Kimdir Atıf Yılmaz?

 

 

Bəyaz pərdə ifadəsinin Türkiyə türkcəsində bir mənası da kino ekranı deməkdir. O ekran ki, hər bir dövrdə ölkənin inkişafını, sosial-mədəni həyatını, məişətini, problemlərini özündə əks etdirib. Kino yalnız Türkiyəni türklərə deyil, ölkənin hüdudlarından kənarda da tanıdıb, tamaşaçılara sevdirib. Elə olub ki, ölkədə il ərzincə yüzlərlə bədii film çəkilib. Əlbəttə, demək olmaz ki, bu filmlərin hamısı sənət əsəri səviyyəsinə qalxa bilib. Bu baxımdan, türk kinosuna münasibət də birmənalı deyil. Mən deyərdim türk filmləri arasında zəif olanlar bəlkə də sayca üstünlük təşkil eləyir. Ölkənin bir çox kino tənqidçiləri, tədqiqatçıları bunu kinonun tarixinə bağlayır. Türk kinosu özünəməxsus, keşməkeşli bir tarixə malikdirbu yolda uğurlar da olub, uğursuzluqlar da.

Bu yazıda Türkiyədə kino sənətinin inkişafında əvəzsiz xidmətləri olmuş, filmləri Azərbaycan tamaşaçılarına da yaxşı tanış olan kinorejissor, ssenariçiprodüser Atif Yılmazın həyat və yaradıcılığından söhbət açacağıq. İstanbulda taksiyə oturub «Bəyoğlu, Yaşılçam» – deyib ünvanı söyləyəndə sürücü «baş üstə» deyib maşını yerindən tərpətdi. Güzgüdə məni süzüb marağını gizlətmədi: «Sizkino sənətçisisiniz, yəqin?» – soruşdu. Onun sualı yersiz deyildi, «Yaşılçam» deyəndə Türkiyədə kino nəzərdə tutulur. Amerikada Hollivudanlama gəlirsə, Türkiyədə də Yaşılçam o mənanı kəsb eləyir. Maraqlı-maraqsız, uğurlu-uğursuz filmlər bu küçədəki studiyalarda çəkilib, ekranlara yol tapıb. Yaşılçamın öz qanunları var, kimlərinsə üzünə qapı açıb, kimlərisə pərişan eləyib. Bu qısa, darısqal küçə evdən çıxıb çörək almaq üçün dükana gedən adicə bir qızı Türkiyənin kino ulduzuna çevirə bilər, yetər ki, gözəl, cazibədar olsun. Bəli Yaşılçamın sirli-sehrli öz dünyası, öz qanunları var. Türk kino tarixini səhifələyəndə, keçdiyi inkişaf yoluna nəzər salanda, Atif Yılmaz sənətinin böyüklüyünə bir daha əmin olursan. O, kinoda çoxlarının demədiyini və ya deyə bilmədiyini deyib. Onun qəhrəmanları reallığı, həyatiliyi ilə seçilir, yadda qalır, filmləri bu günmaraqla baxılır.

Kimdir Atif Yılmaz? Bu suala qısaca belə cavab vermək olar: türk kinosunda milli-mənəvi dəyərləri uca tutan, ömrünün sonunadək buna sadiq qalan böyük bir sənətkardı Atif Yılmaz. Rejissor olmazdan əvvəl o, rəssam, ssenariçi idi. Odur ki, Yılmazın yaradıcılığına məhz başqa-başqa səmtlərdən yanaşmaq lazım gəlir. İstanbula gəlişi onun həyatında dönüş nöqtəsi olub. Özünün söylədiyi kimi, şəhər həyatı onu heç də gülər üzlə qarşılamayıb, yaradıcılıq planlarını həyata keçirməkdə çətinliklərlə üz-üzə gəlib. Amma sənətə olan sevgisi, marağı, gənc Atifi ruhdan salmayıb. Yaxşı bilib ki, sənət mübarizə meydanıdır və o, mübarizə meydanında sözünü inamla deməyi bacardı. Bu, sənətdə ilk addımlarını atan bir gəncin duyğularının, hiss və həyəcanının çağırışı idi. Onun ekran əsərlərinin ümumi bir qayəsi vardı: insanların cəmiyyətdəki yerini göstərmək, həyatdakı haqsızlıqları, ədalətsizlikləri doğuran səbəbləri ön plana çəkmək. Bir çox ticari məqsədli filmlərini nəzərə almasaq, bu dediklərimiz demək olar ki, Atif Yılmazın əksər əsərlərində, o cümlədən məhəbbət mövzusunda çəkdiyi filmlərdə belə aydın görünməkdədir. Doğrudur, Atif Yılmazda sosial problemlər Yılmaz Güneyin filmlərində olduğu kimi kəskin qoyulmur. Maraqlıdır ki, Yılmaz Güney kimi sənətkar vaxtıyla Atif bəyin yanında asisstentlik eləmiş, sonradan, necə deyərlər, ustadının adını ucaltmışdır. Ustadı da öz yetirməsinin yaradıcılığını yüksək qiymətləndirir.

Onu da deyək ki, təkcə Yılmaz Güney deyil, türk kinosunun bir çox tanınmış simaları Atif bəyin yanında çalışmış, sənətə vəsiqə almışlar. Bu baxımdan Atif Yılmaz yaradıcılığını həm də əsl məktəb adlandırsaq, yanılmarıq.

