Ədəbiyyat və İncəsənət Arxivinin 45 yaşı tamam olur

 

Artıq 44 ildir ki, onu Azərbaycan ədəbiyatının və incəsənətinin qiymətli mənbələrininə, nümunələrinə eşqli, sonsuz sayğılı münasibətini "fanatlıq" da adlandırmaq olar. Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru, ədəbiyyatşünas-publisist Maarif Teymurun barəsində "fanat" sözünü işlədərkən ifrata varmıram. O, doğrudan da peşəsinin fanatıdır. Bu cəhətin xüsusilə indiki gərgin, tarixi taleyimizə daha diqqətli olmalı çağımızda özümüzə çatdırılması əhəmiyyətlidir. Bu gün millətlərin, dövlətlərin sabahı ilə bağlı daha cidd-cəhdlə çalışdığı, konkret olaraq tarixi soraqlarını arxivlərdə qorumağı əsas işi saydığı halda təəssüf ki, hər birimiz arxiv işinə, olanları sabaha çatdırmaq üstə köklənmək əməlinə biganəyik. Hələ də bunu ayrı-ayrı adamların işi olduğunu düşünürük. Doğrudan da arxiv işində çalışmaq üçün fanat olmaq lazımdır. "Göz işlədikcə" qurtarmayan sənədlər, qalaq-qalaq qovluqlar içərisində çaşıb qalmamaq arxiv işçisindən böyük səbir, inad tələb edir.

Maarif Teymur 1946-cı ildə Masallı rayonunun Ərkivan kəndində anadan olub. BDU-nun kitabşünaslıq şöbəsində, Moskva Tarix Arxivşünaslıq İnstitutunda təhsil alıb. Ədəbiyyatşünas, publisist, mətnşünasdır. 750-dən çox sənətkarın şəxsi arxiv fondunun yaradılmasında fəal iştirak edib. Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Məhəmməd Əəmin Rəsulzadə, Almas İldırım, E.Qurtulanbaşqa istiqlal mücahidləri haqqında tapıntı və məlumatları dövri mətbuatda müntəzəm çap etdirib. Onun arxiv işi sahəsindəki ardıcıl, aramsız fəaliyyətini müşahidə edərkən bu qənaət hasil olur ki, bu, Maarif Teymurun aqibətidir. Doğrudan da aqibət deyilən bir şey varinsan o aqibətin tələbindən çıxa bilmir. Bu barədə Maarif Teymur deyir: "Bizə qədər gəlib çatmış ayrı-ayrı qiymətli əlyazmaların hər biri xalqın, bəşəriyyətin zəngin, çoxcəhətli, qədim keçmişindən xəbər verir. Qədim əlyazmaları araşdırıb kitab yazan müəlliflər əgər o nümunələri, köklü mənbələri sevməsəydilər, şübhəsiz ki, sanballı əsərlər meydana çıxa bilməzdi. Arxiv işi xüsusi təhlil ediləsi, haqqında bundan sonra neçə-neçə kitablar yazılası məsələdir. Artıq bu işdə 44 ildən çoxdur ki, çalışıram. Bu əvəzsiz işi bütün varlığımla sevirəm. 60-cı illərdən başlayaraq arxiv işində milli yön üstünlük təşkil etməyə başladı. Arxivə məni ilk dəfə işə götürən Məmmədəmin Şəkinskini yaddan çıxara bilmərəm. O, arxiv sənədlərinin toplanmasında böyük görüb. Bu sırada bacarıqlı təşkilatçı kimi indiki Ədəbiyyat və İncəsənət Arxivinə rəhbərlik etmiş, hazırda Milli Arxiv İdarəsinin rəisi vəzifəsində çalışan Ataxan Paşayevin adını xüsusi qeyd etmək istəyirəm. Onun ömrü büsbütün arxiv işinə həsr olunub". Maarif Teymurun arxiv işinə sevgisinin möhkəmlənməsində Əziz Şərif xüsusi rol oynayıb: "Vaxtilə o, mənə dedi ki, bilirəm, məvacibin azdır, ancaq oradan getmə. Əkrəm Cəfərin, Qulam Məmmədlinin arxiv işinə canlı, yaradıcı münasibəti həmişə yaddaşımda yaşayır".

