"Tarix dərsliklərinin monitorinqi"

 

 Tariyel Faziloğlu: "8-ci sinif "Azərbaycan tarixi" dərsliyi həddən artıq elmi dildə yazılıb və çox yorucudur, kitab əvvəldən-axıra kimi xronologiyadır"

 

Solmaz Quliyeva: "Uşaq bilmir ki, xronologiyanı əzbərləsin, yoxsa dərsi oxusun"

 

Hüseyn Quliyev: "Tarix dərslikləri haqqında danışanda ümumilikdə subyektiv fikirlərə çox yer verilir"

 

Bugün "Müasir İnkişaf" İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Azərbaycan tarixi dərsliklərinin monitorinqi" layihəsi çərçivəsində təşkil olunan sonuncu tədbirini gerçəkləşdirdi.

Tədbiri giriş sözüylə açan birliyin idarə heyətinin sədri Mübariz Aşırlı dedi ki, bu ilin aprelindən Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ""Azərbaycan tarixi" dərsliklərinin monitorinqi" adlı layihə reallaşdırırlar: "Layihə çərçivəsində 5, 6, 7 və 8-ci sinif "Azərbaycan tarixi" dərslikləri ilə bağlı monitorinqlər həyata keçirib, nəticələri cəmiyyətə çatdıracağıq və eyni zamanda bu nəticələrin müzakirəsini təşkil edəcəyik. Bu, layihə çərçivəsində gerçəkləşdirdiyimiz üçüncü tədbirimiz, müzakirəmizdir. Biz artıq layihəni bütövlükdə yekunlaşdırmaq üzrəyik. Avqustun ortalarına qədər demək olar ki, layihə yekunlaşacaq. Bundan sonra QHT Şurasına yekun hesabatı təqdim edəcəyik. Layihənin keçrildiyi 4 ay müddətində toplanan məlumatları, monitorinqin nəticələrini vahid sənəd formasında hazırlayıb, konsepsiya şəklində başda QHT Şurası, Təhsil Nazrliyi olmaqla, müvafiq dövlət və qeyri-hökumət təşkilatlarına, o cümlədən, kütləvi informasiya vasitələrinə təqdim etmək niyyətindəyik. Məlumat üçün bildirim ki, bir neçə gün öncə QHT Şurasında təhsillə bağlı layihələr həyata keçirən QHT-lərin toplantısı oldu. İlkin dövr üçün nəticələr müzakirə olundu. Bu da şuranın ayırdığı maliyyənin icra prosesinə nə qədər diqqətlə yanaşmasının göstəricisidir. Toplantıda belə bir fikir səsləndi ki, QHT-lərin təhsil istiqamətində həyata keçirdikləri layihələr bitdikdən sonra Təhsil Nazirliyinin, o cümlədən də təhsillə bağlı müvafiq qurumların nümayəndələrinin iştirakıyla nəticələrin müzakirəsi keçrilsin. Yəni layihənin həyata keçrildiyi müddət ərzində hansı işlər görüldü, hansı nəticələr əldə olundubundan sonra nə etmək olar? Biz də nəticələrin müzakirəsi üçün tədbirin keçirilməsini nəzərdə tuturuq ki, bu tədbir baş tutsa, ictimaiyyətə məsələ ilə bağlı daha geniş şəkildə məlumat çatdıracağıq. Bu gün isə 8-ci sinif "Azərbaycan tarixi" dərsliyinin monitorinqinin nəticələri müzakirə olunacaq. Bu məsələlər tarixçi olmayan şəxsləri də əhatə edir. Tarix milli şüuru formalaşdırır. Bu prosesdə də "Azərbaycan tarixi" dərsliyi böyük rol oynayır. Ona görə də qeyd etdiyim ki, bu məsələlər bizim hər birimizi birbaşa və dolayısı ilə əhatələyir. Ən azı indi bizim övladlarımız orta məktəbdə təhsil alır və bu dərsliklərdən yararlanaraq, onlarda milli şüur formalaşır. Bu baxımdan da hesab edirəm ki, cəmiyyət xüsusilə belə məsələlərdə fəal olmalıdır. Biz düşünürük ki, layihə başa çatdıqdan sonra da bu işləri davam etdirək. O vaxta qədər ki, bu sahədə olan nöqsanların tam şəkildə olmasa da, yüksək fazizinin aradan qaldırılmasına nail olaq".

