İnsanların sosial hüquqlar sahəsində maarifləndirilməsi

 

 Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov: "Minlərlə insan var ki, vəkil tuta, məhkəmələrə çıxa bilmir"

 

"İngilislər Ucar rayonunda tikinti apararkən bir nəfər evini satmadı, onun evinin altından tunel çəkdilər"

 

İnsanların sosial hüquqlar sarıdan maarifləndirilməsi olduqca gərəkli bir məsələdir. Ancaq çox zaman bu sahədə anlaşılmazlıqlar qalır, müəyyən səbəblərdən aradan qaldırılması çətinləşir. Vaxtaşırı müxtəlif ölkələrdə insanların sosial hüquqlarının qorunması sarıdan canlı müşahidələr aparan Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov Kiyev şəhərinə səfərindən danışdı: "Bu yaxınlarda BMT-nin İnkişaf proqramının və Açıq Cəmiyyət İnstitutunun - "Soros" Fondunun "Region ölkələri üçün regionda hüquq siyasəti və hüquq mühitinin yaxşılaşdırılması" mövzusunda beynəlxalq konfrans keçirildi. Burada 4 istiqamətdə - mülkiyyət hüquqları, əmək hüquqları, məhkəmələrə çıxış və təminatsız əhali qrupları üçün hüquqi mühitin yaxşılaşdırılması istiqamətində müzakirələr getdi". Tədbirdə region ölkələrindən gəlmiş nümayəndələrin hər biri öz təcrübəsini bölüşüb. Mərkəzi Asiya, Qara dəniz, Aralıq dənizi ölkələri və başqa bir-birinə yaxın region ölkələrin təcrübəsi maraqla dinlənilib. Mövzuya müxtəlif maraqlı yanaşmaların özünü göstərdiyini deyən S.Məmmədov daha sonra bildirib: "Azərbaycanın həmin tədbirdə təmsil olunmasına gəlincə, onu demək olar ki, biz təşkilat olaraq maraqlı qənaətlər təqdim etdik. Əvvəlcədən təcrübələrimizlə, gördüyümüz işlərlə bağlı məlumatları göndərmişdik. Mülkiyət hüquqları ilə bağlı məhkəmə təcrübəmiz, strateji məhkəmə çəkişmələri, hüquqi yardımın göstərilməsi ilə bağlı tərtib etdiyimiz broşürlərimiz maraq doğurdu".

Başqa ölkələrin təcrübəsinə gəlincə, Sahib Məmmədov deyir: "Bir neçə ölkədə pulsuz hüquqi yardımın göstərilməsinə dair qanun qəbul olunub, ancaq bizdə bu, yoxdur. Düzdür, qanunvericilikdə göstərilir ki, hər kəsin pulsuz hüquqi yardım almaq istəyi varsa, dövlət onu təmin etməlidir. Ancaq cinayət məsələlərində, məhkəmələrdə, mülki məsələlərdə vəkillə təmin olunmaq problemlərində bu, özünü göstərir. Bu gün minlərlə insan var ki, vəkil tuta, məhkəmələrə çıxa bilmir. Bir sıra məsələlər var ki, hələ də həll olunmamış qalır. Keçmiş Sovetlər Birliyindən olan bir neçə ölkədə bu sahədə sözügedən qanun qəbul olunub. Bizdə də bu qanunun qəbuluna ehtiyac var".

Görəsən, bu ölkələr bizdən hər mənada irəlidə hesab oluna bilərlərmi? Sahib Məmmədov tədbirdə olarkən Çernoqoriya üzrə məlumatların onda maraq doğurmasından danışır: "Çernoqoriya ilə bağlı məlumatlar diqqətimi çəkdi. Məlum oldu ki, ölkənin ərazisinin yarıdan çoxunda əhali sənədləşməmiş ərazilərdə yaşayır. Sözün doğrusu, elə bilirdim bu problem daha çox bizdədir. Onlarda da vəziyyət təxminən bizdəki kimidir. Ya tikinti başa gəlib, ümumiyyətlə, qanunsuzdur, ya da torpağa sənəd var, tikiliyə yoxdur. Bizdə buna dair dəqiq statistika yoxdur, ancaq hesab edirəm ki, belə bir statistika bizdə də təxminən var. Burada artıq söhbət Bakıdan yox, rayonlardan da gedir. Rayonlarda rəsmi mülkiyyət sənədi olmayan xeyli yaşayış sahələri var. Alqı-satqı çox zaman "dədə-baba yoluyla" həyata keçirilir: biri evini satır, o birisi şahid gətirir ki, sən satdın, mən də aldım".

