"Uşaq Tərbiyə Müəssisəsindən çıxan yeniyetmələr yenidən ağır cinayət törədirlər"

 

 Nazir Quliyev: "Yuvenal ədliyyə qanununun qəbuluna, yuvenal məhkəmələrin, polis strukturlarının yaradılmasına ehtiyac var"

 

"Davamlı zorakılığa məruz qalan uşaqlar böyüyəndə daha çox cinayətkar olur"

 

Bu dəfə ölkəmiziin azyaşlı sakinlərinin hüquqlarından yazmağı qərara aldıq. Çox vaxt uşaq olduqları üçün hüquqlarını nəzərə almır, onların da böyüklər kimi bu ölkənin vətəndaşları olduğunu unuduruq. Odur ki, uşaq hüquqlarıyla bağlı suallarımızı Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyevə ünvanladıq.

- Azərbaycan qanunvericiliyində uşaqlarla bağlı hansı qanunlar var?

- Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra 1992-ci ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına, 2000-ci ildə isə həmin konvensiyanın 2 protokoluna qoşulub. Eyni zamanda 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızda da ailə və uşaqlarla bağlı müddəalar yer alır. Bundan əlavə, 1998-ci ildə ayrıca olaraq "Uşaq hüquqları haqqında" qanun da qəbul olunub. Göründüyü kimi, bizim uşaq hüquqlarıyla bağlı qanunlarımız var. Lakin bizim son araşdırmalarımız da göstərdi ki, Azərbaycanda uşaqların hüquqlarını daha keyfiyyətli formada müdafiə etmək üçün qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var. Lakin təcrübə göstərir ki, yalnız qanun qəbul etməklə bitmir. Çünki bizim çox gözəl müddəaları olan elə qanunlarımız var ki, icrasında çətinlik yaranır. Əsas məsələ praktikayla bağlıdır. Bu baxımdan bizim çox böyük narahatçılığımız var.

- Uşaqların hansı hüquqları var?

- Uşaq hüquqları deyiləndə ilk öncə onların təbii hüquqlarından danışa bilərik. Belə ki, onların valideynləriylə bir yerdə yaşamaq, vətəndaşlıq, yaş artdıqda birləşmə, dini azadlıq, sağlamlıq, təhsil almaqs. hüquqları var. Bunlar uşaqların malik olduğu çox ümdə hüquqlardır.

- Uşaqlar öz hüquqlarını bilirlərmi?

- Uşaq Hüquqları Konvensiyasına əsasən, 18 yaşına çatmayan hər bir şəxs uşaq sayılır. Bizim apardığımız araşdırmalardan məlum oldu ki, uşaqların bir çoxu öz hüquqlarından xəbərsizdir. İnsan məlumatsız olanda isə onun hüquqlarını pozmaq daha asandır. Çünki hüququ bildikcə onu müdafiə imkanları da artır. Odur ki, uşaqların məlumatsızlığı onların hüquqlarının pozulmasına səbəb olur. Hətta uşaqlar öz hüquqlarını bilsələr belə, əgər onların hüquqlarına hörmət edilmirsə, bu özühüquq pozuntusudur. Mən bu müsahibə vasitəsiylə valideynlərə müraciət edirəm ki, ilk öncə uşaqlara hüquqlarını öyrətsinlər. Hüquqi maarifləndirmə həmçinin məktəblərdə, ictimai təşkilatlarda da aparılmalıdır.

- Bu sahədə uğurlu nəticə əldə etmək üçün hüquqla yanaşı mənəvi dəyərlərdən də istifadə edilə bilərmi?

- Azərbaycan dünyəvi dövlətdir və ölkəmiz hüquqi dövlət statusundadır. Əlbəttə ki, hər bir cəmiyyətin öz tarixi keçmişi, formalaşmış adət-ənənələri var. Onları nəzərə almadan bir sıra ictimai məsələlərin inkişafına nail olmaq çətindir. Çünki mənəvi dəyərlər bizim kökümüzdür. Amma elə mövzular var ki, biz yalnız dəyərlərə üstünlük verib hüququ nizamlama prosesindən kənara qoysaq, böyük fəsadlar yarana bilər.

- Uşaqların daha çox hansı hüquqları pozulur?