Layihənin eksperti Tariyel Faziloğlu artıq 5-ci sinif üçün "Ata yurdu", 6-cı və 7-ci siniflər üçün isə "Azərbaycan tarixi" dərslikləri ilə bağlı monitorinq apardıqlarını, nəticələri müzakirə edərək iradlarını bildirdiklərini və müxtəlif təkliflər səsləndirdiklərini qeyd etdi: "8-ci sinif "Azərbaycan tarixi" dərsliyi layihə çərçivəsində monitorinqini apardığımız sonuncu kitab idi. Amma çox güman ki, bundan sonra da öz təşəbbüsümüzlə digər tarix dərsliklərini də müzakirəyə çıxaracağıq". O bildirdi ki, 8-ci sinif "Azərbaycan tarixi" dərsliyi məlumat bolluğuna görə yaxşı işlənilib, amma bir çox məqamlar var ki, onlar xüsusi olaraq diqqətə alınmalıdır: "Əvvala, kitab həddən artıq elmi dildə yazılıb və çox yorucudur. Bundan başqa bu kitab əvvəldən-axıra kimi xronologiyadır. Xronoloji ardıcıllığa çox diqqət yetirilirizahata az yer verilir ki, bu da şagirdin qavramasına mənfi təsir göstərir. Şagirdtarixi öyrənmir, qiymət almaq xatirinə dərsi əzbərləməli olur. Yəni mövzunun şagirdə nə verdiyi onu maraqlandırmır. Kitabda bir çox təzadlı məqamlar var. Bu dərslikdə xırda məsələ kimi görünə bilər, amma bunlar Azərbaycan tarxində özünəməxsus iz qoyan məqamlardır. 8-ci sinif tarix dərsliyindəki birinci mövzuda belə bir cümlə var ki, "ərəb xilafətinin tənəzzülündən sonra siyasi dağınıqlıq dövrünü yaşayan İran, Cənubi Qafqaz, o cümlədən Azərbaycandan keçərək Bizansa qarşı əməliyyatların davam etdirilməsi üçün zərurəti yaranmışdır". Əgər biz müasir dövrün sərhədləri ilə danışsaq onda bu cümlə doğrudur. Amma XI əsrdən söhbət gedirsə, bu ifadə kökündən yanlışdır". Tariyel Faziloğlu dərslikdəki bir çox məqamların yanlış olduğu haqda məlumat verdi: "Bir məqamı da diqqətə çatdırmaq istəyirəm ki, Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun rəhbərliyi ilə 7 cildlik "Azərbaycan tarixi" kitabı dərc olunub. Bu kitabda 1828-ci il Türkmənçay müqaviləsindən sonrakı tarixdə ancaq Çar Rusiyasının tərkibinə daxil olan ərazilərimizdən danışılır. Kitabda 1828-ci ildən sonrakı tarixdə indiki İranla, yəni Cənubi Azərbaycanla bağlı heç bir məlumat yoxdur. Axı, Cənubi Azərbaycanda 1925-ci ilə kimi hökumət, dövlət bizim olub. Niyə bu məqamlar kitabda yer almayıb? Həmin kitab böyük bir tarixçi komandasının məhsuludur. Bu kitabın 6 və 7-ci cildlərində ancaq Şimali Azərbaycanla bağlı məlumatlar dərc olunub".

Tarix müəllimi Solmaz Quliyeva da dərsliklərdə bəzi çatışmazlıqların olduğunu dedi: "Uşaq bilmir ki, xronologiyanı əzbərləsin, yoxsa dərsi oxusun. Heç olmasa, tarix dərslərinin saatını artırsınlar. Yoxsa şagirdlər ancaq əzbərləməyə üstünlük verirlər. Bunun da gələcəkdə çox böyük fəsadları ola bilər".

