Azərbaycan Xalq Cümhuriyyətinin diplomatları

 

AXC-nin İrandakı ilk səfiri Adil xan Ziyadxanlı: "Bir zərrə şərafəti olan hər bir kəs gərək öz vətənini müqəddəs bilsin"

 

İki qonşu ölkə arasında diplomatik münasibətlərin yaradılması asan başa gəlmirdi; İranın hakim dairələri 1828-ci ildə imzalanmış "Türkmənçay müqaviləsi" nəticəsində Şimali Azərbaycanın itirilməsiylə razılaşmaq istəmirdi.

 

III yazı

 

O vaxt Paris sülh konfransında İran nümayəndə heyətinin çar Rusiyası tərəfindən işğal edilmiş torpaqları tələb etməsi təsadüfi hal deyildi. Belə bir vaxtda Azərbaycan suveren bir dövlət kimi dünya siyasi səhnəsinə qədəm qoymuşdu və bu, İran hakim dairələri üçün də gözlənilməz bir hadisə idi.

1919-cu il iyulun 16-da AXC-nin Nazirlər Şurası İran hökuməti yanında diplomatik nümayəndəliyinin təsis olunması haqqında qərar qəbul etdi. 4 oktyabr tarixli qərarı ilə hökumət nümayəndəliyin ştatını təsdiq etdi. Tehranda nümayəndəliyin başçısı Adil xan Ziyadxanlı təsdiq edildi. Çar Rusiyasının keçmiş səfiri, sonra isə general Etter Azərbaycan nümayəndəsinin İrana gəlməsinə hər vasitə ilə mane oldu. Ancaq rus səfirinin hər sözünün İran hökuməti üçün qanun olduğu dövr artıq keçmişdi, onun sözünə artıq heç kəs məhəl qoymurdu. Azərbaycan nümayəndəsi Tehran hökuməti və İran şahı tərəfindən iltifatla qəbul edildi. İran şahı Tehran, Təbriz və başqa şəhərlərdə AXC-nin daimi rəsmi nümayəndəliklərinin yaradılması fikrinə razılığını bildirdi. Yerli azərbaycanlılar diplomatik heyətin gəlişi münasibətilə ziyafət verdilər (Nəsibzadə N.AXC-nin xarici siyasəti. Bakı, 1993, s. 192).

Azərbaycanla İran arasında qarşılıqlı anlaşma yaranmağa başladı. Bu işdə Avropaya səfərə çıxan İran şahının 1919-cu il avqust ayının 16-da yolüstü Bakıda dayanması müsbət rol oynadı. Şah "mehriban qonaqpərvərlik üçün Azərbaycan hökumətinə minnətdarlıq" bildirdi. Bakıdan qatarla gedən İran şahını Adil xan Ziyadxanlı Batuma qədər müşayiət etdi. Yolda Ziyadxanlının İranın yeni xarici işlər naziri Firuz Mirzə Nüsrətüddövlə ilə də söhbətləri oldu. (Firuz Mirzə həm də Parisdə sülh konfransında İran nümayəndə heyətinin başçısı təyin olunmuşdu). İran şahının Bakıda gördükləri, eşitdikləri, Ziyadxanlının İran naziri ilə söhbətləri İran rəhbərliyində Azərbaycan haqqında obyektiv fikir yaranmasına təsir göstərmişdi.

A.Ziyadxanlı 1919-cu il sentyabrın 23-də AXC-nin səlahiyyətli səfiri kimi İrana göndərildi və Azərbaycanın siyasətinə uyğun olaraq Tehranda diplomatik fəaliyyətə başladı. Adil xana səfirliyin açılması üçün 50 min manat, özünün yaşaması üçün isə 25 min manat pul ayrılmışdı.

Azərbaycan Xalq Cümhuriyyətinin İrandakı diplomatik heyətinin siyahısı aşağıdakı şəxslərdən ibarət olmuşdu.

1. Ziyadxanlı Adil xan - 1918-ci il. Xarici işlər nazirinin müavini. 1919-cu ilin noyabrından Tehran şəhərində diplomatik nümayəndə.

2. İsrafil Müslümbəy - 1 aprel 1920-ci il. İrandakı diplomatik nümayəndəliyin birinci katibi.

3. Məşədi Aslan - 1920-ci il. İrandakı nümayəndəliyin işçisi.

4. Mirzə Ələkbər xan - 1920-ci il. İrandakı diplomatik nümayəndəliyin ikinci katibi.

5. Mirzə İbrahim xan - 1920-ci il. İrandakı nümayəndəliyin katibi.

6. Babayev Qulam Rza oğlu - 21 noyabr 1919-cu il. İran hökuməti yanında diplomatik nümayəndəliyin kuryeri.

7. Sadıqov Ələkbər - 7 noyabr 1919-cu il. İrandakı diplomatik nümayəndəliyin müavini.

8. Rudzinski Myaaçeslav Stanislavrviç - 6 noyabr 1919-cu il. İrandakı diplomatik nümayəndəliyində katib. Ümumi şöbənin rəisi.