- Azərbaycanda uşaqların bir sıra çətinlikləri və problemləri var. İlk öncə hüquq pozuntusuna yol verən uşaqlarla bağlı danışmaq istəyirəm. Araşdırmalarımız göstərir ki, Azərbaycanda mütəmadi olaraq hüquq pozuntusununa yol verən uşaqların bəzən ağır cəzalara məruz qalması halları baş verir. Hüquq pozuntusuna yol verən uşaqların ağır cəzalardan qorunması üçün ayrıca yuvenal ədliyyə qanununun qəbul olunmasına, yuvenal məhkəmələrin, polis strukturlarının yaradılmasına ehtuyac var. Son illər bu sahədə də müəyyən irəliləyişlər mövcuddur. 2007-ci ildə Daxili İşlər Nazirliyi, ATƏT-in Bakı ofisi, UNİCEF-in dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq cinayət törədən uşaqlar üçün alternativ tədbirlərlə bağlı pilot proqram həyata keçirilir. Bu proqrama əsasən, uşaqlar polisdə xüsusi mərkəzlərə yönəldilir və bir növ həbsxanalardan azad olurlar. Bu proqram yalnız Bakı şəhərini əhatə edir. Bəs regionlar? İşlə əlaqədar cəzaçəkmə müəssisələrində də oluram. Məlum olur ki, vaxtı ilə Uşaq Tərbiyə Müəssisəsindən çıxan bəzi yeniyetmələr yenidən ağır cinayət törədərək böyüklər kimi həbsxanaya qayıdırlar. Bu onu göstərir ki, biz cinayət törədən uşaqlarla daha geniş aparmalıyıq. Çünki onlarla alternativ sosial yönümlü aparılmasına böyük ehtiyac var.

- Uşaq zorakılığı hüquqla necə tənzimlənir?

- 2009-cu ildə Avropa Şurasının belə bir təşəbbüslə çıxış etdi ki, bu təşkilata üzv olan dövlətlərdə uşaqlara qarşı zorakılığın aradan qaldırımasıyla bağlı xüsusi qanunlar qəbul olunmalıdır. Bəzi ölkələrdə uşaqlara qarşı zorakılığın aradan qaldırılmasıyla bağlı ayrıca qanunlar var. Araşdırmalar göstərir ki, bizim ölkədə də uşaqların üzləşdiyi əsas hüquq pozuntularından birionlara qarşı zorakılıqdır. Uşaqlar ailədə, küçədə, məktəbdə və s. zorakılığa məruz qalırlar. Övladını döyən bir çox valideynlər döyməyi zorakılıq halı kimi qəbul etmirlər. Onlara görə, zorakılıq bədənə ciddi xəsarət yetirən hallardır. Çox vaxt valideynlər uşağı döyməyə səbəb kimi onun dərsdən qaçmasını, evə gec gəlməyini əsas gətirirlər. Halbuki heç bir halda uşaqlara zor tətbiq edilərək bu cür cəzalandırılması yolverilməzdir. Amma burada bir nüansa da fikir verməliyik. Uşaqlara qarşı zorakılığın aradan qaldırılması ailə tərbiyəsinə mənfi təsir göstərməməlidir. Məsələn, elə vəziyyət yaranmamalıdır ki, valideyn-övlad arasında münasibət yalnız hüquq üzərində qurulsun. Tutaq ki, uşaq valideyninə deməsin ki, mənə zorakılıq etsən, səni şikayət edərəm. Bu hallar ailə dəyərlərinin korlanmasına gətirib çıxarır.

- Bəs valideyn-övlad münasibətlərində necə balans saxlamaq lazımdır?

- Bunun üçün ilk növbədə uşağa şəxsiyyət kimi yanaşmalıyıq. Böyük yaşlı insanı hansısa əməlinə görə döyməyi fikrimizdən keçirmədiyimiz kimi, uşağa qarşı da bu cür şəxsi yanaşma olmalıdır. Dünyada bir-birini təkrar edən ikinci insan yoxdur. Hər bir insanın fərdi xüsusiyyətləri var. Hətta ailədə əkiz olan uşaqlara qarşı da fərdi yanaşma tələb olunur. Əgər uşağın fərdi ehtiyaclarını öyrənib onunla fərdi aparsaq, kiçik yaşlarından şəxsiyyət kimi yanaşsaq, bu problem həllini tapar. Çox təəssüf ki, bizdə valideyn-uşaq münasibətlərində böyük bir baryer mövcuddur. Adətən ailələrdə zəhmli ata-ana obrazı yaradılır, uşağın söz demək hüququ olmurs.

