Şilyan: özü, sözü, çeşmənin gözü 

 

Qədim Şirvan torpağının aran zonası Ucarda bağ-bağatlı, toy-büsatlı bir el var - Yuxarı Şilyan kəndi. Bu kəndin tarixi keçmişi ilə bağlı ağsaqqal və ağbirçəklərin xatirələrində çoxlu söz-söhbətlər yaşamaqda, araşdırmaçıların əsərlərində özünə yer tutmaqdadır. "Azərbaycan toponimləri" kitabında Şilyanla bağlı bu məlumatla tanış oluruq: "Şilyan - türkdilli şiryan (şilyan) tayfasının adı ilə bağlıdır. Keçmişdə mövcud olantoponimik cərgə əmələ gətirən Şilyan kəndlərini bir-birindən fərqləndirmək üçün "Yuxarı Şilyan", "Göyərçin Şilyan" və "Müsüslü Şilyan" adlandırıblar". Hazırda Azərbaycanda Ucarla yanaşı, Yevlax, Kürdəmir rayonlarında da türkdilli şiryan tayfasının adı ilə bağlı Şilyan kəndi var. Şilyanlılar bəzi mənbələrə görə, şiryan (şilyan) türk tayfaları lək, ossalu, armalu, zəngənə və s. ilə birlikdə hunların kai (qayı) qəbiləsinə mənsubdurlar. Bununla belə "Şilyan" toponimi hələ də nə dil, nə coğrafi, nə folklor, nə etnoqrafik-tarixi yönlərdən öyrənilib tədqiq olunmayıb. Qeyd edək ki, "Şilyan" toponiminə yalnız Ucarda "Yuxarı Şilyan" adında rast gəlinmir, Ucarda "Təzə Şilyan", Kürdəmirdə "Şilyan", Yevlaxda "Şilyan" və s. yerlərdə də təsadüf edilir. Şilyanların nə üçün belə geniş ərazilərdə yayılmasının tarixi-etnoqrafik, sosial-iqtisadi, mədəni-mənəvi səbəblərini də öyrənməyə, şübhəsiz, böyük ehtiyac var. Ağsaqqal və ağbirçəklərin dediklərinə görə, keçmişdə bu kəndlər hamısı bir yerdə olub, ancaq zaman keçdikcə Şilyanda yaşayanlar müxtəlif rayonların ərazilərinə səpələnib, öz "Şilyan"larını formalaşdırıb inkişaf etdiriblər.

Şilyanların bir-birindən ayrılması təxminən 110 ildən yuxarıdır. "Şilyan" adı ilə bağlı olan versiyalardan biri fikrimizcə, maraq doğurur. Bunlardan biri mərhum, istedadlı şair-publisist Rəhim Rəvanın özünün eşitdikləri üzərində qurduğu versiyadır. Deyirlər, "Şilyan"a vaxtilə də "Altıöylər" deyiblər. Nağıl edirlər ki, bir gün Şamaxıdan altı atlı Kür üstdən keçib Qarabağa getməliymiş. Qaranlıqda mənzil başına yetişə bilməyəcəklərini yəqin edib, atlıların ağsaqqalı bu yerin ağsaqqalı Soltan kişiyə onların evində gecələmələrilə bağlı müraciət edir. Soltan kişi bildirir ki, onlardan hər biri bir evdə gecələməli olacaq. O, hər bir evin kişisinə tapşırır ki, bu axşam onlardan hər birinin evində mütləq qazanı qoyulmalı və atlıların hamısı ləzzətli aşa qonaq edilməlidir. Belə də edirlər. Qonaqlar yeyib-içib rahatlanırlar, gecəni dincəlib, səhər qalxırlar, səhər yeməyində isə qonaqlara ağsaqqalın tapşırığına görə hər evdə camış nehrəsi yağı ilə bal yedizdirirlər. Atlılar mənzil başına yola düşürlər. Atlıların ağsaqqalı yoldaşlarından onları bu obada necə qəbul etdiklərini, axşam nə, səhər nə yediklərini soruşur. Atlıların hamısı bir ağızdan "Axşam , səhər nehrə yağı ilə bal" yediklərini deyirlər. Yeməklərin hər bir evdə eyni olması onları təəccübləndirir. Atlıların hər biri deyir, burda var-dövlət "şilan"dır, "şülən"dir, yəni həddən artıq çoxdur. Beləliklə, də buradan "Şilyan" adı, toponimi formalaşmağa başlayır. Keçmiş zamanlarda olduğu kimi bu günŞilyanda maraqlı folklor-etnoqrafik sənət nümunələri, abidələr, deyimli-duyumlu sözlər, düzgülər, söyləmələr və s. yaranır. Yuxarı Şilyanlıların toyunun elə səciyyəvi cəhətləri var ki, digər bölgələrimizin toylarında, həm də başqa Şilyan ellərində görə bilmirik. Düzdür, qonaqpərvərlik bütün türk uluslarının səciyyəvi xüsusiyyəti, danılmaz tərəfidir. Ancaq qonaqpərvərlik bir etik dəyər kimi Yuxarı Şilyanlılarda özünü daha parlaq şəkildə göstərir. Hətta şilyanlının evində bir loxma çörəyi olmasa belə, o, qonağı elə böyük təmtəraq, sevinclə qarşılayıb yola salar ki, qonaq belə yüksək münasibətdən öz elinə, obasına sevinc payı aparar. Şilyanlıların yaşam pasportu, onların əsas nitq davranışı bədahətən, yerində deyilmiş sözlər, deyimlər, zarafatlar, ülgülü ifadələrdir. Bu isə şilyanlıların sözü, el deyimini, danışıq leksikasını yaşatmalarından, onlara dəyər verməsindən irəli gəlir. Bu kənddə lap əvvəllərdən əvəzsiz söz ustaları, söz sərrafları, söz xiridarları çox olub, bu günvar. 20 ildən artıqdır ki, Şilyanın adət-ənənələrini, folklorunu, etnoqrafiyasını, ilmə-tikməsini, xalçalarının naxışlarını, toy mərasimlərininin fərqli cəhətlərini, xalq oyunlarını (məsələn, "Zopu"nu), uşaq oyunlarını ("Turna vurdu", "Eşşəyim qalx", "Ənzəli", "Mıxca-mıxca", "Aşıq-aşıq" və s.) yığır, ipə-sapa düzür, sistemləşdirirəm.

