General Məhəmməd Əsədov...

 

1988-ci ildən üzü bəri xalqımız çox acılar görüb. Torpaqları işğal edilib, işğal həyatı yaşayıb, Bakıda rus tanklarının tırtılları altında inləyib, Xocalı faciəsinin şahidi olub, başının tacı Şuşanı itiribs.

Bu faciələrdən biri 1991-ci ilin 20 noyabrında baş verdi. 23 nəfər say-seçmə oğullarımız-Tofiq İsmayılov, Məhəmməd Əsədov, İsmət Qayıbov, Osman Mirzəyev, Vəli Məmmədov, Alı Mustafayev digərləri Qarakənd səmasında vertolyot qəzası nəticəsində həlak oldular. O vaxt da Azərbaycan televiziyası buyuruq qulu funksiyasını yerinə yetirərək xalqa yalan məlumat verdi. Guya vertalyot duman olduğundan itib. Bu informasiyadan məharətlə istifadə edən ermənilər əllərindən zəncir çeynədikləri igid oğullarımızın başlarına olmazın oyunlar açdılar. Məhəmməd Əsədovun, İsmət Qayıbovun başqalarının cəsədlərindən belə qorxaraq onlara od vurub yandırdılar. Ermənilərin bu alçaqlıqlarına yardımçı isə rus əsgər zabitləri oldu. Həmin vaxt qəzəblənmiş xalqa sərkərdə tapılmadı. Əgər sərkərdəsi olsaydı, bu xalq zamanında qisasını alardı. Yadımdadır, Qubadlının ermənilərlə sərhəd bölgəsində vuruşmalar gedən zaman bir erməni əsir götürülmüşdü. Həmin erməninin dediyinə görə, vertalyot qəzasının səhəri Xankəndindən ermənilər köçməyə başlayıblar. Onlar fikirləşiblər ki, Azərbaycan türkü bu heyfi onlarda qoymayacaq. Ancaq bir neçə gündən sonra Xankəndini tərk edən ermənilər geriyə dönüblər. Çünki o vaxtkı rəhbərlik bilərəkdən və ya bilməyərəkdən onların mənafeyinə xidmət etmişdilər. Bəlkə də xalq vaxtında qisasını alsaydı, ermənilər bizə Xocalı faciəsini yaşatmazdı. Cəsarətləri çatmazdı ki, daha yeddi rayonumuzu işğal edib bizə göz dağı çəkdirsinlər...

...1991-ci ildən bəri eyni sualı götür-qoy edirik. Necə olub ki, respublikanın dövlət katibi, baş prokuroru, daxili işlər naziri və digər vəzifəli şəxslər bir vertalyotda ən təhlükəli yerə uçublar? Onları bir yerə cəm edib düşmənin üstünə göndərməkdə məqsəd nə idi? Bu və digər sualların zamana ehtiyacı var. Zamanında bütün faciələrimizin başında kimlərin dayandığı bəlli olacaq...Gözləyək.

...Məhəmməd Əsədovun ömür-gün yoldaşı Məleykə xanıma zəng vurub onunla görüşmək istəyimi bildirdim. Razılaşdı. Həmsöhbətimin göstərdiyi səmimiyyət mənim məlum mövzudan kənara çıxıb əlavə suallar verməyimə şərait yaratdı. İki saat ərzində hər ikimiz sanki bir ömür yaşadıq. Əsədovlar ailəsinin çoxlarımıza örnək olan həyat yolunu vərəqlədim...

...Məleykə xanım o qədər dərdlidir ki, söhbətə haradan başlayıb harada qurtardığından bəzən xəbəri olmurdu. Eyni dərdlə itirilmiş torpaqlarımızdan, acılı-şirinli xatirələrdən danışdıq. Məleykə xanım Zəngilanın axar-baxarlı yerlərini, bağlarını, çaylarını, əvəzsiz və dünyaca məşhur çinarlarını xatırladı:"İndi torpaqlarımız payızın çiskinli yağışını yaşayır. Bağlarımız doğma əllərin həsrətini çəkir. Yollarımız, cığırlarımız ayaq izlərindən qəribsəyib. İllərdir yurdumuz-yuvamız qan ağlayır, sızlayır. Bizlərə "geri dönün" deyir".