9. Yusif xan - 1920-ci il. İrandakı diplomatik nümayəndəliyin təsərrüfat müdiri.

10. Racavan Cabbar bəy - 20 noyabr 1919-cu il. İrandakı diplomatik nümayəndəliyin kargüzarı.

11. Şükürov Ehtiyac - 17 dekabr 1919-cu il. İrandakı diplomatik nümayəndəliyin kargüzarı.

12. Nerbalyo İvan - İrandakı diplomatik nümayəndəliyin kargüzarı, sürücüsü.

İranın Azərbaycandakı diplomatik nümayəndəliyi:

1. İran hökumətinin nümayəndəsi - Məhəmmədxan Said ül-Vüzəra.

2. İranın Lənkərandakı konsulu - Sadıqxan Sadü-dövlə

1920-ci il yanvarın 4-də AXC-nin İrandakı ilk səfiri A.Ziyadxanlının Tehrana gəlməsi ilə Azərbaycan nümayəndəliyi geniş fəaliyyətə başladı. Diplomatik nümayəndəliyə xas olan vəzifələrlə yanaşı, A.Ziyadxanın başçılığı ilə Azərbaycan nümayəndələri İranda yaşayan türklərin mədəni-maarif işinə yardım etməyə başladılar. Səfir xarici işlər nazirinə yazırdı ki, "nümayəndəliyin maddi imkanı olmadığından o, ehtiyacı olan dul qadınlara və yetimlərə kömək etmək, türk dilində məktəb açmaq, türkcə qəzet nəşr etmək və s. işləri görə bilmir". Bununla belə o, yazırdı ki, xeyriyyə cəmiyyəti və Azərbaycan türkcəsini öyrədən cəmiyyətin yaradılması işinə başlayıb. Bundan başqa nümayəndəlik yerli soydaşlar arasında pulsuz olaraq ana dilində A.Ziyadxanlının "Azərbaycan: tarixi, ədəbiyyatı və siyasəti" adlı kitabını yayırdı.

Azərbaycanla İran arasında diplomatik danışıqlar teleqraf, ticarət-gömrük, poçt sazişlərinin, hüquq, konsul konvensiyaları və s. məsələlərlə bağlı 8 müqavilə imzalanması da məhz Adil xan Ziyadxanlının səfirlik etdiyi dövrə, 1920-ci il martın 20-nə təsadüf edir. 1919-cu ildə Bakıda A.Ziyadxanlı tərəfindən üstü yazılaraq Azərbaycan Cümhuriyyətinin İrandakı səfirliyinə təqdim etdiyi "Azərbaycan haqqında (tarixi, ədəbi və siyasi məlumat)" sənə (il) hicri-1388, miladi-1919, Bakı, hökumət mətbəəsində çap olunmuş əsərinin ərəb əlifbası ilə türkcə nüsxəsinin surəti var ki, səfirliyin möhürü ilə də təsdiq edilib. Adil xan öz xətti ilə aşağıdakıları yazıb: 21 mart 1920. "Novruz bayramı günü Azərbaycan Cümhuriyyətinin rəsmi surətdə tanınması və ilk dəfə olaraq Tehranda səfirliyin açılışı və bayraq qaldırmaq münasibətilə Azərbaycan səfarətinə yadigar olmaq üzrə verildi" (Adil xan Ziyadxanov. Azərbaycan (haqqında tarixi, siyasi və ədəbi məlumat), hicri 1338, miladi 1919, Bakı: (ərəb əlifbası ilə türkcə), s. 3).

Bu barədə kitabın ön sözündə Adil xan ətraflı izah verərək yazıb: "... Vətənin mənafeyi və onun yolunda üzərimə düşəcək vəzifəni düşünüb 1918-ci sənəsinin oktyabrının 30-cu günündə cavan Azərbaycan Cümhuriyyətinin xariciyyə nəzarəti işlərinin ifasına iqdam etdim. O gündən sonra məmləkətin daxilində və xaricində vaqe olmuş hadisələr, məni məmləkətimizin siyasi əhvalı xüsusunda bir məruzə təqdim etmək məcburiyyətində qoydu. Bu məruzənin hazırlanmasında keçmiş tarix aləminə də nəzər etmək məcburiyyəti olduğundan mənim məruzəm xalis siyasi şəkil almayıb, siyasət aləmindən savayı tarixi və ədəbi aləmlərdən də bəhs etməyə məcbur olduq...". Bu əsərin Azərbaycan Respublikasının İrandakı səfirliyində ərəb əlifbası ilə türkcə nüsxəsi var və səfirliyin möhürü ilə də təsdiq olunub.

A.Ziyadxanlı "Qələmin uçuşu" əsərində İrana səfir təyin edilməsini belə qələmə alır: "İran Şahənşahlığı yanında ilk Səfarətin iftixarı bu sətirlərin müəllifinə nəsib oldu. 15 yanvar 1920-ci il tarixində Tehrana daxil oldum. Ali dövlət rəhbərləri tərəfindən rəsmən qəbul edilərək öz etimadnaməmi təqdim edib, Azərbaycan Xalq Cümhuriyyətinin Kiyan paytaxtında ilk səfarətxanəsini təsis etdim və bununla da Tehranda yerləşən bütün səfirliklər, nazirliklər və siyasi nümayəndəliklərin sırasına daxil oldum".

