Azərbaycan teatrında romantik aktyor axtarışları

 

1920-40-cı illər Azərbaycan teatr tarixinə romantik aktyor və rejissorların formalaşma dövrü kimi daxildir. Bu dövrdə Abbas Mirzə Şərifzadə, Mərziyə Davudova, Ülvi Rəcəb, Sidqi Ruhulla, Ələsgər Ələkbərov kimi görkəmli aktyorlarla yanaşı onların tanınıb üzə çıxmasına yaxından köməklik göstərən A.A.Tuqanov, R.Təhmasib, A.İskəndərov kimi böyük rejissorlar da fəaliyyət göstərmişlər. Həmin illərdə Hüseyn Cavid, Cəfər Cabbarlı, V.Şekspir və F.Şiller yaradıcılığı romantik aktyor məktəbinin şöhrət tapmasında böyük rol oynamışdır.

«Romantizm» anlayışı 1752-1802-ci illərdə Almaniyada V və F.Şlegel qardaşları, F.Novaliş, L.Tik kimi yazıçı və nəzəriyyəçilərin fəaliyyəti sahəsində formalaşıb yayılmışdır. Bədii fikir tarixində əlamətdar hadisə olan romantizm sonralar dünya ölkələrinin bir çoxunun ədəbiyyatında təzahür edir. Romantizm elə bir metoddur ki, surət yaradılmasının əsas prinsipini obyektiv varlıq deyil, sənətkarın şəxsiyyəti təşkil və təyin edir: romantik sənətkar həyata «ürəyinin prizmasından» (V.Jukovski) baxır. Tarixi şəraitdən asılı olaraq, romantizm hər dövrün, hər ədəbiyyatın özünə müvafiq olaraq tarixi münasibət və izahat tələb edir. V.Hüqonun romantizmi, M.Y.Lermontovun romantizmi, M.Hadinin romantizmi, H.Cavidin romantizmi tarixi baxımdan müxtəlif dövrlərin və ayrı-ayrı ədəbiyyatların məhsulu olduqları kimi, mahiyyətcə də bir-birindən seçilirlər. Bununla bərabər, romantizmin inkişafında milli yolların mürəkkəbliyinə və müxtəlif yazıçıların mövqelərindəki fərqlərə baxmayaraq, romantizm müəyyən estetik vəhdətə malikdir. Romantik ədəbi hərəkatın bütün iştirakçıları üçün başlıca xüsusiyyət real varlıqla barışmazlıq və öz idealını ona qarşı qoymaqdır. Xəyal, coşqun hiss-həyəcan, üslubda təmtəraq, bədii nidalar və suallar, kəskin təzadlar ümumiyyətlə romantik ədəbiyyatın səciyyəvi keyfiyyətlərindəndir.

Romantizm dramaturgiyada ən parlaq ifadəsini faciə əsərində tapır. Cavidin romantik faciələri ədalətsiz ictimai quruluşa – irticaya qarşı üsyanı, irqçiliyə, burjua cəmiyyətinin eybəcərliklərinə və feodalizmin törətdiyi zorakılığa, rəzalətə qarşı barışmazlıq əhvali-ruhiyyəsini ifadə edir. Bu faciələr insanın tərəddüdlü və zəngin daxili aləmini poetik bir dildə, böyük sənətkarlıq və yüksək bədii estetik keyfiyyətlərlə göstərə bilmişdir. Cavidin bütün faciələrinin əsas qəhrəmanı həqiqət axtarışıdır. Bu faciələrdən hər biri bu və ya digər dərəcədə həyatı dərk etməyə can atan narahat ağılın və biliyin faciəsidir. Bunlar «İblis»də Arif, «Şeyx Sənan»da Şeyx Sənan, «Peyğəmbər»də Peyğəmbər, «Xəyyam»da Xəyyam və başqa bu kimi qəhrəmanlardır.

O illər ədəbiyyatımızda müasir mövzulu əsərlər olmadığından teatr klassik dramaturgiyaya müraciət edirdi. Repertuara V.Şekspirin «Otello», «Hamlet», «Kral Lir», F.Şillerin «Məkr və məhəbbət», «Qaçaqlar», İ.B.Molyerin «Zorən təbib», Heynenin «Əl Mənsur», Ş.Alleyxemin «Uriel Akosta», Voyniçin «Ovod», Hüqonun «Gülən adam» əsərləri daxil edilmişdi. Bu pyeslər romantik qəhrəmanlıq planında hazırlanır, yeni cəmiyyətin qurucusu olan tamaşaçının ruhunu oxşayırdı. Həmin əsərlər əsasındakı quruluşlar dövrün tələb etdiyi yüksək romantik pafos və poetika ilə zəngin idi. Çünki teatrda qəhrəmanlıq psixoloji bir keyfiyyət kimi ən çox romantik formada təzahür edirdi. 1924-cü ildə A.A.Tuqonav teatra gəlişi ilə yaxşı pyes üçün müsabiqə elan etdi. Rus dramaturgiyasının ən gözəl nümunələrini Azərbaycan tamaşaçılarına tanıtdı. Həmçinin böyük bir istedadlı aktyor nəslinin yetişməsində əvəzolunmaz rol oynadı. Tuqanov özü ilə birlikdə Tiflis teatrının aktyorları Ə.Qurbanov, M.Sənani, Q.Topuriya, Ü.Rəcəbi də gətirmişdi.