Hər ikimiz ata itkisini dadmışdıq. Ağsaqqal atalarımızı çox sevdikləri, həsrətini çəkdikləri torpaqlardan uzaqlarda-şəhərdə torpağa tapşırmışdıq. Çoxları kimi onlar da "qaçqın" sözünün acı tənəsini götürməyərək həyatla vidalaşmışdılar. Məleykə xanım deyir ki, o heç vaxt bir kimsəyə həsəd aparmamış, ona qibtə etməmişdi. Tək bir dəfə ilki Natiqə toy edəndə ürəyindən keçib ki, qız evinə doğma yerlərindən olmasa da, Füzulinin işğal olunmayan kəndlərinin birindən qoç alıb versin. Çünki doğma yerlərin bütün məhsulları dadlı olur. Elə bu arzuyla da Füzuliyə yola düşür. Qaldığı evin qonşuluğunda 85-90 yaşlarında ahıl bir qadın diqqətini çəkir. Həmin qoca isti torpağın üstündə oturaraq həyətdə oynayan nəvələrinə baxırmış. Məhz o vaxt Məleykə xanım yaxşı mənada ahıl anaya həsəd aparır. Çünki bardaş qurub oturduğu torpağını itirməmişdi, bundan sonra ölsə belə, yurd həsrətini qəlbində gor evinə aparmayacaqdı. Hər ikimiz bu suallara cavab axtarırdıq. Görəsən, nə vaxt doğma ellərimizə dönəcəyik? Qismət olacaqmı ki, gedib o torpağı bağrımıza basıb oxşayaq? Suallar çox, cavablar yox. Bu suallara cavabı Məhəmməd Əsədov kimi qeyrətli oğullarımız verə bilərdi...

...1964-cü ildə Sumqayıtda betonçu işləyən Məhəmməd çox keçmir ki, sənədlərini hazırlayıb instituta daxil olur. Rayona gedən Məhəmmədin valideynləri onun yanında yaşıdlarından söz açırlar. Ona eşitdirirlər ki, "filankəsin oğlu evlənib", "filankəs oğluna üzük aparıb". Məhəmməd atasının nəyə işarə etdiyini bilir. Sonra atası sözarası Hidayət kişinin yaxşı bir qızı olduğunu deyir və məsləhət görür ki, Məhəmməd gedib qızı görsün. Məsləhətə əməl edən Məhəmməd qızı görən kimi bəyənir. Ata-anaya da elə bu lazım idi. Məhəmmədin atası Hidayət kişiyə məsələnin nə yerdə olduğunu bildirir. Razılığa gəlib "Allah xeyir versin" deyirlər. O zaman Məleykə hələ orta məktəbi bitirməmişdi. Yaxşı oxuduğu üçün arzusu ali təhsil almaq idi. Ancaq məktəbi qurtaran kimi Məhəmmədlə Məleykənin toyu olur. Zəngin dünyagörüşü və elmə böyük həvəsi olan Məhəmməd ömür-gün yoldaşının təhsil almasına şərait yaradır. Hətta Məleykə deyəndə ki, "ailəli adamın oxumağı çətin olacaq", Məhəmməd ona ürək-dirək verir və məcbur edir ki, hazırlaşıb ali məktəbə daxil olsun. Məleykə sənədlərini Xarici Dillər İnstitutuna verir. Gündüzlər evin, ailənin qayğısını çəkir, işləyir, gecələr isə oxuyur. Beləcə illər, aylar ötür. Məhəmməd müxtəlif vəzifələrdə çalışır. Moskvada akademiyanı birtirir. Harada işləməsindən asılı olmayaraq aləsini özü ilə aparır...

...1986-1988-ci illərdə Məhəmməd Əsədov Mərkəzi Komitədə yüksək vəzifədə işləyəndə dəfələrlə Xankəndinə gedir. Oradan qayıdanda həmişə deyərmiş: "Xankəndində elə bil Azərbaycan hökuməti yoxdur, ermənilər necə istəyir, o cür də hərəkət edirlər". 1990-cı ildə Qubada birinci katib işləyən Məhəmməd Əsədovu daxili işlər naziri vəzifəsinə təyin edirlər. Bu həmin illər idi ki, respublika çalxalanırdı. Xalq 20 Yanvar faciəsini yaşamışdı. Məhəmməd Əsədov gecəsini gündüzünə qataraq vəzifə borcunu ləyaqətlə yerinə yetirir. Günlərlə ailəsinin, övladlarının üzünə həsrət qalır. Həmin vaxt xalq meydanlarda yüksək vəzifəli şəxslərin istefasını tələb edəndə bir dəfə də olsun Məhəmməd Əsədovun adını çəkmir. Çünki bilir ki, onun generalı rahat kabinetində oturmur. Bütün günlərini sərhəd bölgələrində keçirir, o yerlərin camaatına ürək-dirək verib dayaq durur. Ermənilər isə generalın əlindən yanıqlı idilər. O dəfələrlə Ermənistandan qovulmuş yurddaşlarımızın Dağlıq Qarabağda yerləşdirilməsini təkid edir, ancaq təəssüf ki, buna fikir verən olmur...

...Həmişə evə gec gələndə Məleykə xanımın könlün almaq üçün əsgər kimi farağat dayanar, "hüzurunuzda hazıram" deyərmiş. Günlərin bir günü evə dilxor gəlir. Məleykə xanım səbəbini sonruşanda bildirir ki, ermənilər onu beynəlxalq məhkəməyə veriblər. "Elə yaxşı oldu, gedib xarici də gəzərsən" deyib, onun könlünü almaq istəyib...

