"Azərbaycan bayrağı" ordenli əsgər

 

İbad Hüseynovun döyüş yoluna həsr olunmuş film nümayiş olundu

 

Dövlət Film Fondunda keçmiş Xocavənd taborunun döyüşçüsü, "Azərbaycan bayrağı" ordenli İbad Hüseynovun döyüş yoluna həsr olunmuş "Əsgər" filminin təqdimat mərasimi keçirilib. Qeyd edək ki, İbad Hüseynov ASALA terror təşkilatının rəhbərlərindən biri, qatı cinayətkar beynəlxalq axtarışda olan terrorçu Monte Melkonyanı məhv etməsiylə tarixə düşüb.

Təqdimat mərasimində Xocavənd batalyonun döyüşçüləri, hərbçilər, Xocavənd rayon İcra Hakimiyyətinin məsul işçiləri, o cümlədən millət vəkilləri Qənirə Paşayeva, Həvva Məmmədova, Aydın Mirzəzadə, "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri Bayram Səfərov, media nümayəndələri iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı İbad Hüseynovun timsalında Azərbaycan oğullarının Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda böyük şücaətlər göstərdiyini, onlardan bəzilərinin canlarını vətən uğrunda qurban verərək şəhid olduğunu, bəzilərinin isə bugünümüzədək sağ qaldığını, bizimlə birgə addımladığını bildirib: "Bu gün biz Qarabağ uğrunda canını sipər etmiş, oddan-alovdan keçərək sağ-salamat qalmış igid əsgərimiz İbad Hüseynova həsr olunmuş filmin təqdimat mərasiminə toplaşmışıq. Biz hər birimiz şəxsən İbad Hüseynov kimi oğullarımızla, vətən övladları ilə fəxr edirik ömrümüzün sonuna qədər onlara borcluyuq".

"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri Bayram Səfərov "Əsgər" filminin qəhrəmanı olan İbad Hüseynov onun döyüş yolu ilə şəxsən yaxından tanış olduğunu bildirib əlavə edib ki, Azərbaycanın belə bir qəhrəman oğlunun olması ilə fəxr edir, qürur duyur: "Ümumiyyətlə, Azərbycanın fəxr edilməli qürur duyulmalı oğulları çoxdur. Vətənin azadlığı uğrunda mübarizə, savaş hələ bitməyib. İnanıram ki, torpaqlarımızın geri qaytarılması uğrunda döyüş əmri verilsə, İbad Hüseynov kimi oğullarımız yenə silaha sarılacaq vətən torpaqlarını nəhayət, erməni murdarlarından azad edəcəklər. Şəxsən mən özüm , oğullarım da silah götürüb bu savaşa hər an qatılmağa hazırıq".

Filmin baş məsləhətçilərindən olan bitərəf millət vəkili Qənirə Paşayeva bildirib ki, bu gün vətəni sözdə deyil, əməldə sevmək lazımdır: "İbad Hüseynov da məhz vətəni sözdə deyil, əməldə sevən, ona öz qanı, öz canı ilə bağlı olan, onun uğrunda oddan-alovdan keçən bu gün keçməyə hazır olan oğullarımzdandandır. Vətən-vətən deyənlərin çoxu o vaxt vətəni qorumaqdan çəkindilər, müharibədə iştirak etməkdən, silaha sarılmaqdan müxtəlif bəhanələrlə yayındılar. Ancaq İbad Hüseynov onun kimi yüzlərlə, minlərlə oğullarımız özlərini vətən yolunda canlı sipər etdilər. Bu oğullardan kimiləri dünyasını dəyişdi, şəhid oldu, kimilərisə bütün çətinliklərə baxmayaraq, böyük qəhrəmanlıqlar, şücaətlər göstərərək müharibənin od-alovdan sağ-salamat çıxmağı, qurtulmağı bacardılar. Biz onların - həm şəhidlərimizin, həm sağ qalanlarımızın qarşısında baş əyirik. Bu gün gəncliyimizə, gənclərimizə məhz İbad Hüseynov kimi igidlərimiz nümunə, örnək olmalıdır. Gənclərimiz, gəncliyimiz özlərini məhz onlara bənzətməli, onlara oxşatmağa çalışmalıdırlar. İbad Hüseynov özü elə bir igidlik göstərib ki, bunun sayəsində nəinki biz, bütün dünya qatı cinayətkardan, beynəlxalq axtarışda olan, türk diplomatlarına qarşı terraktda birbaşa əli olmuş terrorçudan canını qurtara bilib. Məhz İbad Hüseynov ermənilərin milli qəhrəmanına çevrilmiş Monte Melkonyanı öz doğma kəndlərində - hazırda işğal altında olan Xocavəndin Muğanlı kəndində vaxtilə oxuduğu məktəbin həyətində qarşısında diz çökdürərək məhv edib. Belə bir azərbaycanlı oğulla yalnız yalnız fəxr etməyə, qürur duymağa dəyər".

Millət vəkili Aydın Mirzəzadə Azərbaycanın 220-yə yaxın, Ermənistanın isə təxminən 15 nəfər Milli Qəhrəmanı olması məsələsinə toxunaraq bildirib ki, təcavüzkar, işğalçı dövlətdən xalqdan heç vaxt qəhrəman çıxmaz. Məhz torpaqları təcavüzə, işğala məruz qalan xalqlar, dövlətlər qəhrəmanlar yetişdirə bilər. Azərbaycan xalqı dövləti belə dövlətlərdən xalqlardan biridir:"Bu baxımdan hesab edirəm ki, bu tədbirin keçirilməsinin, bu filmin çəkilməsinin çox böyük əhəmiyyəti var".

 

 

Səlcuq

 

Xalq Cəbhəsi.- 2010.- 22 iyun.- S.9.