1951-ci ildə çəkdiyi «Qanlı fəryad» filmilə sənətə gəlmiş Atif Yılmaz çox məhsuldar bir yaradıcılıq yolu keçmişdir. Həyatının əlli ilindən çoxunu kinoya həsr eləmiş, rejissor, ssenariçi kimi yüz iyirmi filmə imza atmışdır. Əlbəttə, bu filmlərin arasında zəifləri də yox deyil. Bunu rejissor müsahibələrində özüboynuna alır, etiraf eləyir. Bu təbiidir. Əslində, əlli il yaradıcılıqda çox uzun bir zaman kəsiyi kimi qəbul edilməlidir. Bu baxımdan Atif Yılmazın yaradıcılığı da müxtəlif dövrlərə bölünüb təhlil edilməlidi. Təbii ki, onun ilkin dövrdəki filmləri sonrakılardan həm sənətkarlıq, həm də ideya, mövzu baxımından fərqlənməyə bilməz. Özününqeyd elədiyi kimi ilk filmlərini ticari məqsədlə çəkib, zaman keçdikcə püxtələşdikcə həyata baxışı dəyişib. Altmışıncı illərdə ekranlara çıxan «Ah, gözəl İstanbul» filmi sözün əsl mənasında Atif Yılmaza şöhrət qazandırdı. Tamaşaçılar onun yeni filmlərinin sorağındaydılar. «Atəş parçası», «Unudulan qadın», «Cemo», «Zülm», «Güllü», «Bir udum sevgi» və digər filmlər ölkədə maraqla qarşılandı və bəziləri müxtəlif festivalların mükafatlarını qazandı. Yeri gəlmişkən, onu da deyim ki, Atif Yılmaz «Altın portağal» kinofestivalının ən çox mükafatını almış sənətkar sayılırdı. Son mükafatı isə Beynəlxalq Ankara kinofestivalının «Əziz Nesin» ödülü oldu.

Qadın mövzusu, qadının cəmiyyətdəki yeri, qarşılaşdığı problemlər Atif Yılmazın yaradıcılığında önəmli yer tutur, desək, yanılmarıq. Təsadüfi deyil ki, kino tənqidçiləri öz yazılarında bu mövzuya ayrıca diqqət yetirirlər. Bu barədə tənqidi məqalələr çox yazılıb. Açığını deyim ki, tənqidçilərin bu barədəki fikrləri heç də birmənalı deyil. Bəli, hansısa fimdə rejissor öz istəyinə nail olur, hansı filmdəsə yox. Türkiyənin tanınmış aktrisalarından Türkan Şoray, Müjdə Ar, Halə Soyqazi, Hümeyra və digərləri Atif Yılmazın filmlərində baş rollarda çəkiliblər. 80-ci illərdə ekranlara çıxan «Minə» filmi də qadın mövzusunda çəkilib. O vaxtlar Türkiyə mətbuatı bu filmi Atif Yılmazın daha bir uğurlu işi kimi təqdim edirdi. Bəlkə də elə bu səbəbdən 1985-ci ildə Beynəlxalq Moskva kinofestivalında Türkiyə «Minə» filmi ilə iştirak edirdi. «Rossiya» kinoteatrının qarşısını müxtəlif ölkələrdə çəkilmiş filmlərin afişaları bəzəyirdi. Doğrusu, «Minə» filminin reklamı başqalarından seçilirdi. Baş rolun ifaçısı Türkan Şorayın afişalardakı ifadəli, cazibədar baxışı diqqət çəkir, çoxlarını ayaq saxlamağa məcbur eləyirdi. Təbii ki, bu maraq Türkan Şorayı və onun tərəfmüqabili Cihan Ünalı sevindirməyə bilməzdi.

Dünya kinosunun böhran keçirdiyi haqda çox yazılır. Bu fikir birmənalı qarşılanmır. Yadımdadır, 80-ci illərin ortalarında məşhur Amerika kinorejissoru Stenli Kramerlə görüşəndə ona bu sualla müraciət edəndə o dedi ki, kino böhran yaşamır, böhranı narahat dünyamız yaşayır.

Televiziyanın, videonun kəşfilə kino sənəti nəzərə çarpacaq dərəcədə zəifləməyə başladı. İndi insanlar filmə kinoteatrlarda deyil, öz evlərində oturub rahatca baxmağa üstünlük verirlər. Bir vaxtlar Türkiyədə il ərzində 300-350 film çəkilərdi, indi bu rəqəm çox müqaisə olunmaz dərəcədə aşağı düşüb. Kinoteatrların da sayı xeyli azalıb. Bir də dəyişən tamaşaçı zövqüdür, iyirmi-otuz il əvvəlki tamaşaçı ilə bu günkü tamaşaçının dünyagörüşü, tələbi də fərqlidir, şübhəsiz. Bu da ki, yeni kinonun, yeni sənətkar nəslinin, yeni məktəbin yaranması zərurətini ortaya qoyur. Fərəhlə demək olar ki, Türkiyədə yeni kino artıq yaranmaqdadır.

2006-cı ildə türk kinosunun ünlü sənətkarlarından olan Atif Yılmaz 81 yaşında dünyasını dəyişdi. Bu gün Atif Yılmaz yaradıcılığına bir daha müraciət etməyimiz o böyük sənətkarın xatirəsinə hörmət və ehtiramdan irəli gəlir. İnanıram ki, bu yazını oxuyanlar üçün belə bir suala cavab tapmaq çətin olmayacaqkimdir Atif Yılmaz?..

 

Oktay Hacımusalı

Xalq Cəbhəsi.- 2011.- 14 dekabr.- S.11.