Qəhrəmanlığın gen yaddaşı...

 

Birinci Qarabağ müharibəsi zamanı indi düşmənlə döyüşlərdə vətən uğrunda canından keçən şəhidlərimiz milli gen yaddaşının, qan yaddaşının qəhrəmanlarıdırlar

 

I Yazı

 

Yazılarıma özümün şahid olduğun bir hadisə haqqında məlumat verməklə başlayacağam. Bir dəfə təksisinə əyləşdiyim sürücü tez-tez "sovet hökuməti zamanı belə deyildi?", "sovet hökuməti zamanı elə deyildi?" cəmiyyətimizdə baş verən problemləri öz arşınıyla ölçürdü. Soruşdum ki, neçə yaşın var? Dedi ki, 25. Dedim mənim 35 yaşım var: "Amma sovet hökumətini əməlli başlı görmədim, orta məktəbdə oxuduğum 1980-ci illər sovet hökumətinin sonları idi. Yağ, qənd növbəsi, yalançı "pripiskalar", yalançı plan doldurmalar baş alıb gedirdi. Sənin 25 yaşın var, axı sovet dövrününolduğunu bilmirsən?". Dedi ki, qocalar belə deyirlər. Hərdən fikirləşirəm ki, bizi bu müharibə bəlalarına salanlardan biriqoca, yaşlı insanlarımızın söz-söhbətləridir. Gözümüzün açandan alnımıza möhür kimi yapışdırırdılar: "Siz müharibə görmədiniz?". Yaxud, "Kişilər 41-ci ildə öldü" və s. Arxa cəbhədə olanlar isə "Siz aclıq görmədiniz"-söyləyirdilər. İndi də deyirlər. Hətta ağına-bozuna baxmadan, bu günün reallıqlarını görmədən danışırlar. Bəziləri hətta fikirləşmir ki, müharibə bizim torpaqlarımızda gedir, hər gün atəşkəs pozulurs.

Sovet hökumətinin kütləvi psixoz yaratmaq siyasəti insanlarımızın tərbiyəsini xeyli pozub, insanlarımız xeyli ədalətsiz olublar, yaxşını-pisi fərqləndirməyə cəhd belə göstərmək istəmirlər. Məsələn, 70 il sovet hökumətində çəkilməyən yollar, məktəblər, binalars. son 7 ildə Azərbaycanda tikilib, ortaya çıxarılıb. Türklərin bir sözü var. Deyirlər ki, "yaxşı deyək ki, yaxşı olsun". Elə bil yaxşıyı görmək adətini yadırğamışıq, pessimistlik canımıza hopub. Yaxşını həddən artıq tərifləyənlərin özləri belə dillərinin ucunda danışırlar, "qara xiffət" çəkdiklərini gizlədirlər. Çünki şəxsi maraqları qürurlarını üstələyib.

Məsələnin ən ağırı da odur ki, əyrini düzəltmək, pisi yaxşıya çevirmək əvəzinə yalnız və yalnız söh-söhbət gündəmə gəlir, hər hansı addım atmaq haqqında isə düşünən yoxdur.

Özünə qarşı haradasa, nəsə bir az pis olan kimi başlayırlar sovet dövrünün xiffətini çəkməyə. Hətta Azərbaycan Respublikasında müxtəlif yollarla milyonlar qazanan, ən yüksək, lüks həyat sürən şəxslər də "sovet hökuməti zamanı belə deyildi?", "rus yaxşıdır"-söyləyirlər. Yəqin ki, bu xiffət hələ uzun çəkəcək. Çünki bu "qara xiffət"in aradan qaldırılması üçün cəmiyyət, dövlət olaraq heç bir görmürük. Gürcüstanda qürurlu gürcü xalqının özünü yetişdirmə, özünü tərbiyə istiqamətində atdıqları addımlardan fərqli olaraq, Azərbaycan xalqının qürurlu, ədalətli, düzgün olması üçün ciddi işlər görülmür. Məncə, ən böyük vətənpərvərlik xalqın öz qürurudur. Əgər xalqın hər bir nümayəndəsi daim öz savadını, biliklərini artırırsa, zəhmətlə yaşamağa üstünlük verirsə, rüşvət almadan, rüşvət vermədən yaşamağa, ədalətli olmağa, ədalətli seçim etməyə çaplışırsa, vətənpərvərlik həmin xalqın canında-qanındadır. Bu xalqın nümayəndəsi döyüş meydanında da düşmənə qalib gəlmək üçün qanını, canını verməyə hazırdır.