Tarix müəllimi Aydın Allahverdiyev bildirdi: "Kitabxanalar, digər vasitələr uşaqlar üçün əlçatmazdır. Ona görə ki, məktəbdə dərs yükü həddindən artıq çoxdur. Düzdür, kitablar ixtisar olunub, xüsusən də dünya tarixləri bir qədər yüngülləşdirilib, amma ümumilikdə yük çoxdur". Aydın Allahverdiyevin sözlərinə görə düzgün yazmaq vərdişləri, düzgün danışıq vərdişlərindən sonra yaranır: "Bu baxımdan da məktəblilərdə düzgün nitq mədəniyyətinin formalaşmasında dərsliklərin misilsiz əhəmiyyəti var. Amma bizim dərsliklərdə maraqlı məqamlarla yanaşı qəribə qüsurlara da rast gəlinir. Deyə bilərlər ki, bu redaktorun diqqətindən yayınıb. Amma düşünmək lazımdır ki, məsələ çox ciddidirbunun əsasında uşaqlarımızın beyni formalaşır. 8-ci sinif tarix kitabında İmadəddin "Təbriz qazisi" kimi yazılır. Bu qazi yox, qazı olmalıdır. Çünki həmin sözlərin arasında çox fərq var. Eyni zamanda bir çox bu kimi qüsurlar var ki, onlar qətiyyən yolverilməzdir".

Təhsil Nazirliyinin nümayəndəsi Hüseyn Quliyev dedi ki, tarix dərslikləri haqqında danışanda ümumilikdə subyektiv fikirlərə çox yer verilir: "Çünki tarix təkcə məktəb dərsliyi deyil, həm də dövlət siyasətinin bir hissəsidir. Ona görə tarixi araşdıranda hələ özünü təsdiqləməmiş müəyyən dövlətlərin mənafeyinə toxunan müəyyən mövzular, tarixi faktlar bir qədər gözlənilməlidir. Yəni tarix hamı üçün aydın olmalıdır. Aydın olmayan məsələləri tarixə, hətta riyaziyyata və digər elm sahələrinə gətirməyin, özübir növ qüsurdur. Bildiyiniz kimi, Azərbaycan təhsil sistemində proqramlar dəyişdirilir. Yeni kurrikulm əsasında dərsliklər yaradılır. Bu dərsliklər kompleks şəkildə çap olunur. Qarşıdakı 2012-2013-cü illərdə yeni dərslikərimiz çap olunacaq ki, bu zaman daha "Ata yurdu" dəsliyi olmayacaq. Bütün dəsliklər "Azərbaycan tarixi" adı ilə çap olunacaq. Azərbaycanla bağlı hadisələr artıq 5-ci sinif "Aəzrbaycan tarixi" kitabında da öz əksini tapacaq. Sovet dövründə biz Azərbaycan tarixi adlı kitab üzünə həsrət idik. O vaxtlar "SSRİ tarixi" adlı kitab nəşr olunurdu və bizə də SSRİ-nin tarixi öyrədilirdi. Ermənistanda erməni tarixi, Gürcüstanda gürcü tarixi kitabları olsa da, bizdə Azərbaycan tarixi kitabının varlığına imkan verilmirdi. 2000-ci ildən bəri Azərbaycan tarixi kitabı nəşr etməyə başlamışıq. 11 il ərzində də şagird səviyyəsində tarix dərsliyi yazıb-yaratmaq çox çətin bir işdir. Fikirlər səsləndi ki, tarix dərsliklərinin dili çox elmidir. Amma deməliyəm ki, tarixi faktın özü bir elmilikdir. Yəni hər hansı bir tarixi hadisə göstərilirsə, həmin tarix sadalanmalıdır, həmin hadisədə iştirak edən tarixi şəxsiyyətlərin adaları sadalanmalıdır. Bu vaxt da dərsliyin istər-istəməz dili bir qədər çətinləşir. Dərslikləri orta məktəb müəllimləri yazmalıdır. Bunu təhsil naziri Misir Mərdanov da dəfələrlə deyib. Amma hələlik alimlərimiz bu ifadə ilə barışmırlar. Bu təşkilata minnətdarlığımızı bildiririk ki, belə bir mövzunu qabardıblar". Tədbir maraqlı çıxışlarla davam etdi.

 

 

Nİcat Göyüşlü  

 

Xalq cəbhəsi.- 2011.- 11 avqust.- S.6.