Əlbəttə, bu, çağdaş dövrün alqı-satqı qaydalarına uyğun sayılsa da, yalnız qanuni yolla alqı-satqı düzgün hesab olunur. Postsovet məkanında torpaqların özəlləşdirilməsi ilə bağlı problemlərə gəlincə, Sahib Məmmədov xatırladır ki, Azərbaycanda ilk mərhələdə torpaqların əhali arasında bölüşdürülməsi ilə bağlı komissiyalar yaradıldı, sonra isə pay şəklində əhaliyə verildi: "Biz bu islahatları sürətlə həyata keçirdik. Bu, bir tərəfdən yaxşı idi. Digər tərəfdən isə bu sahədə minlərlə şikayətçilər əmələ gəldi. Məlum olur ki, müəyyən ərazilərdə yerləşən, əhaliyə verilən pay torpaqları 50-60-cı illərdə neft torpaqları olub, onlara müddətsiz istifadəyə verilib. Yaxud da bu ərazilərdən çoxlu müxtəlif kommunikasiya xətləri keçir, yaxud da keçməsi planlaşdırılır. Nəticədə əhalinin torpağı əlindən məcburi satınalma yoluyla, hətta zorla alınır. Ukraynada da belə problemlər olmuşdu. Orada da torpaqlar kolxozlar dağılandan sonra vətəndaşlara verilib, ancaq sənədləşdirilməyib, dövlət reyester aktı verilməyib və s. Orada vəziyyət Azərbaycana baxanda daha mürəkkəbdir".

Sahib Məmmədov qeyd edir ki, bu vəziyyət təkcə neftli torpaqlarda deyil, habelə ölkənin istənilən bölgəsində var: "Hacıqabul rayonunun Rəncbər kəndində pay torpaqlarının verilməsi ilə bağlı ciddi anlaşılmazlıq var. Camaata pay torpaqları verilib, ancaq az sonra məlum olub ki, bu torpaqlar həm də Beynəlxalq Əməliyyat şirkətinə - Bakı-Supsa Neft Kəməri üçün verilib. Başqa bir iddiada bildirilir ki, əhali orada illərlədir əkib-becərir, məlum olur, həmin ərazidən iki qaz kəməri keçməlidir. Daha başqa belə faktlar var".

Bu cür məqamlar şübhəsiz, vətəndaşlar arasında müəyyən anlaşılmazlıqlar yaradır: "Torpaqların dövlət ehtiyacları üçün geri alınması haqqında qanun var,

habelə "Torpaq məcəlləsi", "Mülki Məcəllə" var. Orada göstərilir ki, hansı hallarda torpaq dövlət ehtiyacı üçün geri alına bilər: ölkə əhəmiyyətli kommunikasiya, magistral yol, elektrik xətləri, müdafiə qurğuları keçdikdə, dağ-mədənlə bağlı və s. Bakıda insanların köçürülməsi çoxlu narazılıqlar yaradır. Dövlət ehtiyacı üçün isə vətəndaş razı olmasa belə, məhkəmə yoluyla əmlakın bazar qiyməti ödənilməklə əhali oradan köçürülə bilər".

21-ci yüzildə insanların həyata, yaşama münasibət sarıdan ayıqlığı çox artıb. De gəl ki, qanunlar da çox labirintləşib. Gələcəkdə necə etmək olar ki, bütün bunlar sadələşsin? Sahib Məmmədov deyir: "Düzdür, indi torpaqla bağlı ölkədə 150-dən artıq norma var. Çoxu da bir-birinə ziddir. Məhkəmə prosesində hakim hansını istəyir, ona uyğun da qərar çıxarır. Heç nə də demək olmur, deyir, qanunda var, vəssalam. Bizdə mülkiyyətə münasibətdə özbaşınalıq var.

Afrika ölkələrinin çoxunda anqlosaksların hüquq sistemi tətbiq olunur. Məlumdur ki, bu ölkələr uzun müddət ingilislərin, fransızların müstəmləkəsi olub. Ancaq o ölkələrdə təfəkkür belə formalaşıb ki, mülkiyyətə müqəddəs baxılır. Hətta Nigeriyada antiinsani işlərin olmasına baxmayaraq mülkiyyətə münasibət ingilis psixologiyası əsasında formalaşıb. Həticə odur ki, bu ölkələrdə mülkiyyət məsələləri ciddi şəkildə tənzimlənir. Vaxtilə İstanbulda hansısa came tikiləndə bir nəfər deyib ki, mən komamı satmıram. Nəticədə arko tikiblər, həmin ev qalıb arkonun altında. İngilislər Ucar rayonunda tikinti apararkən bir nəfər evini satmadı. Onun evinin altından tunel çəkdilər".

 

 

Uğur

 

Xalq cəbhəsi.- 2011.- 19 avqust.- S. 13.