Lətifələr xalq hikmətinin ən parlaq nümunələridir. Onların toplanıb nəşr edilməsi bir vətəndaşlıq borcu, elə-obaya məhəbbətin ifadəsidir. Qeyd edək ki, bu istiqamətdə müxtəlif xalqların nümayəndələri tərəfindən xeyli işlər görülüb. Məsələn, ruslar İvanuşkanı, ukraynalılar Katiqoroşeki, beloruslar Nesterkanı, buryatlar Budamşunu, karellər Kumoxanı, moldovlar TendalePekaleni, taciklər Müşfiqini, ərəblər və türklər Bəhlul Danəndəni, Türkiyə türkləri, Azərbaycan Türkləri, özbəklər, türkmənlər, qaquzlar Molla Nəsrəddini, qazaxlar Aldar Kosanı, qaraqalpaqlar Aldar Kosa və Ömirbəyi xalqın birdəfəlik olaraq etnik yaddaşına "yazıblar". Bununla belə xalq içində elə obrazlar var ki, onlar hələ də təbliğ olunmur, yaradıcılıq və bacarığı oxuculara lazımınca çatdırılmır. Nəzərə çatdıraq ki, şəkili Hacı dayı, Ağdamın Abdal Gülablısından Abdal Qasımla bağlı lətifələr yalnız yazıya alındıqdan sonra oxucular onları daha yaxşı tanımağa başladılar. Deməli, bu tipli hazırcavabların yaradıcılığı məhz yazıya alınma vasitəsi ilə geniş oxucu auditoriyasına çatdırıldıqdan sonra onlar populyarlaşa bilərlər. Bir şeyiqeyd edək ki, hazırcavab, məzəli adamlar dünyada bir qayda olaraq Bolqarıstanda Qabrovodan, Türkiyədə Əskişəhrdən, Özbəkistanda Kokanddan, Qaraqalpaqstanda Çimbaydan çıxıbsa, Azərbaycanda belələri Şəkidən, Ağdamdan, yaxud da Ucarın Yuxarı Şilyanından çıxır. Təəssüf ki, Yuxarı Şilyan hazırcavablarının və məzəlilərinin deyim-duyum, ifadə tərzinə indiyə qədər etinasız yanaşılıb, onların yaradıcılığı geniş çevrədə tanıtdırılmayıb. Lətifələr ilk növbədə tərbiyəedici funksiyası ilə seçilir. Professor Azad Nəbiyev haqlı olaraq göstərir ki, "lətifə bədii təfəkkürdə daim dinamikada olan janrlardandır". O daim cilalanır, formalaşır, inkişaf edir. A.Nəbiyev lətifələri təsnif etdikdə onları "Bəhlul Danəndə", "Molla Nəsrəddin" və regional lətifələrə bölür. Sonra regional lətifələrin özünü qruplaşdırdıqda, o, Şəki lətifələri, QarabağAbdal Qasım lətifələri, ayrım lətifələri, ləzgi lətifələri və müxtəlif məzmunlu lətifələrdən danışsa da, onların sırasında Şilyan lətifələrinin adını çəkmir. Bu epik xalq yaradıcılıq növünün Yuxarı Şilyanda inkişafı isə onu, heç şübhəsiz, konkret ərazidə formalaşmış lətifələr sırasında əks etdirməyi gündəmə gətirir.

Şilyan lətifələri burada yaşamış ayrı-ayrı insanların uzaqgörənliyi, bədahətənliyi ilə bağlı olub. Baməzə və hazırcavablar həm də ölkəmizin müxtəlif regionlarında daim olub, onların "fondunda" olan bu ehtiyatlardan isə xalq heçdaha geniş çevrədə yararlana bilməyib. Düzdür, 20-ci yüzilin ortalarından üzü bəri lətifələrin toplanmasına və nəşrinə münasibət güclənib.