Bu gün bizə zahirən gərəksiz görünən bir əlyazma sabah üçün zəruri bir sorağa çevrilə bilər... Başlancığda heç bir sənəd bazası olmayan, 45 illik gərgin fəaliyyəti nəticəsində gəlib bugünümüzə çatmış Ədəbiyyat və İncəsənət Arxivinin formalaşmasında müəyyən insanların xüsusi xidmətləri olub, 750-dan artıq şəxsi fondun yaradılması əzab bahasına başa gəlib: "Dəfələrlə bir yazıçının, aktyorun evinə getmişik, sonda istəyimizə nail olmuşuq. Nəticədə arxiv 150-200 illik tariximizi özündə yaşadan mənəvi xəzinəyə çevrilib. Bəziləri deyər ki, arxivdir də, burada nə gərgin ola bilər ki? Ancaq bu proses elə gərgin və məsuliyyətlidir ki, deməklə başa gələn deyil. Bu arxiv Azərbaycan ədəbiyyatı və incəsənəti yaradıcılarının sənət nümunələrinin saxlandığı qiymətli incilər məskənidir. Arxivə canlı, yaradıcı münasibət bəsləməklə bu əməlin sabahımız üçün əhəmiyyətli olmasını daim düşünən ziyalılara bu gün daha çox ehtiyacımız var. Arxiv materialları milli kimliyimizi, Azərbaycanlığımızı bizə anladan zəngin mənəvi soraqlar deməkdir. Hər il xeyli tədqiqatçı arxivə gəlir, həvəslə bu materiallarla tanış olurlar, araşdırırlar. Arxiv tədqiqatçıdan yüksək məsuliyyət, dəqiqlik tələb edir".

O, sovet dövründə Azərbaycandan mühacirət etməyə məcbur olmuş tanınmış soydaşlarımızın həyatı və yaradıcılığı ilə bağlı materialları toplayır, bunları ardıcıl olaraq mətbuat və radio-televiziya vasitəsilə ictimaiyyətə təqdim edir: "Xüsusən ötən əsrin əvvəllərində soydaşlarımızın xarici ölkələrə mühacirət etməsi səbəbindən onların yaradıcılıq nümunələrinin müəyyən qismi bu gün əlimizdə deyil. Konkret bu gün Türkiyənin müxtəlif şəhərlərində kifayət qədər belə materiallar var. Aldığımız məlumata görə Parisin, Londonun muzeylərində tariximizə ədəbiyyat və incəsənətimizə dair xeyli materiallar var. Bu gün dünyaya səpələnmiş arxiv nümunələrimizi toplayıb əldə etməyə daha səylə girişmişik. Sovet dövründə bizi özümüzə unutdurublar. Ramiz Abutalıbovun bu mənada gördüyü işlər təqdirəlayiqdir. Arxivimizdə Ceyhun Hacıbəyliyə məxsus fond var. Burada ingiliscə, fransızca yazılar yığılıb; həmin materiallar öz araşdırıcısını gözləyir". Hər bir yaradıcının xəttində onun xarakteri yaşayır. Maarif Teymur təəssüflənir ki, bir neçə ildən sonra əlyazma qıtlığı ilə üzləşəcəyik. Mahiyyətcə əlyazmalar heç vaxt itmir. Xətt özübir əsərdir, sabaha qalmalıdır. Əlyazmada yazıçının ürək çırpıntıları yaşayır".

Arxivdə hazırda Qabilin, Nəbi Xəzrinin, professor Hüseyn İsmayılovun fondları üzərində gedir. İllik sənəd toplanılması öhdəliyi 10 min olduğu halda artıq bu ilin yarısında elə bu sayda sənəd toplanılıb. Bu, arxiv əməkdaşlarının səmərəli və məsuliyyətli çalışmasının sübutudur. Maarif müəllimi və rəhbərlik etdiyi arxivin əməkdaşlarını Ədəbiyyat və İncəsənət Arxivinin 45 yaşının tamam olması münasibətilə ürəkdən təbrik edir, bu gərəkli əməldə yeni-yeni uğurlar arzulayırıq.   

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2010.- 17 iyul.- S.14.