...Onun ən böyük arzusu ciyərparalarının toyunu görmək idi. Həmişə deyərmiş ki, "orta məktəbi qurtaran kimi uşaqları evləndirəcəyəm".

"Üç-dörd gün əvvəldən ürəyim mənə deyirdi ki, nəsə olacaq. Çox narahat idim. Nə elədiyimi, kimində danışdığımı bəzən unudurdum. Yuxum da ərşə çəkilmişdi. Fikirləşirdim ki, həyatımın sonudur. Uşaqlarımı həyatda yoxluğuma hazırlayırdım. Natiqə deyirdim ki, sən böyüksən, Nazimdən, Rasimdən muğayat olarsan. Noyabrın 19-da Qazaxda ermənilərlə görüşdən qayıdan Məhəmməd çox yorğun idi. Onu ermənilərin hərəkətləri hövsələdən çıxarmışdı. Çünki özü ermənilərlə danışığa tək getdiyi halda qarşı tərəf az qala bir ordu ilə gəlmişdilər. Ona çay-çörək verəndən sonra bildirdim ki, evə zəng vurmuşdular. Dedilər sabah Ağdama getməlisən. Məhəmməd bu sözdən təəccübləndi və dedi: "Axı mən Ağdama getməməliydim". Gecəni səhərə kimi yata bilmədim. Səhərə yaxın gözümü təzəcə yummuşdum ki, dəhşətli yuxu gördüm. Gördüm ki, evimiz od tutub yanır. Evin ortasında dəmirdən qara tabut qoyulub. Mən tabutu qaldırıram. Elə bu vaxt sinəmə su tökülür.

Məhəmmədin nə vaxt oyandığından xəbər tutmamışdım. Gördüyüm yuxunun təsiri altında onu qapıya qədər yola saldım. Sonuncu dəfə ondan soruşdum: "Nə vaxt gələcəksən?" Dedi ki, "saat dörddə evdəyəm". Ailə qurduğumuz neçə illər ərzində birinci dəfə idi ki, ona çay-çörək vermədən yola salırdım. Elə bir vaxt olmazdı ki, onu gözləmədən yatım. Gecənin hansı vaxtı olsaydı belə qapını üzünə özüm açardım. Gedəndə isə xeyir-dua ilə yola salardım. Həmin gün nitqim tutulmuşdu. Nə elədiyimi özümbilmirdim. Qulağım səsdə idi. Saat dörd oldu gəlmədi. Televizoru açdım. Çalınan musiqi sanki beynimə işlədi. Nəsə baş verdiyini anladım. Tez köməkçisinə zəng vurdum. Bildirdi ki, vertolyot Qarakənddə itib. Necə yəni itib? Vertolyot iynədir-nədir itsin? Hansı hislər yaşadığımı, nələr çəkdiyimi sözlə deyə bilmirəm. Təkcə onu bilirəm ki, Məhəmməd ölməyib sağdır. Bunu ürəyim mənə deyir. Ürəyim isə heç vaxt məni aldatmayıb. Elə buna görə də Natiqin toyunu gec elədim. Dedim bəlkə ilkimizin toyuna özünü çatdırar. Gəlmədi. Ancaq bilirəm ki, mütləq gələcək. Geci-tezi var. Necə ola bilər ki, 23 nəfərdən bir neçəsi sağ qalmasın. Vertalyot partlasa belə onların içərisində yaralananlar olub. Onlar sağ qalmalıydı"...

...Hələ bir neçə il bundan əvvəl deyirdilər ki, Məhəmməd Əsədov İsmət Qayıbovu görən olub. Erməni əsirliyindən gələnlər hətta bunu sübut etməyə çalışırdılar.

2000-ci ilin noyabrında Məleykə xanımla sözləşdiyim kimi Fəxri Xiyabanda oldum. Az keçməmiş Məleykə xanım yaxınları gəldilər. Məhəmməd Əsədovun bacıları sanki qardaşlarını yenicə torpağa tapşırırmışlar kimi ağladılar. İllərdir sözünə, məsləhətinə, səsinə möhtac qardaşlarını oxşadılar. Məleykə xanımın isə göz yaşları içinə axırdı. Yoxluğuna inanmadığı başının tacı ilə sanki dərdləşirdi. Bəlkə onu tənha qoyduğu üçün qınayırdı. Haqqı var qınamağa. Çünki illərdir gözləri yolda, qulağı səsdə, ürəyi səksədə yolunu gözləyir. Özü inamla gözləyir. Yolunu gözləyənlərin biri artıb, cənab general. Balaca Məleykən qollarını boynuna dolayacağı günün həsrətini çəkir...  

 

 

 Arzu Şirinova

 

Xalq Cəbhəsi.- 2010.- 5 noyabr.- S.10.