Azərbaycan türkləri və bu vətəndə yaşayan bütün azsaylı xalqlar, yəni bütün azərbaycanlılar hələ ki, etnik yaddaş, gen yaddaşı hesabına vətənpərvərdirlər. Birinci Qarabağ müharibəsi zamanı və indi düşmənlə döyüşlərdə vətən uğrunda canından keçən şəhidlərimiz gen yaddaşının, qan yaddaşının qəhrəmanlarıdırlar. Həmin bu gen yaddaşı iki yüz illik imperiyanın anti-insan siyasətinə müqavimət göstərib, itib-batmayıb, aradan çıxmayıb. Amma xeyli zəifləyib. Məhz həmin qəhrəmanlıq genləri zəiflədiklə torpaqlarımızı itirə-itirə gəlmişik. Amma onu da unutmaq olmaz ki, "Kitabi-Dədə Qorqud" diliylə desək, "qarı düşmən" çox-çox güclü olub, hər cür təxribatlara, xəyanətlərə, soyqırımlara uğramışıq. Hətta açıq meydanda belə bizim bir əsgərimizin üstünə rusun (sonradan rusla birlikdə erməninin) 10 əsgəri gəlib. Bu Azərbaycan xanlıqlarının işğalı zamanı da belə olub, 1920-ci ilin 28 aprelində də, Xocalının, Şuşanın və başqa rayonlarımızın işğalında da.

Qəhrəmanlıqlarımızı təbliğ etmək vacibdir. Məncə, qəhrəmanları ən birinci cəmiyyət (məsələn, təhsil) yetişdirir, ikincisi isə, yaşlı nəsil. Bədbəxtçilik ondadır ki, Azərbaycanın yaşlı nəsilinin özünün azərbaycançılıq ruhu ilə tərbiyəsinə ehtiyac var. "Altmışında öyrənən isə gorunda çalar". Çox hörmət elədiyimiz yaşlı nəslimiz "qara xiffət" xəstəliyindən əziyyət çəkir. Sovet dövründə qul, itəatkar psixologiyasıyla çulğalaşmış bu "qara xiffət" hələ Azərbaycan xalqını qürurlu etməyə imkan vermir.

Hələlik müasir cəmiyyətimiz də qəhrəman vətənpərvər yetişdirmək iqtidarında deyil. Bunun bir çox səbəbləri var. Ən birincisi, 20 il bir xalqın gen yaddaşının, qan yaddaşının bərpası, yenidən tərbiyələndirilməsi üçün kifayət qədər az müddətdir. Amma torpaqlarımızın 20 faizinin işğal altına düşməsini, bir milyon qaçqın və köçkünümüzün olmasını, müstəqil və gənc dövlətçiliyimizin qorunmasının vacibliyini nəzərə alanda gənc nəsildə hərbi-vətənpərvərlik hisslərinin inkişafının aktuallığı, vətənpərvərliyin təbliğatının vacibliyi bir daha üzə çıxır.

Vətənpərvərliyi ən xırda vintlərinin belə bir-birinə bağlı olan nəhəng bir kompleks kimi qəbul etmək lazımdır. Mənəvidən-maddiyyədək o qədər məsələlər vətənpərvərliyin səviyyəsini müəyyənləşdirir ki, onları təsnifatlaşdırmağın özü uzun araşdırma, zəhmət tələb edir. Bu zaman fərqli yanaşmaların ortaya çıxması qaçılmazdır.

Fikrimizcə, hərbi vətənpərvərliyin bağlı olduğu məsələləri aşağıdakı kimi sıralamaq mümkündür:

1. Tarix (tarixi keçmiş, təcrübə)

2. Cəmiyyət

3. Ordu

4. Təhsil

Əslində sıradakıların yerini məsələyə yanaşma tərzinə görə dəyişmək və ya eyni qrupa daxil etmək mümkündür.

Torpaqlarımızın işğalı, müstəqilliyimizi bərpa etdikdən bəri başımıza gələn fəlakətlər, çətinliklər cəmiyyətimizi bir qədər pessimist ruhda kökləyir. Təəssüf ki, bu pessimistlik hərbi-vətənpərvərlik təbliğatının aparılmasına çətinlik yaradır, imkanlarımızı, potensialımızı dəqiqliklə qiymətləndirməyə imkan vermir. Halbuki, Azərbaycan tarixi hərbi-vətənpərvərlik nümunələriylə, vətən uğrunda canlarından keçən şəhidlərimizin qəhrəmanlıqlarıyla zəngindir. Şimallı, Cənublu Azərbaycan ərazilərində mövcud olmuş, hətta imperiyalara çevrilmiş dövlətlər hərbi-vətənpərvərliyin ən bariz nümunəsidir. Hərbiyə, döyüşməyə meyli, qüdrəti olmayan bir xalq bu qədər nəhəng dövlətlər yarada bilməzdi. Qədimdən çoxlu maraqların toqquşduğu bir bölgədə yerləşən Azərbaycan əsarət altına düşsə də xüsusən, XIX əsrədək daha çox nəhəng imperiyaların məsələn, Əhəmənilər, Makedoniyalı İsgəndər, Sasanilər, eləcə də ərəblərin müttəfiqi rolunda çıxış edib. Nəhəng imperiyalara qarşı müharibələr, üsyanlar, inqilablar da Azərbaycan xalqının hərbi-vətənpərvərliyinin təsdiqidir.