Bu baxımdan 1926-cı il dekabrın 23-də oynanılan «Hamlet» tamaşasını qeyd etmək istərdik. Tamaşanın rejissoru A.A.Tuqanov, tərcümə edəni Cəfər Cabbarlı idi. Rejissor işə sərbəst yanaşaraq əsərin məzmununu Şərq ölkələrindən birinə köçürmüşdü. Aktyorların geyimi, qrimi və səhnənin bədii tərtibatı Şərq üslubunda idi. Onlar hadisəni şərqə köçürməklə faciənin mündəricə və formasının tamaşaçı tərəfindən qavranılmasını asanlaşdırırdılar. Hamletin simasında tamaşaçıya milli tarixə və məişətə yaxın bir ictimai tip təqdim edirdilər. Onlar buna nail olmuşdular. Tamaşa çoxlu səs-küyə səbəb olmuşdu. Bu təkcə onun «Şərq» formasında yozulması ilə deyil, həm də gözəl aktyor ifası ilə əlaqədar idi.

Abbas Mirzə Şərifzadənin ifasında Hamlet üsyankar, qüvvətli, mətin, lakin mübarizəsində tənha idi. O, son anadək mübarizə aparır, lakin qalib gələ bilmir. Mübarizəyə atılarkən məğlub olur. Şərifzadənin Hamleti qüdrətli daxili aləmə malik romantik bir Hamlet idi. Ümumiyyətlə, aktyor ansamblının seçilməsi, ifası baxımından Hamlet ən kamil və bitkin tamaşa idi. Beləliklə Azərbaycan teatrında A.M.Şərifzadə, S.Ruhulla, M.Davudova, K.Ziya, Ü.Rəcəb, R.Təhmasib, M.Kirmanşahlı və başqa görkəmli aktyorların simasında milli teatrda romantizmin yeni mərhələsi başladı.

30-40-cı illərdə romantizmlə realizmin qovuşması prosesi baş verirdi. Bunun əldə edilməsində Cəfər Cabbarlı dramaturgiyası mühüm və əhəmiyyətli rol oynamışdı. Teatra romantik dramları ilə gələn Cəfər Cabbarlı yaradıcılığının çiçəklənən dövründə Azərbaycan aktyorlarının repertuarını realizm dramaturgiyası, inqilabi romantika ilə zəngin «Almaz», «Od gəlini» əsərlərindəki yüksək poetik obrazlarla zənginləşdirmişdi. Akademik Məmməd Arifin dediyi kimi, «Cəfər Cabbarlı sənətinin qüdrət və gözəlliyi onda realizm və romantikanın vəhdət halında meydana çıxmasındadır. Yazıçının romantikadan məharətlə istifadə etməsi onun realizmini daha da qüvvətləndirmiş və zənginləşdirmişdir. Bu romantika həyat həqiqətini daha qabarıq və təsirli göstərməyə kömək edən romantikadır.

1922-ci il 21 may tarixli «Kommunist» qəzeti yazır: «Aydın» romantik melodramı 1922-ci ilin mayında tamaşaçılara təqdim edilmişdi. Tənqid əsəri «O dövrün ən maraqlı dramı» kimi qəbul etdi. İlk dəfə idi ki, milli səhnəmizdə yaxın keçmişimizi, kapitalist dünyasını ifşa edən, sinfi mübarizəni göstərən tamaşa hazırlanırdı. Tamaşada Aydın obrazını Abbas Mirzə Şərifzadə ifa edirdi. Onun Aydını ziyalı, namuslu, üsyançı mövqedə duran romantik idi. Lakin «Aydın»ın ilk səhnə quruluşuna münasibət eyni deyildi: «Aydın»ın ictimai mənasına, fəlsəfi mahiyyətinə az əhəmiyyət verilir. Buna görə də tamamilə yanlış olaraq əsər adi, sentimental, melodramatik bir pyes kimi təqdim edilir. Onun əsas qəhrəmanı Aydın isə boşboğaz, anarxist, xırda burjua gənci kimi meydana çıxarılır». («Ədəbiyyat» qəzeti, 1940-cı il, 3 iyul). Beləliklə Azərbaycan teatrı milli dramaturgiyanın inkişafını istiqamətləndirirdi. 1930-cu ildə Moskvada keçirilən ümumittifaq incəsənət olimpiadası da Azərbaycan teatrının realist inkişafına əhəmiyyətli kömək etdi.

Ümumiyyətlə, əsil xalq qəhrəmanı axtarışı yolunda dram teatrı bir sıra mərhələlərdən keçmişdir. İlk dövrdə bu qəhrəman azadlıq, ədalət və həqiqət axtarışları ehtirası ilə çırpınan romantik bir üsyankar idi. (Aydın, Oqtay, Şeyx Sənan). Lakin romantik ehtirasları ilə bu qəhrəmanlar yenə də gücsüz və köməksiz idilər. Getdikcə romantik qəhrəmanda məqsəd aydınlığı, məqsədə doğru mübarizə əzmi, iradə və mətanətlilik keyfiyyətləri özünü göstərirdi. Cəfər Cabbarlının Sevil, Almaz, Yaşar, Gülüş və başqa qəhrəmanları məhz belə keyfiyyətlərə malik idilər.