- Bir çox hallarda bu cür ailə modeli gözəl və ibrətamiz nümunə kimi təqdim olunur.

- Təəssüf ki belədir. Bu səbəbdən də belə ailələrdə valideynlərlə uşaqların dostluğu mümkün olmur. Bu gün uşaq cinayətindən və son zaman artan uşaq intiharı hallarından danışırıq. Bunlar niyə baş verir? Uşaqlar öz ürəklərini valideynlərinə aça bilmirlər, problemlərini danışa bilmirlər. Qapalılıq onlarda mənfi enerjinin yığılmasına səbəb olur. Bu yığılan enerjini isə harasa "xərcləməyə" çalışırlar.

- Davamlı zorakılığa məruz qalan uşaqlar hara müraciət edə bilərlər?

- Uşaqlar kiçik yaşlarından onlara qarşı edilən zorakılığı bir növ özlərində baza kimi yığırlar və müəyyən dövrə çatdıqdan sonra o haqsızlığı kiməsə tətbiq etməyə çalışırlar. Təcrübə göstərir ki, davamlı zorakılığa məruz qalan uşaqlar böyüyəndə daha çox cinayətkar olurlar. Onlar hüquq pozuntusuna yol verir, illərlə yığılan aqressivliyi "xərcləməyə" çalışır. Uşaqların öz hüquqlarını bilməməsi onların hüquq-mühafizə orqanlarına müraciət etməsinə imkan yaratmır. Odur ki, 2009-cu ildə Azərbaycanda ilk dəfə olaraq Uşaq Qaynar Xətti xidməti yaradıldı. Bakı və regionlarda yaşayan uşaqlar qaynar xəttə müraciət edə bilərlər.

- Qaynar xəttin nömrəsini oxucularımıza da deyərdiniz.

- Telefon nömrəsi (012) 480-22-80-dir. Gün ərzində hüquqşünaslarımız, psixoloqlarımız uşaqların suallarını cavablandırırlar. Qaynar xətdə anonimlik qorunulur. Əgər uşaqlar istəməsələr, onların adları açıqlanmır. Böyük ölçüdə adətən ailədaxili zorakılıqla bağlı zənglər daxil olur. Hətta Rusiyadabaşqa ölkələrdə yaşayan azərbaycanlı uşaqlar da bizimlə əlaqə saxlayırlar.

- Qaynar xəttə gələn zəngləri necə dəyərləndirirsiniz?

- Müraciət edən uşağa bizim əməkdaşlar hüquqi köməklik göstərilməsini təklif edir. Əgər uşaq təklifi qəbul edirsə və ya biz hesab etsək ki, zorakılığa məruz qalması onun üçün həyati təhlükə yaradır, onda uşağın müraciətinin rəsmiləşdirilməsinə çalışırıq.

- Rəsmiləşdiyi hallar olub?

- Əlbəttə. Lazım olanda uşaq müraciətləri dərhal polis orqanlarına və digər qurumlara yönəldilir.

- Bəs həmin uşağın sonrakı aqibəti necə olur? Yenidən zorakılıq gördüyü ailəyə qaytarılır?

- Uşaq zorakılığı ilə bağlı əsas çətinliklərdən biriondan ibarətdir ki, bu gün Azərbaycanda zorakılığa məruz qalan uşaqlar üçün reablitasiya mərkəzləri yoxdur. Hətta zorakılıq faktı rəsmiləşsə belə, yenə də uşaqlar zorakılq edən valideynin yanına qaytarılır. Ona görə də çox hallarda uşaqlar zorakılığa məruz qalsalar da, müraciət etmirlər. Biz çalışırıq ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da belə mərkəzlər yaradılsın.

 

Real Cəfərli

 

Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi "Vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, konstruktiv münasibətlər müstəvisində sosial fəallığın artırılması" layihəsi çərçivəsində təqdim olunur.

 

 

Xalq cəbhəsi.- 2011.- 10 avqust.- S. 14.