Amma qədim və orta əsrlərin hərbi vətənpərvərliyilə XXI əsrin hərbi vətənpərvərliyini detallarına qədər bir-birilə müqayisə etmək düzgün olmaz. Milli kimliyini, ərazi bütövlüyünü, torpaqlarını, iqtisadi varlığını qorumaq, müqavimət göstərmək, qanını-canını əsirgəməmək baxımından isə hərbi-vətənpərvərlik mahiyyətcə heç bir zaman dəyişmir.

Müasir cəmiyyətimizin hərbi-vətənpərvərlik baxımından nə qədər hazırlıqlı olduğunu Birinci Qarabağ müharibəsi göstərdi. Aydın oldu ki, 200 il ərzində rus imperiyasının Azərbaycan xalqının hərbi-vətənpərvərlik ruhunun unudulmasına, aşınmasına yönəlmiş siyasəti öz "bəhrəsini" verib. Düşmənlərin müstəqilliyimizə yaratdığı təxribatları, hücumları, fəlakətləri məhz təcrübəsizlikdən proqnozlaşdıra bilmədik. Məhz rus-erməni işbirliyinin fəaliyyəti nəticəsində vətənpərvərliyi və hərbi-vətənpərvərliyi uzlaşdıra bilməyən Azərbaycan xalqı, Azərbaycan dövləti, yenicə yaranmaqda olan Azərbaycan ordusu özündən dəfələrlə güclüsay baxımından kifayət qədər çox rus-erməni qoşunlarının hücumlarını, diplamatik zərbələri, xəyanətləri dəf edə bilmədi. Daha dəqiq desək, hərbi-vətənpərvərlik hisslərinin zəifliyi, keçmişimizlə tarixi əlaqənin qırılması torpaqlarımız uğrunda mübarizəmizə mənfi təsir göstərdi.

Çar dövründə övladı orduya aparılmayan, Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsindən sonra ordusu tamamilə məhv olunan, İkinci Dünya Müharibəsindən sonra diviziyaları (77, 223, 203 və s.) ləğv edilən bir xalqın iki yüz ildən bəri hazırlanan bir təcavüzün qarşısını alması çox çətin idi.

Sovet ordusunda imperiyanın məqsədyönlü şəkildə azərbaycanlıları "stroybata" meylləndirməsi XX əsrin son 20 ilində özünü mənfi tərəfdən göstərdi. Bəziləri bunu guya azərbaycanlıların inşaat batalyonlarına getməkdə həvəsli olması kimi qələmə verirlər. Məncə, bu təxribatçı iddia kifayət qədər yanlışdır. Rus-sovet imperiyasının illərlə apardığı təxribat-təbliğat işinin nəticəsində kifayət qədər zəhmətkeş və tikib-qurmağı bacaran azərbaycanlılar inşaat batalyonlarına getmək haqqında düşünürdülər. Rus-hərbi komandanlığı isə öz arzusunu azərbaycanlıların arzusu kimi qələmə verirdi. Xatırladaq ki, azərbaycanlılıların raket-tank qoşunlarında xidmətinin qarşısının alınmasıyla bağlı minlərlə fakt məlumdur. İkinci Dünya Müharibəsində nifrətlə "yoldaşi" deyərək soydaşlarımızı ön cəbhəyə göndərən rus-sovet komandanlığı Əfqanıstan və dünyanın başqa yerlərində "beynəlmiləl" borclarını yerinə yetirməyə, özü də yenə ön cəbhəyə yollayırdı. Sovet ordusuna yüz minlərlə hərbçi göndərən Azərbaycan xalqının yüksək rütbəli və böyük hərbi hissələrə rəhbərlik edən çox az sayda generalya polkovnikinin adını sadalamaq mümkündür. Çox təəssüf ki, XX əsrin 70-ci illərində yaradılmış Naxçıvanski adına orta hərbi məktəbinin azərbaycanlı məzunları belə Qarabağ müharibəsinin ilk illərində bütün yükü öz çiyinlərinə çəkə bilmədilər (ardı var).

 

 

Bəhmən 

 

Xalq Cəbhəsi.- 2010.- 8 oktyabr.- S.11.