Cəfər Cabbarlı səhnəmizin yaradıcılıq həyatına daxil olaraq, onun üzvi bir parçasına, teatrın bütövlükdə fəaliyyətinə təsir göstərən aparıcı simaya çevrilmişdi. 1928-1934-cü illər teatrın salnaməsinə «Cabbarlı teatrı» dövrü kimi daxil olmuşdu. Teatr romantizm ənənələrini inkişaf etdirmək, onu həyatımızın realist təsviri ilə əlaqələndirərək tamaşaçıya çatdırmaq məqsədi ilə A.Korneyçukun «Eskadranın məhvi», (1934. rejissor Y.Yulduz), A.Ostrovskinin «Günahsız müqəssirlər» (1935. rejissor Ə.Şərifov), M.F.Axundovun «Hacı Qara» (1935. rejissor R.Təhmasib), Şekspirin «Maqbet» (1936), «Romeo və Cülyetta» (1937. rejissor A.A.Tuqanov) və başqa tamaşalara quruluş verdi. Düzdür, bu tamaşaların hamısının bədii, professional səviyyəsi eyni deyildir. Ancaq onların hamısı bu və ya digər dərəcədə dövrün tələbi – qəhrəmanlıq, romantik pafosuna cavab verirdi. 1930-1940-cı illər arasında Azərbaycan teatrı həyat həqiqətini, onun irəliyə doğru inkişafını əks etdirən, müasir qəhrəman surətini vəsf edən tamaşalar yaratmağa diqqəti artırdı. Teatrın repertuarında iki qisim tamaşalar vardı. Bunlardan «Polad Qartal», «Həyat» realist səhnə sənəti ənənələrini davam etdirirdisə, «Od gəlini», «1905-ci ildə», «Səyavuş», «Şahnamə» qəhrəmanlıq, romantik ruhlu tamaşalar idi.

1937-ci ildən Milli Dram teatrının baş rejissoru və bədii rəhbəri təyin olunan A.İskəndərovun teatra gəlişi ilə burada böyük bir canlanma yarandı. Rejissor gənc dramaturqları teatrla əməkdaşlıq etməyə cəlb etdi. Onların arasında Səməd Vurğun, Mehdi Hüseyn, Sabit Rəhman, İlyas Əfəndiyev, Mirzə İbrahimov və başqalarını qeyd etmək olar. Teatrda monumental qəhrəmanlıqlarla dolu keçmişimizdən bəhs edən əsərlər tamaşaya qoyuldu. Cəfər Cəfərov bu barədə yazırdı: «Realist milli xarakter yaratmaq yolu ilə gedən teatr bu xarakterlərin üzərində düşünürdü. Azərbaycan səhnə sənətinin üslubu, özünəməxsusluğu bu dövrdə onun hələ yalnız «monumentalizmə olan meylində» müşahidə olunsa da və qəhrəmanın psixologiyasına dərindən nüfuz etməyin monumentallıqla sintezi kimi nəzəri mülahizə şəklində formula edilsə də təcrübədə bu monumentalizmə meyl indi artıq yeni xüsusiyyətləri ilə meydana çıxırdı».

Bu baxımdan Səməd Vurğunun pyesi əsasında 1938-ci ildə A.İskəndərovun quruluş verdiyi «Vaqif» tamaşası xüsusilə diqqətəlayiq idi. Teatr və rejissor S.Vurğun dramaturgiyasının xüsusiyyətlərini təşkil edən xəlqilik, qəhrəmanlıq və romantik vüsət kimi keyfiyyətləri bir-biri ilə əlaqələndirə bilmişdi. Poeziya olan yerdə qəhrəmanlıq, qəhrəmanlıq olan yerdə poeziya vardır. «Vaqif» tamaşasının devizi bundan ibarət idi. Adil İskəndərovun quruluşunda monumental «Vaqif» tamaşası aktyor və rejissorların sənətkarlığının artması, milli teatrda romantizm ənənələrinin özünəməxsus üzvü davamı idi. Azərbaycan teatrı müharibəyə qədərki dövrdə yüksək bədii keyfiyyətlərə malik tamaşalarla teatrımızın repertuarını zənginləşdirdi. Tərcümə və milli dramaturgiyamızın nümunələri əsasında teatrda yeni qüvvətli rejissor, aktyor nəsli yetişdi. Lakin 40-cı illərdə xalq şairi Səməd Vurğun ümumittifaq ədəbiyyatında romantik üslubu qüvvətləndirmək məqsədilə məxsusi ədəbi-tənqidi fəaliyyət göstərsə də, totalitar üsuli-idarədə ciddi müqavimətlərə rast gəlib bu xətti uğurla başa çatdıra bilmədi.

 

 Oktay

Xalq Cəbhəsi.- 2011.- 20 dekabr.- S.13.