İrandakı Azərbaycan səfirliyi 28 aprel 1920-ci il tarixinədək fəaliyyət göstərmişdi. Azərbaycan işğal ediləndən sonra A.Ziyadxanlı vəzifəsindən kənarda qaldı, İran Qacar dövlətindən siyasi sığınacaq alaraq orada vəkillik peşəsi ilə məşğul olmağa başladı. Çünki Azərbaycana qayıdacağı təqdirdə bolşeviklər onu da qardaşı İsmayıl xan kimi güllələyəcəkdilər.

AXC sovet işğalına məruz qaldıqdan sonra Adil xanın İranda qalması çox təbii görünməlidir. Çünki o zaman bir çox ölkələrdəki Azərbaycan səfirliyi, konsulları, müxtəlif siyasi nümayəndələri doğru addım atıb, akkreditə olunduqları ölkələrdən sığınacaq alaraq, bolşeviklərin bütün azadlıq mübarizlərinə divan tutduğu Azərbaycan Sovet Sosialist Respublikasına qayıtmadılar. Bununla əlaqədar "Qələmin uçuşu" əsərində A.Ziyadxanlı yazmışdı: "22 iyun 1921-ci ildə Şahənşahlıq yanında rəsmiyyətimi itirdim. Çünki ali dövlət bütün sovet respublikaları tərəfindən İran Şahənşahlıq hökuməti yanında təyin olunmuş təkcə bir nəfər nümayəndəni rəsmi surətdə qəbul etmişdi".

Həmin əsərdə özü haqqında yazdığı qeydlərdən məlum olur ki, vətənə qayıtmaq mümkün olmadığına görə İranda qalan Adil xan 1302-ci şəms ilində Tehranda bələdiyyə idarəsində, 21 Azər 1307-ci ildə İctimai Təminat Nazirliyinin kənd təsərrüfatı şöbəsində işləmiş, 7 şaban 1308-ci ildə ana yurdu Təbrizə - Azərbaycan dəmir yolu və gəmiçilik işlərində işə göndərilmiş, təqribən bir il sonra Təbrizdən Tehrana qayıtmışdı. Adil xan "Azərbaycan" əsərində qeyd edir ki, "Bir zərrə şərafəti olan hər bir kəs gərək öz vətənini müqəddəs bilsin. Dünyada İsveç, Neapol və s. kimi mənim vətənimdən qəşəng olan saysız-hesabsız yerlər olsa da, təsəvvürümdə Qafqaz kimi gözəl bir yer dünya üzərində yoxdur. Çünki bu torpaq mənim vətənim, atamın, əcdadımın vətənidir. İran (Təbriz) da anamın vətəni olduğu üçün o da mənim nəzərimdə əlbəttə ki, əzizdir". Qeyd edək ki, Adil xanın anası Azər Numayun Təbrizdə doğulmuşdu, şahzadə Abbas Mirzə naibü-əs-səltənənin nəvəsi və şahzadə Bəhmən Mirzənin qızı idi.

II Dünya müharibəsində sovet qoşunları İrana daxil olarkən sovet təhlükəsindən yaxa qurtarmaq üçün Adil xan Türkiyəyə mühacirət etmək məcburiyyətində qalır. Adil xan Türkiyədə də öz geniş ictimai-siyasi fəaliyyətini davam etdirmişdi. O, qısa bir müddətdə Azərbaycan haqqında dəyərli bir əsər yazmışdı. Xatirələr səpgisində yazılmış bu kitab professor Vilayət Quliyevin öz sözü ilə 1993-cü ildə "Şuşa" nəşriyyatı tərəfindən "Azərbaycan" adı ilə çap edilib. V.Quliyev Adil xan Ziyadxanlının şəxsiyyəti və fəaliyyətinə həsr etdiyi məqaləsində göstərir ki, A.Ziyadxanlı 1934-cü ildə Tehrandan İstanbula köçüb, həyatının qalan hissəsini Türkiyədə yaşayıb, Şəfi bəy Rüstəmbəyli, Xəlil bəy Xasməmmədli, Nəqi Şeyxzamanlı, Hüseyn bəy Mirzə Camallı və başqaları keçmiş mübarizə yoldaşları ilə birlikdə mühacirətdə Azərbaycan davasına öz töhfəsini verməyə çalışmışdı.

O, zəngin biliyi və geniş həyat təcrübəsini türk gəncliyi ilə bölüşmək üçün İstanbul Universitetində dərs demişdi. Uzun və mənalı ömür yaşayan A.Ziyadxanlı - Cavad xanın kişi nəslindən olan sonuncu nəticəsi 1954-cü ildə İstanbulda vəfat etmiş və orada torpağa tapşırılmışdı. Qızı Mahrux xanım isə 1994-cü ilədək İstanbulda yaşamış, orada torpağa tapşırılmışdı. Hazırda Adil xanın qızının nəvəsi Leyla xanım İstanbulda yaşayır.

 

 

Sübhan Talıblı

 

Xalq Cəbhəsi.- 2010.- 17 iyun.- S.14.