öz ailəsi ilə birlikdə Kəlbəcərə köçürüb 1921-ci ilə qədər orada yaşadı. Məhəmməd qaçqın olduğu müddətdə Xəlilin 18 yaşlı oğlu Nəcəfi (Aşıq Nəcəfi) yanına alaraq xırda alverlə məşğul oldu.

Ermənistanda Şura hökuməti qurulandan sonra bütün göyçəlilər kimi Məhəmməd ailəsini doğma yurda qaytardı. Yoxsul həyat keçirən bir neçə il yenə alver etməyə məcbur olan Məhəmməd sonra bir dəyirman tikib gəliri ilə ailəsini dolandırmağa başladı. Az keçmişdi, kolxoz quruluşu meydana çıxdı. Məhəmməd kolxoza yaxınlaşmaq istəmədi. 1933-cü ildə onu məcburən kolxoza yazdılar, minbir əziyyətlə başa gətirdiyi dəyirmanı əlindən alıb kolxoz mülkiyyətinə çevirdilər, özünü dəyirmandan kənarlaşdırdılar. Məhəmməd çıxılmaz vəziyyətdə qaldı. Kolxoz idarə heyətindən rayon rəhbərliyinə dəfələrlə etdiyi şikayət bir nəticə vermədi. Nəhayət, o, çox kasıblığını, dəyirmandan başqa heç bir dolanışıq vasitəsinin olmadığını, beş nəfərlik ailənin ( 3 oğlu vardı) dözülməz maddi ehtiyac içində yaşadığını bildirən geniş məzmunlu bir ərizə yazdırıb Ermənistan Ali Məhkəməsinə göndərəndə, yuxarıda adını çəkdiyimiz "Baxın" rədifli şeirini zərfin içinə qoydu. Şeir o vaxtı Ali Məhkəmədə işləyən azərbaycanlıların xoşuna gəlmişdi. Odur ki, dəyirmanı bir mülk kimi Məhəmmədə qaytarmasalar da, özünü dəyirmançılığa bərpa elədilər. Bundan sonra Məhəmməd çox ömür sürmədi. O, 1937-ci ilin yayında dünyasını dəyişdi. Onu Aşıq Ələsgərin qəbrinin yanında dəfn elədilər.

Gənc yaşlarından atası Şair Alməmmədin qardaşı Aşıq Ələsgərin təsiri ilə şeir qoşmağa başlayan Məhəmməd istedadlı bir el şairi kimi püxtələşmişdi. Onun "çoban" adı unudulmuşdu. Hamı ona "Şair Məhəmməd" deyirdi.

Şair Məhəmmədin ədəbi irsi çox zəngin olub. Lakin yazı-pozu bilməyən bu el şairinin şeirləri vaxtında qələmə alınmadığına görə, böyük bir qismi unudulub. Biz onun 70-dən artıq müxtəlif şəkilli şeirini dastanlarını Aşıq Nəcəf Aşıq Talıbın hafizəsindən yazıya almışıq. Şair Məhəmmədin şeirləri duzlu-məzəlidir. Hələ heç bir el şairində rast gəlmədiyimiz qəribə bir yumor, zarafatla deyilmiş xalq ifadələri onun yaradıcılığı boyu uzanıb gedir.

Şairin əsərlərindən tək-tək nümunələr müxtəlif mətbuat səhifələrində dərc edilib.

Şair Məhəmmədin əlimizdə "Şair Məhəmmədin Qars səfəri" (bunu bəzi aşıqlar "Şair Məhəmmədlə Sərvxuraman xanım" da adlandırırlar), "Şair Məhəmmədin Yalanbol səfəri" "Şair Məhəmmədin çuxa əhvalatı" adlı üç dastanı var. Sonrakı iki dastan Məhəmmədin qaçqın olduğu zaman Şura hökumətinin ilk illərində keçirdiyi ağır güzəran, maddi mənəvi sıxıntılarla əlaqədar yaradılıb. Ancaq aşıqlarımızın repertuarında daha çox yer tutan "Şair Məhəmmədin Qars səfəri" dastanının əsasında heç bir real həyat hadisəsi durmur. Bu dastan bütövlükdə şair xəyalının məhsuludur. 

 

 

İslam Ələsgərov,

araşdırmaçı,

Aşıq Ələsgərin nəvəsi

 

Xalq Cəbhəsi.- 2010.- 6 avqust.- S.14.