Alqışlar və qarğışlar insan həyatının lap əski dövrü ilə bağlı olan nümunələrindəndir. Bu nümunələr digər xalqlarda olduğu kimi Azərbaycan folklorşünaslığında da kifayət qədər öyrənilib. Əgər alqışlarda insanın bütün müsbət keyfiyyətlərinə diqqət yetirilirbu cəhətlər təqdir olunursa, əksinə, qarğışlarda insanın mənfi keyfiyyətlərinə, pisliklərinə, bədliklərinə, naqisliklərinə görə nifrət ifadə olunur. Xalq həyatında heç bir lüzumsuz, lazımsız şey yoxdur, o cümlədən, alqışlar və qarğışlar da bu qəbildəndir.

Şilyan alqışlarını və qarğışlarını toplamağı mühüm hesab edərək, onları yazıya almağı qərara aldıq. Alqışlar və qarğışlar xeyirlə şərin, rəğbətlə nifrətin, yaxşılıqla pisliyin, rəhmdilliklə əzazilliyin ifadəçisi kimi çıxış edir. Alqışlarla qarğışlar şifahi yaradıcılıqda istifadə edildiyi kimi, klassik ədəbiyyatımızda da özünə yer tutub. Epik abidələrimiz, dastanlarımız, nağıllarımız, əfsanələrimiz, rəvayətlərimiz, lətifələrimiz, aşıq poeziyamız və meyxanalarımız bu nümunələrlə zəngindir. Alqışlar və qarğışları işlənmə yerinə, məqamına görə qruplaşdırmaq olar. Alqışlar və qarğışlar öz ibrətamizliyi, xalqın arzu-istəyi, ailə-məişət həyatı, mərasim və adətləri və s. ilə bağlı olub və olmaqdadır. Şilyanda elə adamlar var ki, onların alqışları da, qarğışları da yerinə düşəndir.

Digər bölgələrimizdə olduğu kimi Şilyanlıların da dilində el nəğmələri, sayaçı nəğmələri, qoyunçuluqla, maldarlıqla, əkinçiliklə, biçinçiliklə bağlı nəğmələr, andlar, inamlars. var. Heç şübhəsiz ki, onların da zərrə-zərrə yığılıb xalqımıza qaytarılmasının qeydinə qalmalıyıq.

Yuxarı Şilyan kəndi Şirvanın qədim yaşayış məskənlərindəndir. Deyirlər ki, hələ vaxtı ilə Makedoniyalı İsgəndər bu əraziləri fəth edərkən burada çoxlu var-dövlətlə rastlaşıb, ona görə də buranı "Şilyan", yəni "var-dövlət olan yer" adlandırıb. Kəndin etimologiyası ilə bağlı başqa bir nəzər-nöqtəsində isə deyilir ki, "Şilyan" iki - "Şil" sözü və "yan" hissəciyindən götürülüb. Şilyan kəndi yerləşdiyi ərazilər əsasən çalalarla, göllərlə, sularla zəngin olub. Bu çalalardan, göllərdən, sulardan çoxlu balıq tutmaq üçün insanlar suyun qabağını şil ilə (çırçırpı ilə) kəsərmişlər. Soruşanda "Hara gedirsən?" - cavab verərlərmiş: "Balıqların qabağı kəsilən yerə, Şil yanına" və beləliklə də "Şilyan" toponimii yaranıb yaddaşlarda daşlaşıb. Bu sətirlərin müəllifi özü Şilyanın yaxın ərazilərində yerləşən "Mirzalı", "Tehmir", "Balıqlı", "Mağribi" çalalarından çoxlu balıq olduğunun şahidi olubbugünün özündə "Balıqlı" çalasında Şilyanlılarla bərabər Bağmanlılar, Bağman Bərgüşadlılar, Qarabucaqlılar və b. balıq tutmağa gedirlər.

"Şilyan" adını türk tayfaları "Şiryan", "Şilyan" ilə bağlayan nəzər-nöqtəsi də mövcuddur.

Yuxarı Şilyan kəndi, təxminən, Şirvanın cənub-qərbində yerləşir və bu adda olan kəndlərlə biz Ucarda - Təzə Şilyan, Kürdəmirdə - Şilyan (ona "Düyülü", yaxud "Göyərçin" Şilyanı da deyirlər), Yevlaxda Şilyan və digər bölgələrimizdə rastlaşırıq. Ermənistan-Azərbaycan, Qarabağ müharibəsi başlayandan sonra Azərbaycanda "yan"la qutaran kənd adlarının dəyişdirilməsi istiqamətində xeyli əsassız işlər aparıldı və hətta Yevlax rayonundakı - "Şilyan" "Ərəş" adı ilə əvəzləndi də. Ancaq bu kəndlərin adındakı "yan" hissəciyinin ermənilərlə heç bir - nə etnik, nə genetik, nə tarixi, nə mədəni, nə mənəvi, nə coğrafi, nə də hər hansı digər bir əlaqəsi yoxdur.   

 

 

 Nizami Tağısoy,

 professor

 

 Xalq Cəbhəsi.- 2010.- 16 sentyabr.- S.14.